Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-350/2021 12.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 22774,20 manat borc məbləğinin silinməsi və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 22774,20 manat borc məbləğinin silinməsi və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçərək xx.xx.2015-ci il tarixdə ********** saylı VÖEN əldə etmişdir. Sahibkarlıq fəaliyyətini mülkiyyət hüququ ilə X4 məxsus Salyan rayonu, Qarabağlı kəndində yerləşən 3,5554 ha torpaq sahəsi üzərində inşa edilmiş 1,5 ha sahəsi olan istixana kompleksində həyata keçirir. Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, AUX 1/3187 saylı müqavilə üzrə qazdan istifadə edir. İstixana icarə müqaviləsinə əsasən X3 istifadəsində olan zaman qaz təchizatında xx.xx.2018-ci il tarixdə gecə saat 00:50 radələrində cavabdehə məxsus ana qaz xəttindən istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində ana xətlə iddiaçının xətti arasında yerləşən qaz sayğacı və qaz tənzimləyici reduktoru sıradan çıxartmışdır. Baş vermiş hadisə ilə əlaqədar X6 ilə cavabdeh arasında məhkəmə mübahisəsi mövcuddur. Təsərrüfatda baş vermiş hadisədən sonra qaz sayğacı sıradan çıxıdığı üçün hər ay əsassız olaraq artıq qaz sərfiyyatı hesablandığından əsassız hesablanmış 73663,34 manat Həmid Məmmədov tərəfindən məhkəmədə mübahisələndirilmişdir. Həmid Məmmədovun icarə müddəti bitdikdən, yəni 2019-cu ilin aprel ayından sonra sayğacda yaranmış problem aradan qaldırılmadığı üçün əlavə olaraq 22774,20 manat iddiaçıya əsassız olaraq artıq qaz sərfiyyatı hesablanmışdır. 2020-ci ilin mart ayında cavabdeh tərəfindən qaz sayğacı dəyişdirilmiş və qaz tənzimləyici reduktor sayğcaqdan əvvələ keçdikdən sonra sərfiyyat normal vəziyyətinə qayıtmış, amma əssasız olaraq artıq hesablanmış borc silinməmişdir. Qeyd etdikləri “abonentin saldosu” sənədi ilə də tam təsdiqini tapır. Abonentin Saldosu sənədində yanvar 2018-ci il tarixə 11826.00 manat, fevral 2018-ci il tarixə 10803.20 manat, mart 2018-ci il tarixə 10615.40 manat, aprel 2018ci il tarixə 4031.40 manat, may 2018-ci il tarixə 0.20 manat, iyun 2018-ci il tarixə 0.00 manat, iyul 2018-ci il tarixə 0.00 manat, avqust 2018-ci il tarixə 0.00 manat, sentyabr 2018-ci il tarixə 0.00 manat, oktyabr 2018-ci il tarixə 1694.60 manat məbləğində qaz sərfiyyatı işlənildiyi qeyd edilmişdir. 2018-ci ilin noyabr ayında sayğac sıradan çıxandan sonra isə sərfiyyat təxminən 2 dəfə artmışdır. Göründüyü kimi qış aylarında orta hesabla 11000 manat qaz sərfiyyatı olmalı idi. Lakin qaz sayğacı düzgün işləmədiyindən oktyabr 2019-cu il tarixə 2834,80 manat, noyabr 2019-cu il tarixə 12335 manat, dekabr 2019-cu il tarixə 21450 manat, yanvar 2020-ci il tarixə 21675 manat və sayğac tamamilə dayandığından fevral 2020-ci il tarixə 3118,20 manat dəyərində sərfiyyat hesablanmışdır. Torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan istixananın həcmi dəyişmədiyi təqdirdə 2018-ci ilin müvafiq dövrü ilə 2019-2020-ci ilin müvafiq dövründə qaz sərfiyyatının təxminən iki dəfədən artıq artması nəticəsində iddiaçıya əsassız olaraq 22774,20 manat dəyərində artıq qaz sərfiyyatı hesablanmışdır ki, həmin məbləğ də cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gəldiyindən silinməlidir. İddiaçı tərəfindən pretenziya qaydasında cavabdehə ərizə ilə müraciət olunaraq əsassız hesablanmış borcun silinməsi xahiş olunmuş, əks təqdirdə bu barədə aidiyyatı məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh məsələnin həlli istiqamətində heç bir addım atmadığından hazırda məhkəmə müdafiəsi hüququndan istifadə olunmasına zərurət yaranmışdır. Tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx xxxxxxx 2018-ci il tarixli müqavilənin 2.1.10-cu maddəsinə əsasən paylayıcının vəzifələrindən biri də təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəməkdir. Eyni zamanda həmin Müqavilənin 2.4.6-cı maddəsinə əsasən istehlakçının hüquqlarından biri paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Paylayıcıdan tələb etməkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçı ilə xx.xx.2019-cu ildə 61575 manat borcla bağlı razılaşdırılma protokolu tərtib olunmuşdur. Sayğacda əgər problem varsa, nəyə görə 2018, 2019 və 2020-ci illərdə həmin sayğacdan istifadə olunmuşdur. Qaz həcminin çox yanması əkilən əkindən asılı ola bilər, əkilənin sortundan da asılı ola bilər, hansı ki, əkilən hansı tempraturda yetişir və s. Əgər sayğacın günü gündən əlavə yazması ilə bağlı şübhə var idisə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan istixana sahibinin öz səlahiyyətidir ki, müraciət edər, sayğac açılar və öz hesabına yoxlamaya göndərilər. Yoxlamada cavabdehin təqsiri göstərilərsə cavabdeh ödəyər. Lakin bu 3 ildə bu hal baş verməmişdir. Yəni sayğac açılmamış və sayğacın açılması ilə bağlı müraciət olunmamışdır. Sayğacın da mexanika və elektron hissəsi bir birinə uyğundur və qazın təzyiqinə görə sayğacdan keçmiş qaz hesablanmışdır. Abonent müqavilə bağlamış və 3 il bu sayğacdan istifadə olunmuşdur. Qazın həcminin çox yazması sayğaca müdaxilə olunub demək deyildir. Sayğaca müdaxilə olunması ilə də bağlı heç bir sübut yoxdur. Elan olunan sənədlərdə, müraciətlərdə sayğacın işləməsi ilə bağlı heçnə qeyd olunmamışdır. İddiaçının müraciəti sayğacın düzgün işləməməsi nəticəsində artıq hesabatın aparılmasıdır. Sayğac işləmirsə tam işləməzdi və 3 il - 2018, 2019, 2020-ci illər növbəti illər üçün müqavilə bağlanaraq həmin sayğacdan istifadə olunmuşdur. Bu müraciətlərdə sayğacın işləməməsi və ya zədələnməsi ilə bağlı heçnə qeyd olunmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı vergi ödəyicisi kimi uçota alınaraq ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. xx.xx.2020-ci il tarixli, AUX-1/3187 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, cavabdeh, iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2019-cu il tarixli “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” Razılaşma Protokolunun surətindən görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixə 61575 manat debitor borcu vardır və iddiaçı həmin borcu ödəniş qrafiki üzrə ödənilməsini öhdəsinə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixli aktdan müəyyən olunur ki, iddiaçıya məxsus istixanada xx.xx.2018-ci il tarixdə gecə saat 12:00-00:30 radələrində D=108 mm qaz xəttinə mayenin (su) daxil olması və boru vasitəsi ilə qazana daxil olması, qazanın elektrik hissəsini sıradan çıxarmasına səbəb olmuşdur. Qaz xəttinə maye (su) qazla birlikdə daxil olmuşdur. Akt tərtib olunan vaxta istixanaya gedən qaz kəmərində su aşkar edilməmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialının xx xxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli məktublarından müəyyən olunur ki, iddiaçıya məxsus istixananın qaz xəttinə su dolmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə tədqiqatı zamanı iddiaçıya məxsus qaz sayğacının zədələnməsi və yaxud işlək vəziyyətdə olmaması müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddia ərizəsində iddia tələbinin əsası kimi göstərdiyi dəlillərlə ilə razılaşmır. İddiaçı, iddia ərizəsində qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində qaz sayğacının sıradan çıxmasını qeyd etsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli aktda və Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialının məktublarında sayğacın sıradan çıxmasına dair hər hansı qeyd yoxdur. Həmin sənədlərdə mayenin (su) qaz xəttinə daxil olması, aktda isə əlavə olaraq mayenin qaz xətti vasitəsi ilə qazana daxil olması nəticəsində qazanın elektrik hissələrinin sıradan çıxması qeyd olunmuşdur. Bundan başqa, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı tərəfindən təbii qazdan ilin yanvar-aprel və sentyabr-dekabr aylarında istifadə olunur. Mübahisələdirilən borc məbləği isə cavabdeh tərəfindən iddiaçıya ilin yanvar-fevral və oktyabr-dekabr aylarında hesablanmışdır. İddiaçının iddia etdiyi kimi sayğacın sıradan çıxmasını nəzərə aldıqda, sayğac bütün aylar üzrə düzgün hesablama aparmamalı olduğu halda, yalnız iddiaçının iddia etdiyi aylar (yanvar-fevral və oktyabr-dekabr) üzrə düzgün hesablama aparmaması ağılabatan deyildir. Eyni zamanda iddia ərizəsində mübahisələndirilən məbləğin cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gəlməsi qeyd edilsə də, cavabdehin təqsirli hərəkətinin nədən ibarət olması konkret göstərilməmiş və bu dəlil əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən borc, istehlak olunmuş təbii qaza görə yaranmış borcdur və həmin borcun silinməsi üçün heç bir qanuni əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən olunmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət büdcəsinin nəfinə 10 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 22774,20 manat borc məbləğinin silinməsi və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-350/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-350/2021
12.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver