Məhkəmə qərarları › İş №e-2-2(113)-349/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-349/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-349/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və faiz borcu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 12256.74 AZN əsas; 1310.19 AZN faiz; cəmi 13566.93AZN pul vəsaitinin və 130.7 AZN dövlət rüsumunun tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2023-cü il tarixli KBSK5507102B252 saylı Kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 12600AZN olan verilmişdir. Göstərilən kredit məbləğindən 12288 AZN cavabdehə nəğd qaydada verilmişdir, qalan məbləğ isə hesabına köçürülmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarış, nəğd pul vəsaitinin cavabdehə verilməsini təsdiq edən Kassa Məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə 12256.74 AZN əsas; 1310.19 AZN faiz cəmi 13566.93 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, pulu götürmüşdür və balıq işi ilə məşğul idi. Borcların yaranması müflisləşmə və övladının səhhətində yaranan problemə əsaslanır. Borcun olduğunu bilir. Hazırda iş qurmağa çalışır ki, borcu ödəsin.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) xx.xx.2023-cü il tarixli **********22122023 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBSK5507102B252 saylı xx.xx.2023-cü il tarixli əlavə imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən tərəfindən borc alana 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 12.600 manat məbləğində kredit verilmişdir.

7. xx.xx.2023-cü il tarixli KBSK5507102B252 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikinə əsasən bank tərəfindən verilmiş 12600 manat kredit borcuna görə 24 ay müddətində (son ödəniş tarixi xx.xx.2025-ci il olmaqla) 3095,85 manat faiz, ümumilikdə 15.695,85 manat ödənilməli idi.

8. 11.07.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh KBSK5507102B252 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 12.256,74 manat, faiz borcu 1310,19 manat olmaqla cəmi borcu 13.566,93 manat təşkil edir.

9. Cavabdeh məxsus xx.xx.2023-xx.xx.2024-cü il hesabat tarixli hesabdan çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh (sonuncu dıfı xx.xx.2024-cü il olmaqla) müxtəlif vaxtlarda ödəniş etmişdir.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KBSK5507102B252 nömrəli kredit müqaviləsi üzrə bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh banka əsas borcu və xx.xx.2024-cü il tarixədək (pretenziyanın göndərildiyi tarixədək) faiz borcunun nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/8213 saylı ekspert rəyinə əsasən cavabdehin banka borcu xx.xx.2024-cü il tarixə əsasə borcu 12254,64 manat, faiz borcu 733,92 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 12254,64 manat və faiz borcu 951,10 manat olaraq müəyyən edilmişdir.

12. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

18. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

20. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2023-cü il tarixli, KBSK5507102B252 saylı kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən aşağı məbləğdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə xx.xx.2023-cü il tarixli, KBSK5507102B252 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləği tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla ekspert rəyində müəyyən edilmiş məbləğə uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir.

21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə əsas və faizi borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 130,7 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənişi edilmişdir.

23. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130,7 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

V. Nəticə:

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 12254,64 manat əsas borc məbləği, 733,92 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 130,7 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar