Məhkəmə qərarları › İş №e-2-2(113)-3462/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3462/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3462/2023 18.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, Bakı Kommersiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli e-2-2(113)- 3462/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ilə Cavabdeh MMC arasında bağlanılan torpaq icarə müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən iddiaçıların birgə mülkiyyətində olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti göstərən Cavabdeh MMC və bununla əlaqəli digər şəxslərin həmin torpaq sahə və üzərində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və iddiaçılara təhvil verilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC tərəfindən vurulmuş 34320 (otuz dörd min üç yüz iyirmi) manat məbləğində maddi ziyanın və 193 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli e-2-2(113)- 3462/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və.s” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli e-2- 2(113)-3462/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi, işin baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 480 ünvanında yerləşdiyindən, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3462/2023 iş baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması iddiaçılar tərəfindən qeyd edilsə də, işdə iştirak edən şəxslərin subyektiv tərkibi nəzərə alınmalıdır. Belə ki, iş üzrə iddiaçılar olan İddiaçı1 və İddiaçı2 sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi barədə VÖEN sahibi deyildilər. Məhkəmə qeyd olunan halı araşdırıraq qeyd edir ki, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə elektron sistem” vasitəsilə araşdırma aparılmış və iddiaçıların VÖEN sahibi olmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarında qeyd olunmuşdur ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, İddianın həmin çəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Göründüyü kimi, hazırkı iş kommersiya mübahisəsi deyildir. Şikayətin dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi, tələb ünvan 1 ünvanında yerləşən iddiaçıların birgə mülkiyyətində olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti göstərən Cavabdeh MMC və bununla əlaqəli digər şəxslərin həmin torpaq sahə və üzərində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağlıdır. Ona görə də,müstəsna aidiyyat qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli e-2-2(113)- 3462/2023 saylı qərardadı ləğv edilərək, yeni qərardad qəbul edilməli və iş baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli e-2-2(113)- 3462/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli e-2-2(113)- 3462/2023 saylı qərardadı ləğv edilərək yeni qərardad qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və.s” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar