Məhkəmə qərarları › İş №e-2-2(113)-3501/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3501/2023

29.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3501/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas və faiz borcu, mediasiya və dövlət rüsumu xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil2 və nümayəndəsi Yıldırım Cumanın iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilərək, yaranmış 167.131,25 manat borc məbləğinin və həmin məbləğin Azərbaycan Respublikası Mərkəzi Bakının rəsmi uçot dərəcəsi ilə faizinin 23040,46 manat olmaqla cəmi 190171,71 manat pul vəsaitinin və ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 489 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında NWC-2108-00115 saylı 27 avqust 2021-ci il tarixli Alqı-Satqı Müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Alıcı (iddiaçı) tərəfindən Satıcıya (cavabdeh) 01 sentyabr 2021-ci il tarixində 118.911,94 manat, 14 oktyabr 2021-ci il tarixində 15.066,59 manat, 28 iyun 2022-ci il tarixdə isə 33.152,72 manat ümumi olaraq 167.131,25 manat məbləğində pul ödənilmişdir. Ödənişləri təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Lakin sonradan Satıcı tərəfindən Müqavilə öhdəliklərinin icrası kobud şəkildə pozulduğuna, Müqavilə üzrə İddiaçıya (alıcıya) təhvil verilməsi razılaşdırılmış mallar təhvil verilmədiyinə görə Müqaviləyə xitam verilmişdir. Bu günədək yaranmış borc vəsaitinin geri qaytarılması üzrə cavabdehin öhdəliyinin icrası uzun müddətdir ki, əsassız olaraq gecikdirilmişdir. İddiaçı dəfələrlə cavabdeh təşkilatın rəhbərliyi ilə görüşüb bu münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq cavabdeh tərəfindən laqeyd rəftar edilərək, iddiaçının əsaslı tələbləri təmin edilməmişdir. Həmçinin mübahisənin pretenziya qaydasında həll edilməsi üçün müvafiq pretenziyalar da cavabdehə iddiaçı tərəfindən göndərilmiş, lakin həmin pretenziya məktubularına da əsaslandırılmış cavab verilməmiş, yaxud öhdəliyin icrası istiqamətində hər hansı əməli addımlar atılmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin maddələri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, pul öhdəliyin icrası üçün hər hansı əməli addımlar atılmır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi/vəkili Vəkil2 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Yıldırım Cuma bildirdi ki, İddiaçı MMC-də tikinti meneceri kimi fəaliyyət göstərir. Sahədə iştirak edən şəxslərdən biri o olmuşdur. Tərəflər arasında birinci müqavilə 169000 manat dəyərində olan müqavilədir. Həmin müqavilə üzrə ilkin olaraq 70 faiz avans ödənilməli, yükləmədən öncə 20 faiz, 10 faiz ödəniş isə yükləmədən sonra edilməli idi. Mallar hazır olduqdan sonra Tural bəy onlara bildirib ki, yükləmədən öncə 20 faizi ödənişi ona ödəyək. İddiaçı isə ondan Proforma invoice təqdim edilməsini istəyib, lakin təqdim edə bilmədilər. Daha sonra cavabdeh bildirdi ki, həmin malları Almaniyadan Türkiyəyə gətirəcək, daha sonra Tükiyədə topladıqdan sonra Azərbaycana gətirəcək. Bu səbəbdən müqaviləni dəyişməyi təklif etdi. Dəyişikliyə əsasən 70 faizi ödənişi 90 etməyi təklif etdi. 10 faiz məbləği isə quraşdırmadan sonra ödəniş kimi etməyi xahiş etdi. 165.000 manat razılaşdırıldı, 118911 manat ödənildi, daha sonra iddiaçıdan 33.000 manat ödəniş edilməsini istədi. 33000 manatlıq son ödənişdən sonra Tural müəllim (cavabdeh şirkətin direktoru) onlara sənədlər göndərdi ki, tırlar və mallar hazırdı. Ödənilən pullar müqabilində bəzi mallar çatdırılıb, Bakı Gömrük Komitəsi tərəfindən verilən bəyannamələrdən də görünür. Belə ki, onun təqdim etdiyi qrafikdə göstərildiyi kimi Müqaviləyə Əlavə 1-ə baxıldıqda görünür ki, 8-ci pozisiyada olan maldan 7 ədəd təhvil verilməli idi lakin cəmi 3 ədədi çatdırılıb, 9-cu pozisiya olan mal bir ədəd idi, onu da çatdırıblar. 10-cu bənddə göstərilən mal 1 idi onu da gətiriblər. Əlavə 2 üzrə 1 ədəd mal idi onu də çatdırıblar. Bu hissəyə qədər heç bir problem yoxdur. Tural bəy Türkiyədə olan Firmaya 17000 euro ödəniş etmiş, lakin bizim müqavilə üçün isə 23000 manat ödəniş kimi nəzərə alınmalıdır. Əlavə 3 üzrə gələn materialı da qəbul edir ki, çatdırılıb. Tural bəyin Almaniyadakı Altek firmasından gətirtdiyi malın invoice dəyəri 760 eurodur. Lakin ölçüsü düzgün deyildir, belə ki, həmin materialın 1/6 ölçüdə hissəsini gətirmişdir. Həmin material qatar yanaşanda istifadə olunan platforma idi, lakin gətirilməli olan material 9 metr olmalı idi. Malı qəbul ediblər, lakin ərazidədir, müştəriləri isə hələki qəbul etməyib. Tural bəy FCİ Şirkətinə demişdir ki, qapıları yüklənmək üçün hazır etsinlər, 17000 euro məbləği ödəyəcəkdir. Lakin üç ay müddət keçməyinə baxmayaraq, türk şirkəti həmin ödənişin Tural bəy tərəfindən ödənilmədiyini bildirmişdir, bu səbəbdən iddiaçı həmin ödənişi Tural bəyin yerinə ödəyib. Gətirilməli olan mallar 8 ədəd qapı olmuşdur. Həmin qapılar da şərtləşdirilən ölçülərə və xüsusiyyətlərə uyğun olmamışdır, belə ki, həmin qapılar 8 sm qalınlığında olmalı idi, lakin 4 sm ölçüsündə gətirilmişdir, eyni zamanda qapının şüşəli pəncərəsi olmalı idi, lakin şüşəsiz formada gətirilmişdir. Qapılar gətirildikdən sonra müştəriləri də buna görə həmin materialı təhvil almamışdır. Həmin malları Gerlift şirkəti gətirməmişdir, həmin malları özləri ayrıca gətiriblər. Bundan başqa bəyannamələr yoxdur. Gömrük bəyannaməsi sorğu nömrəsində Mal 1 4352 nömrəli malı qiyməti 6640 euro qeyd edilmişdir, 1586 Mal 1 üç ədəd qapı qiyməti 17000 euro olaraq göstərilmişdir. Gerlift tərəfindən 6 sayda mal üçün sadəcə olaraq 17160 euro pul xərclənmişdir. Əlavə olaraq qeyd edir ki, müqaviləyə əsasən 14 həftə içində həmin X-ray cihazı gətirilsəydi qəbul edilə bilərdi, lakin həmin mal 1 ildən çox gecikdirilmişdir, lakin bizim müştərimiz daha sonra başqa şirkətlər müqavilə bağladı.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi/vəkili Vəkil1 iddia ərizəsinə etiraz edərək bildirdi ki, cavabdeh şirkətinin direktorunun bildirdiyinə görə müqavilə üzrə nəzərdə tutulan malların hamısı (X-Ray Control point avadanlığından başqa) iddiaçıya təqdim olunub. Lakin, direktor tərəfindən sübutlar vəkilə təqdim olunmadığı üçün, məhkəməyə təqdim edə bilmir.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi iştirak etməmişdilər.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

10. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 27 avqust 2021-ci il tarixli NWC- 2108-00115 saylı alqı-satqı müqaviləsinə əsasən:

11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan spesifikasiyada göstərilən tərkibdə və texniki spesifikasiyalarda göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları alır.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstərilib.

13. Müqavilənin 3.1-ci bəndinə əsasən malların alıcının mülkiyyətinə verilməsinə görə alıcı tərəfindən ödənilməsi nəzərdə tutulan məbləğ alıcıya hesab faktura təqdim edildikdən sonra 30 iş günü ərzində satıcının hazırkı müqavilədə göstərilən hesablaşma hesabına ödənilir. Başqa qayda bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə qeyd edilin qarşılıqlı şəkildə razılaşdırıla bilər.

14. Müqavilənin 4.1-ci bəndinə əsasən çatdırılma şərtləri bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə qeyd olunur.

15. Müqavilənin 6.8-ci bəndinə əsasən satıcı mallara aid sənədlərin, konosament (yükləmə sənədi), sığorta polisi, qaimə fakturanın malların göndərilməsindən sonra 1gün ərzində alıcıya təqdim etməlidir.

16. Müqavilənin 6.9-cu bəndinə əsasən satıcı malların yüklənməsi və çatıdırılmasına qədər bu müqavilədən yaranan demuraj (kontrstaliya) məsuliyyəti üçün tam maddi məsuliyyəti daşıyır.

17. NWC-2108-00115 saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə 1də qeyd olunan on üç adda 169874,20 manat dəyərində malların ödəmə şərtləri 70% avans, 20% yükləmədən öncə, 10% quraşdırmadan sonra, çatdırma şərti: CİP, çatdırılma tarixi avansdan sonra 14 həftə ərzində müəyyənləşdirilmişdir.

18. NWC-2108-00115 saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavə 2-də qeyd olunan 5628,70 manat dəyərində malların ödəmə şərtləri 70% avans, 20% yükləmədən öncə, 10% quraşdırmadan sonra, çatdırılma tarixi avansdan sonra 14 həftə ərzində müəyyənləşdirilmişdir.

19. NWC-2108-00115 saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavə 3-də qeyd olunan 15.895 manat dəyərində malların ödəmə şərtləri 70% avans, 20% yükləmədən öncə, 10% quraşdırmadan sonra, çatdırılma tarixi avansdan sonra 14 həftə ərzində müəyyənləşdirilmişdir.

20. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən NWC- 2108-00115 saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə 1 üzrə 70% olmaqla 118.911,94 manat məbləğində pul Cavabdeh MMC-nin hesabına ödənilmişdir.

21. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 70% avans olmaqla 15066,59 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-nin hesabına ödənilmişdir.

22. 28.06.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən NWC- 2108-00115 saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə 1 üzrə 33152,72 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-nin hesabına ödənilmişdir.

23. xx.xx.2022-ci il tarixli **********1586 nömrəli gömrük bəyannaməsinə əsasən FGİ Kapı ve Yükleme Teknolojileri A.Ş. Cavabdeh MMC-nin tapşırığına əsasən NWC- 2108-00115 saylı (iddiaçı ilə cavabdeh arasında bağlanılan) müqavilə üzrə 6 ədəd mal İddiaçı MMC-nin adına göndərilmişdir.

24. xx.xx.2022-ci il tarixli **********4352 nömrəli gömrük bəyannaməsinə əsasən FGİ Kapı ve Yükleme Teknolojileri A.Ş. Cavabdeh MMC-nin tapşırığına əsasən NWC- 2108-00115 saylı (iddiaçı ilə cavabdeh arasında bağlanılan) müqavilə üzrə 8 ədəd qapı İddiaçı MMC-nin adına göndərilmişdir.

25. xx.xx.2023-cü il tarixli **********1749 nömrəli gömrük bəyannaməsinə əsasən Al Tec GMBH Zinqen/Almaniya Cavabdeh MMC-nin tapşırığına əsasən NWC-2108-00115 saylı (iddiaçı ilə cavabdeh arasında bağlanılan) müqavilə üzrə 760 euro dəyərində olan uzunluğu 535 mm, eni 1500 mm olan yükləmə-boşaltma məntəqələri üçün alüminiumdan körpü İddiaçı MMC-nin adına göndərilmişdir.

26. Altec GmbH şirkətinin ******* nömrəli invoice-na əsasən uzunluğu 535 mm, eni 1500 mm olan yükləmə-boşaltma məntəqələri üçün alüminiumdan körpünün dəyəri 760 evro müəyyən edilmişdir.

27. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

29. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) müxtəlif vaxtlarda müqavilədə olan əlavələr üzrə avans ödənişlərini cavabdehə etmiş, cavabdeh isə həmin malların çatdırılmasını həyata keçirməmişdir.

30. Göründüyü kimi iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.

31. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

32. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

33. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

34. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

35. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

36. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

38. Məhkəmə ilkin olartaq iddia tələbinin əsas borca dair hissədə qiymətləndirilmə aparılmasını zəruri hesab edir və tələbin bu hissədə qismən təmin edilməsi qənaətinə gəlir.

39. İşdən göründüyü iddiaçı tərəfindən Müqaviləyə Əlavə 1 üzrə 90%, Əlavə 2 və 3 üzrə 70 faiz avans ödənişləri olmaqla cəmi 167131,25 manat məbləğində pul vəsaitləri cavabdehin hesabına köçürülmüş və köçürmələrə dair ödəniş tapşırıqları da iş materiallarına əlavə edilmişdir.

40. Cavabdeh də öz növbəsində Əlavə 1 üzrə ödəniş tarixindən (yəni xx.xx.2021-ci il tarixdən) 14 həftə ərzində nəzərdə tutulmuş malları iddiaçıya ən geci xx.xx.2021-ci il tarixə kimi çatıdırlmalı olduğu halda, öhdəliyi tam icra etməmiş və qismən (Əlavə 1-də nəzərdə tutulan mallardan: 12495 manat dəyərində olan Side door DİN-R 1100x2250 Novoferm- 5 ədəd, 7497 manat dəyərində olan Side door DİN-L 1100x2250 Novoferm- 3 ədəd, 5360,10 manat dəyərində olan Dock levellers 3450x3400 Novoferm – 3 ədəd, 5628,70 manat dəyərində olan Dock levellers 2000x2500x595 Novoferm – 1 ədəd, 6878,20 manat dəyərində olan Dock levellers 2000x2500 Novoferm) xx.xx.2022-ci və xx.xx.2022 il tarixlərində (**********1586 və **********4352 nömrəli gömrük bəyannamələri) alınmış malları iddiaçıya çatdırmışdır. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya çatdırılan 12495 manat dəyərində olan Side door DİN-R 1100x2250 Novoferm- 5 ədəd, 7497 manat dəyərində olan Side door DİN-L 1100x2250 Novoferm- 3 ədəd, cəmi 8 qapılar barədə iddiaçının irəli sürdüyü “həmin qapıların dəyərini cavabdeh şirkət Türk şirkətinə ödəyə bilmədiyi üçün, həmin Türk Şirkəti ilə iddiaçının yeni müqavilə bağlayaraq onların pulunu təkrar olaraq iddiaçı tərəfindən türk şirkəti olan FGİ-Şirkətinə ödəməsi, ayrıca həmin qapıların müqaviləyə əsasən Thermo-80 və şüşə pencərəli olması əvəzinə Thermo-40 və pencərəsiz gəlməsi” arqumentlərinə dair qeyd edir ki, birincisi **********4352 nömrəli gömrük bəyannaməsindən görünür ki, həmin 8 qapı Cavabdeh MMC-nin tapşırığı ilə və iddiaçı ilə FGİ-Şirkəti arasında bağlanan müqaviləyə əsasən deyil, iddiaçı ilə cavabdeh arasında bağlanan NWC-2108-00115 saylı müqaviləyə əsasən göndərilişdir. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, göndərilən 8 qapının Thermo-40/Thermo-80 və ya pencərəli/pencərəsiz olması müqavilə şərtləri ilə əvvəlcədən razılaşdırılmamışdır. Bundan da əlavə, iddiaçı həmin malı xx.xx.2022-ci il tarixində qəbul etdiyi üçün və həmin malı bəyənərək ona dair hər-hansı etirazını/imtinasını bu müddət ərzində cavabdehə bildirmədiyi və məhkəmə iclaslarında da həmin malı real gəlmiş ölçülərdə/vəziyyətdə qəbul etdiyini etiraf etdiyi üçün, məhkəmə hesab edir ki, həmin malların müqavilə dəyəri iddiaçının etdiyi ödənişdən çıxılmalıdır.

41. Əlavə 2 üzrə ödəniş tarixindən (yəni xx.xx.2021 il tarixdən) 14 həftə ərzində nəzərdə tutulmuş malı iddiaçıya ən geci xx.xx.2022-ci il tarixə kimi çatıdırlmalı olduğu halda, öhdəliyi xx.xx.2022-ci il tarixində icra icra edərək 5628,70 manat dəyərində olan Dock levellers 2000x2500x595 Novoferm 1 ədəd malı iddiaçıya çatdırmışdır (**********1586 nömrəli gömrük bəyannaməsi).

42. Əlavə 3 üzrə ödəniş tarixindən (yəni xx.xx.2021 il tarixdən) 14 həftə ərzində nəzərdə tutulmuş malı iddiaçıya ən geci xx.xx.2022-ci il tarixə kimi çatıdırmalı olduğu halda, öhdəliyi xx.xx.2023-cü il tarixində icra edərək əlavədə nəzərdə tutulan 15.895 manat dəyərində olan Dock levellers 535x9000 Novoferm malı deyil, 760 evro (760 evro x 1,8657 valyuta məzənnəsi = 1418 manat) invoice dəyəri olan Dock levellers 535x1500 çatdırılmışdır (**********1749 nömrəli gömrük bəyannaməsi). Yəni, cavabdeh müqaviləyə Əlavə-3də nəzərdə tutulan 535x9000 ölçülərdə deyil, 535x1500 ölçülərdə malı çatdırmış. Məhkəmə bu hissədə qeyd edir ki, iddiaçı həmin malı xx.xx.2022-ci il tarixində qəbul etdiyi üçün və həmin mala dair hər-hansı etirazını/imtinasını cavabdehə bildirmədiyi və məhkəmə iclaslarında da həmin malı real gəlmiş ölçülərdə qəbul etdiyini etiraf etdiyi üçün, malın müqavilə dəyəri deyil (müqavilədə nəzərdə tutulan ölçüdə gəlmədiyi üçün), real olaraq invoice dəyəri olan 760 evro (1418 manat) ödənişdən çıxılmalıdır.

43. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəfindən 167131,25 manat dəyərində avans ödənişi ödənilmiş, cavabdeh həmin ödənişlərin qarşılığında 44905,70 manat məbləğində malların təhvilini həyata keçirmiş, bununla da müqavilə üzrə 122.225,55 manat dəyərində iddiaçıya təhvil verilməmiş öhdəliyi qalmışdır.

44. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tərəflər arasında bağlanmış 27 avqust 2021-ci il tarixli NWC-2108-00115 saylı alqı-satqı müqaviləsi üzrə əsas borc tələbi üzrə iddia tələbi qismən əsaslı olduğundan, 122.225,55 manat məbləğində təmin edilməlidir.

45. İddiaçının digər tələbi Azərbaycan Respublikası Mərkəzi Bakının rəsmi uçot dərəcəsi ilə əsas borca hesabladığı 23040,46 manat faiz borcunun tuulmasından ibarətdir. Məhkəmə iddianı bu hissədə də qismən əsaslı hesab edir.

46. Belə ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün ona dəymiş zərərin məbləğini bank uçot dərəcəsinə əsasən hesablamışdır. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir.

47. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

48. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışlar. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

49. Bununla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

51. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Çünki iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

52. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında münasibətlər pul öhdəliyi ilə bağlı (borc, kredit və s.) olmasa da, lakin müqavilə üzrə öhdəliyin icra müddəti keçdiyi, kreditorun həmin icraya marağı ittiyi üçün, cavabdehin iddiaçı tərəfindən ödənilmiş pulun qaytarılması öhdəliyi yaranmış olur. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya, xəbərdarlıq məktublarında müqavilə üzrə nəzərdə tutulmuş malların çatdırılması öhdəliyinin icrası deyil, öhdəlik icra olunmadığı üçün müqaviləyə (hansı tarixdən qeyd olunmadan) xitam verildiyi təkrar xatırlatdırılmış və mallara görə ödənilmiş pulların qeri qaytarılması tələb edilmişdir.

53. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdeh tərəf dəyəri əvvəlcədən ödənilmiş malların (122.225,55 manat hissədə) çatdırılmasını təmin etmədiyi üçün, illik 5% hesablamaqla faiz borcu - cəmi 6771 manat məbləğində, tutularaq iddiaçıya ödənilməlidir.

54. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı və dövlət rüsumu qismində cəmi 488 manat ödəniş edilmişdir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

57. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 488 maat cavabdehə aid edilməlidir.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli NWC-2108-00115 nömrəli müqavilə üzrə 122.225,55 (yüz iyirmi iki min iki yüz iyirmi beş manat, 55 qəpik) manat borc məbləği, 6771 (altı min yeddi yüz yetmiş bir) manat faiz borcu və ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 488 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar