Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3493/2023 14.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyul 2021-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə 11800 manat borcun və 200 manat mediasiya xərcinin, ödənilmiş 4 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinndə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli 05-K21 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 10.2-ci bəndinə əsasən, tərəflər mübahisə və fikir ayrılıqlarını qarşılıqlı anlaşma yolu ilə həll edə bilmədikdə, həmin mübahisə və fikir ayrılıqları Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll ediləcək. Məhkəmə müəyyən edir ki, tərəflər sözügedən müqavilədən irəli gələn mübahisə və fikir ayrılıqlarının əvvəlcə məhkəməyə qədər nizama salınması barədə razılığa gəlmiş, iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi pretenziya məktubu və poçt rabitəsi orqanının qəbzi əlavə edilmişdir. Halbuki, hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan pretenziya məktubu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə (cavabdehin adıçəkilən informasiya sistemində qeydiyyatdan keçdiyi nəzərə alındığında) cavabdehə göndərilməli idi. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əməl olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinə cavabdehlə mübahisənin qanunvericiliklə nəzərədə tutulmuş qaydada məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3493/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3493/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver