Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3536/2021 09.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini nümayəndəsi X4 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh "İnşaatçı-3” MMC-yə qarşı istilik kommunikasiya xətlərinin bərpası haqqında tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın istilik kommunikasiya xətlərinin "xxxx" MMC tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binada 2017-ci ildən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır. Lakin binanı inşa edən şirkətin nümayəndələri binanın istilik kommunikasiya xətlərinin bir hissəsini söküb aparmış, digər hissələrini də 05 aprel 2021-ci il tarixdə sökərkən bu söküntü əməllərindən 102 xidmətinə məlumat verilmiş, polis əməkdaşları gəlmiş və bu işin mülki qaydada həll olunmasını bildirmişlər. 2017-ci ildə binanı inşa edən şirkət tərəfindən istilik sistemi dayandırılmışdır. Hazırda yeni yaradılan cəmiyyət tərəfindən bina idarə olunur və gələcəkdə həmin istilik sistemini bərpa etmək nəzərdə tutulur. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X6 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2004-cü ildə inşa edilmiş binada olan mənzillər sakinlərə satılanda istilik kommunikasiya xətləri mövcud olmuş, hətta bir müddət istilik mərkəzləşdirilmiş qaydada həmin xətlər vasitəsi ilə verilmiş, lakin sonradan müəyyən problemlərə görə isti suyun verilməsi dayandırılmışdır. 2017-ci ildə binanın mənzil mülkiyyətçiləri "xxxx" MMMC yaratsalar da, binanı inşa etmiş "xxxx" MMC-nin əməkdaşları 05 aprel 2021-ci il tarixdə binanın mərkəzləşdirilmiş istilik kommunikasiya xətlərini söküb aparmışlar. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək izahatında Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi məhəllə 554, ev 26-dakı 7411,30 m2 qeyri-yaşayış sahəsi, həmçinin torpaq sahəsinin "xxxx" MMC-nin mülkiyyətində olduğunu, həmin ünvanda yerləşən binada olan mənzillər sakinlərə satılanda istilik kommunikasiya xətləri vasitəsi ilə mənzillərə isti su verildiyini, lakin sonradan sakinlərin mərkəzləşdirilmiş qaydada isti suyun verilməsindən imtina etdiklərini, hər bir sakinin mənzilində kombi sisteminə keçdiyini və bu səbəbdən mərkəzləşdirilmiş qaydada isti suyun verilməsini həyata keçirən "xxxx" MMC-nin istifadə olunmayan və mülkiyyətində olan istilik kommunikasiya xətlərinin sökülməsi qərarına gəldiyini bildirmişdir. Odur ki, məhkəmədən istilik kommunikasiya xətlərinin mülkiyyətçisinin "xxxx" MMC olduğunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 05.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sürətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 7411.30 qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin mülkiyyətindədir. 10.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının sürətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.6210 torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. 01.05.2017-ci il tarixli 1117-MM4-0046 nömrəli X2 X5 Şəhadətnamədən görünür ki, hüquqi şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır. 16.09.2019-cu il tarixli 1117-MM4-0046 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışın sürətindən görünür ki, X6 "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin qanuni təmsilçisidir. Cəmiyyətin daşınmaz əmlak kompleksini, birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək fəaliyyət predmeti və məqsədidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Məhkəmədə təqdiq edilən sübutlara əsasən mübahisə doğurmayan hal ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı bina "xxxx" MMC tərəfindən inşa edilərkən mərkəzləşdirilmiş qaydada isti suyun verilməsini təmin etmək məqsədi ilə həmin bina istilik kommunikasiya xətləri ilə təchiz edilmiş və binada olan mənzillər sakinlərə satılanda mərkəzləşdirilmiş istilik kommunikasiya xətləri mövcud olmuş, hətta bir müddət isti su mərkəzləşdirilmiş qaydada həmin xətlər vasitəsi ilə verilsə də, sonradan isti suyun verilməsi dayandırılmış və binanın sakinləri kombi sistemindən istifadə etməyə başlamışlar. 01 may 2017-ci il tarixdə həmin binada olan mənzillərin mülkiyyətçiləri tərəfindən "xxxx" MMMC yaradılmış, cari ilin aprel ayında isə binanın mərkəzləşdirilmiş istilik kommunikasiya xətləri "xxxx" MMC tərəfindən sökülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir, belə ki, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binanın mənzillərinin mülkiyyətçiləri öz yaşayış sahələri üzrə mülkiyyət hüququ əldə etməklə yanaşı həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan bir sıra obyektlərlə, həmçinin ümumi istifadə də olan mərkəzləşdirilmiş istilik kommunikasiya xətlərinə də ümumi paylı mülkiyyət hüququ mülkiyyətçilərə keçmiş, daha sonra 26 saylı binanın mənzillərinin mülkiyyətçiləri həmin daşınmaz əmlak kompleksini birgə idarə etmək, həmçinin binanın ümumi əmlakının istismarını, istifadəsini təmin etmək məqsədi ilə 01 may 2017-ci il tarixdə "xxxx" MMMC yaratmışlar. Lakin buna baxmaraq "xxxx" MMC cari ilin aprel ayında mülkiyyətində olmayan istilik kommunikasiya xətlərini sökmüşdür. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 nömrəli binanın istilik kommunikasiya xətləri "xxxx" MMC tərəfindən əvvəlki vəziyyətinə qaytarılmaqla bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 nömrəli binanın istilik kommunikasiya xətləri "xxxx" MMC tərəfindən əvvəlki vəziyyətinə qaytarılmaqla bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3536/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3536/2021
09.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver