Məhkəmə qərarları › İş №e-2-2(113)-3524/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3524/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3524/2025 24.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMCarasında xx.xx.2023-cü il tarixli KM-İM-5/23 saylı İcarə müqaviləsinə əsasən, 3321 AZN əsas, gecikdirilmiş icarə haqqı üçün cərimə 150 AZN olmaqla, cəmi 3471 AZN məbləğində icarə haqqı borcu, habelə 55 manat məbləğində ödənilmiş dövlət rüsumun Cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC (“İcarəyə verən”) və cavabdeh B"xxxx" MMC (“İcarəçi”) arasında bağlanan KM-İM-5/23 saylı icarə müqaviləsinin 1.1-ci maddəsinə əsasən “İcarəyə verən”, “İcarəçi”yə Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev pr. Ev 38 ünvanında yerləşən soyuducu anbarının 15 m hissəsini 8 ton malın yerləşdirilməsi məqsədi ilə icarəyə verməyi, “İcarəçi” isə, Müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, Aylıq icarə haqqı 405 AZN(15 m – in hər kv-a görə 27 manat) (ƏDV daxil) təşkil edir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, İcarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərti ilə “İcarəçi” tərəfindən “İcarəyə verən”ə ödənilməlidir. İcarə haqqı bu bənddə göstərilən vaxtda icra edilmədiyi halda hər gecikdirilən günə görə gecikdirilən məbləğin 0.5 faiz məbləğində dəbbə pulu hesablanacaqdır. Müqavilənin 7.1.2-ci maddəsinə əsasən, Bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 4-cü maddəsində göstərilən bütün xərcləri vaxtlı-vaxdında ödəmək İcarəçinin vəzifəsidir. "xxxx" MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib anbar sahəsini icarəyə verməsinə baxmayaraqB"xxxx" MMC üzərinə düşən öhtəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2023-cü il tarixli KM-İM-5/23 saylı müqavilə üzrə ödənilməmiş borcu yaranmışdır. Bu barədə "xxxx" MMC-yə dəfələrlə məlumat verməyimizə baxmayaraq “İcarəçi”nin hələ də müqavilə üzrə 3321 AZN, gecikdirilmiş icarə haqqı üçün cərimə 150 AZN olmaqla, cəmi 3471 AZN borcu qalmışdır. İddiaçı mübahisənin danışıqlar vasitəsi ilə həll etmək məqsədi ilə Cavabdeh MMC-yəxx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və ən qısa müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh MMCtərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin yazılı ərizəsini razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı MMC (“icarəyə verən”) və Cavabdeh MMC (“icarəçi”) arasında xx.xx.2023-cü il tarixli KM-İM-5/23 saylı icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci maddəsinə əsasən “İcarəyə verən”, “İcarəçi”yə Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev pr. Ev 38 ünvanında yerləşən soyuducu anbarının 15 m hissəsini 8 ton malın yerləşdirilməsi məqsədi ilə icarəyə verməyi, “İcarəçi” isə, Müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. - 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 405 manat təşkil edir. - 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə « icarəçi »tərəfindən « icarəyə verən»ə ödənilməlidir.İcarə haqqı bu bənddə göstərilən vaxtda icra edilmədiyi halda hər gecikdirilən günə görə gecikdirilən məbləğin 0.5 faiz məbləğində dəbbə pulu hesablanacaqdır. - 7.1.2-ci bəndinə əsasən “icarəçi” bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə Sahə ilə bağlı və Müqavilənin 4-cü Maddədə göstərilən bütün xərcləri vaxtlıvaxtında ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı tərəfindən cavabdehə EBDİ 477917 nömrəli xx.xx.2023-cü il tarixli 243 manat, EBDJ ******* nömrəli xx.xx.2023-cü il tarixli 405 manat, EBDİ 479377 nömrəli xx.xx.2023-cü il tarixli 405 manat, EBDJ 045263 nömrəli xx.xx.2023-cü il tarixli 243 manat, EBDL 201050 nömrəli xx.xx.2023-cü il tarixli 405 manat, EBDN 768785 nömrəli xx.xx.2023-cü il tarixli 405 manat, EBDP 772072 nömrəli xx.xx.2023-cü il tarixli 405 manat, EBDS 081292 nömrəli xx.xx.2023-cü il tarixli 405 manat, EBDJ 046958 nömrəli xx.xx.2023-cü il tarixli 405 manat məbləğində elektron qaimə göndərilmişdir. V. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

12. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

14. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli KM-İM-5/23 nömrəli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə razılaşdırılmış icarə haqqı qarşılığında Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev pr. Ev 38 ünvanında yerləşən soyuducu anbarının 15 m hissəsini 8 ton malın yerləşdirilməsi üçün cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin 13 aprel 2023cü il tarixli müqavilə üzrə cəmi icarə haqqı borcu 3321 manat təşkil edir.

17. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləi üzrə icarəyə verilmiş sahəyə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən ümumilikdə 3321 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

18. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən hesablanmış 150 manat cərimə məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

19. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

20. Odur ki,məhkəmə hesab edir ki, 150 manat məbləğində dəbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 3321 (üç min üç yüz iyirmi bir) manat məbləğində əsas borc, 150 (yüz əlli) manat cərimə borcu və ödənilmiş dövlət rüsumu kimi 55 (əlli beş) manat məbləğ tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar