Məhkəmə qərarları › İş №e-2-2(113)-3547/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3547/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3547/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqının ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1089,73 manat (min səksən doqquz manat yetmiş üç qəpik) ödənilməmiş icarə haqqı və 31 manat (otuz bir) ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1120,73 manat (min yüz iyirmi manat yetmiş üç qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən icarəyə verən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 42 ünvanında yerləşən “X2-veriş Mərkəzi”ndə olan və müqavilənin 1-ci maddəsində göstərilən sahəni (həmin maddəyə əsasən icarə obyekti bu müqavilə üzrə icarəyəverən tərəfindən icarəçiyə verilmiş Ticarət Mərkəzinin 4-cü mərtəbəsindəki 401 saylı obyekt kimi qeyd edilmiş 26 kvadrat mertlik sahə və Əlavə A-da göstərilmiş hissəsi deməkdir) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəçiyə icarəyə verməyi öz öhdəsinə götürür. İcarəçi icarə obyektini mağaza üçün istifadəsinə qəbul edib, əvəzində icarəyə verənə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqını ödəməyi və alış-veriş mərkəzində mövcud olan qaydalara riayət etməyi öhdəsinə götürür; 5.2-ci maddəsinin 1-ci bəndinə əsasən əsas icarə haqqı icarə obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq maddə 3.1.1-də müəyyən olunmuş müddət üçün 1675 (min altı yüz yetmiş beş) manat (ƏDV xaric) dəyərində müəyyən edilən aylıq ödənişdir. İcarəçi əsas icarə haqqını vaxtında ödəməli və bunu qabaqcadan tələb irəli sürülmədən həyata keçirməlidir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 5.3-cü maddəsinin 1-ci bəndinə əsasən əlavə icarə haqqı icarə obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq maddə 3.1.1-də müəyyən olunmuş müddət üçün 325 (üç yüz iyirmi beş) manat (ƏDV xaric) dəyərində müəyyən edilən aylıq ödənişdir. Əlavə olaraq, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixli əlavə razılaşma №4-ün 2-ci maddəsinə əsasən icarə müqaviləsinin 5.2-ci maddəsinin 1-ci bəndi üzrə aylıq əsas icarə haqqına, “Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X1 ticarət mərkəzləri və “Mall”arın bağlanması haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixə kimi Park Bulvar AVM müvəqqəti olaraq bağlandıqdan, xx.xx.2021-ci il tarixdən iri ticarət mərkəzlərinin fəaliyyəti qismən bərpa olunduqdan sonra xx.xx.2021-ci il tarixdən fəaliyyətə başlamasına baxmayaraq, icarəçinin sahibkarlıq fəaliyyətinin zəifləməsi, AVM-ə gələn müştərilərin azalması nəticəsində icarə haqqı ödəmələrində çətinliklərlə bağlı onun fəaliyyətinə dəstək məqsədilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi 10% güzəşt müəyyən edilir. Buna uyğun olaraq, cəmiyyət tərəfindən müqavilə üzrə göstərilən icarə obyekti Cavabdeh MMC-yə icarəyə verilsə də, cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş və 2024-cü ilin iyun ayı üçün 14 günlük icarə haqqını bugünə qədər ödəməmişdir. Belə ki, müqavilənin müddəti xx.xx.2024-cü il tarixində bitsə də, cavabdeh icarə obyektini vaxtından əvvəl (xx.xx.2024-cü il tarixində) tərk etmiş və bu səbəbdən də cavabdehin 14 günlük ödənilməmiş icarə haqqı – 1089,73 manat (min səksən doqquz manat yetmiş üç qəpik) borcu qalmışdır. (Maliyyə aktı əlavə edilir). Cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, qalan borcun 5 (beş) gün ərzində iddiaçıya ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qalan borcun ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Bundan sonra isə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442.1, 448.2, 700-cü maddələrinə istinad edilmişdir.

4. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, icarəyə verən qismində "xxxx" MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında 25 iyun 2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 42 ünvanda yerləşən “X2-veriş Mərkəzi”ndə olan və müqavilənin 1-ci maddəsində göstərilən sahəni (bundan sonra “icarə obyekti” adlanacaq) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəçiyə icarəyə verməyi öz öhdəsinə götürür. İcarəçi icarə obyektini mağaza üçün istifadəsinə qəbul edib əvəzində icarəyə verənə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqını ödəməyi və alış-veriş mərkəzində mövcud olan qaydalara riayət etməyi öhdəsinə götürür; 3.1-ci maddəsinin 1-ci bəndinə əsasən hazırkı müqavilə xx.xx.2021-ci il tarixindən-xx.xx.2022-ci il tarixinədək müəyyən edilir və aparılan təmir işləri ilə əlaqədar əlavə icarə haqqı xx.xx.2021-ci il tarixindən, əsas icarə haqqı isə xx.xx.2021-ci il tarixindən hesablanır; 6-cı bəndinə əsasən əgər icarəçi icarə müddətinin başlanma tarixində icarə obyektindəki işgüzar fəaliyyətinə (biznes) başlamazsa (o cümlədən icarəçinin obyekti inventarla və s. tam hazır və təchiz edilmiş, məhsullar və xidmətlər nümayiş etdirilməklə, eləcə də icarəçinin bütün personalı işdə olmaqla fəaliyyətə başlamazsa, lakin bunlarla məhdudlaşmır), bu cür hal öhdəliklərin yerinə yetirilməməsi halı hesab ediləcək. Belə bir halın baş vermə təhlükəsini aradan qaldırmaq səbəbi ilə, icarəyə verən öncədən tələb etmə və tədbir görmə hüququna malik olacaqdır. İcarəçi bununla icarəyə verənin bu cür tələbini şərtsiz olaraq yerinə yetirməyə razılaşır. İcarəçi hər gecikdiyi günə görə aylıq icarə haqqının 2% dəyərində olan məbləği icarəverənə əlavə olaraq ödəməli olacaq. Heç bir halda bu cür gecikmə 10 gündən artıq olmamalıdır. Bu hal olduqda icarəyə verən bu müqaviləyə birtərəfli olaraq xitam vermək hüququna malik olacaq ki, bu halda da icarəçi (fəaliyyət göstərdiyi və ya göstərmədiyi halda) icarə obyekti üçün yeni icarəçi tapılanadək 6 (altı) aydan çox olmayan müddətdə icarə haqqını ödəməyə davam edəcək. Əks halda, müqaviləyə xitam verilməklə icarəçinin ödədiyi ilkin icarə haqqı və qoyduğu girov geri qaytarılmadan dərhal icarə obyekti boşalmalı və icarəverənə təhvil verilməlidir; 5.1-ci maddəsinin 3-cü bəndinə əsasən müqavilədə qeyd olunan sair xərclər razılaşma əsasında icarəçi tərəfindən icarəyə verənin müvafiq tələbindən etibarən 10 (on) iş günü ərzində ödənilir; 6-cı bəndinə əsasən icarəçi girov məbləğini müqavilə bağlandığı ayın ən geci ilk 10 iş günü ərzində, aylıq əsas icarə haqqını, əlavə icarə haqqını və kommunal xərclərini hər ayın ən geci ilk 10 iş günü ərzində ödəməlidir; 5.2-ci maddəsinin 1-ci bəndinə əsasən əsas icarə haqqı icarə obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq maddə 3.1.1-də müəyyən olunmuş müddət üçün 1675 manat (ƏDV xaric) dəyərində müəyyən edilən aylıq ödənişdir. İcarəçi əsas icarə haqqını vaxtında ödəməli və bunu qabaqcadan tələb irəli sürülmədən həyata keçirməlidir; 2-ci bəndinə əsasən əgər icarəçi hər hansı bir səbəbdən aylıq əsas icarə haqqını hər təqvim ayının ilk 10 (on) iş günü ərzində ödəməzsə, o zaman icarəçi hər gecikdiyi günə görə aylıq əsas icarə haqqının 2% dəyərində olan məbləği icarəyə verənə əlavə olaraq ödəməli olacaq, əks halda əsas icarə haqqı ilə birlikdə girov məbləğindən çıxılacaq; 5.3-cü maddəsinin 1-ci bəndinə əsasən əlavə icarə haqqı icarə obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq maddə 3.1.1-də müəyyən olunmuş müddət üçün 325 manat (ƏDV xaric) dəyərində müəyyən edilən aylıq ödənişdir və bura aşağıdakilar daxildir: a) Ticarət Mərkəzinin idarə edilməsi və istismarı ilə bağlı xərclər, b) Rəhbərliyin təlimatlarına uyğun qaydada ümumi təyinatlı sahələrdən istifadəyə görə haqq, c) Ümumi təyinatlı sahələrin istifadəsi və ümumi sahənin payına düşən işıq sərfiyyatı və elektrik enerjisi ilə bağlı digər xərclər o cümlədən, bunlarla məhdudlaşmayaraq, ümumi təyinatlı sahələrin lazımi vəziyyətdə saxlanması, təmiri, təmizlənməsi, təhlükəsizliyi, yaşıllaşdırılması, dezinfeksiyası, qızdırıcı, soyuducu, mərkəzi kondisioner sistemləri (qazanxana və çiller) ilə təchiz edilməsi, qulluq, mühafizə, texniki təhlükəsizlik, qaz, su, kanalizasiya, generator, müxtəlif tədbirlərin xərcləri zibillərin yığılması və daşınması təmin edilməsidir; 2-ci bəndinə əsasən icarə obyektinin hər kvadrat metrinə görə 12,50 manat (ƏDV xarcic) əlavə icarə haqqı ödənilir; 3-cü bəndinə əsasən nəzərdə tutulmuş əlavə icarə haqqı hər təqvim ayının ilk 10 (on) iş günü ərzində ödənilməzsə, o zaman icarəçi hər gecikdiyi günə görə aylıq əlavə icarə haqqının 2% dəyərində olan məbləği icarəyə verənə əlavə olaraq ödəməli olacaq, əks halda əlavə icarə haqqı ilə birlikdə girov məbləğindən çıxarılıb ödəniləcəkdir; 5.5-ci maddəsinin 1-ci bəndinə əsasən girov (depozit): bu müqavilədən irəli gələn öhdəliklərin hər bir halda yerinə yetirilməsini təmin etmək məqsədilə, müqavilə imzalanan tarixindən etibarən ən gec 10 (on) iş günü ərzində, icarəçi 3 (üç) aylıq əsas icarə haqqına bərabər məbləği 4875 manat (ƏDV ödənilmir) icarəyə verənin depozit hesabına ödəməlidir. Ödənilən rüsumun qəbzi icarəverənə təqdim olunmalıdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixli, 04 saylı əlavə razılaşmanın 1-ci bəndinə əsasən müqavilənin 3.1.1-ci bəndinə dəyişiklik edilərək aşağıdakı redaksiyada verilmişdir: “3.1.1. xx.xx.2021-ci il tarixində bağlanmış icarə müqaviləsinin müddəti bu əlavə razılaşmaya əsasən xx.xx.2024-cü il tarixinədək müəyyən edilir. Həmin razılaşmanın 2-ci bəndinə əsasən icarə müqaviləsinin 5.2-ci maddəsinin 1-ci bəndi üzrə aylıq əsas icarə haqqına, “Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X1 ticarət mərkəzləri və “Mallar”ın bağlanması haqqında qərarına əsasən xx.xx.2021-ci il tarixə kimi “Park Bulvar AVM” müvəqqəti olaraq bağlandıqdan, xx.xx.2021-ci il tarixdən iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti qismən bərpa olunduqdan sonra xx.xx.2021-ci il tarixdən fəaliyyətə başlamasına baxmayaraq, icarəçinin sahibkarlıq fəaliyyətinin zəifləməsi, AVM-yə gələn müştərilərin azalması nəticəsində icarə haqqı ödəmələrində çətinliklərlə bağlı onun fəaliyyətinə dəstək məqsədilə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi 10% güzəşt müəyyən edilir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə Cavabdeh MMC-yə "xxxx" MMC tərəfindən göndərilən və ödənməyən icarə hesablamaları üzrə ümumi 3306,2 manat borcdan (2024cü ilin may ayı-2216,47 manat+ 2024-cü ilin iyun ayının 14 günü 1089,73 manat) 2216,47 manat ödəniş edilmiş, nəticədə 1089,73 manat qalıq borc qalmışdır.

9. xx.xx.2024-cü il tarixli, qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından müəyyən olunur ki, tərəflər xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə Cavabdeh MMC-nin "xxxx" MMC-yə 1089,73 manat borcu olduğu barədə razılığa gəlmişlər. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 10 "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

13. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 42 ünvanda yerləşən “X2-veriş Mərkəzi”ndə olan və müqavilənin 1-ci maddəsində göstərilən sahəni müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəçiyə icarəyə verməyi öz öhdəsinə götürmüş, icarəçi isə icarə obyektini mağaza üçün istifadəsinə qəbul edib əvəzində icarəyə verənə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqını ödəməyi və alış-veriş mərkəzində mövcud olan qaydalara riayət etməyi öhdəsinə götürmüşdür. Sonradan icarə münasibətlərinə xitam verilmişdir. İddiaçı ona məxsus sahəni cavabdehə icarəyə vermiş, lakin cavabdeh icarə haqqını tam ödəməmiş, qalıq borcu yaranmış, ona görə də iddiaçı cavabdehdən 1089,73 manat məbləğində ödənilməmiş icarə haqqının tutulmasını xahiş etmişdir.

14. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqını tam şəkildə ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının qalıq icarə haqqı məbləğinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 1089,73 manat (min səksən doqquz manat yetmiş üç qəpik) icarə haqqı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı tərtib olunmuş və həmin aktda xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə Cavabdeh MMC-nin "xxxx" MMC-yə 1089,73 manat borcunun olduğu Cavabdeh MMC-nin möhürü və imza ilə təsdiq etmişdir.

15. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

16. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,9 manat (otuz manat doxsan qəpik) (iş üzrə ödənilməli olan dövlət rüsumu bu məbləğdə olmuşdur) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehndən 1089,73 manat (min səksən doqquz manat yetmiş üç qəpik) icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,9 manat (otuz manat doxsan qəpik) olmaqla, ümumilikdə 1120,63 manat (min yüz iyirmi manat altmış üç qəpik) məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar