Məhkəmə qərarları › İş №e-2-2(113)-3476/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3476/2021

19.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3476/2021 19.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı firmasının nümayəndəsi və vəkili Vəkil, Kreditor ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı firmasının iflas prosesinə başlanması və müflis elan edilərək ləğv olunması barədə ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ Ərizəçi İddiaçı firması iflas prosesinə başlanması və müflis elan edilərək ləğv olunması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı firmasının nizamnaməsi 13 avqust 1998ci il tarixdə 1360 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində qeydə alınmışdır. İddiaçı firması qeydə alındığı 1998-ci il tarixdən 2010-cu il tarixədək nizamnamə fəaliyyətinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 2002-2003-cü illərdən başlayaraq, təsisçi, əvvəlcə öz adından, sonra isə firmanın adından 11.03.2009-cu il tarixədək, hazırda ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankından (bundan sonra cavabdeh adlanacaq) hüquqi və fiziki şəxslərə mebel və məişət avadanlıqlarının satışının təşkili məqsədi ilə müvafiq ikitərəfli müqavilələrlə yüksək məbləğdə istehlak kreditləri götürmüş və həmin pul məbləğlərinin hesabına Çindən, Dubaydan, MDB dövlətlərindən və sair ölkələrdən əhalinin tələbatını ödəyən istehlak malları alıb gətirmiş və həmin malların cavabdehin vasitəsi ilə üçtərəfli kredit müqavilələri əsasında satışını həyata keçirmişdir. Belə ki, həmin üçtərəfli kredit müqavilələrinə əsasən İddiaçı firması tərəfindən əhaliyə satılan istehlak mallarının dəyəri firmanın kreditorun Sahil filialında olan bank hesabına köçürülürdü və növbəti aydan müştərilər tərəfindən ödənilməli olan aylıq kredit pul məbləğləri ödənilib-ödənilməməsindən asılı olmayaraq kreditor tərəfindən 2009-cu ilədək müştərilər tərəfindən istehlak kreditləri hər ay vaxtında ödənildiyindən kreditorla qarşılıqlı işgüzar fəaliyyəti uğurla və artan xətlə davam edirdi. Lakin 2008-2009-cu illərdə bütün dünyada başlayan ağır iqtisadi böhran nəticəsində həm ölkə xaricindən aldığı malların qiymətlərindəki yüksək artımla əlaqədar kommersiya fəaliyəti kəskin zəifləmiş, həm də ölkə daxilində iş yerlərinin bağlanması, işçilərin kütləvi ixtisarı və işçilərin əmək haqlarının vaxtında verilməməsi ilə bağlı əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən müştərilər tərəfindən istehlak kreditlərinin ödənişində davamlı fasilələr yaranmışdır. Baş vermiş ağır iqtisadi böhrandan yeganə çıxış yolu kreditor tərəfindən etibarlı tərəfdaş kimi ərizəçiyə istehlak kreditlərinin verilməsinin davam etdirilməsi olduğu halda, kreditorun səlahiyyətli rəhbər orqanlarına çoxsaylı müraciətlərinə baxmayaraq, 11.03.2009-cu il tarixdən ərizəçiyə istehlak kreditlərinin verilməsi qeyri-müəyyən müddətə dayandırılmış, bununla belə yüksək məbləğdə bank faizlərinin hesablanması və firmanın hesabından kredit pul məbləğlərinin tutulması davam etmişdir. İddiaçı firması yaranmış ağır iqtisadi böhranla bağlı düşdüyü iflas vəziyyətindən çıxmaq və firma tərəfindən götürülmüş öhdəliklərin (kreditlərin ödənilməsi və zamin durulmuş istehlak kreditlərinin təminatı üçün) yerinə yetirilməsi üçün istehlak kreditlərinin verilməsinin bərpa edilməsi məqsədi ilə rəsmi yazılı məktublarla 28 mart 2009-cu il tarixdə kreditorun İdarə Heyətinin sədrinə, 30 mart 2009-cu il tarixdə kreditorun Müşahidə Şurasının sədrinə və 23 sentyabr 2009-cu il tarixdə kreditorun İdarə Heyəti sədrinin müavininə müraciətlər etmişdir. Həmin məktubların məzmunu ondan ibarətdir ki, kreditorla firma vasitəsi ilə əməkdaşlıq etdiyi 2003-cü ildən başlayaraq müştərilərə ******* manat dəyərində istehlak kreditləri buraxılmış və 2008-ci il ərzində İddiaçı firmasının müştərilərinə verilmiş, zaminliklə təmin olunmuş kredit portfelinin ümumi məbləği ******* manata yaxın olmuş, kreditor tərəfindən istehlak kreditlərinin verilməsinin dayandırılması firmanın fəaliyyətini kəskin şəkildə aşağı salmış, nəticədə götürülən kreditlərin verilməsində problemlər yaranmış və vəziyyətdən çıxmaq üçün müştərilərə istehlak kreditlərinin verilməsinin bərpa edilməsi təkidlə xahiş olunmuşdur. Lakin kreditor istehlak kreditlərinin verilməsini bərpa etməmiş və götürülmüş yüksək məbləğdə ikitərəfli kredit müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 mart 2020-ci il tarixli, 2-2(103)-171/2020 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının və cavabdeh İddiaçı firmasının apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edimiş, iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış 04 avqust 2007-ci il tarixli, KM/HŞ ********** müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 88.065,49 manat əsas borc, 13.601,23 manat faiz borcu, 880 manat cərimə borcu, 09 iyun 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə 18,043,43 manat əsas borc, 23.998,83 manat məbləğində faiz borcu, 180 manat məbləğində cərimə borcu, cəmi hər iki kredit müqaviləsi üzrə 144.768,98 manat pul, 30 manat dövlət rüsumu tutulmuş, qalan hissədə iddia rədd edilmiş, İddiaçı firmasından dövlət büdcəsinə 120 manat ekspertiza xərci tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 24 iyun 2020-ci il tarixli, 2-2(102)-185/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 mart 2020-ci il tarixli, 2-2(103)- 171/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarlarından da göründüyü kimi hər iki müqavilə üzrə kreditlər 2007-2008-ci illərdə götürülmüşdür ki, həmin pullarla da xarici ölkələrdən alınan istehlak malları üçtərəfli istehlak kredit müqavilələri ilə müştərilərə verilmişdir və 2008- 2009-cu illərdə bütün dünyada başlayan ağır iqtisadi böhranla əlaqədar olaraq, ölkə xaricindən mallar alıb gətirə bilməmiş, ölkə daxilində müştərilərin ödəmələrində kəskin azalmalar olmuş, ödənilən məbləğlər və ödənilməyən məbləğlərin əvəzi firmanın bank hesabından kreditor tərəfindən faiz və cərimələr də hesablanmaqla tutulmuş və 11.03.2009-cu il tarixdən müştərilərə istehlak kreditlərinin verilməsi qeyrimüəyyən müddətə dayandırılmış və bununla da firma özünün müqavilə və digər öhdəlikləri üzrə ödəmə qabiliyyətini itirərək, həmin vaxtdan iflas vəziyyətinə düşmüşdür. Eyni zamanda, təsisçinin yeganə yaşayış yeri olan çoxmərtəbəli yaşayış binasındakı 3 otaqlı mənzilini də 85000-90000 manat borc əvəzində kreditorun işçisinin adına rəsmiləşdirmişdir. İşin bu faktiki halı kreditorun İdarə Heyətinin sədrinin ərizəçinin adına ünvanladığı 27 dekabr 2010-cu il tarixli, 11/6653 saylı məktubunda və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 24 iyun 2020-ci il tarixli, 2- 2(102)-185/2020 saylı qərarının əsaslandırıcı hissəsində öz əksini tapmışdır. Habelə, ərizəçi tərəfindən kredit borclarını ödəməmiş çoxsaylı müştərilərə ödəniş tələbi ilə bağlı onların ünvanlarına müvafiq bildirişlər və bank kredit qəbzləri göndərilmiş, ciddi real hüquqi tədbirlər həyata keçirilmiş, alınmamış məbləğlər isə ümidsiz borclar siyahısında olanlardır. Beləliklə, İddiaçı firması 2009-cu ilin axırlarından iflas vəziyyətinə düşərək, kommersiya fəaliyyətini tam dayandırmış, həmin vaxtdan işçilərlə bağlanmış əmək müqvilələrinə xitam verilərək, onlara son haqq-hesablar ödənilmiş, vergilər və digər icbari ödəmələr üzrə öhdəliklər tam yerinə yetirilmiş, hazırda aktivlər üzrə hər hansı bir əmlak və ya pul vəsaitləri mövcud deyildir, dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına borcu yoxdur, qeyd edilən məhkəmə qətnaməsinə əsasən kreditora olan 144.768,98 manat kreditor borcundan başqa, heç bir debitor və kreditor borcları yoxdur və digər hüquqi və fiziki şəxslər qarşısında hər hansı bir öhdəliyi möcud deyildir. Odur ki, İddiaçı firmasının məhkəmə vasitəsi ilə iflas prosesinə başlanması və müflis elan edilərək ləğv olunmasına dair təsisçi tərəfindən 04 iyun 2021-ci il tarixli qərar qəbul edilmiş və məhkəməyə təqdim etmək üçün müvafiq maliyyə arayışı (hesabatı) tərtib edilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Kreditorun nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəyə etiraz edərək, izahatında bildirdi ki, bank ilə ərizəçi arasında müxtəlif dövrlərdə kredit müqavilələri imzalanmışdır. Lakin ərizəçi öz öhdəliklərini lazımı qaydada icra etməmiş, QSC “Bank Standart” Kommersiya Bankı məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1355/2015 saylı iş üzrə 21 may 2015-ci il tarixli qiyabi qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Məhkəmənin 2-2(81)-1014/2018 saylı iş üzrə 21 avqust 2018-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş və işə hər iki tərəfin iştirakı ilə baxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2-2(81)-4/2019 saylı qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Hesab edir ki, təqdim edilən ərizə əsassızdır, qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinin birinci bəndinin c) yarımbəndinə əsasən borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Ərizədən və ərizəyə əlavə edilmiş məhkəmə qətnaməsindən göründüyü kimi, borc üzrə öhdəliklərin icrası üçün müəyyənləşdirilmiş müddət bitməmişdir. “Müflisləşmə və iflas haqqında” Qanunun 4-cü maddəsinin 2-ci bəndinin ç) yarımbəndinə əsasən iflas haqqında məhkəməyə verilən ərizədə “borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat” öz əksini tapmalıdır. Həmin bəndin d) yarımbəndinə görə ərizədə “borclunun ödəmə qabiliyyətsizliyi özü tərəfindən təsdiq edilməli və ya sübut olunmalı” olduğu barədə qeydin olması qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən “iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının sürəti” borclu müəssisənin iflas haqqında ərizəsinə əlavə edilməlidir. Lakin belə qərar kreditorlara təqdim edilməmişdir. Əlavə olaraq bildirir ki, LPO Bankın əmanətçilər qarşısında öhdəliklərin yerinə yetirilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu dövlət büdcəsindən müvafiq maliyyə vəsaitləri cəlb edilir, əvəzində isə kreditor borcları yığılaraq dövlət büdcəsinə qaytarılır. 30.06.2021-ci il tarixinə Bankın öhdəlikləri 1.067.529.737 manat ekvivalentindədir. Hesab edir ki, ərizəçinin müflisləşmə ilə bağlı məhkəməyə müraciəti, kreditor borcların ödənilməsindən yayınmaq kimi qiymətləndirilməlidir. Sonda kreditorun nümayəndəsi ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, İddiaçı firması 13.08.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı firmasının səlahiyyətli orqanının 04 iyun 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı firmasının iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.06.2020-ci il tarixli 2-2(102)- 185/2020 saylı qərarından müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2-2(81)-4/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 04 avqust 2007-ci il tarixli, KM/HŞ ********** saylı və 09 iyun 2008-ci il tarixli, KM/HŞ ********** saylı kredit müqaviləsi uzrə "Kapital' firmasından 18.248,93 manat məbləğində əsas borc. 23.998.83 manat məbləğində faiz borcu. 912,40 manat məbləğində cərimə borcu, cəmi 43.160,16 manat məbləğində pul vəsaitinin tutularaq ləğv Prosesində olan QSC «Bank Standard» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10 (on) manatının iddiaçıya aid edilməsi, 20 manatın isə Cavabdeh İddiaçı Firmasından alınaraq iddiaçı iəğv prosesində oian QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, aparılmış ekspertiza ilə bağlı 120 manat ekspertiza xərcinin müştərək qaydada tərəflərdən tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 mart 2020-ci il tarixli. 2-2(103) 171/2020 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankının və cavabdeh İddiaçı firmasının apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış 04 avqust 2007-ci i! tsrixü, KM/HŞ ********** saylı müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 88.065,49 manat əsas borc, 13.601,23 manat faiz borcu, 880 manat cərimə borcu, 09 iyun 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə 18.043,43 manat məbləğində əsas borc, 23.998,83 məbləğində faiz borcu, 180 manat məbləğində cərimə borcu, cəmi hər iki kredit müqaviləsi üzrə 144.768,98 manat pul, 30 manat dövlət rüsumu tutulmuş, qalan hissədə iddia rədd edilmiş, “Kapital" firmasından dövlət büdcəsinə 120 manat ekspertiza xərci tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 mart 2020-ci il tarixli 2-2(103) 171/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 04 iyun 2021-ci il tarixli 01/21 saylı Maliyyə arayışının surətindən görünür ki, İddiaçı firmasının 2009-cu ilin axırlarından iflas vəziyyətinə düşərək, kommersiya fəaliyyətini tam dayandırması səbəbindən hazırda aktivlər üzrə hər hansı bir əmlak və ya pul vəsaitləri, eləcə də debitor borcları mövcud deyil, öhdəliklər üzrə yalnız Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 mart 2020-ci il tarixli, 2-2(103)-171/2020 saylı qətnaməsinə əsasən ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına 144.768,98 manat kreditor borcu var. Hazırda firmanın vergilər və digər icbari ödəmələr üzrə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına borcu yoxdur və digər hüquqi və fiziki şəxslər qarşısında hər hansı bir öhdəliyi möcud deyildir. Əmlak inzibatçısı vəzifəsinə təklif olunan X1 ərizəsindən görünür ki, İddiaçı firmasının əmlak inzibatçısı təyin olunmasına etiraz etməmişdir. “Respublika” rəsmi dövlət qəzetinin 14 avqust 2021-ci il tarixli 169 (7065) saylı buraxılışının 8-ci səhifəsindən görünür ki, ərizəçinin müflis elan edilməsinə dair işi üzrə təyin edilmiş 19 avqust 2021-ci il tarixdə, saat 11:30-da keçiriləcək məhkəmə iclası barədə bildiriş dərc olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi saytından 16 avqust 2021-ci il tarixli çıxarışdan görünür ki, ərizəçinin müflis elan edilməsinə dair işi üzrə məhkəmə iclasının vaxtı və yeri barədə elan dərc olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, ərizəçinin nümayəndəsi və vəkilinin, kreditorun nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmamalıdır. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə - borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: 1) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; 2) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; 3) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. "Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı firması 13.08.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ərizəçinin səlahiyyətli orqanının 04 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı firmasının iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində qərar qəbul edilmişdir. Ərizəçinin kreditor borcu QSC “Bank Standard” Kommersiya Bankına 144.768,98 manat təşkil edir. Ərizəçi fəaliyyət göstərmir və aktivləri mövcud deyildir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə borclu İddiaçı firmasının kreditor Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının tələblərini ödəməyə qadir olmadığı üçün müflis elan edilməsi tələbini ehtiva edir. Yuxarıda göstərilmiş qanunvericiliyin qeyd edilən normalarında borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması konkret olaraq sadalanmış, borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılması üçün əsas olan hallarından biri kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən edilən hallardan məlum olur ki, QSC "Bank Standart” KB ilə ərizəçi İddiaçı firması arasında bağlanmış 04 avqust 2007-ci i! tsrixü, KM/HŞ ********** saylı və 09 iyun 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqavilələri üzrə sonuncu üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etmədiyinə görə tərəflər arasında məhkəmə mübahisəsi mövcud olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəyə minmiş 11 mart 2020-ci il tarixli 2-2(103) 171/2020 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış 04 avqust 2007-ci il tarixli, KM/HŞ ********** saylı müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 88.065,49 manat əsas borc, 13.601,23 manat faiz borcu, 880 manat cərimə borcu, 09 iyun 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə 18.043,43 manat məbləğində əsas borc, 23.998,83 məbləğində faiz borcu, 180 manat məbləğində cərimə borcu, cəmi hər iki kredit müqaviləsi üzrə 144.768,98 manat pul, 30 manat dövlət rüsumu tutulmuşdur. Ərizəçi həmin qətnamə üzrə əmələ gələn tələbin icra edilməsi üçün ödəmə qabiliyyətinin olmadığını və onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək müflis elan olunmasını xahiş edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsindən görünür ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Göründüyü kimi mülki qanunvericilik məhkəmə qərarına əsasən əməl gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutur. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, ərizəçi İddiaçı firmasının kredit müqavilələri üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2020-ci il tarixli məhkəmə qətnaməsinin icrası müddəti bitməmişdir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə "Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü (c) maddəsində göstərilən şərt ödənilmədiyindən, yəni ərizəçinin digər kreditorlar qarşısında öhdəliklərinin icrası üçün müəyyən olunmuş müddət bitmədiyindən onun ödəmə qabiliyyətinin olmayan sayılması mümkün deyildir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçinin ödəmə qabiliyyəti olmayan sayılması üçün "Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3 (c)-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından onun müflis elan olunması ilə bağlı ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı firmasının iflas prosesinə başlanması və müflis elan edilərək ləğv olunması barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar