Məhkəmə qərarları › İş №e-2-2(113)-3505/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3505/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3505/2025 05.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “overdraft üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: texniki overdraft, dəbbə pulunun azaldılması, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “overdraft üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40060AZNHK********** saylı kart hesabına əsasən 14126,19 manat overdraft borcu, 12064,77 manat cərimə borcu olmaqla cəmi 26190,96 manat, 40060AZNHC********** saylı kart hesabına əsasən 14990,34 manat overdraft borcu, 11731,16 manat cərimə borcu olmaqla cəmi 26721,50 manat məbləğində pulun və ödənilmiş 248,74 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-cu il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04953LE/2019 saylı razılıq ərizəsi və müştərinin qeydiyyat ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu “www.pashabank.az” saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. 2.2. Cavabdeh 40060AZNHK********** saylı hesabına xx.xx.2022 tarixdə 15000 manat mədaxil etmiş, həmin gün cavabdeh əvvəlcə vəsaiti bu hesaba bağlanmış kart vasitəsi ilə ATM-dən nağdlaşdırmış (cəmi 14994 manat), bu əməliyyat kart sistemində bloklansa da, əsas bank sistemində (FLEX) nəzərə alınmamışdır. Cavabdeh sistemin boşluğundan istifadə edərək bank sistemində olan vəsaitdən əmək haqqının ödənilməsi təyinatı ilə cəmi 14137,19 manat köçürmə etmişdir. Növbəti gündə – xx.xx.2022 tarixində keçən kart üzrə əməliyyatların klirinqi daxil olmuşdur. Nəticədə cavabdehin hesabı mənfiyə düşmüşdür (balans mənfi 14131,19 manat). Yaranmış texniki overdraft üzrə müştəriyə illik 34% cərimə gündəlik hesablanmışdır. Qeyd edilən əməliyyatların aparılması cavabdehin bank hesabında öz əksini tapmışdır. Əlavə olaraq xx.xx.2022 tarixində 40060AZNHC********** hesabına 15000 manat mədaxil etmiş, eyni gündə əvvəlcə müştəri vəsaiti bu hesaba bağlanmış kart vasitəsi ilə ATM-dən nağdlaşdırmış (cəmi 14994 manat), bu əməliyyat kart sistemində bloklansa da, əsas bank sistemində (FLEX) nəzərə alınmamışdır. Eyni qaydada sistemin boşluğundan istifadə edərək bank sistemində olan vəsaitdən əmək haqqının ödənilməsi təyinatı ilə cəmi 14880 manat köçürmə etmişdir. Növbəti gündə – xx.xx.2022 tarixində keçən kart üzrə əməliyyatların klirinqi daxil olmuşdur. Nəticədə cavabdehin hesabı mənfiyə düşmüşdür (balans mənfi 14990,34 manat). Yaranmış texniki overdraft üzrə müştəriyə illik 34% cərimə gündəlik hesablanmışdır. 2.3. Müştəri ilə bank arasında bağlanmış razılıq ərizəsində “overdraft” imkanı olması öz əksini tapmış və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə verilmişdir. Bu səbəbdən də qeyd edilən borc müştərinin iradəsi əsasında yaranmışdır. Belə ki, ümumi şərtlər toplusunun ödəniş kartı bölməsi üzrə karta dair ümumi məlumatların V bölməsinin dördüncü hissəsinin “Debet kartı üzrə overdraft” hissəsində qeyd edilir ki, overdraft bank hesabı üzrə mənfi qalıqdır. Əmək haqqı kartı üzrə overdraft limiti xalis əmək haqqı məbləğinə bağlı olan və əmək haqqı hesabına ödənilən kredit xəttidir (4.1.1). Texniki overdarft razılaşdırılmış overdraft məbləğini aşan məbləğdir. Məzənnə fərqi və ya digər səbəblərdən kart hesabının overlimitə keçməsi halıdır (4.1.9). Hər hansı bir səbəbdən aylıq əmək haqqı ödənilmədiyi halda (cari borcun bank tərəfindən avtomatik silinməsi mümkün olmadığı halda) və ya overdraft üzrə cari öhdəliyin ödənilməsi üçün müvafiq hesabda kifayət qədər vəsait olmadığı halda, banka cari borc üzrə ödənişini ayda bir dəfədən az olmamaq şərti ilə nağd və ya köçürmə yolu ilə ödəmək; müqavilə ilə müəyyən olunan və banka müqaviləni ləğv etmək hüququ verən hallardan hər hansı biri mövcud olduqda, onun tələbnaməsində göstərilən müddətdə cari borcu banka qaytarmaq və xidmət haqqını ödəmək; müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək müştərinin vəzifəsidir (4.2.4). Kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. 2.4. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2025-ci il tarixə iddiaçı qarşısında öhdəlikləri aşağıdakı kimidir: 40060AZNHK********** saylı kart hesabına əsasən 14126,19 manat overdraft borcu, 12064,77 manat cərimə borcu olmaqla cəmi 26190,96 manat təşkil edir, gecikmə günlərinin sayı 1 gün. 40060AZNHC********** saylı kart hesabına əsasən 14990,34 manat overdraft borcu, 11731,16 manat cərimə borcu olmaqla cəmi 26721,50 manat təşkil edir, gecikmə günlərinin sayı 1 gün. Həmçinin iddiaçı iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 248,74 manat dövlət rüsumu ödəmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 448.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehə, işçilərinə, o cümlədən qanuni təmsilçisi Hüseyn Haqverdiyevə cavabdehin hesabına bağlı korporativ bank kartları verilmişdir. Texniki xəta nəticəsində cavabdehin hesabında overdraft yaranmışdır. Lakin cavabdeh həmin vəsaiti ödəməmişdir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, cərimə bilavasitə ümumi şərtlər toplusunun 6-cı bölməsinin 2.14-cü bəndində nəzərdə tutulmuşdur.

7. Cavabdehin qanuni təmsilçisi X3 xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə məhkəməyə ərizə (vəsatət) ilə müraciət edərək məhkəmə iclaslarının təxirə salınmasını məhkəmədən xahiş etmiş, lakin məhkəmə iclasları növbəti tarxilərə təyin olunsa da cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixli baxış iclasın təxirə salınmasını, iddiaçı ilə əlaqə saxlayaraq borcun ödənilməsi ilə bağlı müvafiq addımlar atacağını cavabdehin qanuni təmsilçisi qeyd etmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Texniki overdraft üzrə borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli OnGTC-04953LE/2019 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 №li versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşma imzalanmış, cavabdeh həmin razılaşmanı imzalamaqla bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.0.4 №-li versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda, yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. Cavabdehin AZ79PAHA40060AZNHK********** nömrəli hesabından çıxarışda balansın -14126,19 manat, AZ37PAHA40060AZNHC********** nömrəli hesabından çıxarışda isə balansın - 14990,34 manat olduğu görünür.

12. İddiaçı texniki overdraft üzrə cavabdehə məxsus 40060AZNHK********** saylı kart hesabına əsasən 14126,19 manat, 40060AZNHC********** saylı kart hesabına əsasən 14990,34 manat məbləğində pulun tutulmasını tələb edir.

13. Cavabdeh iddiaya etiraz etmir, iddiaçı ilə əlaqə saxlayaraq borcun ödənilməsi ilə bağlı müvafiq addımlar atacağını qeyd edir.

14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 №-li versiyasında overdrafla bağlı tənzimlənmə aparılmış, tərəflərin qarşılıqlı razılığı əsasında hesabın kreditləşməsi (overdraft) imkanı nəzərdə tutulmuşdur (İİ bölmə, 1.3-cü bənd). Həmin bəndə əsasən, bu halda Bank kreditləşmənin həyata keçirildiyi gündən Müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Hesabın kreditləşməsi üzrə şərtlər bu Müqavilənin müvafiq bəndinin müddəaları və Bankın qüvvədə olan tariflərinə uyğun müəyyən olunur.

16. Ümumi şərtlər toplusunun İV bölməsinin 6.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə, valyuta və müddətdə güzəşt müddətli kredit xətti (bundan sonra “Overdraft limiti”) verilir.

17. Ümumi şərtlər toplusunun Vİ bölməsini 2.14-ci bəndinə əsasən, kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. 2.15-ci bəndinə əsasən, Kartın Müştərinin faktiki sahibliyində olubolmamasından asılı olmayaraq, Kart ilə aparılan bütün əməliyyatların nəticələrinə görə Müştəri məsuliyyət daşıyır

18. Ümumi şərtlər toplusunun 2.18-ci bəndinə əsasən, Müştəri Müqavilənin Vİ.3.4.10. bəndində qeyd olunan müddətdə Bankı məlumatlandırmadığı və ya Kart sahibi overdraft limitinin istifadə olunmuş hissəsi üzrə yaranmış borcu Banka geri ödəmədiyi təqdirdə, Bank, yaranmış borc məbləğini Müştərinin bankda olan cari hesabından akseptsiz qaydada silə bilər.

19. Ümumi şərtlər toplusunun məzmunu təhlil etdikdə aydın olur ki, overdraft dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halıdır.

20. Məhkəmə qeyd edir ki, ümumi şərtlər toplusunu təsdiq edən cavabdeh kart ilə aparılan bütün əməliyyatların nəticələrinə görə, o cümlədən texniki overdraft baş verdiyi halda pul vəsaitinin qaytarılmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür.

21. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

25. Həmin Məcəllənin 739.1-cu maddəsinə (müqavilə bağlanarkən və overdraft baş verərkən qüvvədə olan redaksiyası) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. . İşin faktiki hallarından görünür ki, texniki overdraft nəticəsində cavabdehin hesabına bağlı 40060AZNHK********** saylı kart hesabı üzrə 14126,19 manat, 40060AZNHC********** saylı kart hesabı üzrə 14990,34 manat vəsait istifadə olunmuş, balans qeyd olunan məbləğlərdə mənfiyə düşmüşdür. Belə olan halda cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

27. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə üzrə kart ilə aparılan bütün əməliyyatların nəticələrinə görə, o cümlədən texniki overdraft baş verdiyi halda pul vəsaitinin qaytarılmasına görə məsuliyyəti öz üzərinə götürən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

28. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, 40060AZNHK********** saylı kart hesabına əsasən overdraft üzrə 14126,19 manat borc, 40060AZNHC********** saylı kart hesabına əsasən overdraft üzrə 14990,34 manat borc Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Cərimənin tutulması tələbi ilə bağlı

29. İddiaçı 40060AZNHK********** saylı kart hesabına əsasən 12064,77 manat cərimə borcu, 40060AZNHC********** saylı kart hesabına əsasən 11731,16 manat cərimə borcunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

30. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 №-li versiyasının Vİ bölməsinin 2.14-cü bəndinə əsasən, kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır.

31. İddiaçı hər iki kart hesabı üzrə illik 34 faizlə cərimə hesablamışdır.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

35. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.

36. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 40060AZNHK********** saylı kart hesabı üzrə 700 manat, 40060AZNHC********** saylı kart hesabı üzrə 750 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

37. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 40060AZNHK********** saylı kart hesabı üzrə 700 manat, 40060AZNHC********** saylı kart hesabı üzrə 750 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

38. İddiaçı ödənilmiş 248,74 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş edir.

39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** mədaxil qəbzi ilə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 248,74 manat dövlət rüsumu ödənilmişdir.

40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-cu il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-04953LE/2019 saylı razılaşma üzrə 40060AZNHK********** saylı kart hesabına əsasən overdraft üzrə 14126,19 manat əsas borc, 700 manat cərimə borcu, 40060AZNHC********** saylı kart hesabına əsasən overdraft üzrə 14990,34 manat əsas borc, 750 manat cərimə borcu olmaqla ümumilikdə 30566,53 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar