Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3512/2025 13.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Kiçik Müəssisəsinin Cavabdeh1nə qarşı borcun ödənilməsi tələbinə, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər "xxxx" Kiçik Müəssəsinə və Cavabdeh2 qarşı “qanunsuz müdaxilənin qarşısıın alınması və s” tələbinə dair iddialar üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi (direktoru) Nümayəndə2, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin Cavabdeh1nə qarşı “borcun ödənilməsi və s.” tələbinə, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər "xxxx" Kiçik Müəssəsinə və Cavabdeh2 qarşı “qanunsuz müdaxilənin qarşısıın alınması və s.” tələbinə dair iddialar üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Kiçik Müəssisəsi Cavabdeh1nə qarşı qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 32000 (otuz iki min) manat məbləğində icarə haqqı, 30000 (otuz min) manat məbləğində borc, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1ndən alınaraq "xxxx" Kiçik Müəssisəsinə verilməsi, "xxxx" Kiçik Müəssisəsi və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ona məxsus olan bütün əşya və avadanlıqlarla birlikdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının icarədə olan 2.500 kv.m. sahəsindən çıxarılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının icarədə olan 2500 kv.m sahəsinin tam boşaldılması və "xxxx" Kiçik Müəssisəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 3237,3 kv.m olan qeyri-yaşayış binası (bundan sonra daşınmaz əmlak) "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətindədir. "xxxx" Kiçik Müəssisəsi və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" Kiçik Müəssisəsi daşınmaz əmlakın 2500 kv.m hissəsinicavabdehə icarəyə vermişdir. Müqavilənin 5-ci maddəsinə əsasən cavabdeh xx.xx.2025-ci il tarixindən etibarən icarə haqqının ödənilməsinə başlayacaqdı. Lakin elə birinci aydan başlayaraq cavabdeh icarə haqqının ödənilməsini gecikdirmiş, daha sonra "xxxx" Kiçik Müəssisəsindən 30000 (otuz min) manat məbləğində borc almışdır. Cavabdehin icarə haqqını ödəmədiyini gördükdən sonra biz cavabdehə bildiriş göndərərək ödəmədiyi icarə haqqı və aldığı 30000 (otuz min) manat məbləğində borcu ödəməsi və daşınmaz əmlakı boşaldaraq təhvil verməsini tələb etmişik. Lakin bundan sonra da cavabdeh nə icarə haqqını ödəmiş nə də daşınmaz əmlakı boşaldaraq bizə təhvil verməmişdir.
3. İddiaçı Cavabdeh1 MMC cavabdehlər "xxxx" Kiçik Müəssəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 3237.3 kv.m olan qeyri-yaşayış sahəsinin 2500 kv.m hissəsi istifadəsinə "xxxx" Kiçik Müəssisəsi və onun direktoru Cavabdeh2 tərəfindən edilən qanunsuz müdaxilənin qarşısının alınması və 63000 manat vurulmuş maddi ziyanın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Kiçik Müəssisəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 3237.3 kv.m olan qeyri-yaşayış sahəsinin 2500 kv.m hissəsi Cavabdeh1 istifadəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.2034-cü ilədək nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, cavabdeh eyni sahənin 2 ayrı şəxsə icarəyə vermişdir. Hazırda "xxxx" Kiçik Müəssisəsinin rəhbəri Cavabdeh2 tərəfindən müəssisəyə icarəyə verilmiş sahə zorla Cavabdeh1 əlindən alınmış, qapılar bağlanmışdır. "xxxx" Kiçik Müəssisəsi rəhbəri Cavabdeh2 tərəfindən icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 3237.3 kv.m olan qeyri-yaşayış sahəsindən istifadə edilməsinə zorla maneələr yaradılır, qapılar, liftlər bağlanılır. Cavabdeh1 rəhbərliyinin və həkimlərinin ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 3237.3 kv.m olan qeyri-yaşayış sahəsinin 2500 kv.m hissəsindən istifadə edə bilməməsi onlara ciddi maliyə itkisi ilə yekunlaşır. Belə ki, Cavabdeh1 hər ay işçilərə əmək haqqı ödəyir, icarə haqqı ödəyir. Lakin "xxxx" Kiçik Müəssisəsinin rəhbəri Cavabdeh2 klinikaya müraciət edən vətəndaşları təhqir edir, qapıları bağlayır, lifti söndür və bu kimi digər hərəkətlərlə klinikaının normal fəaliyyəti pozur. Bununla da klinikanın işgüzar nüfuzu korlanır və ciddi maliyə itkisinə məruz qalır. Bütün bunlarla yanaşı cavabdeh "xxxx" Kiçik Müəssisəsi Cavabdeh1nə icarəyə verilmiş sahəni eyni zamanda 06 ay müddətində aylıq 7000 manata "xxxx" MMC-yə icarəyə verərək qanunsuz olaraq 42000 manat miqdarında bizə maddi ziyan vurmuşdur. (müqavilələ təqdim ediləcək) Eyni zamanda "xxxx" Kiçik Müəssisəsinin direktoru Cavabdeh2 Cavabdeh1nə icarəyə verilmiş sahəyə aid olan 3 otaqlı 100 kv.m sahədə özü 7 ay müddətində yaşayaraq 21000 min manat maddi ziya vurmuşdur. Cavabdeh1 tərəfindən aylıq icarə haqqları maneələr yaradılan tarixədək, hətta həmin dövrdə tam şəkildə ödənilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər "xxxx" Kiçik Müəssəsinə və Cavabdeh2 qarşı “qanunsuz müdaxilənin qarşısıın alınması və s” tələbinə dair e-2-2(113)-5367/2025 saylı iş, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin Cavabdeh1nə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddiası üzrə e-2-2(113)-3512/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilmişir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən “"xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi və vəkili Vəkil "xxxx" Kiçik Müəssisəsinin iddiasının məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi, birləşdirilmiş iş üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 "xxxx" Kiçik Müəssisəsinin iddiasına etiraz edərək rədd edilməsini, birləşdirilmiş iş üzrə iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: - 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; - 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisələrin həlli baxımından ilk növbədə "xxxx" Kiçik Müəssisəsinin iddiasına münasibət bildirilməlidir.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Kiçik Müəssisəsi (icarəyə verən) Cavabdeh1 (icarəçi) arasında xx.xx.2024-cu il tarixli icarə müqaviləsi bağlanmışdır.
12. Qeyd edilmiş müqaviləyə əsasən, icərəyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 3237.3 kv/m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus 2500 kv/m hissəsini icarəçiyə xx.xx.2034-cü ilədək icarəyə vermişdir.
13. Müqavilənin 5-ci bəndinə əsasən aylıq icarə haqqı 20.000 manat təşkil edir, icarə haqqı xx.xx.2025-ci il tarixdən hesablanır və bu müdət ərzində icarəçi tərəfindən götürülən sahədə təmir bərpa işləri görülür və fəaliyyətə hazırlıq işləri görülür.
14. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
15. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına (daşınmaz əmlakın reyestr nömrəsi **********53-06302) əsasən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 3237.3 kv/m olan qeyri-yaşayış binası "xxxx" Kiçik Müəssisəsinin hazırda xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
16. Hazırda "xxxx" Kiçik Müəssisəsi, 2025-ci ilin yanvar, fevral ayları üçün icarə haqqının tam ödənildiyini, cavabdehin 2025-ci ilin may ayının 9-da sahədən çıxdığı və nəticədə 2025-ci ilin mart ayı üçün 6000 manat, aprel ayı üçün 20.000 manat, may ayı üçün isə 6.000 manat olmaqla, cəmi 32.000 manat məbləğində icarə haqqı borcunun qaldığını bildirir.
17. Məhkəmə qeyd edir ki, mübahisənin həlli baxımından ilk növbədə icarə müqaviləsi üzrə qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC-yə təhvil-verilib-verilməməsi, bundan sonra icarə sahəsinin onun istifadəsində nə vaxtdadək qaldığı və icarə sahəsinin istifadəsində olduğu müddətdə icarə haqqının ödənilib-ödənilməməsi halı aydınlaşdırılmalıdır.
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi Nümayəndə2 icarə sahəsinin təhvil verildiyini, təmir işləri apardığını və tibbi avadanlıqları qeyd edilmiş sahəyə yerləşdirdiyini bildirmişdir.
19. Göründüyü kimi icarə sahəsi Cavabdeh1 MMC-yə təhvil verilmişdir.
20. Ancaq məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi Nümayəndə2 qeyd edilmiş icarə sahəsindən istifadəyə maneələrin yaradıldığını və təxmini mart ayında çıxdığını bildirmişdir.
21. Məhkəmə iclasında bu maneələrin nədən ibarət olması soruşulmuş, Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi Nümayəndə2 “Əli müəllimin söyüşlər söyüdüyünü”, “Əli müəllimin xanımlara əxlaqsız təkliflər etməsi” kimi halları qeyd etmişdir.
22. Məhkəmə iclasında iştirak edən “"xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi və vəkili Vəkil sadalanan halları təkzib etmiş, Əli müəllimin 80-dən artıq yaşı olduğunu, Cavabdeh1 MMC-nin özünün qeyri-yaşayış sahəsində tibbi klinika kimi fəaliyyət göstərməsi üçün icazə və lisenziyası olmadığından fəaliyyət göstərmədiyini bildirmişdir.
23. Məhkəmə iclasında həmçinin Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi Nümayəndə2 ora çəkilmiş xərclərin "xxxx" Kiçik Müəssisəsinindən tələb etmək niyyətində olduğunu bildirmiş və bundan başqa da, qeyd edilmiş qeyri-yaşayış sahəsinə çəkilmiş xərclərin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici təşkilatlara müraciət ediləcəyini bildirmişdir.
24. Bundan başqa Məhkəmənin sualına cavab olaraq Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi Nümayəndə2 və vəkili qeyd edilmiş qeyri-yaşayış sahəsinə çəkilmiş xərclərin qiymətləndirilməsi üçün mütəxəssisə hansı formada icarə sahəsini göstərəcəksiz sualına cavab olaraq, açarın onlarda olduqlarını bildirmişlər.
25. Bu xüsusda Məhkəmə hesab edir ki, "xxxx" Kiçik Müəssisəsinin bildirmiş olduğu yəni,may aynın 9-da çıxması halı inandırıcıdır. Belə ki, "xxxx" Kiçik Müəssisəsi tərəfindən onların girii qadağan edilmiş olsaydı, onların özlərinin bildirmiş olduqları qeyri-yaşayış sahəsinə çəkilmiş xərclərin qiymətləndirilməsi üçün mütəxəssisin də, ora girişi mümkün olmazdı.
26. Ona görə də, Məhkəmə hesab edir ki, 2025-ci ilin may ayının 9-dək icarə haqqı hesablanmalıdır.
27. Bundan başqa da, Məhkəmə qeyd edir ki, iş materiallarından da, göründüyü kimi, "xxxx" Kiçik Müəssisəsi tərəfindən Cavabdeh1 MMC-yə mart, aprel, may ayları üçün icarə haqqı olaraq hər ay üzrə 20.000 manat dəyərində olan elektron qaimələrdə göndərilmişdir.
28. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, Cavabdeh1 MMC tərəfindən sonuncu icarə haqqı 2025-ci ilin mart ayı üçün 14.000 manat məbləğində pul ödəmişdir.
29. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Kiçik Müəssisəsinin iddiası icarə haqqı borcunun tələb edilməsi hissəsində qismən təmin edilməli, 31.333,33 manat (6.000 (mart ayının qalıq borcu) + 20.000 (aprel ayı icarə haqqı borcu) +5.333,33 (may ayın 8 günü üçün icarə haqqı borcu)) məbləğində pul Cavabdeh1ndən tutularaq "xxxx" Kiçik Müəssisəsinə verilməlidir.
30. İş materiallarından görünür ki, "xxxx" Kiçik Müəssisəsi tərəfindən Cavabdeh1 MMC-yə fevral 2025-ci il tarixdə müqavilənin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi barədə bildiriş göndərilmişdir.
31. Məhkəmə iclasında cavabdeh tərəf qeyd edilmiş bildirişin alındığını qəbul etmişdir.
32. Göründüyü kimi tərəflər icarə müqaviləsinin ləğv edilməsini müqavilədə tənzimləmişlər və iddiaçı tərəf də, müqavilənin şərtinə uyğun olaraq müqaviləni ləğv etmə ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir.
33. Belə olan halda, Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
34. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edildiyindən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə predmeti olan 2.500 kv.m sahəsi Cavabdeh1 tərəfindən boşaldılaraq, həmin qeyri yaşayış sahəsindən çıxarılmalı və qeyri-yaşayış sahəsi Xocalı" Kiçik Müəssisəsinə təhvil verilməlidir.
35. Məhkəmə iddianın 30.000 manat məbləğində borcun tutulması hissəsi ilə bağlı hesab edir ki, "xxxx" Kiçik Müəssisəsi Cavabdeh1 MMC-yə 30.000 manat məbləğində borc pul verdiyini bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən, həmin hissədə iddia təmin edilə bilməz.
36. Bundan başqa ödənilmiş dövlət rüsumun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 168 manat məbləğində pul Cavabdeh1ndən tutularaq "xxxx" Kiçik Müəssisəsinə ödənilməlidir.
37. Məhkəmə birləşdirilmiş iş üzrə iddianın qeyri-yaşayış sahəsinin 2500 kv.m hissəsi istifadəsinə cavabdeh -"xxxx" Kiçik Müəssisəsi və onun direktoru Cavabdeh2 tərəfindən edilən qanunsuz müdaxilənin qarşısının alınması hissəsi ilə bağlı bildirir ki, yuxarıda qeyd edildiyi kimi xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edildiyindən, həmin sahədən Cavabdeh1 MMC çıxarılmalı olduğundan, həmin hissədə iddia təmin edilə bilməz.
38. Bundan başqa məhkəmə hesab edir ki, birləşdirilmiş iş üzrə iddia tələbinin digər hissəsi maddi ziyanın tələb edilməsi ilə bağlı olsa da, bu ziyanın nədən yarandığı sübuta yetirilmədiyindən həmin hissədə də, iddia təmin edilə bilməz.
39. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 iddiasının əsası olmadığından rədd edilməlidir.
40. Beləliklə, "xxxx" Kiçik Müəssisəsinin iddiasının qismən, Cavabdeh1 iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
"xxxx" Kiçik Müəssisəsinin iddiası qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə 31.333 (otuz bir min üç yüz otuz üç) manat 33 (otuz üç) qəpik məbləğində pul Cavabdeh1ndən tutularaq "xxxx" Kiçik Müəssisəsinə verilsin. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə predmeti olan 2.500 kv.m sahəsi Cavabdeh1 tərəfindən boşaldılaraq, həmin qeyri yaşayış sahəsindən çıxarılsın və qeyri-yaşayış sahəsi Xocalı" Kiçik Müəssisəsinə təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184 (bir yüz səksən dörd) manat məbləğində pul Cavabdeh1ndən tutularaq "xxxx" Kiçik Müəssisəsinə verilsin. "xxxx" Kiçik Müəssisəsinin iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh1 iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov