Məhkəmə qərarları › İş №e-2-2(113)-3544/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3544/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3544/2025 21.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 400000 (dörd yüz min) manat maddi ziyanın, ödənilmiş 690 (altı yüz doxsan) manat dövlət rüsumunun və vəkil xərci üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh ilə daşınmaz əmlakın icarə müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə 16 A ünvanında yerləşən, ümumi sahəsi 659,1 kv.metr olan qeyriyaşayış sahəsini icarəçi hesab olunan Cavabdehnə icarəyə verilmişdir. Həmin müqaviləyə əsasən icarəçi qeyd olunan obyekti iddiaçı ilə razılaşmaqla təmir edə bilər. Müqavilənin 1.2-ci bəndinə əsasən isə təmir xərcləri icarəçinin hesabına çəkiləcək, həmin xərclər icarəyə verilən tərəfindən kompensasiya edilməyəcəkdir. Daha sonra tərəflər arasında olan mövcud razılaşmaya əsasən icarəçinin tələbinə görə onun müəyyənləşdirdiyi formada əsaslı təmir olunması və həmin xərclərin ödənilməsini Cavabdeh öz öhdəsinə götürməli idi. İddiaçı obyekti razılaşdırılmış qaydada təmir etsə də icarəyə götürən çəkilən xərcləri qarşılamamış və xx.xx.2024-cü il tarixdə icarə müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Tərəfimdən xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspertiza keçirilmiş və 18904 nömrəli raporta əsasən sözügedən qeyri-yaşayış yerinin təmirinə 400,000 (dörd yüz min) manat xərc çəkilmişdir. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın icarə müqaviləsinin 3.1.3-cü bəndinə əsasən icarəçinin təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək icarəyə verənin hüququdur.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinn həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 400000 (dörd yüz min) manat maddi ziyanın, həmçinin ödənilməmiş aylıq icarə haqqı 79950 (yetmiş doqquz min doqquz yüz əlli) manat (10x7995=79950), ödəmə mənbəyindən vergiyə görə isə 10 ay üçün 11193 (on bir min yüz doxsan üç) manat (7995x14%=1119.3x10=11193), ümumilikdə isə 91143 (doxsan bir min yüz qırx üç) manat, ödənilmiş 782 (yeddi yüz səksən iki) manat dövlət rüsumunun və vəkil xərci üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev izahatında bildirdi ki, tərəflər arasında icarə obyektinin yaxşılaşdırılmasına çəkilmiş xərclərin cavabdeh tərəfindən ödəniləcəyini dair hər hansı razılaşma olmamış, icarə sahəsi onlara verilən zaman əsaslı təmirə ehtiyac olmamış, sahədə hər hansı təmir işi aparılmamışdır. Bu səbəbdən 400000 manat pulun cavabdehdən tələb edilməsi barədə iddia tələbi əsassızdır. Bundan əlavə, icarə müqaviləsinə tərəflərindən birtərəfli qaydada müqavilənin 6.3-cü bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmiş, bu barədə tərəfə bildiriş təqdim edilmiş, sahə həmin tarixdə iddiaçıya geri təhvil verilmişdir. Müqavilə həmin tarixdə ləğv edilmiş hesab edildiyi üçün onlardan yalnız həmin tarixə qədər icarə haqqı tələb edilə bilər. Bu səbəbdən icarə haqqının tutulması hissəsində iddianın qismən təmin edilməsini, icarə haqqının xx.xx.2024-cü il tarixə qədər deyil, xx.xx.2024-cü il tarixə qədər ödənilməmiş hissəsinin tutulmasını xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş Hüquqların və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 16 "a" ünvanında yerləşən daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir.

8. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, daşınmaz əmlakın icarə müqaviləsinə görə icarəyə verən ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 659,1 kv.metr olan qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, İcarəçi bu Müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada İcarəyə verənə ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra, İcarəçi əmlakı icarəyə verənlə razılaşdırmaqla təmir edir, obyekt İcarəyə verənin razılığı əsasında icarəçinin mülahizəsinə uyğun olaraq istifadə ediləcək və tərəflər razılaşırlar ki, İcarəçi tərəfindən təmirə çəkilən xərc icarəyə verən tərəfindən kompensasiya edilməyəcəkdir.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı vergilər xaric, hər mərtəbəsində 250 kv.metr olmaqla ümumi ümumi 500 kv metr ofis sahəsinin hər kv metri 13 manat; 127,1 kv.metr yardımçı sahəsinin hər kv met 10 manat və 32 kv metr anbar sahəsim hər kv metr 7 manat olmaqla 7995 (yeddi min doqquz yüz doxsan beş manat) manat təşkil edir və bu müqavilənin imzalandığı gündən icarəçinin obyektə yerləşməsi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən etibarən hesablanmaqla ödənilir.

11. Müqavilənin 5.6-cı bəndinə əsasən icarəçi icarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0,5% miqdarında icarəyə verənə cərimə ödəyir.

12. Müqavilənin 5.7-ci bəndinə əsasən bu müqavilə üzrə İcarəçi icarəverənin razılığı əsasında Əmlakda cari təmir-tikinti, bərpa, rekonstruksiya və sairə işlər aparıldıqda, onların nəticəsinə görə İcarəyəverən və üçüncü şəxslər qarşısında məsuliyyət daşıyır.

13. Müqavilənin 6.1-ci bəndinə əsasən bu Müqavilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarıxıdək 12 (on iki) ay müddətinə imzalanır.

14. Müqavilənin 6.2-ci bəndinə əsasən bu Müqavilənin müddətinin başa çatmasına 30 gün qalmış Tərəflər bu Müqaviləyə xitam verilməsi ilə bağlı bır-bırlərinə xəbərdarlıq etməzlərsə, bu Müqavilə ilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir. Uzadılmaların sayı məhdudlaşdırılmır.

15. Müqavilənin 6.3-cü bəndinə əsasən İcarəçi oz mülahizəsinə əsasən İcarəyə verəni 1 (bir) ay qabaqcadan yazılı qaydada xəbərdar etməklə Müqaviləyə xitam verə bilər.

16. Ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 13668,88 AZN, xx.xx.2024-cü il tarixdə 7995.01 AZN, xx.xx.2024-cü il tarixdə 8017.82 AZN, xx.xx.2024-cü il tarixdə 7972,2 AZN, xx.xx.2024-cü il tarixdə 8017,82 AZN, xx.xx.2024-cü il tarixdə 7995,01 AZN ödəniş edilmişdir.

17. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Məhkəmə iddia tələbini ödəmə mənbəyindən vergi daxil olmaqla icarə haqqının tutulması hissəsində əsaslı hesab edir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

21. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın icarə müqaviləsi bağlanmış, iddiaçıya məxsus əmlak həmin tarixdə cavabdehin sahiblik və istifadəsinə verilmiş, müqavilə cavabdeh tərəfindən birtəfəli qaydada müqavilənin 6.3-cü bəndinə əsasən ləğv edilmişdir.

23. Belə ki, materiallardan görünür ki, icarəçi olan cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdə müqavilə münasibətlərinə xitam verilməsi ilə bağlı bildiriş (xəbərdarlıq) təqdim etmişdir.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, icarə müqaviləsi xx.xx.2024-cü il tarixdən (xitam bildirişinin təqdim edildiyi gündən bir ay sonra) ləğv edilmiş hesab edilməlidir.

25. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər ümumilikdə 78084,50 manat ödənilməli olduğu halda, cəmi 45648,92 manat icarə haqqı ödənilmişdir.

26. İddiaçı hazırda qalıq 32435,58 manat icarə haqqının və ödənilməli olan 4540,98 manat ÖMV-nin ödənilməsini tələb etməklə haqlıdır, iddia həmin hissədə təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə iddianı ikinci, 17986,50 manat dəbbə pulunun tələb edilməsi hissəsində isə qismən əsaslı hesab edir.

28. İddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.6-cı bəndinə əsasən hesablanmış 454963,06 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1600 manat məbləğində müəyyən edilməlidir.

33. Məhkəmə iddianı sonuncu, 400000 manat maddi ziyanın cavabdehdən tutulması hissəsində isə əsassız hesab edir.

34. İddiaçı hazırda icarəyə verilmiş sahədə tərəfindən əsaslı təmir işlərinin aparıldığını, müqavilə bağlanan zaman həmin xərclərin cavabdeh tərəfindən ödəniləcəyi barədə tərəflər arasında razılıq əldə edildiyini bildirir.

35. Cavabdeh iddiaya qarşı etirazında belə bir razılığının olmadığını, habelə həmin həcmdə sahədə hər hansı işlərin görülmədiyini göstərir.

36. İddiaçı tərəfindən məhkəməyə ümumiyyətlə 400000 manat məbləğində təmir işlərinin görüldüyünü, həmin həcmdə sahədə yaxşılaşdırılma aparıldığını təsdiq edə biləcək hər hansı sübut ümumiyyətlə təqdim etməmişdir.

37. İddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində isə ümumiyyətlə qiymətləndirmə işinin hansı qaydada və hansı tarixdə aparıldığı, smetada əks edilmiş məlumatların necə əldə edildiyi isə müəyyən edilmir.

38. Bundan əlavə, xx.xx.2023-cü il tarixli icarə müqaviləsində sahədə aparılacaq yaxşılaşdırma işlərinin dəyərinin icarəçi tərəfindən ödənilməli olması barədə də hər hansı qeyd-şərt nəzərdə tutulmamışdır.

39. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.

40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 32435,58 manat icarə haqqı, ödəmə mənbəyindən vergiyə görə 4540,98 manat, 1600 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

41. Bundan başqa iddia ərizəsində 325 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, həmin xərcə dair məhkəməyə sübut təqdim edilmədiyindən, tələb olunan 325 manat vəkil xərci iddiaçının özünə aid edilməlidir.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

43. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 205,73 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 580,27 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İB-dən 32435,58 manat icarə haqqı, ödəmə mənbəyindən vergiyə görə 4540,98 manat, 1600 manat dəbbə pulu, 205,73 manat dövlət rüsumu, ümumilikdə 38782,29 (otuz səkkiz min yeddi yüz səksən iki manat iyirmi doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 580,27 manat dövlət rüsumu və 325 manat hüquqi yardıma görə xərc İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar