Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3494/2022 16.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əsas borc üzrə 46 938.46 AZN, ƏDV üzrə 8 448.92 AZN olmaqla ümumilikdə 55 387.38 AZN (əlli beş min üç yüz səksən yeddi manat, otuz səkkiz qəpik) məbləğdə borcun, 2000 AZN (iki min manat) məbləğində hüquqşünas xərclərinin və 400 AZN dröd) yüz manat) məbləğində mediasiya xərclərinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 27 aprel 2021-ci il tarixində İddiaçı MMC (indiki İddiaçı QSC) (bundan sonra “İddiaçı”) ilə "xxxx" ASC (bundan sonra “Cavabdeh”) arasında 14 nömrəli İcarə Müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, iddiaçının mülkiyyətində olan, texniki xarakteristikası və haqqındakı digər məlumatlar icarə formasında göstərilən texnikanı bu müqavilədə müəyyən edilən şərtlər daxilində icarəyə verilməsi müqavilənin predmetini təşkil edir. Müqavilənin 3-cü maddəsinə əsasən, texnikanın icarə haqqı və digər xidmətlərin qiymətləri ödəniş müddətləri ilə birlikdə icarə formasında göstərilmişdir.Ödənişlər göstərilən tarixlərdə edilmədiyi təqdirdə ödənilməli olan məbləğə görə 2% dəbbə pulu tətbiq edilir. Cavabdeh hər hansı bir ödənişi təyin edilən gündə etmədiyi təqdirdə qalan bütün borcları, hər hansı bir xəbərdarlığa ehtiyac qalmadan müddəti çatmış borc hesab edilir. Cavabdeh icarəyə götürdüyü texnikanın icarə haqqının ilkin ayının ödənişini müqavilə bağlandığı gün, digər aylar üzrə icarə haqqı ödənişlərini isə növbəti ödənişin vaxtına 3 gün qalmış həyata keçirəcəkdir. İcarə haqqı məbləği ƏDV daxil olmamaqla, müqavilənin ayrılmaz tərkib hissəsi olan 27 aprel 2021-ci il tarixli icarə formalarına əsasən müəyyən olunmuşdur və hər iki tərəf icarə formalarını təsdiqləmişdir. Buna baxmayaraq, cavabdeh əsas borc üzrə 46 938.46 AZN, ƏDV üzrə 8 448.92 AZN olmaqla ümumilikdə 55 387.38 AZN (əlli beş min üç yüz səksən yeddi manat, otuz səkkiz qəpik) məbləği iddiaçıya hələ də ödəməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 30 mart 2022-ci il tarixində isə cavabdehə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, cavabdeh tərəfindən 09 aprel 2022-ci il tarixinədək borc tam şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. İddiaçının son xəbərdarlığına baxmayaraq cavabdeh borcun ödənişini həyata keçirməmiş və bununla müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etdiklərini ,sadəcə məhkəmədən iddia tələbinin qismən təmin edilməsini, vəkil xərcinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" ASC “icarəyə götürən”, «Azlift Pro” QSC “icarəyə verən” olmaqla imzalanmış 27 aprel 2021-ci il tarixli müqaviləyə əsasən icarəyə verənin mülkiyyətində olan, texniki xarakteristikası və haqqındakı digər məlumatlar icarə formasında göstərilən texnikanı bu müqavilədə müəyyən edilən şərtlər daxilində icarəyə verilməsi müqavilənin predmetini təşkil edir. Müqavilənin 3-cü maddəsinə əsasən, texnikanın icarə haqqı və digər xidmətlərin qiymətləri ödəniş müddətləri ilə birlikdə icarə formasında göstərilmişdir. Ödənişlər göstərilən tarixlərdə edilmədiyi təqdirdə ödənilməli olan məbləğə görə 2% dəbbə pulu tətbiq edilir. 27 aprel 2021-ci il tarixli icarə formasına əsasən "xxxx" ASC və İddiaçı QSC icarə müddəti xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək müəyyən edilməklə, dəyəri 29000 manat olmaqla 3 texnikanın (daşınma xərci 2000 manat daxil olmaqla ) icarəsi barədə icarə formasını möhürlə təsdiqləmişlər. 27 aprel 2021-ci il tarixli icarə formasına əsasən "xxxx" ASC və İddiaçı QSC icarə müddəti xx.xx.2021-ci ildən, xx.xx.2021 ci ildən müəyyən edilməklə, dəyəri 29000 manat olmaqla 3 texnikanın (daşınma xərci 2000 manat daxil olmaqla) icarəsi barədə icarə formasını möhürlə təsdiqləmişlər. İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə EBBD seriyalı, 362858 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 30652.779 (ƏDV daxil) manat, EBBD seriyalı, 688257 nömrəli, xx.xx.2021-ci il tarixli, elektron qaimə üzrə 24734.82 (ƏDV daxil) manat ödənilməsi üçün təqdim edilmiş, e-qaimələrin təsdiqindən imtina olunmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya icarə haqqının dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 46938.46 manat, ƏDV üzrə 8448.92 AZN manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 400 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Məhkəmə iddia tələbinin 2000 manat məbləğində vəkil xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, ödənilmiş məbləğlə bağlı məhkəməyə sənəd təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC-dən 238851,78 manat (18% ƏDV daxil) manat , mediasiya xərci 400,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100,00 manat tutularaq İddiaçı QSC -yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən 46938.46 manat, ƏDV üzrə 8448.92 manat, mediasiya xərci 400,00 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3494/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3494/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver