Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3523/2025 17.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, öhdəliyin icrası, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi və dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli No239/23 saylı İcarə müqaviləsinə əsasən, mart ayı üzrə 26, aprel ayı üzrə isə 180 manat olmaqla cəmi 206 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 164 manat olmaqla, cəmi 370 manat məbləğində icarə haqqı borcunun, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC (“İcarəyə verən”) və cavabdeh "xxxx" MMC (“İcarəçi”) arasında bağlanan No 239/23 saylı icarə müqaviləsinə əsasən “İcarəyə verən”, “İcarəçi”yə ünvan 1 ünvanında yerləşən soyuducu anbarının 15 m hissəsini 8 ton malın yerləşdirilməsi məqsədi ilə icarəyə verməyi, “İcarəçi” isə, müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, aylıq icarə haqqı 200 manat təşkil edir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. Müqavilənin 7.1.2-ci maddəsinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 4-cü maddəsində göstərilən bütün xərcləri vaxtlı-vaxdında ödəmək İcarəçinin vəzifəsidir. "xxxx" MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib anbar sahəsini icarəyə verməsinə baxmayaraq "xxxx" MMC üzərinə düşən öhtəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2023-cü il tarixli No 239/23 saylı müqavilə üzrə ödənilməmiş borcu yaranmışdır. Bu barədə "xxxx" MMC-yə dəfələrlə məlumat verilməsinə baxmayaraq “İcarəçi”nin hələ də müqavilə üzrə 26 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 164 manat olmaqla, cəmi 390 manat borcu qalmışdır. İddiaçı mübahisənin danışıqlar vasitəsi ilə həll etmək məqsədi ilə Cavabdeh MMC-yə xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə pretenziya məktubu göndərilmiş və ən qısa müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 700.1, 684.2, 698.1, 462.1, 465.1, 698.3, 441.2, 442, 448.1, 448, 443.5, 21.2-ci maddələrinə istinad olunmuşdur. Eyni zamanda iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, aralarında bağlanmış, xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən, cavabdeh, "xxxx" MMC mart ayı üzrə 26 manat, aprel ayı üzrə isə 180 manat olmaqla cəmi 206 (iki yüz altı) manat icarə haqqı borcunun olduğunu etiraf etmişdir. Lakin qaimə tərtib edilən zaman texniki yanlışlığa yol verilərək aprel ayı üzrə 180 AZN əvəzinə borc 200 AZN qeyd edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məkhəməyə müraciət edərək işə onların iştirakı olmdan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli 27 mart 2023-cü il tarixli № 239/23 saylı "İcarə müqaviləsi”nə xitam verilməsinə dair razılaşmanın 1-ci bəndinə əsasən, tərəflər arasında bağlanmış 27 mart 2023-cü il tarixli № 239/23 saylı "İcarə müqaviləsi”nə xitam verilir. 2-ci bəndinə əsasən "İcarəçi" Cavabdeh direktoru Nümayəndə2 2023-cü ilin mart ayı üzrə 26 (iyirmi altı) manat, aprel ayı üzrə 180 (bir yüz səksən) manat, cəmi 206 (iki yüz altı) manat məbləğində pul e-qaimə daxil olduqdan sonra 5 (beş) gün ərzində "icarəyə verən"in hesabına ödənilməlidir. 3-cü bəndinə əsasən razılaşma 28 aprel 2023-cü il tarixdən qüvvəyə minir. **********07-12301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ümumi sahəsi 16087.3 kv xüsusi mülkiyyət olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2013-cü il tarixindən Zəhmət-Ruzi” MMC-yə məxsusdur. EBDC seriyalı, 751689 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 26 manat icarə haqqı məbləği İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. EBDE seriyalı, 804755 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 200 manat icarə haqqı məbləği İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən qısa müddət ərzində icarə müqaviləsinə əsasən ödənilməmiş 390 manat pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında yerləşən soyuducu anbarı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Həmçinin tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli 27 mart 2023-cü il tarixli № 239/23 saylı "İcarə müqaviləsi”nə xitam verilməsinə dair razılaşmada da cavabdeh cəmi 206 manat icarə haqqı borcu olduğunu qəbul etmişdir. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icrarə haqqını tələb etmək hüququ vardır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən obyektin cavabdehə icarəyə verildiyini, cavabdehin icarə haqqını, yəni 206 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 206 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 164 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 10 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 17,50 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli No239/23 saylı İcarə müqaviləsinə əsasən, mart ayı üzrə 26 manat, aprel ayı üzrə isə 180 manat olmaqla cəmi 206 (iki yüz altı) manat icarə haqqı borcu, 10 (on) manat cərimə, habelə ödənilmiş dövlət rüsumunun 17 (on yeddi) manat 50 (əlli) qəpiyinin əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3523/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3523/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver