Məhkəmə qərarları › İş №e-2-2(113)-350/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-350/2023

07.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-350/2023 07.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Republikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və s.” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız alınan əlavə enerji istehlakı üçün 2.010 manat 58 qəpik (iki min on manat 58 qəpik) pul vəsaitinin geri qaytarılması və əsassız hesablanmış 4.706 manat 35 qəpik (dörd min yeddi yüz altı manat 35 qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim olunmuş RX seryalı, ******* saylı, 27 aprel 2018-ci il tarixli çıxarışa əsasən 0,13835 ha torpaq sahəsində inşa olunmuş, 5505,2 kv.m sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 143 ünvanında yerləşən qeyri yaşayış sahəsi D.X.Yusubovanın mülkiyyətindədir. D.X.Yusubova ilə İddiaçı Qnyaz oğlu arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən həmin qeyri yaşayış sahəsini sahibkarlıq fəaliyyəti ilə məşul olmaq üçün İddiaçı icarəyə götürmüşdür. Binanın enerji ilə təmin olunmasına xidmət edən sayğac binadan kənarda həmin ərazi üçün nəzərdə tutulmuş yarımstansiyada yerləşir. Sayğacın yerləşdiyi yarımstansiya "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansındadır. Obyekt tərəfindən istehlak olunmuş enerji dəyərinin hər ay gecikdirilmədən ödənilməsi sahibkar tərəfindən icra olunmuşdur. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sayğacın C fazasından keçən elektrik yükünün qeyd olunmaması əsası ilə qanunsuz olaraq cəmiyyət tərəfinən aylıq istehlak miqadarından əlavə 2010 manat 58 qəpik əlavə enerji istehlakı hesablanmış, bundan sonra bu səbəbdən yəni həmin məbləğ ödənilməyəcəyi təqdirdə binaya enerji verilməsinin dayandırılacağı barədə xəbərdarlıq olunmuşdur. Buna görə də sahibkar məcburiyyət qarşısında qalaraq həmin əsassız hesablanmış 2010 manat 58 qəpik məbləğində pulu cəmiyyətə ödəmişdir. Sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti yenidən sayğacın A fazasından keçən elektrik yükünün qeyd olunmaması əsası ilə qanunsuz olaraq cəmiyyət tərəfinən aylıq istehlak miqadarından əlavə 4.706 manat 35 qəpik əlavə enerji istehlakı hesablanmış və bu barədə akt tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Republikası Energetika Nazirliyinin nümayəndəsi X3 izahat verərək, yekun məhkəmə qərarının məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddianı şərti olaraq hissəyə bölmək olar: 1-ci hissə əsassız olaraq hesablanmış elektrik enerjisinin istehlakı üçün ödənilmiş 2.010 manat 58 qəpik pul vəsaitinin geri qaytarılması; 2-ci hissə isə əsassız hesablanmış 4.706 manat 35 qəpik borcun silinməsi. Məhkəmə qeyd edir ki, ilk növbədə İddiaçı hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olub-olmaması yoxlanmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarə verən X1 tərəfindən icarəçi İddiaçı icarəyə verilmişdir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Göründüyü kimi, borc hesablanmış qeyri-yaşayış sahəsi artıq xx.xx.2019-cu il tarixdən İddiaçı istifadəsindədir. Bundan sonra iş materiallarından da göründüyü kimi, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə 06/32-191 abonent kodu (mübahisə predmeti olan) üzrə elektrik enerjisinin alqı-satqısı barədə müqavilə imzalanmışdır. Müqavilə tərəflərin imzası və "xxxx" ASC Nərimanov rayonu Enerji Təchizatı və satış İdarəsinin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı həm qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixdən icarə müqaviləsi əsasında istifadə edir və sonradan da, cavabdeh qurumla elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağladığından hazırkı iddia üzrə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur. Məhkəmə iddianın əsassız olaraq hesablanmış elektrik enerjisinin istehlakı üçün ödənilmiş 2.010 manat 58 qəpik pul vəsaitinin geri qaytarılması tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 010752 saylı aktdan görünür ki, 06/32- 191 saylı abunə kodu üzrə EEİQ-na uyğun uçot komplektə baxış keçirən zaman məlum oldu ki, sayğac “C” fazasından keçən yükü qeyd etmir, sayğacın elektron baxış tablosunda “C” fazasının cərəyan göstəricisi sıfır kimi göstərir. İş materiallarında olan 21 dekabr 2021-ci il tarixli icra vərəqi və hesab ödəniş vərəqindən görünür ki, 010752 saylı akta əsasən 2.010 manat məbləğində borc hesablanmışdır. Həmçinin iş materiallarında olan abunə haqqında məlumatın “bağlanılan aktlar bölməsinin” xx.xx.2021-ci il tarixli qrafasından görünür ki, akt əsasında 2.010,58 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında qeyd edilmiş aktın yoxlama Reyestrdə qeydiyyata alınıbalınmaması soruşulmuş və iddiaçı tərəfindən aktın qeydə alınmadığı bildirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Göründüyü kimi cavabdeh tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən xx.xx.2021-ci il tarixli aktın tərtib edilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməmiş yəni, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, ümumilikdə 2.010,58 manat məbləğində pul Azərişıq ASC-yə ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilmiş olan 2.010,58 manat məbləğində pul ödənilmiş olsa da, qeyd edilmiş borc məbləği hüquqi nəticəsi qanunsuz olan xx.xx.2021-ci il tarixli akt əsasında hesablandığından 2.010,58 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddianın 2-ci hissəsi olan əsassız hesablanmış 4.706 manat 35 qəpik borcun silinməsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 013135 saylı aktdan görünür ki, 06/32- 191 saylı abunə kodu üzrə EEİQ-na uyğun uçot komplektə baxış keçirən zaman məlum oldu ki, sayğac “A” fazasından keçən yükü qeyd etmir, sayğacın elektron baxış tablosunda “A” fazasının cərəyan göstəricisi sıfır kimi göstərir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icra vərəqi və hesab ödəniş vərəqindən görünür ki, ******* saylı akta əsasən 4.706,35 manat məbləğində borc hesablanmışdır. Həmçinin iş materiallarında olan abunə haqqında məlumatın “bağlanılan aktlar bölməsinin” xx.xx.2022-ci il tarixli qrafasından görünür ki, akt əsasında 4.706,35 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəf xx.xx.2022-ci il tarixli 013135 saylı akt əsasında keçirilmiş yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alındığını bildirir və bu barədə işə çıxarışın əlavə olunduğunu (xx.xx.2023-cü il tarixdə elektron sistemə əlavə edilmişdir) qeyd edir. Belə olan halda məhkəmə qeyd edir ki, qeyd edilmiş xx.xx.2022-ci il tarixli 013135 saylı aktda qeyd edilmiş sayğacın “A” fazasından keçən yükü qeyd etməməsinin hansı səbəbdən baş verməsi və bu səbəbin iddiaçının hərəkət və hərəkətsizliyi ilə bağlı olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə qeyd edilən xüsusata aydınlıq gətirilməsi üçün Azərbaycan Republikası Energetika Nazirliyini işə cəlb edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Republikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X3 bildirdi ki, sayğacın “A” fazasının yükü qeyd etməməsi abonentin heç bir təqsirli hərəkətləri nəticəsində baş verməmişdir, sayğacın transfarmator yarımstansiyasında olduğunu, kənar şəxslərin ora girişinin mümkün olmadığını, qeyd edilən sahəyə ancaq Cavabdeh ASC-nin əməkdaşlarının girə bildiyini, hazıkı halda heç bir kənar müdaxilə olmadığını qeyd edərək, bu halın texniki nasazlıq nəticəsində olduğunu bildirir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, sayğac yenisi ilə əvəz edilmişdir. Məhkəmə abonent haqqında məlumatın xx.xx.2022-ci il tarixdə sayğacın dəyişdirildiyi vaxtdan əvvəlki və sonrakı tarixlərdə olan göstəriciləri müqayisə edilməsini zəruri hesab edir. Abonent haqqında məlumatdan göründüyü kimi, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 7.61,24 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 6.776,04 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 9.552,43 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 6.325,05 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 3.087,45 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 4.027,02 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 3.157,62 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 2.494,52 manat və .s təşkil edir. Göründüyü kimi, sayğac xx.xx.2022-ci il tarixdə dəyişildikdən sonra elektrik enerjisinin sərfiyyatında hər hansı bir əhəmiyyətli dəyişiklik olmamışdır, əksinə sayğac dəyişilməmişdən öncə daha artıq göstəricilər qeyd etmişdir. Göründüyü kimi, sayğaca iddiaçının hər hansı bir kənar müdaxiləsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda, yəni “A” fazasının cərəyanı qeyd etməməsi ilə İddiaçı hər hansı bir təqsirli hərəkətinin olmaması (müdaxilənin olmaması) hesablanmış borcun əsassız olmasına dəlalət edir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli 013135 saylı akta əsasən borc hesablanarkən yuxarıda qeyd edilmiş qaydanın 8.16-cı bəndinin də, tələbləri pozulmuşdur, yəni orta gündəlik sərfinə görə hesablaşma dövrü bir ay olmalı olan halda, cavabdeh tərəf bunu 60 gün üzrə hesablaşma etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 4.076 manat 35 qəpik məbləğində borc silinməlidir. Beləliklə iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən 06/32-191 saylı abunə kodu üzrə xx.xx.2022-ci il tarixli 013135 saylı akta əsasən hesablanmış 4.076 (dörd min yetmiş altı) manat 35 (otuz beş) qəpik məbləğində borc silinsin. 06/32-191 saylı abunə kodu üzrə xx.xx.2021-ci il tarixli 010752 saylı akta əsasən hesablanmış və İddiaçı tərəfindən ödənilmiş 2.010 (iki min on) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul "xxxx" ASC-dən tutularaq İddiaçı geri qaytarılsın. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar