Məhkəmə qərarları › İş №e-2-2(113)-348/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-348/2025

06.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-348/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X7 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə) pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və X7 ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 21 may 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 590333,34 manat (beş yüz doxsan min üç yüz otuz üç manat otuz dörd qəpik) məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və X7 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə 21 may 2019-cu il tarixdə bağladıqları AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən birgə mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh1 məxsus olan "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən, ümumi sahəsi 4136,6 kv.m olan əmlak kompleksini bankın razılıq məktubu əsasında cavabdehlərə 1090333,34 manat qiymətinə satmışdılar. Qeyd edir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il, xx.xx.2014- cü il və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə onlara məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, 7 ünvanında yerləşən əmlak kompleksi İpoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Alqısatqı müqaviləsi bağlanarkən "xxxx" ASC həmin əmlakın ipoteka yüklülüyündə qalması şərtilə özgəninkiləşdirilməsinə razılıq vermişdir. "xxxx" MMC-nin ləğv prosesində olan "xxxx" ASC qarşısında xx.xx.2019-cu il tarixə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 300000 manat əsas, 26100 manat faiz, cəmi 326100 manat, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 400000 manat əsas, 38133,34 manat faiz, cəmi 438133,34 manat və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 300000 manat əsas, 26100 manat faiz, cəmi 326100 manat olmaqla, ümumilikdə 1090333,34 manat borc öhdəliyi mövcud olmuşdur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcılar bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğin 500000 manatını satıcının razılığı ilə həmin əmlaka dair satıcıların "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixinə olan borc öhdəliyinin bir hissəsinin icrası üçün notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyirlər. Qalan 590333,34 manat məbləği isə satıcıların "xxxx" ASC-yə olan borc öhdəliyinin icrası üçün ödəməyi öhdələrinə götürürlər. Ləğv prosesində olan "xxxx" ASC-nin Bakı şəhəri 12 saylı Notariat ofisinə göndərdiyi xx.xx.2019-cu il tarixli məktubda bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipoteka qoyanlara məxsus olan əmlak kompleksinin ipotekada qalmaqla özgəninkiləşdirilməsinə və özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına bank, notarial, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra borclu "xxxx" MMC-nin kreditor "xxxx" ASC qarşısında bütün kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə olan ümumilikdə 1090333,34 manat borc öhdəliyinin icra edilməsi məqsədilə həmin məbləğin tam olaraq bankın hesablaşma hesabına köçürülməsi şərtilə razılıq vermişdir. Alqı-satqı müqaviləsi 21 may 2019-cu il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində AN-İ ******* nömrəsi ilə bağlanılmışdır. Qeyd olunan müqavilə bağlandıqdan sonra həmin əmlak kompleksi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 və Cavabdeh1 adlarına mülkiyyət hüququ üzrə bərabər paylarla qeydə alınmış və xx.xx.2019-cu il tarixdə bu barədə müvafiq çıxarış verilmişdir. Bununla bağlı tərəflərə pretenziya məktubu ünvanlanmış olsa da, heç bir nəticə verməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 386.1, 421.1, 425, 442, 598, 600, 601-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İsmayıllı şəhəri H.Əliyev pr. 7 ünvanında yerləşən əmlak kompleksinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə X7 adlı şəxslərin xüsusi mülkiyyətlərində olmuşdur. Hər iki şəxsin təssisçisi olduğu "xxxx" MMC iddiaçı "xxxx" ASC ilə kredit müqavilələri bağlayaraq borc pul götümüş və göstərilən kredit müqavilələri üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə İddiaçı və X7 "xxxx" ASC ilə ipoteka müqaviləsi bağlayaraq paylı mülkiyyətlərində olan Əmlak Kompleksini ipoteka ilə yüklü etmişlər. Kredit müqavilələri üzrə "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixə 1090333,34 manat borc öhdəliyi yaranmış, onun təsisçisi İddiaçı (X7 ona etibarnamə verib) Fonddan aldığı xx.xx.2019-cu il tarixli razılıq məktubuna əsaslanaraq xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi ilə əmlak kompleksini 1090333,34 manata cavabdehlərə satmışdır. Alqı-satqı müqaviləsində göstərilmişdir ki, alıcılar əmlak kompleksini bəyənib, 1090333,34 manata razılaşdığı qiymətin 500000 manat məbləğini satıcıların razılığı ilə həmin əmlaka dair satıcıların "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixinə olan borc öhdəliyinin bir hissəsinin icrası üçün Notarial Kontorunun bankda açılan depozit hesabı vastəsi ilə ödəyirlər. Qalan 590333,34 manat məbləği isə satıcıların "xxxx" ASC-yə olan öhdəliyinin icrası üçün ödəməyi öz öhdələrinə götürürlər. Ona görə də cavabdehlər tərəfindən göstərilən məbləğdən 500000 manat Notarial Kontorunun bankda açdığı depozit hesabına, qalan 590333,34 manat məbləği isə satıcıların "xxxx" ASC-yə olan öhdəliyinin icrası üçün İddiaçı ödənilmişdir. Bundan sonra İddiaçı cavabdehlər tərəfindən ona ödənilən vəsaitdən AR VM-nin 220.8-ci maddəsinə əsasən torpaq və qeyri-yaşayış sahəsinin təqdim edilməsinə görə 52380,52 manat sadələşdirilmiş vergiləri ödəmişdir. Göründüyü kimi, İddiaçı alqı-satqı müqaviləsi bağlanandan sonra "xxxx" MMC-nin "xxxx" ASC-yə qalan kredit borcunu ödəmək məqsədi ilə cavabdehlərdən 590333,34 manatı almasaydı, həmin məbləğin ödənilməsini müəyyən olunmuş müddətdə tələb edərdi. Qeyd edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən “Əmlak kompleksində saxlanılan 8 atm. həcmli kompressor cihazı, 10 ton həcmi olan xüsusi qurğu soyuducu, soyuducu vitrinlər, orada quraşdırılmış metal konstruksiya və LED X2 markalı 256x256 mm ölçüdə olan monitorun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmiş (hakim E.Mustafayev), iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iddia ərizəsi baxılması üçün Bakı Kommersiya məhkəməsinə göndərilmişdir. Həmin iddia ərizəsində iddiaçı yalnız qeyd edilən əmlakların ona qaytarılmasını tələb etmişdir. Göstərilən iddia ərizəsində hazırkı iddia ərizəsində göstərilən məbləği aldığı üçün pul tələbi qoyulmamışdır. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Bütün bunlarla yanaşı AR Mülki Məcəlləsində göstərilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (Maddə 373.2). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Maddə 375.2.). Odur ki, yuxarıda şərh edilənlərə əsasən məhkəmədən İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinin iddia müddəti ötürdüyünə görə təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. İddiaçı tərəfindən cavabdehlərin məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə etiraz edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Vəkil2 Qayıb oğlunun (cavabdehlərin vəkil və nümayəndəsi) məhkəməyə təqdim etdiyi etiraz ərizəsində ilkin olaraq Bakı Kommersiya Məhkəməsinə ünvanlanan əmlak kompleksində saxlanılan əşyaların qaytarılması tələbi ilə bağlı olan iddiada hazırkı pul vəsaitininin tələb edilmədiyini əsas götürülmüşdür. Lakin hazırkı pul vəsaitinin cavabdehlər tərəfindən banka ödənilməməsi barədə məlumat yalnız "xxxx" ASC-nin tərəflərə qarşı qaldırdığı sonuncu iddiadan sonra məlum olmuşdur. Yalnız 2021-ci ildən sonra iddiaçıya məlum olmuşdur ki, banka ödənilməli olan pul vəsaitləri cavabdehlər tərəfindən ödənilmir. Hüquq pozuntusunu bildikdən sonra məhkəməyə müraciət edilmiş və həmin pullar tələb edilmişdir. “LPO” "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia qaldırmış və pul vəsaitinin ödənilmədiyini qeyd etmişdir. Deməli, iddia müddətinin başlığı hüquq pozulduğu andan, yəni 2021-ci ildən hesablanmalıdır. Bu da o deməkdir ki, iddia verilərkən hələ iddia müddəti ötürülməmişdi. Cavabdehin tələb ilə bağlı təqdim etdiyi ərizə qanuni və əsaslı sayıla bilməz.

6. Cavabdehlər tərəfindən ilk etiraz ərizəsinə iddiaçı tərəfindən verilən etiraza etiraz ərizəsi məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə cavabdehlər tərəfindən etiraz veriləndən sonra iddiaçı həmin etirazda göstərilən iddia müddətinin tətbiq edilməsinə dair etiraz edərək göstərmişdir ki, pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməməsi "xxxx" ASC tərəfindən tərəflərə qarşı sonuncu iddia ərizəsi ilə müraciət ediləndən sonra məlum olmuşdur. Qeyd edilmişdir ki, hüququmuzun pozulduğunu biləndən sonra məhkəməyə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişik. Daha sonra isə iddiaçı bildirmişdir ki, LPO "xxxx" ASC 2021-ci ildə iddia qaldırmış və pul vəsaitinin ödənilmədiyini qeyd etmişlər. Deməli, iddia müddətinin başlığı hüququn pozulduğu andan, yəni 2021-ci ildən hesablanmalıdır. Göstərilənlərlə əlaqədar bildirilmişdir ki, iddiaçı LPO "xxxx" ASC cavabdeh İddiaçı və qeyrilərinə qarşı iddia ərizəsi ilə 2020-ci ilin may ayında müraciət etmişdir və Yasamal Rayon Məhkəməsinin 2(004)-3176/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir (qətnamə əlavə edilir). Həmin qətnamədə göstərilmişdir ki, məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı iddia tələbinin əsaslı olduğunu bildirərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı hüququnun pozulduğunu 2020-ci ilin may ayından bilmişdir və pul tələbinə dair məhkəməyə isə 2024-cü idə müraciət etdiyinə görə iddia müddətini ötürmüşdür. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, məhkəməyə pul tələbinə dair iddia ərizəsi ilə yalnız İddiaçı müraciət etmişdir, digər satıcı X7 isə cavabdehlərə qarşı heç bir tələb irəli sürməmişdir. Belə vəziyyətdə isə İddiaçı etibarnaməyə əsasən tələb irəli sürməyən şəxsi təmsil edə bilməz. Odur ki, yuxarıda şərh edilənlərin nəzərə alınmasını və İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddianın iddia müddəti ötürdüyünə görə təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. Daha sonra cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə müraciət edilərək bildirilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsində göstərmişdir ki, İsmayıllı rayonunda yerləşən 1090333,34 manat qiymətləndirilən Əmlak Kompleksi xx.xx.2019-cu il tarixdə AN-1, ******* saylı Alqısatqı müqaviləsinə əsasən cavabdehlərə satılmışdır. Onlar Əmlak Kompleksinə görə 500000 manatı bankın hesabına ödəsələr də, qalan 590333,34 manatı ödəməmişlər. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin alqı-satqı ilə bağlı bankın hesabına ödənilməyən məbləğin ona ödənilməsini tələb edir. Bununla əlaqədar bildirilmişdir ki, Reyestr Xidmətində qeydiyyata alınan ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışdan müəyyən edilir ki, həmin daşınmaz əmlak İddiaçı və X4 ümumi birgə mülkiyyətində olmuşdur. Hər iki mülkiyyətçi birlikdə Əmlak Kompleksini Cavabdeh1 və Cavabdeh2 satmışlar. Çıxarışdan görünür ki, Əmlak Kompleksinə dair mülkiyyətçilər İddiaçı və X4 payları müəyyən edilməmişdir. Belə vəziyyətdə isə İddiaçı Əmlak Kompleksində nə qədər paya malik olması məlum deyildir və o, Əmlak Kompleksinin dəyərinin yalnız ona ödənilməsini tələb etməkdə haqlı deyildir. Bundan əlavə bildirilmişdir ki, Əmlak Kompleksinin ümumi birgə mülkiyyətçisi olan satıcı X4 5 (beş) il 8 (səkkiz) ay müddətində ödənilməyən həmin vəsaitin tələb etməməsi cavabdehlərin satıcılara borcunun olmadığını bir daha təsdiq edir. İddiaçı məhkəmədə X4 adından çıxış etməsi MPM-də nəzərdə tutulmamışdır. Belə ki, AR MPM-də göstərilmişdir ki, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkili (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Bundan başqa, iş materiallarına əlavə edilən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-799/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, üçüncü şəxslər İddiaçı və X5 qarşı (hazırkı İddiaçı tələb etdiyi) “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün bunlarla yanaşı, İddiaçı hüququnun pozulduğunu 2020-ci ilin may ayından bilmişdir, pul tələbinə dair məhkəməyə isə 2024-cü idə müraciət etdiyinə görə iddia müddətini ötürmüşdür. Odur ki, yuxarıda şərh edilənlərin nəzərə alınması və iddia müddəti ötürdüyünə görə iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tədqiq olunan sübutlar:

8. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

9. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizələrinin məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında dostluq münasibətləri olmuş və pul qarşı tərəfə verilmiş, qarşı tərəf isə qrafik üzrə ödənişlərin olacağını bildirmişlər. Cavabdehdə heç bi sübut qalmamışdır. Pulu sürücü iddiaçının həyat yoldaşına vermişdir.

10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbləri cavabdehlərə və üçüncü şəxslərə qarşıdır, iki müqavilə üzrə kredit təminatlı, bir müqavilə üzrə isə təminatsızdır. Alqı-satqı müqaviləsində göstərilən 590333,34 manat məbləğində pul vəsaiti banka ödənilməmişdir.

11. Əvvəlki məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsini, göstərilən məbləğin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir.

12. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, birinci tərəf X7 ilə ikinci tərəf X8 arasında xx.xx.2019-cu il tarixdə notarial qaydada ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən X7 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********69-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İsmayıllı şəhəri, H.Əliyev prospekti, 7 ünvanında yerləşən, ümumi sahəsi 4136,6 kv.m olan əmlak kompleksi kimi müəssisənin və mülkiyyətdə olan 2125 ha torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus olan payını “X10 Şirkətlər Qrupu” MMC-yə satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notarial qaydasında təsdiq edilmiş Alqı-satqı müqaviləsi bağlamağı öz öhdələrinə götürürlər. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dəyərinin müəyyənləşdirilməsi qarşılıqlı razılaşma ilə həyata keçiriləcəkdir. Alqı-satqı obyektinin sonradan bazar qiymətinin artması və ya azalması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmur. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən alıcı əmlakın dəyərini müqavilə rəsmiləşdirildiyi tarixdə satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödəyəcək. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən həmin əmlak bütövlükdə "xxxx" ASC qarşısında olan öhdəliklərlə yüklüdür. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən alıcı həmin əmlaka dair "xxxx" ASC qarşısındakı bütün öhdəlikləri 2 ay müddətində yerinə yetirməyi, "xxxx" ASC-yə olan kredit borcunu və cədvəl üzrə ödəmə qrafikində ödənməli məbləği və faiz borclarını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən satıcı əsas müqavilə bağlandıqdan sonra ailə üzvləri ilə birlikdə əmlakı tərk etməli, sözügedən əmlakla əlaqədar bütün iddialardan imtina etməli və həmin əmlakı alıcının sahibliyinə və istifadəsinə verməlidir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən əmlak payı barəsində sərəncam vermək hüququ əsas müqavilə bağlandığı andan alıcıya keçir. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən müqavilə obyekti alıcının sahibliyinə və istifadəsinə verildikdən sonra bu vaxta qədər həmin əmlakla bağlı ödənilməmiş kommunal və digər xərclərin olduğu müəyyən edilərsə, onların ödənilməsinə görə satıcı məsuliyyət daşıyır. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən tərəflərin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur (müqavilədə 2 ay qeyd edilmişdir). Müqavilə notarial qaydada təsdiq edilmişdir.

13. İddiaçı və X7 ilə alıcılar qismində Cavabdeh2 və Cavabdeh1 arasında 21 may 2019-cu il tarixli, AN-İ-0780029 nömrəli (daşınmaz əmlakın Alqı-satqısı haqqında) notarial qaydada müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən satıcılar X7 və İddiaçı birgə mülkiyyət üzrə onlara məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən ümumi sahəsi 4136,6 kv/m olan əmlak kompleksi kimi müəssisənin ½ hissə, 2068,3 kv/m alıcı Cavabdeh2 və ½ hissə, 2068,3 kv/m alıcı Cavabdeh1 mülkiyyətinə verirlər. Həmin müqavilənin 2-ci maddəsinə əsasən satılan daşınmaz əmlak aşağıdakı hüquq müəyyənedici sənədə əsasən satıcılara məxsusdur: ƏMDK-nin yanında DADRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X7 və İddiaçı verilmiş **********69-12301 reyestr nömrəli, ********** qeyydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 4136,6 kv/m; ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X7 və İddiaçı verilmiş **********69-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 2125 ha. Həmin müqavilənin 3-cü maddəsinə əsasən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanan anda İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə və İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən torpaq sahəsi yüklüdür. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, **********750 saylı məktubunda həmin əmlakın ipoteka yüklülüyündə qalması şərtilə özgəninkiləşdirilməsinə razılıq verilmişdir. Həmin müqavilənin 4-cü maddəsinə əsasən satıcılar daşınmaz əmlakı 1090333,34 manat qiymətinə satdılar, alıcılar isə həmin qiymətə aldılar. Alıcı Cavabdeh2 satıcılardan satdığı ½ (2068,3 kv/m) hissəni ondan 322666,67 manat qiymətinə aldı. Alıcı Cavabdeh1 satıcılardan satdığı ½ hissəni (2068,3 kv/m) 322666,67 manata aldı. Alıcı Cavabdeh2 satıcılardan satdığı ½ hissəni (10625 ha) 222500 manata aldı. Alıcı Cavabdeh1 satıcılardan satdığı ½ hissəni (10625 ha) 222500 manat qiymətinə aldı. Həmin müqavilənin 4a maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təqdim edilməsinə görə müqavilədə qeyd edilmiş düstura uyğun olaraq satıcı İddiaçı 23268,38 manat, X3 23268,38 manat vergi tutulmuşdur (2068,3 m2 sahəyə görə). Həmin müqavilənin 4b maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan torpaq sahəsinin təqdim edilməsinə görə müqavilədə qeyd edilmiş düstura uyğun olaraq satıcı İddiaçı 2921 manat (10625 m2 sahəyə görə) vergi tutulmuşdur. Həmin müqavilənin 4c maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan torpaq sahəsinin təqdim edilməsinə görə müqavilədə qeyd edilmiş düstura uyğun olaraq X3 2921 manat (10625 m2 sahəyə görə) vergi tutulmuşdur. Həmin müqavilənin 4d maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaka görə satıcı X3 26190,26 manat, satıcı İddiaçı 26190,26 manat olmaqla, ümumilikdə 52380,52 manat miqdarda sadələşdirilmiş vergi tutulmuşdur. Həmin müqavilənin 5-ci maddəsinə əsasən alıcılar müqavilənin 4-cü maddəsində nəzərdə tutulan məbləğin 500000 manat məbləğini satıcıların razılığı ilə həmin əmlaka dair satıcıların "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixinə olan borc öhdəliyinin bir hissəsinin icrası üçün notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyirlər. Qalan 590333,34 manat məbləği isə satıcıların "xxxx" ASC-yə olan borc öhdəliyinin icrası üçün ödəməyi öz öhdələrinə götürürlər. Həmin müqavilənin 6-cı maddəsinə əsasən müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notarial qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Həmin müqavilənin 7-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi təsdiq olunduqdan sonra satıcılar daşınmaz əmlaka aid sənədləri alıcılara verməyə borcludur. Həmin müqavilənin 11-ci maddəsinə əsasən satıcılar X7 və İddiaçı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcıların bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2019-cu il tarixinədək alıcıların faktiki sahibliyinə verməyi öhdəsinə götürürlər. Həmin müqavilənin 16-cı maddəsinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Müqavilə notarial qaydada təsdiq edilmişdir.

14. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyanlar İddiaçı və X7, borcalan "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixli, 240/14/1 nömrəli ipoteka müqaviləsi bağlamışlar. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən ipoteka saxlayan ilə borcalan arasında Bakı şəhərində bağlanmış xx.xx.2014-cü il tarixli, 240/14/1 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən borcalana 300000 manat məbləğində 84 ay müddətinə illik 6% kredit verilmişdir. Həmin kredit və kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan İddiaçı və X7 Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Dairəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi **********, seriya RX, 0360242) xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özlərinə məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında 2125 ha torpaq sahəsində yerləşən 4136,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən ipoteka qoyan ipoteka saxlayanın razılığı olmadan ipoteka predmetinin dəyərinin artmasına səbəb olmuş əsaslı tikinti – quraşdırma işləri apardığı halda ipoteka hüququ sonradan yaradılmış tikililərə də şamil olunur. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən ipoteka predmeti tərəflərin razılığı ilə ******* manat məbləğində qiymətləndirilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma yönələ bilər.

15. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyanlar İddiaçı və X7, borcalan "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixli, 279/14/1 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən ipoteka saxlayan ilə borcalan arasında Bakı şəhərində bağlanmış xx.xx.2014-cü il tarixli, 279/14 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən borcalana 400000 manat məbləğində 84 ay müddətinə illik 6% kredit verilmişdir. Həmin kredit və kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan İddiaçı və X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi **********, seriya RX 0360242) xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özlərinə məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, 7 nömrəli, 2,125 ha torpaq sahəsində yerləşən 4136,6 kv.m ümumi sahədən ibarət Əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılması öhdəliyini üzərinə götürür. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən ipoteka predmeti tərəflərin razılığı ilə ******* manat məbləğində qiymətləndirilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma yönələ bilər.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” RX seriyalı, ******* nömrəli Çıxarışdan müəyyən olunur ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə ümumi birgə mülkiyyət hüququ əsasında istehsal üçün olmaqla İddiaçı və X4 mülkiyyətindədir. Əmlakın qeydiyyat nömrəli **********, qeydiyyat tarixi xx.xx.2014-cü ildir.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubun məzmunundan müəyyən olunur ki, ümumi paylı mülkiyyət üzrə Cavabdeh2 və Cavabdeh1 məxsus İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən əmlak kompleksi kimi müəssisə ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə yüklülük xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. Hal-hazırda əmlak kompleksi kimi müəssisə ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə yüklüdür.

18. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərilmiş xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixində 279/14 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən ona kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı və X5 mülkiyyət hüququ ilə məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən (seriya: RX 0592409, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il) əmlak kompleksi xx.xx.2014-cü il tarixli, 279/14/1 saylı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı və X5 mülkiyyət hüququ ilə məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin Alqı-satqı müqaviləsinin ipoteka predmetinin üzərində yüklülüyün saxlanılması şərti ilə rəsmiləşdirilməsinə bank tərəfindən etiraz edilməmişdir.

19. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən 12 saylı Notariat kontoruna göndərilmiş xx.xx.2019-cu il tarixli, **********750 saylı məktubun məzmunundan müəyyən olunur ki, ləğv prosesində olan "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli kredit müqavilələri bağlanmış, həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı və X5 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi ipoteka müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin ləğv prosesində olan "xxxx" ASC qarşısında xx.xx.2019-cu il tarixə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 300000 manat əsas, 26100 manat faiz, ümumilikdə 326100 manat, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 400000 manat əsas, 38133,34 manat faiz, ümumilikdə 438133,34 manat və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 300000 manat əsas, 26100 manat faiz, ümumilikdə 326100 manat borc öhdəliyi olmaqla, cəmi 1090333,34 manat borc öhdəliyi mövcuddur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunanlara əsasən ipoteka predmeti olan İddiaçı və X5 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin ipotekada qalmaqla və predmetin özgəninkiləşdirilməsində əldə olunan vəsaitin bank, notarial, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra "xxxx" MMC-nin ləğv prosesində olan "xxxx" ASC qarşısında bütün kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə olan ümumilikdə 1090333,34 manat borc öhdəliyinin icra edilməsi məqsədilə məbləğin məktubda qeyd olunan bank və hesablaşma hesabına köçürülməsi şərtilə özgəninkiləşdirilməsinə bank tərəfindən etiraz edilməmişdir.

20. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 3176/2020 nömrəli qətnaməsinin məzmunundan müəyyən olunur ki, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər 12 saylı Notariat Kontoruna, "xxxx" MMC-yə, İddiaçı, X5, Cavabdeh2 və Cavabdeh1 qarşı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-799/2024 saylı qərardadından görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı və X7) “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə məhkəmə mühəndis-texniki və məhkəmə-iqtisad ekspertizaları təyin edilmişdir.

22. İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 590333,34 manat borcun 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

25. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı, X7 və cavabdehlər Cavabdeh2, Cavabdeh1 arasında 21 may 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən mülkiyyət hüququ üzrə birincilərə məxsus olan, "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş, İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən, ümumi sahəsi 4136,6 kv.m olan əmlak kompleksi bankın razılıq məktubu əsasında cavabdehlərə 1090333,34 manat qiymətinə satılmışdır. Həmin əmlak "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka müqavilələrinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən "xxxx" ASC həmin əmlakın ipoteka yüklülüyündə qalması şərtilə özgəninkiləşdirilməsinə razılıq vermişdir. "xxxx" MMC-nin ləğv prosesində olan "xxxx" ASC qarşısında xx.xx.2019-cu il tarixə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 300000 manat əsas, 26100 manat faiz, cəmi 326100 manat, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 400000 manat əsas, 38133,34 manat faiz, cəmi 438133,34 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 300000 manat əsas, 26100 manat faiz, cəmi 326100 manat olmaqla, ümumilikdə 1090333,34 manat borc öhdəliyi mövcud olmuşdur. Əmlakın qyməti də 1090333,34 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcılar həmin məbləğin 500000 manatını satıcının razılığı ilə həmin əmlaka dair satıcıların "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixinə olan borc öhdəliyinin bir hissəsinin icrası üçün notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi, qalan 590333,34 manat məbləği isə satıcıların "xxxx" ASC-yə olan borc öhdəliyinin icrası üçün ödəməyi öhdələrinə götürmüşlər. 500000 manat məbləğində pul vəsaiti ödənilsə də, 590333,34 manat məbləğ ödənilməmişdir. Yuxarıda qeyd olunan hallar işin mübahisəsiz hallarını, 590333,34 manat məbləğin ödənilməsi isə işin mübahisəli halını təşkil etmişdir.

26. İddia tələbini cavabdehlərdən müştərək qaydada 21 may 2019-cuil tarixli, AN-İ- 0780029 saylı alqı-satqı müqaviləsi üzrə 590333,34 manat məbləğində pul vəsaitinin tutulması təşkil edir.

27. Məhkəmənin qənaətinə əsasən iddia qismən, 326100 (üç yüz iyirmi altı min yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.

28. Həmin nəticəyə gəlinərkən aşağıdakılar nəzərə alınmışdır: Əvvəla, işin hallarından göründüyü kimi əmlakın qiyməti və bankın məktubunda əksini tapan üç müqavilə üzrə borcun məbləği eyni olmuşdur (1090333,34 manat), yəni məqsəd məhz banka olan borcun ödənilməsi olmuşdur, lakin borcun bir qismi (500000 manat) banka ödənilsə də (mübahisəsiz haldır), 590333,34 manat ödənilməmiş qalmışdır. Həmin məbləğin banka ödənilməsi cavabdehlərin satıcılar qarşısında müqavilə üzrə öhdəliyini təşkil etmişdir. Cavabdehlərin nümayəndəsi həmin məbləğin iddiaçıya ödənildiyini bildirsə də, bununla, eləcə də həmin məbləğin banka ödənilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

29. Eləcə də müəyyən olunmuşdur ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı və X7) “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdeh "xxxx" MMC-dən xx.xx.2014-cü il tarixli 240/14 saylı kredit müqaviləsi üzrə 248488,89 manat əsas, 30229,35 manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 3554,53 manat faiz borcu olmaqla, cəmi 282272,77 manat, xx.xx.2015-ci il tarixli 099/15 saylı kredit müqaviləsi üzrə 300000 manat əsas, 70400 manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 4292,01 manat faiz borcu olmaqla, cəmi 374692,01 manat, ümumilikdə isə 656964,78 manat məbləğində kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh1 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında 2.125 ha torpaq sahəsində yerləşən 4136,6 kv.m. sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəlməsi, yuxarıdakı əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin "xxxx" MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Göründüyü kimi, üç müqavilədən bir müqavilə üzrə borc məbləği ödənilən 500000 manat hesabına bağlanmış, lakin digər iki müqavilə üzrə borclar qalmışdır. Həmin müqavilələrdən biri - xx.xx.2014-cü il tarixli 240/14 saylı kredit müqaviləsi təminatlıdır (ipoteka müqaviləsi ilə), digəri xx.xx.2015-ci il tarixli 099/15 saylı kredit müqaviləsi isə təminatsız müqavilədir, həmin hal həm iş materialları ilə təsdiq olunur, həmçinin bankın nümayəndəsi tərəfindən təsdiq edilmişdir.

31. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən 12 saylı Notariat kontoruna göndərilmiş xx.xx.2019-cu il tarixli, **********750 saylı məktubdan müəyyən olunur ki, təminatsız xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi borcun məbləği 326100 manat təşkil etmiş və həmin məbləğ ödənilməmişdir. Məhkəmənin qənaətinə əsasən bundan sonra həmin məbləğin cavabdehlər tərəfindən ödənilmə ehtimalı yox dərəcəsindədir. Belə ki, cavabdehlərin nümayəndəsi iddianı qəbul etməyərək, həm həmin məbləği ödədiklərini bildirmiş, digər tərəfdən iddia müddətinin tətbiqini xahiş etmişlər. Beləliklə, məhkəmənin qənaətinə əsasən 326100 manat məbləğin hazırda cavabdehlərdən tutulmaması qanuni və ədalətli olmazdı, yəni əmlak satılır, məqsəd borcun bağlanması olur, lakin nə borc tam ödənilir, nə də həmin məbləğ satıcılara ödənilir, cavabdehlər isə əmlakı əldə edir. Borc məbləği hüquqi şəxsə aid borc məbləği olsa da (iddiaçı təsisçi olmuşdur), işin halları nəzərə alınaraq həmin hal fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz.

32. İddia tələbinin digər 264233,34 manat (590333,34-326100=264233,34) hissəsinin təmin edilməməsi nəticəsinə gəlinərkən nəzərə alınmışdır ki, həmin məbləğ digər müqavilə üzrə qalan məbləğdir ki, həmin müqavilə ilə bağlı ipoteka müqaviləsi və tutmanın əmlaka yönəldilməsi ilə bağlı tələb mövcuddur və həmin məbləğ borcalan tərəfindən ödənilməzsə, cavabdehlərin əmlakına tutma yönəldilə və həmin əmlak hesabına borc ödənilə bilər. Ona görə də hazırkı halda həmin məbləğ məhkəmənin qənaətinə əsasən cavabdehlərdən tutula bilməz və nəticəyə uyğun olaraq, iddiaçı tərəfindən gələcəkdə digər əsaslarla məhkəməyə müraciət oluna bilər.

33. Məhkəmə həmçinin hazırkı nəticəyə gələrkən alqı-satqı müqaviləsi üzrə digər satıcı, mülkiyyətçi olan, hazırkı işdə üçüncü şəxs qismində iştirak edən X4 nümayəndəsi Nümayəndə2 verdiyi izahatında iddia tələbinin təmin edilməsini, göstərilən məbləğin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etməsini nəzərə almışdır.

34. Eləcə də, cavabdehlərin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Hesab olunur ki, ərizə əsassızdır. Belə ki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir, həmin müddət isə ötürülməmişdir.

35. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 21 may 2019-cu il tarixli, AN-İ ******* nömrəli Alqı-satqı müqaviləsi üzrə 326100 (üç yüz iyirmi altı min yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ödənilməli, qalan hissədə isə təmin edilməməlidir.

36. Tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 21 may 2019-cu il tarixli, AN-İ ******* nömrəli Alqı-satqı müqaviləsi üzrə 326100 (üç yüz iyirmi altı min yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar