Məhkəmə qərarları › İş №e-2-2(113)-3467/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3467/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3467/2024 18.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh Nümayəndə3 və "xxxx" MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh və digər cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Nümayəndə3 və Cavabdeh2 MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-də və Nümayəndə3 Balaməmməd oğlundan iddiaçının xeyrinə 2137-KQ nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 33270.36 manat əsas borc və ona hesablanmış 2546.3 manat faiz, 329.02 manat cərimə borcu olmaqla, cəmi 36145.68 manat məbləğinin tutulması, ödənilmiş 198.44 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 2137-KQ nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borc alana 12 ay müddətinə 39020 manat məbləğində kredit verilmişdir. Əlavə olaraq, borc alanın bu müqavilə üzrə borc verən qarşısında öhdəliklərin təminatı kimi bankla Nümayəndə3 arasında 2137İZG/1 nömrəli, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etməyinə baxmayaraq, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və hesablanmış faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. xx.xx.2024-cü il tarixinə 2137-KQ nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 33270.36 manat əsas borc, ona hesablanmış 2546.3 manat faiz və 329.02 manat cərimə borcu olmaqla, cəmi 36145.68 manat manat borc məbləği mövcuddur. Cavabdehlərə 2137-KQ nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında iddiaçı tərəfindən poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixli, 6-2-22/2-12376/2024 saylı bildiriş, eyni zamanda elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixli, 6-2-22/2- 12376/2024 saylı bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər cavabdehin nümayəndəsi Nümayəndə3 Balaməmməd oğlu ərizə təqdim edərək iddianı etiraf etdiyni və iddianın etiraf olunmasının hüquqi nəticələrinin ona aydın olduğunu bildirmiş, qətnamənin təmin edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: 09 iyun 2023-cü il tarixli, 2137-KQ №-li kredit müqaviləsindən görünür ki, borc verən borc alana 12 (on iki) ay müddətində (xx.xx.2024-cü il tarixədək) 39020 (otuz doqquz min yirmi) manat məbləğində, kreditdən istifadəyə görə illik 18.3 (on səkkiz tam onda üç) % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.6-cı bəndənə əsasən borc alanın xeyrinə həyata keçirilən ödəniş onun borc verən qarşısında cari tarixə bu Müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin icrası üçün kifayər etmədikdə, müvafiq pul vəsaitləri Borc alanın borc verən qarşısında bu Müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin ödənilməsinə aşağıdakı ardıcıllıqla yönəldilir: birinci növbədə - məhkəmə və ya məhkəmədənkənar qaynada tələbin irəli sürülməsi və bu Müqavilə üzrə Borc alanın öhdəliklərinin İcrasına nail olmaq üçün Borc verənin xərcləri; ikinci növbədə - cərimə, penya; üçüncü növbədə - hesablanmış faizlər; dördüncü növbədə - əsas borc. Müqavilənin 3.9.7-ci bəndinə əsasən borcalan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və ya faizlərin ödənilməsi 10 gündən artıq müddətə və ya 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirildikdə borc verən kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini Borcalandan tələb edə bilər. "xxxx" ASC ilə Nümayəndə3 arasında bağlanmış 2137-İZG/1 nömrəli, xx.xx.2023cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin 1.1-ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Müqavilənin 1.3.5ci bəndinə əsasən borc alan tərəfindən Kredit müqaviləsinin 4.4.8-4.4.9-cu yarımbəndlərində qeyd olunmuş öhdəliklər həmin yarımbəndlərdə nəzərdə tutulmuş qaydada icra cdilmədikdə. Bank tərəfindən birtərəfli qaydada kreditdən istifadəyə görə müəyyən olunmuş ilik faiz dərəcəsi 3 (üç) % -dək artırılır. Zamin bu Müqaviləni imzalamaqla bu yanmbənddə nəzərdə tutulmuş qaydada kredit üzrə illik faiz dərəcəsinin artırılmasına razılıq vermiş hesab olunur. Zaminin Bank qarşısında məsuliyyətinin əsaslarını aşağıdakılar üzrə borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında öz öhdəliklərini lazımınca İcra etməməsi təşkil edir: kreditin və ya onun bir hissəsinin Kredit müqaviləsində nəzədə tutulmuş müddətdə qaytarılmaması; xidmət haqlarının (komisyon haqlar), faizlərin, penyanın və digər maliyyə sanksiyalarının kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi; kredit müqaviləsi üzrə kreditin vaxtından əvvəl qaytarılması və hesablanmış faizlərin ödənilməsi ilə bağlı Bankın tələblərinin Borc alan tərəfindən icra edilməməsi. 05 aprel 2024-cü il tarixə verilmiş maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh2 MMC-nin "xxxx" ASC-yə olan əsas borcu 33270,36 manat, ödənilməmiş faiz borcu 2546,30 manat, ödənilməmiş cərimə faizi 329,02 manat olmaqla, ümumilikdə 36145,68 manat təşkil edir. 09 iyun 2023-cü il tarixli, 2137-KQ №-li kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 39020 manat olan illik faiz dərəcəsi 18.3 % olmaqla 12 ay müddətinə verilmiş kreditə görə Cavabdeh2 MMC 09 iyul 2023-cü il tarixdən 09 iyun 2024-cü il tarixinə qədər hər ayın 9-u olmaqla 2000 manat, sonuncu ay 22672,18 manat ödəməlidir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC 185,75 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC 12,69 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə 09 iyun 2023-cü il tarixli, 2137-KQ №-li kredit müqaviləsinə əsasən 39020 manat olan illik faiz dərəcəsi 18.3 % olmaqla 12 ay müddətinə verilmiş kredit vermişdir. Daha sonra Nümayəndə3 bağlanmış 2137-İZG/1 nömrəli, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq cavabdeh tərəfin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Çünki cavabdeh və digər cavabdehin nümayəndəsi Nümayəndə3 Balmməd oğlunun iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də onun iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin edilməlidir. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 198,44 manat məbləğində dövlət rüsumunun əvəzi və 0.40 manat bank xərci cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə3 Balaməmməd oğlundan müştərək qaydada 2137-KQ nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 33270,36 manat əsas borc, 2546,3 manat faiz borcu, 329,02 manat cərimə borcu olmaqla cəmi 36145.68 manat (otuz altı min yüz qırx beş) manat 68 (altmış səkkiz) qəpik borc, ödənilmiş 198 (yüz doxsan səkkiz) manat 44 (qırx dörd) qəpik dövlət rüsumunun və 40 (qırx) qəpik bank xərcinin əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar