Məhkəmə qərarları › İş №e-2-2(113)-356/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-356/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-356/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, müqavilənin birtərəfli ləğvi, dəbbə pulu haqqında razılaşmanın forması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 8095,47 manat əsas borc, 4593,93 manat faiz borcu, 2262,2 manat cərimə məbləği olmaqla ümumilikdə 14951,6 manat məbləğində pulun və ödənilmiş 134,86 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit razılaşmasına əsasən Cavabdeh2 33 ay müddətinə ilik 19% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 1FİZAM133825001 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən, o, əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Əsas kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə iddiaçıya 8095,47 manat əsas kredit borcu, 4593,93 manat kreditdən istifadəyə görə faiz borcu, 2262,20 manat penya olmaqla cəmi 14951,60 manat borcu qalmışdır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421, 443, 472-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X4 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək xx.xx.2024-cü il tarixli 9/8721 nömrəli ekspert rəyinə etiraz etmədiyini, lakin Cavabdeh1 humanistlik göstərərək kreditə zamin durduğunu, bu səbəbdən də ona münasibətdə iddianın rədd edilməsini xahiş etdi.

7. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi X3 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.

8. Cavabdeh1 məhkəmənin baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

9. Cavabdeh2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Kreditverən qismində) ilə Cavabdeh2 (Borcalan qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1280***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının şərtlərindən görünür ki, bu əsas kredit limiti razılaşmasına əsasən “Kreditverən” “Borcalan”a 500000 (beş yüz min) AZN məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu əsas kredit razılaşmasını və/və ya razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir (1.1). Kredit limiti çərçivəsində “Borcalan”a verilən kreditlər kredit razılaşmasının şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə, habelə gücləndirilmiş elektron imza və ya əl imzası ilə bağlanması ilə rəsmiləşdirilir və bu kredit limiti razılaşması çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu kredit limiti razılaşması və/və ya ayrılmaz tərkib hissəsi hesab edilən kredit razılaşmaları ilə müəyyən ediləcəkdir (1.2). Bu kredit limiti çərçivəsində veriləcək kreditlər digər valyutada verilə bilər, bir şərtlə ki, kreditin verildiyi ana olan məzənnə fərqi kredit limitinin məbləğindən artıq olmasın. “Borcalan” xarici valyutada götürülmüş kredit üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda “Borcalan” kimi xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürür və məsuliyyət daşıyır (1.3). Bu əsas kredit limiti razılaşmasının 1.1-ci bəndinə əsasən verilmiş kreditlərin məbləği Borcalanııı bank hesabından çıxarış vasitəsi ilə təsdiq edilir (1.4). Bu kredit limiti çərçivəsində veriləcək kreditlərə dair illik faiz dərəcəsi 30 (otuz) faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2032-ci il tarixdən artıq olmayacaqdır (1.5).

14. Həmin razılaşmanın ayrılmaz tərkibi olan xx.xx.2022-ci il tarixli kredit razılaşmasının şərtlərindən görünür ki, tərəflər arasında bağlanmış, “Kreditverənin” “https://www.bankrespublika.az/az/pages/komplcks-bank-xidmeti-muqavilesi_1310” rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə “Borcalana” 1280***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən 120 (bir yüz iyirmi) ay müddətinə illik 30 (otuz) faizdən çox olmamaq şərtilə 500000 (beş yüz min) AZN məbləğində kredit limiti açılmışdır. Bu kredit limitinə əsasən “Kreditverən” “Borcalan”nın ərizəsinə əsasən ona AZN, ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 1280***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürərək məsuliyyət daşıyırlar (1-ci bənd). “Kreditverən” 1280***-*******01L saylı xx.xx.2022-cı il tarixli əsas kredit limiti razılaşması çərçivəsində illik 19 (on doqquz) faiz dərəcəsi ilə xx.xx.2024 -cı il tarixinədək, 0 (sıfır) ay güzəşt olmaqla 30000 (otuz min) AZN məbləğində borc pul vəsaitini Avadanlıq alınması və digər investisiya xərcləri məqsədlə “Boracalan”a verir (2-ci bənd). “Borcalan” bu kreditin verilməsinə görə 300 (üç yüz) AZN məbləğində xidmət haqqı ödəyir və ya kreditin verilməsinə görə hesablanmış 300 (üç yüz) AZN xidmət haqqı 1280122- 166470001L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 (üç) ildən tez xitam veriləcəyi təqdirdə “Borcalan” tərəfindən “Kreditverən”ə ödəniləcəkdir (3-cü bənd). Bu kredit razılaşmasının 2-ci bəndinə əsasən “Borcalan”a verilən kreditin kreditləşmə mənbəyi BANK vəsaitidir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) 19,8 (on doqquz tam onda səkkiz) %-dir (4-cü bənd). Güzəşt müddəti ərzində “Borcalan” götürülmüş kreditə görə yalnız 1280***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə “Borcalan” əsas borc, faiz və digər ödənişləri “Kreditverən”ə ödəyəcəkdir (5-ci bənd). Bu razılaşma “Borcalan” və “Kreditverən” arasında İmzalanmış 1280***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsidir və “Borcalan”a verilən əsas borc və bu borca hesablanan faizlər, habelə müddət əsas kredit limit razılaşmasında nəzərdə tutulmuş şərtlərdən artıq ola bilməz. Kreditin verilməsinə dair “Kreditverən” tərəfindən “Borcalan”a ətraflı məlumat verildi və kreditin verilməsi şərtləri izah edildi. “Borcalan” bu kredit razılaşmasnı imzalamaqla sözügedən şərtlərlə kreditin verilməsinə razılığını bildirir (6-cı bənd).

15. Həmin razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2022-ci il, sonuncu ödəniş tarixi xx.xx.2024-cü il tarixi olmaqla hər ay 1178,61 manat (sonuncu ay 1178,53 manat) aylıq ödənişin edilməsi, ümumilikdə 30000 manat əsas borc, 8894,05 manat faiz borcunun qaytarılması şərtləşdirilmişdir.

16. Məhkəməyə təqdim edilən iddiaçı (Kreditor qismində) ilə Cavabdeh1 (Zamin qismində) arasında xx.xx.2022-ci il tarixli 1FİZAM133825001 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir (1.1). Əsas öhdəlik və onun məzmunu: Kreditorun “https://www.bankrespublika.az/az/pages/komplcks-bank-xidmeti-muqavilesi_1310” rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininiıı şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə Borclu Cavabdeh2 1280***-*******01L saylı xx.xx.2022-cı il tarixli əsas kredit limiti razılaşmasına əsasən 500000 (beş yüz min) AZN məbləğində, illik faiz dərəcəsi 30 (otuz) %-dən artıq olmamaq şərti ilə, 120 (bir yüz iyirmi) ay müddətinə (xx.xx.2032-ci il taıixinədək) açılmış kredit limiti (1.2). Tələb edilə biləcək borc: 500000 (beş yüz min) AZN kredit limiti çərçivəsində veriləcək kreditlər, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir (1.3). Zamin bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş kredit limiti çərçivəsində veriləcək kreditlərin digər valyutalarda (ABŞ dolları, Avro, RUBL və s.) da verilə bilməsini qəbul edir və öz razılığını bildirir. Zamin xarici valyutada götürülmüş kredit üzrə maııatm məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda zamin kimi xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürür və məsuliyyət daşıyır (1.4).

17. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə əsas borc 8095,47manat, faiz borcu 4593,93 manat, cərimə borcu 2262,2 manat təşkil edir.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5726/2024 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8721 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2024-cü il tarixə əsas borcu 7740,86 manat, faiz borcu 6889,64 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 7740,86 manat, faiz borcu 6938,86 manat təşkil edir.

19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 30000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədi ilə müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 33 ay müddətə illik 19 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış, sonuncu borcalanın iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit məbləğini təşkil edən 30000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir.

20. İddiaçı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 8095,47 manat əsas borc, 4593,93 manat faiz borcunun cavabdehlərdən tutulmasını tələb edir.

21. Cavabdeh1 ona münasibətdə iddianın rədd edilməsini xahiş edir, Cavabdeh2 iddiaya heç bir etiraz etmir.

22. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

23. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

25. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

27. X5 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

28. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

29. İş materiallarından görünür ki, iddiaçı 11 iyun 2024-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh2 müraciət edərək bütün əsas borcu, xx.xx.2024-cü il tarixə faiz borcunu tələb etmiş, həmin məktub X1 Sistemi vasitəsilə çatdırılmışdır.

30. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

31. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

32. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

33. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin məktubun çatdırıldığı xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Bu səbəbdən iddiaçı xx.xx.2024-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2024-cü il tarixə olan faiz borcunu tələb edir.

34. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdehlər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

35. xx.xx.2024-cü il tarixli 9/8721 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2024-cü il tarixə əsas borcu 7740,86 manat, faiz borcu 6889,64 manat təşkil edir.

36. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §10, 218.3-cü maddə).

37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə əsas borc 7740,86 manat, faiz borcu isə 4593,93 manat müəyyən edilməlidir.

38. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

39. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

40. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

41. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

42. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 7740,86 manat əsas borc, 4593,93 manat faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

43. İddia ərizəsində iddiaçı həmçinin 2262,2 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

44. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

45. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

46. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.

47. Göründüyü kimi, mülki qanunvericilikdə öhdəliklərin icrasının təmin edilməsinin ənənəvi üsulu kimi çıxış edən dəbbə pulu barədə razılaşmanın məhz yazılı qayda bağlanması nəzərdə tutulmuşdur. Həmçinin dəbbə pulunun ödənilməsinin qanunla müəyyənləşdirilməsi imkanı da istisna edilməmişdir. Başqa sözlə, dəbbə pulunun tutulması qismində əsas kimi ya yazılı razılaşma, ya da qanunun müddəası çıxış etməlidir.

48. Məhkəmə qeyd edir ki, tərəflər arasında dəbbə pulu barədə yazılı razılaşma mövcud deyil. Belə ki, xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasında və həmin tarixli kredit razılaşmasına cərimə məbləği ilə bağlı hər hansı razılaşma əks olunmamışdır. Əksinə birinci razılaşmanın 4.5-ci bəndində cərimə məbləği hissəsində hər hansı qeyd göstərilməmiş, sonuncu razılaşmanın 5-ci bəndinə əsasən isə faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə “Kreditverən”ə qaytarılmadıqda, “Borcalan” hər gecikdirilən gün üçün 0.00 (sıfır) AZN məbləğində cərimə ödəyəcəkdir. Bununla yanaşı, əsas borcun gecikdirilməsi nəticəsində cərimənin ödənilməsini əks etdirən hər hansı yazılı razılaşma, o cümlədən Kompleks Bank Xidmətləri Müqaviləsi də məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda qanunla da kredit müqaviləsi üzrə öhdəliyin icrasının gecikdirilməsi üçün dəbbə pulu təsbit edilməmişdir.

49. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində əsassız olduğundan təmin olunmamalıdır.

c) Məhkəmə xərcləri ilə bağlı

50. İddiaçı eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,86 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

51. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 134,86 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 9/8721 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

53. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

54. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir.

55. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 111 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 17 manat İddiaçı ASC-dən, 83 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə 7740,86 manat əsas borc, 4593,93 manat faiz borcu olmaqla ümumilikdə 12334,79 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 111 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 17 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 83 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar