Məhkəmə qərarları › İş №e-2-2(113)-3513/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3513/2024

19.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3513/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə (“Əliyev və K” X6 şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “soyuducu və ya pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, soyuducuların qaytarılması, kəsici müddəti) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə (“Əliyev və K” X6 şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “soyuducu və ya pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər "xxxx" ASC-dən və“Əliyev və K” ŞİKŞ-dən müştərək qaydada dəyəri 7120,12 (yeddi min yüz iyirmi manat on iki qəpik) manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsinə dair və yaxud cəmi 2 ədəd soyuducuların dəyərinin ümumilikdə 12234,24 manat pulun cavabdehlərdən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair, ödənilmiş 126,70 manat dövlət rüsumunun cavabdehlərdən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh “Əliyev və K” ŞİKŞ arasında 25 may 2017-ci il tarixli 20 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kamera, cəmi 2 ədəd soyuducular İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməmişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən, İcraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib ,işləri və xidmətləri (malları) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Müqavilənin 26.2-ci bəndinə əsasən Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh "xxxx" ASC arasında 05 yanvar 2017- ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqaviləsinin 4.1-ci bəndinə əsasən tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn və ya yaranan mübahisələri ilk növbədə danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar. Mübahisələri danışıq yolu ilə həll etmək mümkün olmadıqda tərəflər Azərbaycan Respublikasının aiddiyyatı məhkəmələrinə müraciət edə bilərlər. Hazırda cavabdehlərin iddiaçı qarşısında öhdəliyi ümumilikdə 12 234,24 manat dəyərində 2 ədəd soyuducular təşkil edir. "xxxx" ASC ilə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq yaranmış mübahisənin həlli istiqamətində nəticə əldə edilməmişdir. “Əliyev və K” ŞİKŞ ilə mübahisənin həlli istiqamətində danışıqlar aparılması isə mümkün olmamışdır. Cavabdehlərə pretenziya məktubu göndərilməsinə baxmayaraq məsələyə heç bir münasibət bildirilməmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdeh "xxxx" ASC-nin qanunsuz sahibliyindən dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsinə, əgər bu mümkün olmadığı halda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2 ədəd soyuducuların dəyərinin ümumilikdə 12234,24 manat pulun cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, ödənilmiş 126,70 manat dövlət rüsumunun cavabdeh "xxxx" AS-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər "xxxx" ASC-dən və “Əliyev və K” ŞİKŞ müştərək qaydada dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsinə dair və yaxud cəmi 2 ədəd soyuducuların dəyərinin ümumilikdə 12234,24 manat pulun cavabdehlərdən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş 126,70 manat dövlət rüsumunun cavabdehlərdən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh “Əliyev və K” ŞİKŞ təhvil-təslim aktlarını məhkəməyə təqdim edərək bildirmişdir ki, 25 may 2017-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsinə əsasən dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kamera, cəmi 2 ədəd soyuducular İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və digər cavabdeh "xxxx" ASC arasında 05 yanvar 2017-ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilə bağlanmışdır. Digər cavadeh “Əliyev və K” ŞİKŞ tərəfindən məhkəmənin hazırlıq iclasında təqdim edilmiş 16 iyun 2017-ci il tarixli 5 nömrəli təhvil-təslim aktından görünür ki, 25 may 2017-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsi üzrə mübahisə predmeti olan 2 ədəd poliretan kamera (soyuducu) 16 iyun 2017-ci il tarixdə cəmiyyətin əməkdaşı X7 Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsinin anbarında təhvil verilmişdir. (X4 İddiaçı ASC-nin əməkdaşı olduğunu təsdiq edən müqavilə əlavə olunur). İş materiallarına əlavə olunmuş 05 yanvar 2017-ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilədən görünür ki, Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsi xx.xx.2017-ci il tarixdən Şamaxı rayonu, Mədrəsə qəsəbəsində fəaliyyət göstərmiş, 2 ədəd poliretan kamera (soyuducu) 16 iyun 2017-ci il tarixdə Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsində təhvil verilmişdir. 05 yanvar 2017-ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləsi və 16 iyun 2017-ci il tarixli 5 nömrəli təhvil-təslim aktından müəyyən olunur ki, dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) X9 rayonu Mədrəsə qəsəbəsində fəaliyyət göstərmiş Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsində quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC ilə işgüzar danışıqlar aparılmış, bundan əlavə MPM-nin tələblərinə uyğun pretenziya məktubu, iddia ərizəsinin surəti göndərilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh "xxxx" ASC arasında 05 yanvar 2017-ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqaviləsinin 4.1-ci bəndinə əsasən tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn və ya yaranan mübahisələri ilk növbədə danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar. Mübahisələri danışıq yolu ilə həll etmək mümkün olmadıqda tərəflər Azərbaycan Respublikasının aiddiyyatı məhkəmələrinə müraciət edə bilərlər. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi ümumilikdə 12 234,24 manat dəyərində 2 ədəd soyuducular təşkil edir.

5. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC-nin qanunsuz sahibliyindən dəyəri 7120,12 (yeddi min yüz iyirmi manat on iki qəpik) manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsinə, əgər bu mümkün olmadığı halda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2 ədəd soyuducuların dəyərinin ümumilikdə 12 234,24 manat pulun cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və məhkəməyə ödənilmiş 126,70 manat dövlət rüsumunun cavabdeh "xxxx" AS-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı iddianın əsası kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh "xxxx" ASC arasında 05 yanvar 2017-ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsaslanıb. Həmin müqavilənin 5-ci maddəsinə görə tərəflər arasında bağlanmış müqavilənin müddəti 31 Dekabr 2017-ci il tarixədək olub. Məhkəmənin nəzərinə çatdırıram ki, AR Mülki Məcəlləsinin öhdəliyin xitamı əsaslarından biri kimi iddia müddətinin keçməsini nəzərdə tutur. İddia müddəti hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Bu maddənin mahiyyətindən də görünür ki, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müddətlər ərzində iddiaçı öz pozulmuş hüquqlarını tələb etmədikdə, bu hal qarşı tərəfin öhdəliyinin xitamına səbəb olur. Sözügedən Məcəllənin 550-ci maddəsində də birbaşa olaraq göstərilir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. AR MM-nin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Deməli iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə müşavirə otağına gedənək təqdim edilə bilər. Hal hazırda işin hallarından göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddətinin ötməsini nəzərə alaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" ASC-ə qarşı 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsinə, əgər bu mümkün olmadığı halda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2 ədəd soyuducuların dəyərinin ümumilikdə 12 234,24 manat pulun cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və məhkəməyə ödənilmiş 126,70 manat dövlət rüsumunun cavabdeh "xxxx" AS-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi iddiasına iddia müddəti tətbiq edilməsi və iddia müddətinin keçməsi əsası ilə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. xx.xx.2017-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə İcarəyə verən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 may 2011-ci il tarixli çıxarışa əsasən Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binası İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 1.2-ci bəndinə əsasən icarə predmetinin dəqiq təsviri və sahəsi aşağıdakı kimidir: regional anbar - sahəsi 848.2 kv.m.

12. Müqavilənin 1.3-cü bəndinə əsasən icarəyə verən bu Müqavilə imzalandıqdan sonra 10 (on) gün ərzində icarə predmetini İcarəçinin istifadəsinə təhvil verməlidir. İcarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların nümayəndələrinin imzası ile təsdiqlənən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı və vəziyyəti əks olunmalıdır.

13. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalanan andan qüvvəyə minir və 31 dekabr 2017-ci il müddətinə qədər qüvvədədir.

14. xx.xx.2017-ci il tarixli 05 saylı təhvil-təslim aktına əsasən Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsinin anbarında yerləşən 70.79 (3.8x8.1x2.3)(0+5C), 18.35(3.8x2.1x2.3)(-18C) kamera soyuducu iki ədəd satıcı “Əliyev və K” ŞİKŞ tərəfindən alıcı X7 təhvil verilməsi müəyyən edilmişdir.

15. X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ildə İddiaçı ASC-yə işə qəbul olunub. Həmin vaxtı məlum oldu ki, ofislərinin yeri dəyişdirilir və bu səbəbdən "xxxx"ın ərazisində olan inventarların çıxarılması bildirildi. Onlar həmin ərazidən çıxdığı zaman onların orada ancaq soyuducuları qaldı. Məlumat üçün bildir ki, dövlət orqanlarında ildə ən azı bir dəfə inventarizasiya aparılır və bunun üçün digər reqional idarələrə əməkdaşlar göndərilir, inventarlarımız sayılır. 2019-cu ilin sonunda aparılmış inventarizasiya zamanı müəyyən olundu ki, soyuducuları "xxxx"ın ərazisindən götürülməmişdir. Bununla bağlı əlaqə saxladıqları Rizvan adlı şəxsə dəfələrlə müraciət ediblər. O isə cavabında bildirib ki, “mənə olan borcumu verin, gəlin soyuducunu götürün”. Sonuncu dəfə 2023-cü ildə özü həmin şəxslə görüşüb danışıb və o, yenə də, bildirdi ki, borcu ödənildkdən sonra gəlib soyuducunu götürə bilərlər. Borcun ödənilməsini istəyirlərsə əgər, borcun olmasını təsdiq edən sənədin təqdim edilməsini təklf ediblər, lakin onlar bu cür sənəd təqdim edə bilmədilər.

16. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, bu iş onun kurasiyamda olmadğı üçün bu işlə bağlı məlumatı olmamışdır. Lakin xx.xx.2024-cü ildə müvəqqəti təminat tədbirinin tədbiqi ilə bağlı qərardadın icrası zamanı ezam olunub və icra məmuru ilə bir yerdə "xxxx" ASC-nin ünvanında baxış keçiriblər. Onları orada Rizvan adlı şəxs qarşılayıb və anbara aparıb və soyuducuları göstərib və o, icra məmuru ilə həmin soyuducuların şəkillərini çəkib. Lakin akt tərtib ediləndə həmin şəxs aktı imzalamaqdan imtina etdi.

17. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.

18. AR Mülki Məcəlləsinin: – 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 697.4-cü maddəsinə görə kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. -700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Azərbaycan Rüspublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair tarixli qərarına əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binasının (848,2 kv.m olan regional anbar) icarəyə verilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə xx.xx.2027-ci il tarixinə kimi qüvvədə olmuşdur. Və iş materiallarına və iddiaçının nümayəndəsinin verdiyi izahatına əsasən həmin müqavilənin müddəti nə uzadılmamışdır, nə də ki, tərəflər arasında yeni müqavilə bağlanmmamışdır. İddiaçı iddia edir ki, icarə müqaviləsi bağlanıldıqdan sonra satıcı “Əliyev və K” X6 şirkətindən iki ədəd soyuducu alaraq onu cavabdehdən icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə apararaq ondan istifadə etmişdir, müqavilə münasibətlərinə 2017-ci ildə xitam verilsə də, əşyaları 2019-cü ilə kimi həmin icarə obyektində qalıb (xx.xx.2017-ci il tarixindən sonra icarəyə verənə hər-hansı icarə haqqı ödənilməyib), 2019-cü ildə bütün əmlaklarını həmin icarə obyektindən köçürüblər başqa ünvana, yalnız bu iki soyuducu qalıb icarəyə verəndə, indi də həmin əmlakların və ya dəyərinin verilməsini tələb edir.

22. Cavabdehin nümayəndəsi isə bildirir ki, icarə münasibətlərinə xx.xx.2017-ci il tarixində xitam verilib, iddiaçı hazırki iddia tələbinin irəli sürülməsi üçün 3 illik iddia müddətini ötürüb, bundan əlavə soyuduculara faktiki sahiblik etməklə onların cavabdeh şirkətinə məxsus olmasını bildirir. Yəni, iddiaçı sübut etməlidir ki, cavabdehin faktiki sahibliyində olan suyuducunun və ya hər hansı əşyanın faktiki sahibi iddiaçıdır. Adi bir xırda məişət texnikasının markası, modeli olur. Necə ola bilər ki bu böyüklükdə olan istesal məqsədilə nəzərdə tutulan texnikanın heç bir modeli olmasın ölçü ilə müəyyən edilsin. Cavabdehə məxsus ərazidə çoxlu soyuducudan ibarət olan anbarlar vardır. Qeyri-yaşayış sahəsinin icarəsindən yaranan münasibətlərlə bağlı, həm də əmlak tələbi ilə bağlı iddia qaldırılıb. Hesab edir ki, əgər xx.xx.2017-ci ildən bu müqavilə üzrə münasibətlər bitibsə və iddia müddəti burda 3 ildirsə belə olan halda iddia müddəti tədbiq edilməlidir. Digər tərəfdən qarşı tərəf əmlakı tələb edirlərsə, onda həmin əmlakın bizdə olmasını sübut etməlidir. Lakin bununla bağlı iddiaçı heç bir sübut təqdim edə bilməmişdir. Hər iki halda iddianın əsassız olduğunu hesab edir və iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsini xahiş edir.

23. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı iddia tələbində 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) cavabdehdən alınıb ona qaytarılmasını tələb edir və sübut qismində iddiaçı ilə 3-cü şəxs arasında bağlanmış alqı-satqı müqavləsi əsasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli 05 saylı təhvil-təslim aktına istinad edir. Lakin, qeyd edilən təhvil-təslim aktında soyuducuların göstəriciləri iddia ərizəsində göstərilən soyuducuların göstəricilərindən fərqlənir (70.79 (3.8 x 8.1 x 2.3), 18.35(3.8 x 2.1 x 2.3)).

24. Beləliklə, iddiaçı tələb etdiyi soyuducuların onlara məxsus olmasını, müstəqil tələb irəli sürməyən üçüncü şəxslə bağlanan alqı-satqı müqaviləsi nəticəsində əldə etdiyi soyuducuların hazırda cavabdehdən tələb etdiyi soyuducularla eynilik təşkil etdiyini, məhz həmin soyuducuların cavabdehdə olmasını (icarə münasibətləri zamanı quraşdırdığını) sübuta yetirə bilməmişdir.

25. Digər tərəfdən, əgər iddiaçı yuxarıda göstərilən halları sübuta yetirmiş olseydi belə, yenə də qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddəti buraxmışdır.

26. Belə ki, Mülki Məcəllənin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

27. İddiaçı cavabdehdən icarəyə götürdüyü obyektdə quraşdırdığı soyuducuların onlara qaytarılması ilə bağlı icarə müqaviləsinə xitam verildikdən (xx.xx.2017-ci il tarixi) 7 ilə yaxın vaxt keçdikdən sonra xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etdiyindən, iddiaçı hazırkı iddianı qaldırılarkən Mülki Məcəllənin 697.4-cü maddəsində nəzərdə tutulmuş kəsici müddəti buraxmışdır.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

29. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

30. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-nin qanunsuz sahibliyindən dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) Poliretan Kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) Poliretan Kameranın (soyuducuların) alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsinə, əgər bu mümkün olmadığı halda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2 ədəd soyuducuların dəyərinin ümumilikdə 12234,24 manat pulun cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar