Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3528/2022 10.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış 3926 manat borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, iddiaçıya məxsus obyektdə yerləşən su xəttinin cavabdeh tərəfində bərpa edilməsi və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı hesablanmış 3926 manat borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, iddiaçıya məxsus obyektdə yerləşən su xəttinin cavabdeh tərəfində bərpa edilməsi və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş 25 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan göründüyü kimi Abşeron Rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 584,7 kv.m olan fərdi yaşayış sahəsi iddiaçıya məxsusdur. Sözügedən ərazinin icarəyə verilməsi məqsədilə iddiaçı ilə Ədliyyə Nazirliyi arasında 05 yanvar 2020-ci il tarixli icarə müqaviləsi imzalanmış və həmin yerdə Abşeron Rayon İcra şöbəsinin yerləşməsi təmin olunmuşdur. İddiaçının cavabdehlə hazırki mübahisəyədək aralarında heç bir anlaşılmazlıq və ya problem olmamış, bu günədək istifadə etdiyi suyun məbləği həcmində ödənişlərini həyata keçirmişdir. Lakin daha sonra sayğacda yaranan nasazlıq səbəbilə sayğacı dəyişdirmək üçün cavabdeh quruma müraciət etdikdə məlum olmuşdur ki, guya iddiaçının 2018-ci ilin noyabr ayına qədər cavabdehə 916 manat, 2019-cu ilin may ayına qədər isə 3010 manat, ümumilikdə 3926 manat borcu mövcuddur. İddiaçı bu borcun haradan yaranması barədə cavabdehin nümayəndələrindən soruşduqda isə onlar heç bir cavab verə bilməmiş, bu borcun nədən yaranması barədə səbəb göstərə bilməmişlər. Əvəzində isə bildirmişlər ki, məhkəməyə müraciət edərək borcunu sildirə bilər. Bu borcun nə əsasında, hansı Akta və ya protokola əsasən hesablandığını soruşduqda onlar yenə də nə aktı təqdim edə bilmiş, nə də borcun yaranma əsasını bildirmişlər. İddiaçıya nə zəng olunmuş, nə də hansısa nöqsan barəsində məlumat verilməmişdir. Bu səbəbdən tamamilə əsassız olaraq şifahi qaydada müraciətini baxılmamış saxlamışlar və əsassız və qanunsuz yaranmış borcun silinməsi üçün heç bir addım atmamışlar. Borcu olması barədə bildirilənlər tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı həmişə sudan istifadə qaydalarına riayət etmiş, sudan istifadəyə görə yaranmış borcları vaxtlı-vaxtında ödəmişdir. Lakin cavabdeh müəssisə tərəfindən bildirilənlər iddiaçının istehlakçı hüquqlarını kobud surətdə pozmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdehin əməkdaşları tərəfindən sudan qeyri-qanuni istifadə halı müəyyən edilərək borc hesablanmışdır. Hazırda iddia tələbi üzrə göstərilən 3926 manat borc 2 akt üzrə hesablanmışdır. İddiaçıya hesablanmış borc qanuni olaraq hesablanmış borcdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2018-ci il tarixli 10320 saylı İnventar aktının surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasında (ofis) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, baxış zamanı d=20 mm-lik borcu vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar olunmuşdur. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixli 10320 saylı İnventar aktına əsasən 3009,60 manat məbləğində borc hesablanmışdır. xx.xx.2019-cu il tarixli 10692 saylı İnventar aktının surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasında (ofis) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar d=15 mm-lik su xəttindən qeyri-qanuni istifadə edilməsi aşkar olunmuşdur. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli 10692 saylı İnventar aktına əsasən 915 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; Həmin Qanunun 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1 -ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11 -ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasında (ofis) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar d=15 mm-lik su xəttindən qeyriqanuni istifadə edilməsi aşkar olunaraq xx.xx.2018-ci il tarixli 10320 saylı və xx.xx.2019-cu il tarixli 10692 saylı İnventar aktları tərtib olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixli 10320 saylı İnventar aktına əsasən 3009,60 manat, xx.xx.2019-cu il tarixli 10692 saylı İnventar aktına əsasən 915 manat məbləğində borc hesablanmışdır. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində su sayğacına baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlama nəticəsində Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya qanunsuz hesablanmış borc məbləği silinməlidir. Belə ki, suyun təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlamalar barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Bununla bağlı məhkəmə izah edir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı hesablanmış 3926 manat borcun silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. İddiaçı məxsus obyektdə yerləşən su xətti Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən bərpa edilsin. Ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3528/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3528/2022
10.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver