Məhkəmə qərarları › İş №e-2-2(113)-3470/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3470/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3470/2024 13.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bank) ilə Cavabdeh (müştəri) arasında 24 avqust 2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********24082023 nömrəli (mikrokredit üzrə) ümumi müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank həmin müqavilə çərçivəsində müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim etmişdir: a) Cari hesabın açılması, aparılması; b) Kredit; d) Korporativ kart. Həmin müqavilənin 3-cü bəndinə əsasən müştəri, bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə (tələb olunduğu hallarda və məhsullar üzrə) Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır.

2. İddiaçı ASC (bank) ilə Cavabdeh (borcalan) arasında 24 avqust 2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********24082023 nömrəli (mikrokredit üzrə) ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBSK3201081B252 saylı əlavə bağlanmışdır. Həmin əlavənin: - 1-ci bəndinə əsasən hazırkı əlavə Bank və Borcalan arasında bağlanmış 24 avqust 2023-cü il tarixli, **********24082023 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 (bundan sonra “Müqavilə” adlanacaq) ayrılmaz tərkib hissəsi hesab olunur. - 2-ci bəndinə əsasən bank aşağıdakı xüsusi şərtlərlə Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür: 2.2. Kreditin məqsədli təyinatı: Fərdi mikro kredit 2.3. Kreditin müddəti: 24 (iyirmi dörd) ay 2.4. Kreditin məbləği: 2.500 manat 2.6. Kredit üzrə illik faiz dərəcəsi: 25 (iyirmi beş)% 2.7. Kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi: Bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə gündəlik 0,5 % 2.8. FİFD: 25,03 %

3. Kreditləşmənin xüsusi şərtlərinə dair 24 avqust 2023-cü il tarixli Əlavənin ödəniş qrafikinə əsasən Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 2.500 manat, faizin məbləği 703,59 manat, cəmi ödəniləcək məbləğ 3.203,59 manat məbləğində müəyyən edilmişdir.

4. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir

5. İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə pretenziya (xəbərdarlıq məktubu) ünvanlanaraq yaranmış borcun 10 təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

6. xx.xx.2024-cü il tarixli 2024/104/9860 saylı maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KBSK3201081B252 kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 25% olmaqla 2.500 manat kredit verilmişdir. Cavabdeh 16 aprel 2024-cü il tarixə 2.334,40 manat əsas borc, 306,51 manat faiz borcu olmaqla cəmi 2.640,81 manat kredit borcu təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2.334,40 manat əsas; 306,51 manat faiz; cəmi 2.640,81 manat pul vəsaitinin və 46,41 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli KBSK3201081B252 saylı kredit müqaviləsinə ona 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 2500 manat olan kredit verilmişdir. Kreditin onlayn qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 2.334,40 manat əsas; 306,51 manat faiz; cəmi 2.640,81 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 407.2, 445.1, 445.2.1, 448.1 və 448.2-ci maddələrinə və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

14. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsin görə qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 742.5-ci maddəsinə görə qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).

15. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********24082023 nömrəli ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBSK3201081B252 saylı əlavədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh müqavilədə və əlavədə müəyyən edilmiş şərtlərlə cəmi 2.500 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

18. Cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixdə Cavabdeh məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri tələb etmək hüququna malikdir.

19. Belə olan halda məhkəmə Cavabdeh 24 avqust 2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********24082023 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBSK3201081B252 saylı əlavə üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh 24 avqust 2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********24082023 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBSK3201081B252 saylı əlavə üzrə 2.334,40 manat məbləğində əsas və xx.xx.2024-cü il tarixə hesablanmış 306,51 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 46,41 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

21. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 46,41 manat təşkil edir.

22. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 46,41 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 24 avqust 2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********24082023 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xxüsusi şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBSK3201081B252 saylı əlavə üzrə 2.334,40 manat məbləğində krеdit bоrcu, 306,51 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə cəmi 2.640,81 manat məbləğində bоrc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,41 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar