Məhkəmə qərarları › İş №e-2-2(113)-3551/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3551/2025

26.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3551/2025 26.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, avans) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.599.756,36 manat əsas borc, 227.478,51 manat əldən çıxmış fayda, 320 manat vəkilə ödənilən xidmət haqqı, 2203,62 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.829.758,49 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh ilə bağladığı xx.xx.2013-cü il tarixli HS- 005/2013 nömrəli müqaviləyə əsasən 15,136,400.00 manat dəyərində Birlikdən müxtəlif adlı neft məhsullarının dəyərini öncədən ödəməklə alışlarını həyata keçirilməsi razılaşdırılmışdır. İddiaçı 2013-cü ildə müqavilə şərtlərinə uyğun öcədən dəyəri ödənilməklə neft məhsullarının alışları həyata keçirilmişdir. Tərəflər arasında razılaşmaya əsasən tərəflər arasında bağlanmış 2013-cü il tarixli HS-005/3013 saylı müqaviləsi üzrə 2014-cü ildə ayrı-ayrı vaxtlarda olmaqla 5763691,42 manat vəsait mal alışı üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh bank hesabına ödənilmiş və bir sıra neft məsulları alınmışdır. Lakin 2015-ci ildən neft məsullarının qiymətlərinin dəyişməsi və başqa səbəblərdən cavabdeh tərəfindən malların verilməsində yubanmalar yaranmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh ilə bağladığı müqavilələrdən Tərəflərin qarşılıqlı əməkdaşlıq müddətində debitor, kreditor borclarla bağlı məsələlərin tənzimlənməsi üçün müxtəlif vaxtlarda “X1” aktları tərtib edilib təsdiq etmişlərdir. İddiaçı ilə Cavabdeh arasında “X1” aktları ilə, xx.xx.2021-ci il tarixli aktla, 3,240,504.95 manat, xx.xx.2022-ci il tarixli aktla, 3,240,504.95 manat borcunun olması təsdiq edilmişdir. Tərəfimizdən, 30 sentyabr 2022-ci il tarixli 036 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə müraciət edərək 3,240,504.95 manat borcunun olduğunu diqqətinə çatdırmışıq və bizə olan borcun əsas məbləğini 2746190,64 manat olmaqla bank hesabımıza ƏDV məbləğini isə 494314,31 manat olmaqla ƏDV depozit hesabımıza geri qaytarılmasını xahiş etmişik. Həmin məktubla müraciətimizdən sonra xx.xx.2022-ci il tarixdə 500000 manat əsas vəsait, 90000 manat ƏDV İddiaçınə geri qaytarılmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “X1” aktı ilə 2,650,504.95 manat borcun qaldığı təsdiq edilmişdir. 301950 nömrəli xx.xx.2023-cü il tarixlielektron qaimə-faktura ilə 6893,02 manat dəyərində Turbin yağı və 390119 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura ilə 43855,57 manat dəyərində Avtotraktor yağı təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh arasında sonuncu dəfə 25 yanvar 2024-cü il tarixli “X1” aktı ilə 2,599,756.36 (iki milyon beş yüz doxsan doqquz min yeddi yüz əlli altı) manat borcu qaldığı təsdiq edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli 007 nömrəli məktubla “Azneft İB-nin İLQAR LTD şirkətinə olan borc vəsaitinin qaytarılmasını xahiş etmişdir. Lakin İLQAR LTD şirkətinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 14-2/2-1799/2024 saylı cavab məktubunda “tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış borc məsələsiCavabdeh rəhbərliyinin diqqət mərkəzində olduğu” bildirilmişdir. Ama ödəniş həyata keçirilməmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixli pretenziya tələbilə Cavabdehndən 2599756,36 manat borcun ödənilməsini xahiş edilmişdir. Lakin borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, İddiaçı böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, o cümlədən digər ödənişlər kimi cari xərclərini ödəmək məcburiyyətindədir. Bununla yanaşı şirkətin yeni layihələrin maliyyələşdirilməsində çətinliklər yarandığından, kreditor borcların ödənilməsi müqavilə tərəflərindən tələb edildiyini diqqətinizə çatdıraraq şirkətin maliyyə çətinliklərini tənzimləmək üçün Cavabdehndə olan İLQAR LTD şirkətinin alacağı vəsaitinə böyük ehtiyac vardır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirik ki, son 15 ay ərzində ödənişi etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5% lə dəymiş zərər, vəkilə ödənilən 320 manat xidmət haqqı və dövlət rüsumu ondan tutularaq İddiaçınə ödənilməlidir. Hesab edirik ki, 2.599.756,36 manat x 5% = 129.987,81 manat : 12 ay =10 832,31 x 15 ay =227.478,51 manat.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB arasında xx.xx.2013-cü il tarixdə HS-005/2013 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 15,136,400.00 manat dəyərində müxtəlif adlı neft məhsullrının dəyərini öncədən ödəməklə “Azneft” İB-dən alışının həyata keçirilməsinə dair razılıq əldə edilmişdir. Həmin müqavilə üzrə mütəmadi razılaşdırılmış şəkildə cavabdeh tərəfindən müqavilədə göstərilən mallar iddiaçıya təqdim edilmişdir. Ötən müddət ərzində təxminən 13000000 manat dəyərində mallar təqdim edilmişdir. Hazırda isə cəmi 2.599.756,36 manat dəyərində malların verilməsi qalmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini həmişə lazımi şəkildə yerinə yetirmiş, bu gün də öz öhdəliklərindən yayınmır. İddiaçı tərəfin iddia ərizəsində qeyd etdiklərindən və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan da aydın olur ki, iddiaçı ancaq neft məhsullarının qiymətinin artması ilə bağlı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və müqavilə üzrə öhdəliklərini yerinə yetirmək əvəzinə “Azneft” İB-ni müqavilə üzrə öhdəliklərini pozmaqda iddia edərək, onu cavabdeh qismində məhkəməyə cəlb etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında bağlanmış müqavilən şərtlərinə görə 15.136.400,00 manat məbləğində müxtəlif adlı neft məhsullarının dəyərinin öncədən ödənilməsi razılaşdırılmışdır. Müqavilədə neft məhsullarının qiymətinin dövlət tənzimlənməsinə aid edildiyi, Respublika daxilində Tarif (qiymət) Şurasının qərarı əsasında dəyişdirilərsə, bu müqavilə üzrə sadalanan neft məhsulunun qiymətinin də Tarif Şurasının qəbul etdiyi qərara uyğunlaşdıraraq dəyişdirilməısi razılaşdırılmışdır. İddiaçı həmin məbləği ödəyərkən, artıq məbləğin hansı istiqamətdə xərclənəcəyini qəbul etmiş və həmin məbləğin bu gün cavabdehədə olması ilə ona hər hansı zərərin dəyməsi kimi fikir irəli sürməsi qəbuledilməzdir. Qeyd etmək istəyirik ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin bağlanması özü çox böyük və uzun bir prosesin nəticəsində baş verir. Belə ki, tender keçirilir, iştirakçılar arasından lazımi şərtlərə cavab verən inamlı, güvənli qalib seçilir. Sonra digər prosessual hərəkətlər yerinı yetirilir. İddiaçı ilə müqavilə bağlanarkən, cavavbdeh müqavilədə nəzərdə tutlmuş məbləğdə məhsulların verilməsi istiqamətində bir çox işləmlər həyata keçirir. Qabaqcadan ödənilmiş məbləğə ümid edərək, fəaliyyətini ona görə hesablayır. Əgər cavabdeh iddiaçının heç bir əsas olmadan müqavilə üzrə öhdəliklərini həyata keçirməyəcəyin bilmiş olsaydı, əsla sözügedən müqavilə bağlanmazdı. Bu gün iddiaçı guya müqavilə üzrə borc yarandığını, borc məbləğinin qaytarılmadığını, bunun nəticəsində ona zərər dəydiyini iddia edərək pul tələbi irəli sürür, əldən çıxmış fayda tələb edir. Halbu ki, müqavilənin şərtləri iddiaçının özü tərəfindən pozulur və bunun nəticəsində zərər çəkən tərəf məhz cavabdehdir. Xüsusilə bildirmək istəyirəm ki, cavabdeh tərəfindən irəli sürülən iddia formal mülahizələrə əsaslanır, heç bir əsası yoxdur. İddiaçı özü müqavilə üzrə öhdəliklərindən yayınır, cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər həmişə tam və vaxtında yerinə yetirilmişdir, bu gün də cavabdeh həmin öhdəliklərin yerinə yetirilməsinə hazırdır. Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azərbaycanda neft-qaz sektorunda, eləcədə ölkənin iqtisadiyyatında, inkişafında, beynəlxalq münasibətlərdə çox mühüm rol oynayaraq neft-qaz sektorunda neftin emalı, ixracı, nəqli və s. ilə məşğul olan böyük, ciddi bir şirkətdir. Azərbaycanın dövlət müstəqilliyi dövründə SOCAR qısa müddətdə ölkə daxilində və xaricdə regional və qlobal enerji layihələri həyata keçirməklə çoxlu sayda boru kəmərləri inşa edərək, istismara verib. Şirkətin missiyası zəngin neft-qaz əməliyyatları təcrübəmizi müasir texnologiya və səriştəliklərlə təkmilləşdirərək yerli, regional və beynəlxalq müstəvidə dayanıqlı inkişafa və enerji təhlükəsizliyinə töhfə vermək, enerji keçidi, innovasiyalar və rəqəmsallaşdırma vasitəsilə əməliyyatlarımızı inkişaf etdirərək daha da qabaqcıl enerji şirkəti olmaqdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib, yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında imzalanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı alıcının 57 saylı, xx.xx.2012-ci il tarixli məktubuna əsasən neft məhsullarını satmağı, alıcı isə dəyərini qabaqcadan ödəməklə həmin məhsulları qəbul etməyi öz öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən neft məhsulun dəyəri satıcının təqdim etdiyi hesab əsasında qabaqcadan ödənilir.

10. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilə üzrə neft məhsulu tədarük müddətinə müvafiq olaraq təchiz edilməlidir.

11. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək, ödənilmiş avans məbləğinin tam şəkildə qaytarılmasını tələb etmişdir.

12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətin cavablandırılması haqqında məktuba əsasən müqavilə üzrə yaranmış borc məbləğinin cavabdeh “Azneft” İB-nin diqqət mərkəzində olması qeyd olunmuşdur.

13. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli X1 aktından görünür ki, xx.xx.2021-ci il tarixinə cavabdehin iddiaçıya borcu 3240504,95 manat təşkil edir.

14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli X1 aktından görünür ki, xx.xx.2022-ci il tarixinə cavabdehin iddiaçıya borcu 3240504,95 manat təşkil edir.

15. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli X1 aktından görünür ki, xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçıya borcu 2650504,95 manat təşkil edir.

16. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X1 aktından görünür ki, xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya borcu 2599756,36 manat təşkil edir.

17. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, EBDF 390119 nömrəli 43855,57 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDF 301950 nömrəli 6893,02 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.

18. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 90000 manat vəsait qaytarılmışdır.

19. İş materiallarına əlavə olunmuş kredit haqqında bildirişə əsasən xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya 500000 AZN vəsait qaytarılmışdır.

20. İş materiallarına əlavə olunmuş debit haqqında bildirişlərə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2014-cü il tarixdə 426644,07 AZN, xx.xx.2014-cü il tarixdə 167796,61 AZN, xx.xx.2014-cü il tarixdə 414915,25 AZN, xx.xx.2014-cü il tarixdə 331932,2 AZN, xx.xx.2014-cü il tarixdə 82983,05 AZN, xx.xx.2014-cü il tarixdə 167796,61 AZN, xx.xx.2014-cü il tarixdə 221637,29 AZN, xx.xx.2014-cü il tarixdə 180000 AZN, xx.xx.2014-cü il tarixdə 419491,53 AZN, xx.xx.2014-cü il tarixdə 83898,31 AZN, xx.xx.2014-cü il tarixdə 520932,2 AZN, xx.xx.2014-cü il tarixdə 33559,32 AZN, xx.xx.2014cü il tarixdə 176789,9 AZN, xx.xx.2014-cü il tarixdə 225339,1 AZN, xx.xx.2014-cü il tarixdə 83898,31 AZN, xx.xx.2014-cü il tarixdə 404389,83 AZN, xx.xx.2014-cü il tarixdə 335593,22 AZN, xx.xx.2014-cü il tarixdə 434745,76 AZN, xx.xx.2014-cü il tarixdə 347796,61 AZN, xx.xx.2024-cü il tarixdə 213559,32 AZN, xx.xx.2014-cü il tarixdə 417355,93 AZN, xx.xx.2014-cü il tarixdə 72637 AZN vəsait ödənilmişdir.

21. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli, 24 nömrəli ödəniş tapşırığına əsasən 711864,41 AZN vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

22. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli, 24/1 nömrəli ödəniş tapşırığına əsasən 128135,59 AZN vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

23. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli, 17 nömrəli ödəniş tapşırığına əsasən ******* AZN vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

24. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli, 17/1 nömrəli ödəniş tapşırığına əsasən 180000 AZN vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

25. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli, 11/1 nömrəli ödəniş tapşırığına əsasən 106779,66 AZN vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

26. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli, 14 nömrəli ödəniş tapşırığına əsasən 666666,67 AZN vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

27. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli, 24 nömrəli ödəniş tapşırığına əsasən 593220,34 AZN vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

28. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

29. Belə ki, iddia 2 hissədən ibarətdir: 1. 2599756,36 manat pulun qaytarılması; 2. 227478,51 manat faiz borcunun ödənilməsi.

30. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

34. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

35. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

37. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

38. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

39. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

40. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə müqavilənin tələblərinə əsasən avans qaydada 3240504,95 manat vəsait nağdsız qaydada ödənilmişdir.

41. Cavabdeh tərəfindən iddiaçıya həmin vəsaitin müqabilində 50748,59 manat dəyərində mal təhvil verilmiş, iddiaçının pulun qaytarılması ilə bağlı yazılı tələbindən sonra ona 590000 manat məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə geri qaytarmışdır.

42. Cavabdeh hazırda geri tələb edilən vəsaitlərin ödənilməsindən keçən 4 ildən artıq müddət ərzində müqavilənin 2-ci bəndinin tələblərini pozmuş, iddiaçıya alqı-satqı müqaviləsi üzrə həmin vəsaitin müqabilində hər hansı mal təhvil verməmişdir.

43. Məhkəmə qeyd edir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.

44. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə qabaqcadan ödənilmiş olan 2.599.756,36 manat vəsaiti geri qaytarmaqla haqlıdır, iddia tələbi birinci hissədə əsaslı olduğu üçün təmin edilməlidir.

45. Məhkəmə iddianı ikinci hissədə qismən əsaslı hesab edir.

46. Belə ki, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc (2599756,36 manat) üzrə ona vurulmuş zərər qismində 15 aylıq dövr üzrə 227478,51 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

47. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

48. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

49. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

50. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

51. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

52. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

53. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

54. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

55. 599.4-cü maddəsinə əsasən satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

56. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

57. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

58. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

59. Belə ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək, ödənilmiş avans məbləğinin tam şəkildə qaytarılmasını tələb etmişdir.

60. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətin cavablandırılması haqqında məktuba əsasən müqavilə üzrə yaranmış borc məbləğinin cavabdeh “Azneft” İB-nin diqqət mərkəzində olması göstərilmişdir.

61. İddiaçının tələbinə baxmayaraq avans məbləğ ona qaytarılmadığı üçün iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməyə haqlıdır.

62. Bununla yanaşı, iddiaçı tərəfindən tələb edilən faiz borcu düzgün hesablanmamışdır.

63. Belə ki, iddiaçının tələb etdiyi 15 aylıq (450 gün) dövr üçün ona 160258,50 manat (2599756,36 manat * 5 faiz / 100 / 365 gün * 450 gün (15 ay)) pul ödənilməlidir.

64. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2599756,36 manat borc, 160258,50 manat illik beş faizlə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

65. Bundan başqa iddia ərizəsində 320 manat hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, həmin xərc iddiaçının özünə aid edilməlidir.

66. Belə ki, iddiaçı iddia ərizəsində 325 manat hüquqi yardımla bağlı xərcin cavabdehdən tutulmasını tələb etsə də, həmin pulun ödənilməsi barədə sübut məhkəməyə təqdim olunmamışdır.

67. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

68. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

69. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 2170 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 35 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

70. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən 2599756,36 manat əsas borc, 160258,50 manat illik beş faizlə hesablanmış faiz borcu, 2170 manat dövlət rüsumu, ümumilikdə 2762184,86 (iki milyon yeddi yüz altmış iki min bir yüz səksən dörd manat səksən altı qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 35 (otuz beş) manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat vəkil xərci İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar