Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3521/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə obyektinin təhvil verilməməsi, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26 aprel 2021-ci il tarixli icarə müqaviləsi üzrə 77,3 manat ƏDV daxil olmaqla 506,67 manat icarə haqqı borcunun, 50 manat cərimə məbləğinin və 40 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. tərəflər arasında xx.xx.2021-ci il tarixində bağlanan İC-2604/21 saylı icarə müqaviləsinə əsasən, “İcarəyə verən”, “İcarəçi”yə ünvan 1 ünvanında yerləşən soyuducu anbarının 12 kv.m hissəsini icarəyə verməyi, “İcarəçi” isə 01 il müddətinə hər ay 160 (ƏDV daxil) manat məbləğində icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 5-ci bəndinə sasən, “İcarə” haqqı 1 təqvim ayı üçün 160 manat (ƏDV daxil) məbləğində müəyyən edilir. Müqavilənin 6-cı bəndinə əsasən, “İcarəçi” icarə haqqını “İcarə verənin” hesabına və ya qanunla müəyyən olunan şərtləri riayət etməklə nağd ödəyir. Ödəmə müddəti hər ay üçün həmin ayın 5-i razılaşdırılmışdır. 2.2. İddiaçı müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib anbar sahəsini icarəyə verməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri lazimi qaydada yerinə yetirməmiş və müavilə üzrə 506,67 manat ödənilməmiş borcu yaranmışdır. Bu barədə cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq, borc ödənilməmiş qalmış, cavabdeh tərəfindən aprel ayı üçün 26,67 manat, may-iyun ayları üçün 320,02 manat və iyul ayı üçün elektron qaimələr üzrə 160 manat ödənilməli olduğu halda, hər hansı ödəniş edilməmişdir. 2.3. İddiaçı mübahisənin mediasiya vasitəsi ilə həll etmək məqsədi ilə cavabdehə xx.xx.2023-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə” təklif göndərmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixdə, 12:00-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən iddiaçıya müvafiq arayış verilmiş, iddiaçı mediasiya xərcini təşkil edən 40 manat xərci ödəmişdir. Eyni zamanda xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 425.1, 442-ci və s. maddələr göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, icarə obyekti faktiki cavabdehə təqdim edilmiş, lakin təhvil-təslimi rəsmiləşdirilməmişdir.
6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 iddiaya etiraz edərək rədd olunmasını məhkəmədən xahiş etdi. İzahatında bildirdi ki, iddiaçı ilə icarə müqaviləsi bağlansa da, yaranmış anlazşılmazlığa görə icarə obyektinin təhvil-təslimi edilməmiş, eyni gündə başqa şəxs ilə müştərək saxlama müqaviləsi bağlanmış, mallar həmin müqavilə ilə razılaşdırılan sahədə saxlanılmış, malların saxlama ünvanı da təsərrüfat obyekti kimi vergi orqanında qeydiyyata alınmışdır. İddiaçı tərəfindən ona icarə sahəsi təhvil verilmədiyindən icarə haqqı da tələb oluna bilməz. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, elektron qaimənin sistem tərəfindən təsdiq edilməsinin səbəbi elektron kabinetə nəzarət edilməməsi olmuşdur.
7. İddiaçı tərəfə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə mübahisəyə iddiaçının iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə pulun tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə İC-2604/21 nömrəli icarə müqaviləsi bağlanmış, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 38 ünvanında yerləşən soyuducu anbarın 12 kv.m hissəsini cavabdehin istifadəsinə verməyi, cavabdeh isə həmin sahəni qəbul edərək aylıq ƏDV daxil 160 manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə icarə haqqının rəsmiləşdirilməsi üçün cavabdehə cəmi 506,69 manat dəyərində elektron qaimələr göndərilmiş, qaimələr sistem tərəfindən təsdiqlənmişdir.
12. İddiaçı adıçəkilən icarə müqaviləsi üzrə 77,3 manat ƏDV daxil olmaqla 506,67 manat icarə haqqı borcunun və 50 manat cərimə məbləğinin cavabdehdən tutulmasını tələb edir.
13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı ilə icarə müqaviləsi bağlansa da, yaranmış anlazşılmazlığa görə icarə obyektinin təhvil-təslimi edilməmiş, eyni gündə başqa şəxs ilə müştərək saxlama müqaviləsi bağlanmış, mallar həmin müqavilə ilə razılaşdırılan sahədə saxlanılmış, malların saxlama ünvanı da təsərrüfat obyekti kimi vergi orqanında qeydiyyata alınmışdır. Elektron qaimənin sistem tərəfindən təsdiq edilməsinin səbəbi elektron kabinetə nəzarət edilməməsi olmuşdur. İddiaçı tərəfindən ona icarə sahəsi təhvil verilmədiyindən icarə haqqı da tələb oluna bilməz.
14. İşin mübahisəli halı icarə obyektinin icarəyə verən tərəfindən icarəçiyə təhvil verilib-verilməməsidir.
15. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.
16. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
17. Həmin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
18. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
19. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir.
20. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyə verən əşyanı icarəçinin istifadəsinə verməyi, bununla yanaşı icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. İcarəçinin icarə haqqı ödəmək öhdəliyi isə əmlaka müddətli sahib olduğu və ondan istifadə etdiyi müddətlə şərtləşdirilir.
21. Məhkəmə qeyd edir ki, icarə müqaviləsi konsensual müqavilədir və tərəflərin hüquq və öhdəlikləri müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Belə olan halda, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli İC-2604/21 nömrəli icarə müqaviləsi üzrə ilk növbədə icra edilməli öhdəlik iddiaçıya aid olub icarə obyektinin cavabdehə təhvil verilməsindən ibarət olmuşdur. İcarəçinin icarə haqqı ödəmək öhdəliyi də məhz icarə obyekti ona təhvil verildikdən sonra yarana bilərdi. Cavabdeh icarə obyektinin təhvil verilmədiyinə istinad edərək iddiaya etiraz edir.
22. İcarə obyektinin təhvil-təslimi ilə bağlı tərəflərin razılaşmasına nəzər yetirdikdə aydın olur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3-cü bəndində tərəflər razılaşdırmışlar ki, icarə müddəti sahənin verilməsinə dair aktda göstərilən tarixdən başlanır.
23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
24. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).
25. Məhkəmə cavabdehin etirazının dəlillərinə uyğun iddiaçıya icarə obyektinin təhviltəslimi ilə bağlı sübut təqdim etməyi təklif etmiş, lakin iddiaçı təhvil-təslimin rəsmiləşdirilmədiyini bildirmişdir. Cavabdeh isə etirazının əsasını təşkil edən sübutlar qismində eyni tarixdə başqa şəxslə bağlanmış saxlama müqaviləsi və həmin sahənin vergi uçotuna alınmasına dair sənədi məhkəməyə təqdim etmişdir.
26. İddiaçı tərəfindən cavabdehə təqdim olunan elektron qaimənin sistem tərəfindən təsdiq edilməsi isə işin mübahisəsiz halıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
27. Bu mənada məhkəmə göstərir ki, hazırda biri digəri ilə uyğun olan sübutlarla iddiaçının öz öhdəliyini icra edərək icarə obyektini cavabdehə təqdim etməsi öz təsdiqini tapmır.
28. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə icarə obyektinin icarəçiyə təhvil verilməsinə dair öz öhdəliyini icra etməyən iddiaçının icarəçidən icarə haqqını tələb etməyə subyektiv hüququ yoxdur. Odur ki iddia icarə haqqı borcunun tutulması hissəsində təmin edilə bilməz.
30. Tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən qeyd edir ki, dbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırki iş üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyi müəyyən olunmadığından və iddia əsas borcun tutulması hissəsində rədd olunduğundan əlavə öhdəlik olan cərimə məbləğinin tutulması hissəsində də iddia təmin oluna bilməz.
31. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
32. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 40 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
33. İddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. İddia tələbinin təmin edilmədiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, çəkilmiş məhkəmə xərci iddiaçıya aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova