Məhkəmə qərarları › İş №e-2-2(113)-3471/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3471/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3471/2024 06.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 021R********** saylı krеdit razılaşması üzrə 2222.97 manat məbləğində krеdit bоrcu, 356.12 manat məbləğində faiz bоrcu və 182.72 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2761,81 manat (iki min yeddi yüz altmış bir manat səksən bir qəpik) məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47.62 manat məbləğində dövlət rüsumu və ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021L**********81 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh3 141 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 2277.03 manat ödəmiş, onun 2222.97 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, İsrəfilov Rəşad Əli oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 373 gün üçün hesablanmış faiz borcu 356.12 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 373 gün üçün hеsablanmış cərimə 182.72 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişiklikdən əvvəl hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdir. Bu barədə xx.xx.2023-ci il tarixli arayış verilmişdir. Hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləği 47.62 manat məbləğindədir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 70 manat haqq ödənilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.

5. İş üzrə iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 021L**********81 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh3 və zaminlər Cavabdeh2, Cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi ayrıca оlaraq kredit razılaşması ilə müəyyən olunmuşdur.

10. İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 021L**********81 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021R********** nömrəli kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında Cavabdeh3 bankdan 18 ay müddətinə, aylıq faiz dərəcəsi 27% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500.00 manat məbləğində kredit götürmüşdür.

11. İddiaçı QSC-nin Cavabdeh3 və zaminlər Cavabdeh2, Cavabdeh1 oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarında xx.xx.2024-cü il tarixinədək kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixinə olan cəmi 2704,93 manat borcu banka qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

12. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Accessbank” QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh3 xx.xx.2024-cü il tarixə banka olan əsas borcu 2222,97 manat, faiz borcu 356,12 manat, cərimə borcu 182,72 manat olmaqla, ümumilikdə 2761,81 manat təşkil edir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6808 saylı ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 021L**********81 saylı kredit müqaviləsi, xx.xx.2022-ci il tarixli 021R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh3 İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixə olan əsas borcu 2979,52, faiz borcu 107,97 manat, xx.xx.2024-cü il tarixinə olan əsas borcu 2806,58 manat, faiz borcu isə 46,31 manat təşkil edir.

14. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 021L**********81 saylı kredit və təminat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış bağlanmış xx.xx.2022-ci il tarixli, 021L**********81 saylı uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 021R********** nömrəli kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh3 bankdan 18 ay müddətinə, aylıq faiz dərəcəsi 27% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500.00 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

18. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 021R********** saylı krеdit razılaşması üzrə 2222,97 manat məbləğində krеdit bоrcu, 356,12 manat məbləğində faiz borcunun tutulması təşkil edir.

19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini, eyni zamanda maliyyə arayışını (həmin arayışdan müəyyən olunur ki, əsas borcun məbləği 2222.97 manatdır), MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 021R********** saylı krеdit razılaşması üzrə 2222,97 manat əsas borc, 46,31 manat faiz borcu iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdr. Faiz borcunun göstərilən məbləğdə tutulması qənaətinə gələrkən ekspert rəyi əsas götürülmüşdür.

20. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 182,72 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq, 021R********** saylı kredit razılaşması üzrə 100 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

23. Eləcə də, iddiaçı 47.62 manat məbləğində dövlət rüsumu və 70 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, mediasiyaya dair ödənilmiş 70 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləği ödəyən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olmuşdur. Ona görə də digər məbləğ cavabdehlərdən tutula bilməz.

25. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 85.80 manat hissəsi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada, 14.20 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 021R********** saylı kredit razılaşması üzrə 2222,97 manat (iki min iki yüz iyirmi iki manat doxsan yeddi qəpik) əsas borc, 46,31 manat (qırx altı manat otuz bir qəpik) faiz borcu, 100 (yüz) manat cərimə, 70 (yetmiş) manat ödənilmiş mediasiya xərci olmaqla, cəmi 2439,28 manat (iki min dörd yüz otuz doqquz manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 85,80 (səksən beş manat səksən qəpik) manat hissəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 14,20 manat (on dörd manat iyirmi qəpik) hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar