Məhkəmə qərarları › İş №e-2-2(113)-3482/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3482/2022

09.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3482/2022 09.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X3 cavabdehin nümayəndəsi X7, X15 qızının iştirakları ilə İddiaçı "xxxx"xxxx"xxxx" MMC-yə qarşı “ödənilmiş pulun reqres qaydada tutulması” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"xxxx"xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dəmir Yolları” QSC tərəfindən mənəvi ziyanın əvəzi olaraq Əliyeva Zümrüd Gəncəli qızına ödənilmiş 20 000 (iyirmi min) manat məbləğində vəsaitin 10 000 (on min) manatının və ödənilmiş dövlət rüsumu olaraq 120 (bir yüz iyirmi) manat, cəmi 10 120 (on min yüz iyirmi) manat pulun reqres qaydasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixində 124 saylı marşrutla hərəkət edən X8 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “DAEWOO” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qatarın toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsirkar olan "xxxx" QSC-nin (ADY) İnfrastruktur departamentinin 3 nömrəli Ələt yol sahəsinin keçid növbətçisi vəzifəsində işləyən X2 və avtobusun sürücüsü X12 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə hər biri ayrı-ayrılıqda 8 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Hadisə nəticəsində vəfat etmiş X6 anası Əliyeva Zümrüd Gəncəli qızı ADY-yə qarşı iddia qaldıraraq mənəvi zərər olaraq 3 000 000 (üç milyon) manat pulun tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1077/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20 000 (iyirmi min) manat pulun "xxxx" QSC-dən alınaraq iddiaçı Əliyeva Zümrüd Gəncəli qızına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-4134/2020 nömrəli qətnaməsi ilə iddiaçı Əliyeva Zümrüd Gəncəli qızının apellyasiya şikayəti qismən təmin edilərək Nəsimi Rayon Məhkəməsinin qətnaməsi vurulmuş mənəvi zərərin məbləği hissəsində artırılaraq 30 000 (otuz min) manat müəyyən edilmiş, ADY-nin apellyasiya şikayəti isə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-1478/2021 nömrəli qərarı ilə iddiaçı Əliyeva Zümrüd Gəncəli qızının kassasiya şikayəti təmin edilməmiş, cavabdeh ADY-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 4134/2020 nömrəli iş üzrə qətnaməsi tutulan mənəvi ziyanın məbləği hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-5112/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2020-ci il 22 yanvar tarixli 2(006)-1077/2020 saylı iş üzrə qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilməklə, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh ADY-dən alınaraq iddiaçı Əliyeva Zümrüd Gəncəli qızına ödənilməli olan pul məbləği 10 000 (on min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-5817/2021 nömrəli qərarı ilə Əliyeva Zümrüd Gəncəli qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 24 may tarixli 2(103)-5112/2021 nömrəli iş üzrə qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul olunmuşdur. İddianın qismən təmin edilməsi, ADY-dən vurulmuş mənəvi zərərin əvəzi kimi 20 000 (iyirmi min) manat məbləğində pul tutularaq Əliyeva Zümrüd Gəncəli qızına ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd edilən qərarda, iddiaçının çəkdiyi mənəvi zərərin əvəzini tam olaraq birgə borclu ADY-dən tələb etmək hüququ olduğunu, lakin bu halın zərərin əvəzini ödəyəcək ADY-nin digər zərərvuranlardan təqsirin dərəcəsinə uyğun məbləğdəki hissəni reqres qaydada tələb etmək hüququnu aradan qaldırmadığını qeyd etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə baş vermiş hadisədə ADY-nin əməkdaşı ilə birlikdə "xxxx" MMC-nin əməkdaşı olan X8 da birgə məsuliyyət daşıdığı təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edəni iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddia ərizəsinə etiraz edərək, məhkəməyə izahatında qeyd etmişdir ki 2012-ci il tarixində “3 BAM“ MMC-nin 124 saylı marşrut xətti üzrə işləyən Daewoo BC 212 MA markalı **-TF-*** dövlət nömrə nişanlı avtobusun sürücüsü Lokbatan-şəhər istiqamətində hərəkətdə olarkən 31 avqust 2012-ci il tarixində səhər saat 07 radələrində nizamlanan dəmiryol keçidinə yaxınlaşan zaman şlaqbaunun dəmiryol işçisinin məsuliyyətsizliyi ucbatından açıq olduğunu nəzərə alıb sağ tərəfdən keçidə yaxınlaşan qatarın gəlməsinə diqqət yetirmədən, əhəmiyyət vermədən keçiddən keçmişdir. Nəticədə dəhşətli hadisə baş vermiş və bu hadisə respublikada böyük əks-sədaya səbəb olmuşdur. Hadisə nəticəsində 6 ölü və 29 yaralı olmuşdur. Hadisəyə əsas səbəb şlaqbaumun açıq olması və hadisənin baş vermə səbəbi Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin işçisinin günahı olduğu qeyd edilmişdir, yol-nəqliyyat hadisəsisinin baş verməsində “3 № li "xxxx" MMC-nin heç bir günahı yoxdur. Belə ki, avtobus tam saz vəziyyətdə yola buraxılmış, sürücü isə reysqabağı tibbi müayinədən keçirilərək təlimatlandırılmışdır və heç bir nasazlıq bu hadisəyə səbəb olmamışdır. Avtobus tənzimlənən yol keçidindən keçərkən şlaqbaum açıq olmuşdur. Eyni zamanda həmin hadisə nəticəsində "xxxx" MMC-nin balansında olan avtobus tam yararsız vəziyyətə düşdüyü səbəbindən kifayət qədər balans dəyəri olan avtobusun bərpası mümkün olmamışdır. Avtomobil Nəqliyyatı haqqında “Azərbaycan Respublikasının Qanununun 56.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirərkən sərnişinlərin həyatına və ya sağlamlığına vurulmuş zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin təsiri nəticəsində baş verdiyini sübut edə bilmədikdə daşıyıcı vurulmuş zərərə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu hadisədə sürücü X9 və Dəmiryol QSC-nin işçisi, şlaqbaun ötürücüsünün səhlənkarlığı nəticəsində hadisənin baş verməsi tam təsdiqini tapdığından günahkar olduğu sübuta yetirilmiş və hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunmuş və 9 il müddətinə həbs qəti imkan tədbiri verilmişdir. Bunları qeyd etməklə “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi’' MMC-nin bu hadisədə günahkar olmadığı aşkar olunur. Həmin dövrdə zərərçəkənlərə və onların ailələrinə hərtərəfli yardımlar göstərilmişdir. Hətta həmin hadisədə zərərçəkənlərdən 1 nəfəri iki ayağını itirmiş qadın Nəsirova Sevdaya hal-hazırda “3 BAM*4 MMC tərəfindən Yasamal rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(004)- 4399/12 nömrəli qərarına əsasən hər ay 450.00 manat və əsas bayramlar üçün isə əlavə olaraq 100 manat müavinət ödənilir. Həmin hadisədə zərərçəkənlərdən biridə müəssisəyə iddia qaldırmış X1r. Həmin məhkəmə prosesi hələ də davam edir. Həmin hadisədə zərərçəkənlərdən biri də X6 anası Əliyeva Zümrüd Gəncəli qızı olmuşdur. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə (ADY QSC) qarşı iddia qaldıran həmin vəkil olmuşdur, o həmin iddiada 3.000.000 (üç milyon) manat təzminat istəmişdir. Ancaq məhkəmə 20.000 manat təzminat ödənilməsi barədə qərar çıxarmışdır və ADY QSC tərəfindən 20.000 (iyirmi min) manat vəsait Əliyeva Zümrüd Gəncəli qızma ödənilmişdir. Bununla əlaqədar ADY QSC həmin məbləği 3 BAM MMC ilə bölüşdürərək müəssisədən 10.000 (on min) manat vəsaitin onlara qaytarılması məqsədilə müraciət etmələri düzgün deyil. Qeyd edilən zərərçəkənin anasının qaldırdığı işlə bağlı ADY QSC tərəfdən ödənilən təzminat bizim müəssisəyə aidiyyatı olmamalıdır. Çünki "xxxx" MMC-yə həmin hadisə ilə əlaqəli qaldırılan iddialardan və məhkəmələrin çıxardıqları qərarlardan ADY QSC müvafiq şöbələrinin məlum məsələdir ki, xəbərləri olmamışdır. Həmin sözügedən məhkəmə prosesində "xxxx" MMC-nin nümayəndəsi dəvət olunmamışdır və bu proses yalnız ADY QSC qaldırılmış bir iddia hesab olunmalıdır. "xxxx" MMC Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinində fəaliyyət göstərərək və öz fəaliyyətini qanunvericiliyə əsasən və normativ hüquqi aktlara uyğun tənzimləyən bir dövlət qurumudur. "xxxx" MMC ötən illərdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli xx-xx-0004 nömrəli məktubuna əsasən sərnişindaşıma fəaliyyəti tam dayandırılmışdır. Marşrut xətləri BNA tərəfindən digər daşıyıcıların istifadəsinə verilmişdir. Həmin dövrdə 115 işçisi olan müəssisədə hal-hazırda 6 nəfər işçi fəaliyyət göstərir ki, o da müəssisənin əmlakının qorunması və başqa maliyyə sənədlərinin yaxın vaxtda harasa təhvil verilməsi məqsədi üçündür. Azərbaycan Respublikası Prezidentinin 1463 nömrəli xx/xx-2021-ci il tarixli Fərmanına əsasən "xxxx" MMC digər bəzi qurumlarla birlikdə ləğv edilmişdir. Müəssisənin maliyyə vəsaiti olmadığından 6 nəfər işçi üçün də əmək haqqının verilməsində ciddi çətinliklər vardır. Cavabdehin nümayəndəsi qeyd edilənlərin nəzərə alınmasını iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Əliyeva Zümrüd Gəncəli qızının cavabdeh "xxxx" QSC-yə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Azərabycan Respublikasl Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5817/2021 nömrəli qərarına əsasən "xxxx" QSC-dən vurulmuş mənəvi zərərin əvəzi kimi 20.000 manat məbləğində pulun Əliyeva Zümrüd Gəncəli qızının xeyrinə tutulması qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, iddiaçının çəkdiyi mənəvi zərərin əvəzini tam olaraq birgə borclu "xxxx" QSC-dən tələb etmək hüququ vardır. Bu haı zərərin əvəzini ödəyəcək "xxxx" QSC-nin digər zərərvuranlardan təqsirin dərəcəsinə uyğun məbləğdəki hissəni reqres qaydada tələb etmək hüququnu aradan qaldırmır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən "xxxx" QSC tərəfindən 20.000 manat Bakı şəhəri Nəsimi Rayon İcra X11 Gəncəli qızı adına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X8 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “DAEWOO” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qatarın toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, baş vermiş hadisə nəticəsində X10 vəfat etmişdir. Bununla bağlı olaraq, Əliyeva Zümrüd Gəncəli qızı vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldırmış, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5817/2021 nömrəli qərarı əsasında 20.000 manat mənəvi zərər "xxxx" QSC tərəfindən ödənilmişdir. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi sürücünün və iddiaçının əməkdaşının səhlənkarılığı ucbatından baş vermiş, cavabdehə qarşı iddia tələbinin əsası yoxdur. Məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsi törədilmiş X8 idarə etdiyi “Daewoo” markalı, AZ-**-TF-*** dövlət nömrə nişanllı sərnişin avtobusunun 3 № li "xxxx" MMC-yə məxsus olması və X8 qeyd olunan MMC-nin əməkdaşı olması işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını da əsas götürərək, hesab edir ki, iddiaçı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə bir tərəfdən iddiaçı tərəfindən 20.000 manat məbləğində mənəvi zərərin tam olaraq ödənildiyini, digər tərəfdən isə iddiaçının digər zərərvuranlardan təqsirin dərəcəsinə uyğun məbləğdəki hissəni reqres qaydada tələb etmək hüququnu nəzərə alaraq hesab edir ki, 10.000 manat məbləğində ödənilmiş mənəvi zərər reqres qaydasında cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 120 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" QSC tərəfindən mənəvi ziyanın əvəzi olaraq Əliyeva Zümrüd Gəncəli qızına ödənilmiş 20 000 (iyirmi min) manat məbləğində vəsaitin 10 000 (on min) manatı və ödənilmiş dövlət rüsumu olaraq 120 (bir yüz iyirmi) manat, cəmi 10 120 (on min yüz iyirmi) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tutularaq "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar