Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3507/2025 16.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Bank VTB(Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit müqaviləsi üzrə əsas borc, faiz borcu) Hakim Əhmədov İlham Bayram oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 378309 CNS-57173 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 1879.20 manat məbləğində əsas borc, 186.94 manat məbləğində faiz borcu, ümumilikdə isə 2066.14 manat pul məbləğinin və 40.66 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2024-cü il tarixli 378309-CNS-57173 saylı “birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona illik 21 faiz hesablanması şərti ilə 18 ay müddətinə 2200 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Lakin borclu şəxs Qurbanov Tofiq oğlu üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticəsində banka ümumilikdə 2066.14 manat məbləğində borcu qalmışdır. Bununla da tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti ”Bank xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümumi şərtləri” nin 7.3 və 7.25.3cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”-nin 7.3 və 7.25.3-cü bəndlərinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın” dan “kart hesabı”-na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 378309-CNS-57173 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək müştərinin, yəni “kredit alan”ın vəzifəsidir (7.5, 7.18 və 10.9.7-ci bəndlər). “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən «ödəniş cədvəli» ilə müəyyən edilən müddətlər “kredit alan” tərəfindən ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (11-ci bənd) və ya “kredit alan” bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11-ci bənd) Bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin hesab edir ki, Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 40,66 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutulmalıdır. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində Bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də, dövlət rüsumu da, Cavabdeh tutulmalıdır.
II. Məhkəmə baxışının hədləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
4. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
5. İddiaçı ASC və Cavabdeh arasında bağlanan “Bank xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli müqavilənin ümumi şərtlərinin: 7.1-ci bəndinə əsasən kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov (ipoteka) predmeti barədə məlumatlar müvafiq Ərizə-Razılaşmada qeyd olunur. 7.3-cü bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş şərtlərin Müştəri (kreditləşmə məqsədləri üçün sonradan mətn üzrə Kredit alan və ya borc alan adlandırıla bilər) tərəfindən yerinə yetirilməsindən sonra Kreditin təqdim edilməsi Bank tərəfindən Kreditin cari hesaba köçürülməsi yolu ilə həyata keçirilir. Müvafiq Ərizə-Razılaşma əsasında təqdim edilən Kredit məbləği Müştərinin ona dair sərəncam hüququnun yarandığı gün Kreditin verildiyi gün hesab olunur. 7.4-cü bəndinə əsasən, faizlər kreditin verilmə tarixindən etibarən kredit tam qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilən kredit hesabı üzrə borc məbləğinə aylıq 30 təqvim günü, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqqlar yalnız kreditin qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğində hesablanır. 7.25.3-cü bəndinə əsasən, bank Kredit vəsaitini Kredit və Girov barədə Ümumi Şərtlər rəsmiləşdirildikdən və Komisyon Haqqı ödənildikdən sonra Müştərinin müvafiq Ərizə-Razılaşmada göstərdiyi Cari Hesabına köçürür. Müvafiq Ərizə-Razılaşma əsasında təqdim edilən Kredit məbləği Müştərinin ona dair sərəncam hüququnun yarandığı gün Kreditin verildiyi gün hesab olunur. Qeyd olunan sərəncam hüququnun yarandığı anadək Müştəri Kreditin alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Müqaviləyə əsasən Kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (mətn üzrə sonradan gecikdirilmə faizi adlanacaqdır) gecikdirilmiş kreditə görə, Birdəfəlik kreditləri üzrə, hər gecikdirilən gün üçün Ərizə-Razılaşmada göstərilən gecikdirilmə faizinin tələbnaməsi tətbiq edilir. Əgər Kredit üzrə ödənişlərin gecikdirilməsinə görə Banka dəyən zərər müvafiq Ərizə Razılaşmaya əsasən Banka çatası faizlərin məbləğindən çoxdursa, Bank Müştəridən həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla ayrıca razılıq əldə etməklə tələb edə bilər.
6. Müştəri Ərizə-Razılaşmasına əsasən Cavabdeh kreditin məbləği 2200 manat, illik faiz dərəcəsi 21%, aylıq ödəniş məbləği 143.61 manat olmaqla kreditin götürülməsinə razılıq vermişdir, kreditin müddəti 18 ay, təyinatı dövriyyə vəsaitlərinin artırılması (malmaterial qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) təşkil edir.
7. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh 378309-CNS-57173 saylı, xx.xx.2024-cü il tarixli “nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixə banka 1879.20 manat əsas borc, 186.94 manat faiz borcu olmaqla, cəmi 2066.14 manat məbləğində borcu vardır.
8. “Bank VTB(Azərbaycan)” ASC tərəfindən Cavabdeh 18 mart 2025-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 1879.20 manat məbləğində əsas borc, 186.94 manat faiz borcu olmaqla ümumilikdə 2066,14 manat təşkil edən borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
9. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən İddiaçı ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinin hesabına 40.66 manat dövlət rüsumu ödənilmişdir.
10. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 378309 CNS-57173 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliklərini lazımınca icra etməməsi İddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh xx.xx.2023-cü il tarixli “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olduqdan sonra ona xx.xx.2024-cü il tarixli 378309-CNS-57173 saylı “birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi əsasında 18 ay müddətinə illik 21 % hesablanması şərtilə 2200 manat məbləğində kredit verilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
13. Əsas borc məbləğinə münasibətdə məhkəmə sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən edilmiş ödənişləri və 1879.20 manat ödənilməmiş borc qaldığını nəzərə alaraq hesab edir ki, cavabdehdən 1879.20 manat əsas borc İddiaçının xeyrinə tutulmalıdır.
14. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdehə bildiriş ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilə üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması əsası ilə müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini qarşı tərəfə bildirmişdir. Odur ki, İddiaçı həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (186.94 manat) tələb etməkdə haqqlıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir....Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur.
16. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1879.20 manat əsas borc, 186.94 manat məbləğində faiz borcu, ümumilikdə 2066.14 manat məbləğində pul tutularaq iddiaçı “Bank VTB(Azərbaycan)” ASC-yə ödənilməlidir.
17. İddiaçı həmçinin iddia qaldırılması üçün ödənilmiş 40.66 manat məbləğində dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş etmiş, qeyd edilən faktı təsdiq edən qəbzi iş materiallarına əlavə etmişdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 40.66 manat məbləğində pul cavabdehdən tutulmalıdır. V. Nəticə
20. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 378309 CNS- 57173 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 1879.20 manat əsas borc, 186.94 manat faiz borcu, ümumilikdə 2066.14 (iki min altmış altı manat on dörd qəpik) manat pul məbləği və 40.66 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: İlham Əhmədov