Məhkəmə qərarları › İş №e-2-2(113)-3532/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3532/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3532/2022 12.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 19185,44 manat borcun və 150 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 19185,44 manat borcun və 150 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında Abşeron rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə ərazisi ünvanında yerləşən ümumi sahəsi 62 kv.m. olan saxlanc anbarının icarəsinə dair müqavilə bağlanmışdır. Müqavilə ilkin olaraq 1 (bir) il müddətinə bağlanmışdır və müqavilə şərtlərinə əsasən icarə haqqı hər 1 kv.m. sahə üçün 6.50 manat olmaqla aylıq ƏDV daxil 475,54 manat kimi müəyyən edilmişdir. İcarə müqaviləsinin 3.4-cü bəndinə əsasən isə icarə haqqının başlama müddəti 17 yanvar 2020-ci il tarixi qəbul edilmişdir. Müqavilə şərtlərinə əsasən müqavilə müddətinin başa çatmasına 30 (otuz) təqvim günü qalmış tərəflərdən hər hansı biri müqavilənin müddətinin uzadılması barədə digərinə yazılı bildiriş göndərmədikdə müqavilə əvvəl müəyyən edilmiş şərtlərlə 3 ay müddətinə uzadılmış hesab olunur. Tərəflərdən heç biri müqavilənin qeyd olunan bu müddəasına istinad etməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ümumilikdə 15 ay müddətində qüvvədə olmuşdur. Lakin cavabdeh nə müqavilənin qüvvədə olduğu dövrdə, nədəki sonra müqavilənin 2.3.1-ci maddəsi ilə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Müqavilənin 9.2-ci bəndinə əsasən, İcarəyə verən İcarəçi tərəfindən Müqavilənin 3.5 və 3.7-ci bəndlərində nəzərdə tutulan öhdəliyin vaxtında icra olunmamasına görə İcarəçidən hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0,5 % həcmində dəbbə pulu ödənilməsini tələb edə bilər. Göründüyü kimi İcarəçinin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində uzun bir dövrü əhatə edən icarə haqqı borcu və dəbbə pulu yaranmışdır. Belə ki, icarəçi (cavabdeh) tərəfindən icarəyə verənə (iddiaçı) cəmi 995.80 manat məbləğində ödəniş edilmiş və hazırda ƏDV və gecikmə günləri üzrə penya daxil olmaqla ümumilikdə 19185,44 manat məbləğində borc qalmaqdadır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 74/20 saylı icarə müqaviləsindən görünür ki, iddiaçı Abşeron rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə ərazisi ünvanında yerləşən ümumi sahəsi 62 kv.m. olan saxlanc anbarını cavabdehə icarəyə verməyi, cavabdeh isə icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 14 ədəd elektron qaimədən görünür ki, iddia tərəfindən cavabdehə 6657,56 manat məbləğində icarə haqqına görə elektron qaimə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan borcu, əsas borc üzrə 5467,37 manat, ƏDV borcu üzrə 693,97 manat, cərimə üzrə 13024,11 manat, cəmi 19185,44 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli 74/20 saylı icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinə əsasən iddiaçı Abşeron rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə ərazisi ünvanında yerləşən ümumi sahəsi 62 kv.m. olan saxlanc anbarını cavabdehə icarəyə verməyi, cavabdeh isə icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən 995,80 manat məbləğində ödəniş edilmiş, cavabdehin iddiaçıya əsas borc üzrə 5467,37 manat, ƏDV borcu üzrə 693,97 manat, cəmi 6161,34 manat icarə haqqı borcu qalmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən anbar sahəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcuna aid hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 9.2-ci bəndinə əsasən, İcarəyə verən İcarəçi tərəfindən Müqavilənin 3.5 və 3.7-ci bəndlərində nəzərdə tutulan öhdəliyin vaxtında icra olunmamasına görə İcarəçidən hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0,5 % həcmində dəbbə pulu ödənilməsini tələb edə bilər. Lakin məhkəmə hesab edir ki, tələb olunan 13024,11 manat dəbbə pulu məbləği yaranmış 6161,34 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 300 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 5467,37 manat əsas borc, 693,97 manat ƏDV borcu, 300 manat cərimə, cəmi 6461,37 manat tutularaq tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 33,67 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun 50,50 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 99,50 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 5467,37 manat əsas borc, 693,97 manat ƏDV borcu, 300 manat cərimə, cəmi 6461,34 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 150 manat məbləğində dövlət rüsumunun 50,50 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 99,50 manat məbləğ İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar