Məhkəmə qərarları › İş №e-2-2(113)-3519/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3519/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3519/2021 16.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 57546,76 manat – bundan 50000 manat əsas, 750 manat faiz, 3916,66 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2880,10 manat faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “Technicon FZCO Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 104.LN.2005.180419.00001 №-li, 18 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit verilmişdir. 18.10.2019-cu il tarixdə 104.LN.2005.180419.00001 №-li, kredit müqaviləsinə əlavə razılıq №1 bağlanaraq kreditin müddəti 17.01.2020-ci il tarixinədək uzadılmışdır. cavabdeh “Technicon FZCO Şirkətinin Azərbaycan Respublikasındakı Filialına kredit verilərkən “X5 Şirkəti” (indiki Cavabdeh2 Şirkəti) ilə bank arasında 18 aprel 2019-cu il tarixli, 104.CL.180419.00001/b saylı və sonradan 18 oktyabr 2019-cu il tarixli, 104.CL.180419.00001/d saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə “Technicon FZCO Şirkətinin Azərbaycan Respublikasındakı Filialı”-na və “X5 Şirkəti”-nə (indiki Cavabdeh2 Şirkəti) dəfələrlə şifahi müraciət olunmasına, habelə **********0735 saylı, 12.03.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər “Technicon FZCO Şirkətinin Azərbaycan Respublikasındakı Filialı” və “X5 Şirkəti” (indiki Cavabdeh2 Şirkəti) tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Vəkil iddianı qismən edərək izahatında cərimə məbləği ilə razı olmadıqlarını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 104.LN.2005.180419.00001 №-li, 18 aprel 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçıASC ilə Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 6 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlmişlər. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. 18.10.2019-cu il tarixdə 104.LN.2005.180419.00001 №-li, kredit müqaviləsinə əlavə razılıq №1 bağlanaraq kreditin müddəti 17.01.2020-ci il tarixinədək uzadılmışdır. “Technicon FZCO Şirkətinin Azərbaycan Respublikasındakı Filialına kredit verilərkən “X5 Şirkəti” (indiki Cavabdeh2 Şirkəti) ilə bank arasında 18 aprel 2019-cu il tarixli, 104.CL.180419.00001/b saylı və sonradan 18 oktyabr 2019-cu il tarixli, 104.CL.180419.00001/d saylı zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1, 465.2 və 467-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı əsas borc, faiz borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu tələbi hissəsində tam təmin edilməli, bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 369,90 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh zamin Cavabdeh2 Şirkətinə qarşı tələbi rədd edilməlidir, belə ki, kredit müqaviləsinin müddəti 17 yanvar 2020-ci il tarixədək müəyyən edildiyindən iddiaçı hazırki tələblə məhkəməyə 06.07.2021-ci il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddianın irəli sürməsi müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, 30, 40 manat iddiada dövlət rüsumu kimi tələb olunsa da, yalnız 30 manat hissədə təmin edilməlidir, belə ki, 30 manat dövlət rüsumudursa, 0,40 manat bank xərcidir, iddiaçı isə həmin vəsaiti bank xərci kimi deyil, dövlət rüsumu kimi tələb etmişdir. Bununla yanaşı iddia tələbinin 93,83%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 93,83%-i, yəni 28,14 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialından 50000 manat əsas borc, 750 manat faiz borcu, 369,90 manat cərimə borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 2880,10 manat ümumilikdə 54000 manat və dövlət rüsumu kimi ödənilmiş 28,14 manat məbləğində pul Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbi Cavabdeh2 Şirkətinə münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialından 50000 manat əsas borc, 750 manat faiz borcu, 369,90 manat cərimə borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 2880,10 manat ümumilikdə 54000 manat və dövlət rüsumu kimi ödənilmiş 28,14 manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh2 Şirkətinə münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar