Məhkəmə qərarları › İş №e-2-2(113)-3482/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3482/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3482/2025 20.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 7864,32 manat məbləğində krеdit bоrcu, 785,10 manat məbləğində faiz bоrcu və 192,42 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8841,84 manat (səkkiz min səkkiz yüz qırx bir manat səksən dörd qəpik) məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 108,42 manat ( yüz səkkiz manat qırx iki qəpik) məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, zamin Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 005L**********40 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri gecikdirmiş, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 2135,68 manat ödəmiş, onun 7864,32 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 150 gün üçün hesablanmış faiz borcu 785,10 manat təşkil etmişdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 150 gün üçün hеsablanmış cərimə 192,42 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən Cavabdeh2 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış, tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 005L**********40 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi”nin məzmunundan görünür ki, İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh1 və zamin qismində Cavabdeh2 arasında sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi təyinatı ilə 200000 (iki yüz min) manat məbləğində, 120 (yüz iyirmi) ay müddətinə kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Həmin müqavilənin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda bankın hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə borcu hesablamaq hüququ vardır. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.

6. xx.xx.2023-cü il tarixli, 005R********** saylı, xx.xx.2023-cü il tarixli 005L**********40 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanmış kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın məzmunundan müəyyən olunur ki, tərəflər illik 26 (iyirmi altı) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə ümumi məbləği 10000 (on min) manat olan biznes krediti üzrə razılığa gəlmişdirlər. Kredit sazişi tərəflərin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiqlənmişdir.

7. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli kreditin verilməsi-köçürmə adlı sənədin məzmunundan müəyyən olunur ki, bank tərəfindən Cavabdeh1 bank hesabına 10000 manat vəsait köçürülmüşdür.

8. İddiaçı QSC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh2 "xxxx" QSC və Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən gecikdirilmiş kredit borcu və cərimə borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

9. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka əsas borcu 7864,32 manat, faiz borcu 785,1 manat, cərimə borcu 192,42 manat olmaqla, ümumilikdə 8841,84 manat təşkil edir (gecikdirilmiş günlərin sayı-150 gün).

10. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış və ödəniş planı əlavə edilmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

13. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 və zamin Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 005L**********40 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmış və həmin müqavilə çərçivəsində Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər (bordlu və zamin) üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və iddiaçıya borcu yaranmışdır.

14. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 7864,32 manat məbləğində krеdit bоrcu, 785,10 manat məbləğində faiz bоrcunun "xxxx" QSC-nin хеyrinə tutulması təşkil edir.

15. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalanların) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia qeyd olunan hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7864,32 manat (yeddi min səkkiz yüz altmış dörd manat otuz iki qəpik) əsas borc, 785,10 manat (yeddi yüz səksən beş manat on qəpik) faiz borcu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır.

16. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 192,42 manat cərimə borcunun tutulması təşkil edir.

17. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği 192,42 manat (yüz doxsan iki manat qırx iki qəpik) manat məbləğində müəyyən edilməlidir.

18. Eləcə də, iddiaçı ödənilmiş 108,42 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

19. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzində 108,42 manat (yetmiş üç manat doxsan üç qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 005R********** saylı kredit razılaşması üzrə 7864,32 manat (yeddi min səkkiz yüz altmış dörd manat otuz iki qəpik) əsas borc, 785,10 manat (yeddi yüz səksən beş manat on qəpik) faiz borcu, 192,42 manat (yüz doxsan iki manat qırx iki qəpik) cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 108,42 manat (yüz səkkiz manat qırx iki qəpik) olmaqla, cəmi 8950,26 manat (səkkiz min doqquz yüz əlli manat iyirmi altı qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar