Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3557/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Firmasının Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Firması Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən İddiaçı Firmasına hesablanmış 501414,58 manat borcun **********00090 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən İddiaçı Firmasına məxsus qeyri-yaşayış sahəsinə (kərpic sexi) müqavilə əsasında **********00090 saylı abonent hesabı verilərək, təbii qazla təchiz edilir. 2025-ci ilin fevral ayına qədər cavabdeh tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatsız olduğundan tərəflər arasında hər hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim vaxtlı-vaxtında ödənilmişdir. 2025-ci ildə isə cavabdehlə mübahisə yaranmışdır. Belə ki, sonradan məlum olduğu kimi, 2018-ci ilin mart ayından 2025-ci ilin mart ayınadək sayğac göstəricisindən əlavə aktlar əsasında ümumilikdə 501414,58 manat məbləğində borc hesablanmışdır. Abonent saldosundan da göründüyü kimi, 2018-ci ilin mart ayında 12366,60 manat, 2019-cu ilin mart ayında 13815 manat, sentyabr ayında 4357,40 manat və dekabr ayında 228,60 manat, 2020-ci ilin yanvar ayında 4398 manat, 2025-ci ilin yanvar ayında 74614,25 manat aktlar əsasında borc yazılmışdır. Bundan başqa, abonent saldosundan göründüyü kimi, istifadədə olan qaz sayğacı xx.xx.2025-ci il tarixdə çıxarılaraq digər sayğacla əvəz edilmişdir. Çıxarılmış qaz sayğacının göstəricilərinə əsasən fevral ayının 11 gününə görə 247972,08 manat borc yazılmışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, orta hesabla ay ərzində 40-45 min civarında təbii qazdan istifadə edilir. Belə dinamika olduğu halda 11 gün üçün 247972,08 manat məbləğində təbii qazdan istifadə edilməsi heç bir məntiqə sığmır. Belə bir halın mövcudluğu cavabdeh tərəfindən qaz sayğacına əsasən apardığı bütün hesabatları şübhə altına alır və hesablanmış borcun hansı əsaslarla hesablandığına dair cavabdeh heç bir sübut təqdim etmir. Hazırda abonent saldosunda borc 501414,58 manat qeyd edilmişdir, lakin yuxarıda qeyd edilənlərdən irəli gələrək hesab edilir ki, cavabdeh tərəfindən hesablanmış bu məbləğ tam əsassız hesablanmış borcdur və reallığı əks etdirmir. Sözügedən aktlarla bağlı cavabdeh təşkilata müraciət edildikdə bildirdilər ki, guya aktlar tərtib edilən aylarda istifadədə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək hesaba işlənmişdir. Belə ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi, təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən tərtib edilmiş aktlarda cavabdeh tərəfindən əmsal müəyyən edilərək, sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın əmsal dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tətbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi, cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktlar və abonent saldosundan göründüyü kimi, cavabdeh təşkilat özlərinin müəyyən etdiyi, lakin tam qanunsuz olaraq ümumilikdə 501414,58 manat məbləğində borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi, qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək, həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi və pulun geri qaytarılması tələb edilmişdir, lakin göründüyü kimi, müsbət nəticə əldə edilməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası “Qazdan istifadə qaydaları”nın 5.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 31.2-ci maddələrinə istinad edilmişdir.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya aktlara əsasən hesablanmış 3169,77 manat və 2025-ci ilin fevral ayına hesablanmış 215976,25 manat borcun **********00090 nömrəli abonent kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, qaz sayğacı üzrə cavabdeh tərəfindən aparılmış hesablamalar ciddi şübhələr yaratdığı üçün iddia ərizəsi verilən günə (xx.xx.2025) mövcud borcun, yəni 501414,58 manatın silinməsi tələbi irəli sürülmüşdür. Məhkəmə gedişi zamanı işin hallarının araşdırılması gedişatında məlum olan hallara uyğun iddia tələbinin dəqiqləşdirilməsinə və iddanın həcminin azalmasına zərurət yaranmışdır. Belə ki, Abonent saldosundan göründüyü kimi, aktlar əsasında sayğac göstəricilərindən əlavə 2018-ci ilin mart ayında 12366,60 manat, 2019-cu ilin mart ayında 13815 manat, sentyabr ayında 4357,40 manat, dekabr ayında 228,60 manat, 2020-ci ilin yanvar ayında 4398 manat, 2025-ci ilin yanvar ayında 74614,25 manat olmaqla, ümumilikdə 109779,85 manat borc hesablanmışdır. 109779,85 manat borc məbləği guya sayğacın işləmədiyinə görə qanunsuz tərtib edilmiş aktlar əsasında hesablanmışdır. xx.xx.2025-ci il tarixdə istifadələrində olan ELSTER G-650 tipli, 83048132 nömrəli qaz sayğacı çıxarılaraq, əvəzinə müvəqqəti sayğac quraşdırılmışdır. Sözügedən aktda qeyd edilmişdir ki, “G-650 tipli, 83048132 nömrəli qaz sayğacının ekranı qaralır, oxunması çətindir, çıxarıldı, əvəzinə müvəqqəti sayğac quraşdırıldı”. Göründüyü kimi, sayğac çıxarılan anda onun göstəricilərinin oxunması mümkün olmamışdır. Cavabdeh təşkilatın daxili yazışma sənədi olan “Qaz sərfinə düzəliş olunması barədə” məktubda isə qeyd edilir ki, iddiaçının qaz sayğacının elektron göstəricisi yanvar ayında işləməmiş, lakin xx.xx.2025-ci il tarixdə sayğac əvəzlənərkən çıxarılan sayğacın elektron hissəsi yenidən işə düşmüşdür və bu səbəbdən yanvar ayında hesablanmış 445415 m3 qaz həcminin fevral ayında hesablanmış qaz həcmindən çıxılması xahiş edilmişdir. 2025-ci ilin fevral ayının 11 gününə görə isə cavabdeh tərəf iddiaçıya 247972,08 manat məbləğində borc hesablamışdır. Qeyd etmək lazımdır ki, o məbləğdə qaz həcmindən istifadə etməkləri qeyri-mümkündür. Sözügedən məktuba əsasən yanvar ayında hesablanmış qaz həcmi silinməmişdir. Belə ki, yanvar ayında sayğac göstəricisinə əsasən 31995,83 manat, akta əsasən isə 74614,25 manat borc hesablanmışdır. Yanvar ayında akta əsasən hesablanmış borc silinmiş, sayğac göstəricilərinə əsasən hesablanmış borc isə saxlanmışdır. Göründüyü kimi, məktuba əsasən yanvar ayında hesablanmış göstəricinin silinməsi xahiş edilsə də, onun əvəzinə cavabdeh 2018-ci ildən barələrində tərtib edilmiş aktların cəmi məbləğindən 106610,08 manat hissəni silmişdir (cavabdehin nümayəndəsi ötən məhkəmə iclasında da bunu etiraf etdi). Bu səbəbdən abonent saldosunun “cəmi” bölümündəki “Aktlar” qrafasında məbləğ 3169,77 manat qeyd edilmişdir (109779,85 – 106610,08 = 3169,77). Göründüyü kimi, cavabdeh təşkilat öz qanunsuz aktlarının bir qismini silmiş, lakin 3169,77 manat hissəsi silinməmiş qalmışdır. Daha sonra abonent saldosundan aydın olduğu kimi, xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən qaz sayğacı çıxarılmış və çıxarılan qüsurlu sayğacın guya göstəricilərinə əsasən onlara fevral ayının 11 gününə görə 247972,08 manat məbləğində borc hesablanmışdır. Bu da heç bir məntiqə sığmır. Abonent saldosundan göründüyü kimi, o məbləğdə təbii qazdan heç zaman istifadə olunmamış, heç olunması mümkün də deyil. Hesab edirlər ki, 2025-ci ilin fevral ayında sayğac nasaz olduğundan və göstəriciləri oxunmadığından sərf edilən qaz həcmi ötən ayın orta gündəlik sərfinə uyğun müəyyən edilməlidir. Yəni 2025-ci ilin fevral ayı üzrə borc 31995,83 manat hesablanmalı idi. Buradan bu qənaətə gəlinir ki, 2025-ci ilin fevral ayı üzrə 215976,25 manat borc artıq hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Göründüyü kimi, cavabdeh tərəfindən 2025-ci ilin fevral ayında qazın dəyərinin hesablanması analogiya üzrə qaydaların 5.4-cü bəndini tətbiq edərək ötən ayın orta günlük sərfinə uyğun hesablansaydı, daha ədalətli olardı. Bundan başqa, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmçinin o da qeyd olunur ki, cavabdeh tərəfindən aktların silinməsi halı artıq özlüyündə tərtib edilmiş aktların qanunsuz və əsassız olmasının cavabdehin özü tərəfindən etirafı kimi qəbul edilməlidir. Əks təqdirdə, cavabdehin nə marağı var ki, həmin aktların silinməsi barədə qərar qəbul etsin. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh tərəfindən iddiaçıya aktlara əsasən hesablanmış 3169,77 manat və 2025-ci ilin fevral ayına hesablanmış 215976,25 manat borcun **********00090 nömrəli abonent kodundan silinməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur.
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək qeyd etdi ki, 106610,08 manat məbləğ silinibdir və bu silinən məbləğ aktlar üzrə silinibdir. Digər 3169,77 manat qalıq məbləğ aktlar üzrə hesablanan qalıq məbləğdir. Sayğac əvəzlənərkən elektron hissəsinin oxunması yenidən mümkün olmuş və göstəricilər bazaya işlənilmişdir və 247972,08 manat məbləğ fevral ayının 11-nə hesablanmış məbləğdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
9. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən İddiaçı Firmasına 2018-ci ilin mart ayında qaz sərfiyyatı üçün 12366,6 manat borc hesablanmışdır.
10. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən İddiaçı Firmasına 2019-cu ilin sentyabr ayında qaz sərfiyyatı üçün 4357,4 manat borc hesablanmışdır.
11. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən İddiaçı Firmasına 2019-cu ilin dekabr ayında qaz sərfiyyatı üçün 228,6 manat borc hesablanmışdır.
12. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 29/1640-02163-3 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB-nin SOCAR**********31791640X02163 saylı, xx.xx.2019-cu il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Abşeron rayon xidmət sahəsinin Qobu Kərpic zavodunun qaz xətti üzərində quraşdırılmış G-650 markalı, ********** nömrəli turbin tipli “İtron” qaz sayğacı xx.xx.2019-cu il tarixində xətdən çıxarılmış, xx.xx.2019-cu il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Sayğacın daxilinin çirkli olduğu, ekranda ALARM, P, T işarəsi olduğu, göstəricilər arasında fərqin mövcudluğu müəyyən olunmuşdur. xx.xx.2019-xx.xx.2019-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=5,48 bar, korreksiya olunmuş maksimal qaz həcmi 209 m3 korreksiya olunmamış qaz həcmi 51 m3 qeydə alınmışdır. Təzyiq borusunda sızma olmadığı müəyyən edilmişdir. Elektron göstərici mexaniki göstəricidən 250 m3 az olduğu qeydə alınmışdır. LCD ekrandan alarm silinmiş, korrektor yoxlanılmış və normal işlədiyi müəyyən edilmişdir.
13. Sumqayıt QİS tərəfindən Cavabdeh İB-yə ünvanlanmış qaz sərfinə düzəliş olunması barədə məktubun məzmunundan müəyyən olunur ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Sədərək firması (kərpic zavod) müəssisəsinə məxsus G-650 markalı, 83048132 nömrəli sayğacın (kod-**********00090) elektron hissəsi işləmədiyi üçün xx.xx.2025 tarixində müvəqqəti qaz sayğacı ilə əvəz olunmuşdur. Sayğac əvəzlənərkən elektron hissəsinin oxunması yenidən mümkün olmuş və sayğacın göstəricisi mex- 4363755 elektron-13107712 olaraq bazaya işlənilmişdir. Bunun nəticəsində yanvar ayında istifadə olunan qaz həcmi təkrarən fevral ayında da hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq yanvar ayında hesablanmış 445415 m3 (mexaniki göstərici fərqi 133678 m3=3 , əmsal ilə 311737 m3 ) qaz sərfinin fevral ayında hesablanmış 795641 m3 qaz sərfindən çıxılması xahiş edilmişdir.
14. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx-xx/2025 nömrəli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı Firmasının qaz xətti üzərində quraşdırılmış G-650 markalı, 83048132 nömrəli qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmadığı üçün xx.xx.2024-cü il tarixində əvəzlənərək dövlət yoxlamasına göndərilmiş və sayğacın hesabatının 4313***-*******=133678 m3 (mexaniki göstərici fərqi); 133678x3,332=445415; 445415-133678=311737 m3 (əmsal fərqi) kimi aparılacağı qeyd edilmişdir.
15. xx.xx.2025-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın məzmunundan müəyyən olunur ki, G-650 markalı, 83048132 nömrəli sayğacın elektron hissəsini oxumaq çətin olduğu üçün çıxarılmış və əvəzində müvəqqəti olaraq G-650 markalı, 83051939 nömrəli sayğac quraşdırılmışdır.
16. xx.xx.2025-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı Firmasının (abonent kodu: **********00090) ümumilikdə borcu 501414,58 manat (sayğac oxunması: 29334028,71 manat + aktlar: 3169,77 manat – ödəmələr: 2435783,9 manat = son borc: 501414,58 manat) təşkil edir. Aktlar əsasında hesablanmış borclar 2018-ci ilin mart ayı üzrə 12366,6 manat, 2019-cu ilin mart ayı üzrə 13815 manat, sentyabr ayı üzrə 4357,4 manat, dekabr ayı üzrə 228,6 manat, 2020-ci ilin yanvar ayı üzrə 4398 manat, 2025-ci ilin yanvar ayı üzrə 74614,25 manat təşkil edir. Saldoda 2025-ci ilin yanvar ayı üçün sərfin məbləği 31995,83, fevral ayı üçün 247972,08 qeyd edilmişdir. Sayğac – tip: Elster G-650, TRZ EK-240, nömrə: 83051939, quraşdırılma tarixi: xx.xx.2025-ci il.
17. xx.xx.2025-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı Firmasının (abonent kodu: **********00090) ümumilikdə borcu 410713,22 manat (sayğac oxunması: 3021766,95 manat + aktlar: 3169,77 manat – ödəmələr: 2614223,5 manat = son borc: 410713,22 manat) təşkil edir.
18. xx.xx.2025-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı Firmasının (abonent kodu: **********00090) ümumilikdə borcu 555622,34 manat (sayğac oxunması: 3166676,07 manat + aktlar: 3169,77 manat – ödəmələr: 2614223,5 manat = son borc: 555622,34 manat) təşkil edir. Aktlar əsasında hesablanmış borclar 2018-ci ilin mart ayı üzrə 12366,6 manat, 2019-cu ilin mart ayı üzrə 13815 manat, sentyabr ayı üzrə 4357,4 manat, dekabr ayı üzrə 228,6 manat, 2020-ci ilin yanvar ayı üzrə 4398 manat, 2025-ci ilin yanvar ayı üzrə 74614,25 manat təşkil edir. Saldoda 2025-ci ilin yanvar ayı üçün sərfin məbləği 31995,83, fevral ayı üçün 247972,08 qeyd edilmişdir . Sayğac – tip: Elster G-650, TRZ EK-240, nömrə: 83051939, quraşdırılma tarixi: xx.xx.2025-ci il.
19. Sədərək” Firması tərəfindən Cavabdeh İB-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, 3 gün müddətində İddiaçı Firması-na hesablanmış 501414,58 manat borcun **********00090 nömrəli abonent kodundan silinməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
21. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
22. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
25. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, qaz sayğacının elektron hissəsinin düzgün hesabat aparmaması ilə əlaqədar baxış keçirilərək, Cavabdeh İB tərəfindən iddiaçı barəsində aktlar tərtib edilmişdir. Belə ki, aktlar əsasında 2018-ci il üzrə 12366,6 manat, 2019-cu ilin 18401 manat (mart ayı üzrə 13815 manat, sentyabr ayı üzrə 4357,4 manat, dekabr ayı üzrə 228,6 manat), 2020-ci il üzrə 4398 manat, 2025-ci ilin yanvar ayı üzrə 74614,25 manat borc hesablanmışdır. xx.xx.2025-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın məzmunundan müəyyən olunur ki, G- 650 markalı, 83048132 nömrəli sayğacın elektron hissəsini oxumaq çətin olduğu üçün çıxarılmış və əvəzində müvəqqəti olaraq G-650 markalı, 83051939 nömrəli sayğac quraşdırılmışdır. Sumqayıt QİS tərəfindən Cavabdeh İB-yə ünvanlanmış qaz sərfinə düzəliş olunması barədə məktubun məzmunundan müəyyən olunur ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Sədərək firması (kərpic zavod) müəssisəsinə məxsus G-650 markalı, 83048132 nömrəli sayğacın (kod-**********00090) elektron hissəsi işləmədiyi üçün xx.xx.2025 tarixində müvəqqəti qaz sayğacı ilə əvəz olunmuşdur. Sayğac əvəzlənərkən elektron hissəsinin oxunması yenidən mümkün olmuş və sayğacın göstəricisi mex- 4363755 elektron-13107712 olaraq bazaya işlənilmişdir. Bunun nəticəsində yanvar ayında istifadə olunan qaz həcmi təkrarən fevral ayında da hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq yanvar ayında hesablanmış 445415 m3 (mexaniki göstərici fərqi 133678 m3=3 , əmsal ilə 311737 m3 ) qaz sərfinin fevral ayında hesablanmış 795641 m3 qaz sərfindən çıxılması xahiş edilmişdir. Cavabdehin nümayəndəsi də bildirmişdir ki, sayğac əvəzlənərkən elektron hissəsinin oxunması yenidən mümkün olmuş və göstəricilər bazaya işlənilmişdir, nəticədə aktlar əsasında hesablanmış məbləğlər silinmiş və aktlar əsasında hesablanmış borcdan 3169,77 manat borc qalmışdır.
26. Qeyd olunmalıdır ki, 3169,77 manat məbləğ abonent saldosunun “cəmi” bölümündəki “Aktlar” qrafasında da məbləğ 3169,77 manat qeyd edilmişdir (109779,85 – 106610,08 = 3169,77) öz əksini tapmışdır.
27. İddia tələbinin bir hissəsini cavabdeh tərəfindən iddiaçıya aktlara əsasən hesablanmış 3169,77 manat borcun **********00090 nömrəli abonent kodundan silinməsi təşkil edir.
28. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır.
29. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
30. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilən akt qanunsuz olduğundan və hüquqi nəticələr yaratmadığından, Cavabdeh İB tərəfindən İddiaçı Firmasına aktlar əsasında hesablanmış 3169,77 manat məbləğində pul vəsaiti iddiaçının **********00090 nömrəli abonent kodundan silinməlidir.
31. İddia tələbinin digər hissəsini 2025-ci ilin fevral ayına hesablanmış 215976,25 manat borcun **********00090 nömrəli abonent kodundan silinməsi təşkil edir.
32. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. Belə ki, müəyyən olunur ki, 2025-ci ilin fevral ayı üçün qaz sərfinin məbləği 247972,08 manat hesablanaraq, abonentin hesabına işlənmışdir. Eləcə də müəyyən olunur ki, həmin məbləğ fevral ayı üzrə 11 gün üçün hesablanmışdır. Qeyd olunduğu kimi, cavabdehin nümayəndəsi də məhkəmə iclasında sayğac əvəzlənərkən elektron hissəsinin oxunmasının yenidən mümkün olduğu və göstəricilərin bazaya işlənildiyini qeyd etmişdir. Həmin hal işdə olan digər sübutlardan, Sumqayıt QİS tərəfindən Cavabdeh İB-yə ünvanlanmış qaz sərfinə düzəliş olunması barədə məktubdan da müəyyən olunur. Saldoya diqqət yetirdikdə heç bir ay üzrə həmin məbləğdə qaz sərfinin olmadığı müəyyən olunur. Eyni zamanda qeyd olunur ki, həmin məbləğ 2025-ci ilin fevral ayının 11 günü üçün hesablanaraq, fevral ayının borcu kimi bazaya işlənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, həmin məbləğ əsassız olaraq hesablanmış məbləğdir.
33. Eyni zamanda iddiaçı da qəbul edir ki, həmin dövrdə onun tərəfindən qaz sərfi olubdur. İddiaçı hesab edir ki, 2025-ci ilin fevral ayında sayğac nasaz olduğundan və göstəriciləri oxunmadığından sərf edilən qaz həcmi ötən ayın orta gündəlik sərfinə uyğun müəyyən edilməli, yəni 2025-ci ilin fevral ayı üzrə borc 31995,83 manat hesablanmalı idi (2025-ci ilin yanvar ayının sərfiyyatına uyğun olaraq).
34. Məhkəmə hesab edir ki, fevral ayı üçün qaz sərfinin məbləği dəqiq müəyyən oluna bilmədiyindən, hesablama əvvəlki aylara uyğun hesablanmalıdır. Məhkəmənin qənaətinə əsasən hesablamanın əvvəlki yanvar ayının göstəricilərinə uyğun aparılması məqsədəuyğun olmazdı, belə ki, həmin vaxt sayğacda elektron hissə işləmədiyindən həm akt əsasında (74614,25 manat məbləğ), həm də sayğac göstəricisinə əsasən (31995,83 manat) hesablama aparılmışdır. Ona görə də fevral ayı üzrə 11 gün üçün hesablama aparılarkən 2024-cü ilin mübahisəsiz olan, heç bir aktın tərtib olunmadığı son 6 ayının (iyul-dekabr ayları) orta günlük sərfiyyatı çıxarılaraq, 11 günə vurulmalıdır, yəni 2024-cü ilin iyul - dekabr ayları üzrə ümumilikdə 535250,1 manat məbləğində qaz sərfiyyatı olmuşdur (65298,2+97796,82+103546,74+115954,3+113538,92+39115,12=535250,1). Orta aylıq qaz sərfi 89208,35 manat (535250,1:6=89208,35), orta günlük qaz sərfi isə 2973,611 manat (89208,35:30=2973,611) olmuşdur. Həmin hesabla 11 günlük qaz sərfiyyatının məbləği 32709,721 manat (2973,611x11=32709,721) təşkil edir.
35. Beləliklə, İddiaçı Firmasının 2025-ci ilin fevral ayının 11 günü üzrə sərf etdiyi qazın məbləği ortalama olaraq 32709,721 manatdır. Belə olan halda iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli və cavabdeh tərəfindən 2025-ci ilin fevral ayına (11 gün üçün) hesablanmış 247972,08 manat borcdan 32709,721 manat çıxılaraq 215262,35 manat (iki yüz on beş min iki yüz altmış iki manat otuz beş qəpik) məbləğində borc "xxxx" Firmasının **********00090 saylı abonent hesabından silinməli (247972,08- 32709,721=215262,35), qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır.
36. Tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 3169,77 manat (üç min yüz altmış doqquz manat yetmiş yeddi qəpik) və 2025-ci ilin fevral ayına hesablanmış borcdan 215262,35 manat (iki yüz on beş min iki yüz altmış iki manat otuz beş qəpik) olmaqla, ümumilikdə 218432,12 manat (iki yüz on səkkiz min dörd yüz otuz iki manat on iki qəpik) məbləğində borc "xxxx" Firmasının **********00090 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova