Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3560/2024 24.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X6 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yeni icarə müqaviləsinin bağlanması) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X4 katibliyi, iddiaçının nümayəndəsi X10, cavabdehin nümayəndəsi/vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh X6 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, OBA Market MMC ilə X9 arasında xx.xx.2023-cü il tarixli 3M-64 reyestr nömrəli Öhdəlik müqviləsinin X9 tərəfindən icra edilməsi və İddiaçı MMC ilə X11 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1000 kv.m olan qeyriyaşayış sahəsinin 200 kv.m hissəsinin OBA Market MMC-yə icarəyə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 3M-44 reyestr nömrəli İcarə müqaviləsi ilə eyni şərtlərdə İddiaçı MMC ilə X9 arasında notarial qaydada yeni İcarə müqaviləsi bağlamaq vəzifəsinin X6 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X11 arasında xx.xx.2021-ci il tarixli, 3M-44 reyestrli, icarə müqaviləsi imzalanmışdır və İddiaçı MMC ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinin 200 kv.m hissəsini icarəyə götürmüşdür. Sözügedən icarə müqaviləsinin imzalanmasında etibarnamə üzrə səlahiyyətli nümayəndə kimi X9 şəxsən iştirak etmiş və həmin qeyriyaşayış sahəsinin İddiaçı MMC-yə icarəyə verilməsinə razılığını bildirmişdir, icarəçi isə həmin sahədən tam qanuni əsaslarla istifadə edir. xx.xx.2023-cü il tarixdə X9 yuxarıda sözügedən əmlakın oğlu X7 adından çıxarılaraq, öz adına keçirilməsi və bu səbəbdən də bağışlama müqaviləsi rəsmiləşdirmək üçün İddiaçı MMC-yə müraciət etmiş, həmin tarixdə də bağışlama müqaviləsi rəsmiləşdirilmişdir. X2 xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-ilə notarial qaydada “Öhdəlik” müqaviləsi bağlamışdır. Öhdəlik müqaviləsinə əsasən o, əvvəlki mülkiyyətçi X11 ilə rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin bütün şərtlərini qəbul edərək, eyni formada, eyni şərtlərlə, heç bir maddəni və icarə qiymətini dəyişmədən İddiaçı MMC ilə yenidən İcərə müqaviləsi bağlanılmasına İddiaçı MMC qarşısında öhdəlik götürmüşdür. Həmin Öhdəlik müqaviləsinin 2-ci bəndində göstərilir ki, bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərləflər üçün məcburidir. X3 hələ də, öhdəliyinə əməl etməyərək, OBA Market MMC ilə yeni icarə müqaviləsi bağlamamışdır. Öhdəliyin icra edilməsi üçün İddiaçı MMC tərəfindən cavabdeh X6 yazılı qaydada xəbərdarlıq və pretenziya göndərilsə də, lakin X1 və notarial qaydada xx.xx.2023-cü il tarixində götürdüyü öhdəliyinə əməl etməmişdir. Nəzərinizə çatdırım ki, “İcarə haqqında” Qanunun 13.3-cü maddəsinə əsasən İcarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. X9 yeni müqavilə bağlamaq vəzifəsini, onunla İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanılan “Öhdəlik müqaviləsi” ilə könüllü olaraq öz üzərinə götürmüşdür. Həmçinin həmin müqavilənin 2-ci bəndində göstərilir ki, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir. Eyni zamanda müqavilənin dayanıqlıq baxımından, investisiya qoyuluşunun qorunması, uzunmüddətli müqavilə münasibətlərinin təmin edilməsi, bir çox hallarda icarəyə verən tərəfindən icarəçi qarşısında suni əngəllər törədərək icarə haqqının artırılması, obyektdən çıxarma, obyekti boşaldılması, biznes mühitinin qorunması, işsizliyin qarşısının alınması yəni, işçilərin ixtisara düşməsi, bir qrup təbəqənin işsiz qalması və sahibkarlıq fəaliyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Həmçinin xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin 11.1-ci bəndində göstərilir ki, İcarəyə verənin hüquqları vərəsəlik qaydasında onun varislərinə keçdikdə və ya o İcarəçinin əvvəlcədən alınmış yazılı razılığı əsasında hər hansı bir formada digər şəxlərə özgəninkiləşdirildikdə bu, Müqavilədən imtina edilməsi üçün əsas ola bilməz.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, hazırda cavabdehin oğlu – X11 ilə İddiaçı MMC arasında bağlanmış icarə müqaviləsi güvvədədir. İndi də icarəyə verən də, nəzarət edən də, ödənişləri qəbul edən də iddiaçı - Abazər Mahmudovun özüdür. Belə olan halda hazırki iddianın əsassız olduğunu hesab edir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ilə X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən:
7. Müqavilənin 1.1-ci bəndinə əsasən ünvan 2 ünvanında yeləşən ümumi sahəsi 1000 kv.m. olan qeyri-yaşayış sahəsinin 200 kv.m. hissəsini icarəçiyə verməyi və icarəçi isə obeykti qəbul etməyi və müqavilə ilə müəyyənləşdirilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 10 il ərzində qüvvədə olacaq.
9. İddiaçı ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli öhdəlik müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən X9 İddiaçı MMC-nin icarəsində olan ünvan 3 ünvanında yerləşən, ümumi shaəsi 1000 kv.m. olan qeyri-yaşayış sahəsi bağışlama you ilə onun adına özgəninkiləşdirlirir və bu müqavilə rəsmiləşdiriləndən və adına çıxarış aldıqdan dərhal sonra köhnə mülkiyyətçinin bağladığı şərtlərlə MMC ilə yeni müqavilə bağlamağı öz öhdəsinə götürür.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1824/2024 saylı qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh İddiaçı MMC-yə qarşı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
12. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
13. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
14. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
15. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə X11 arasında xx.xx.2021-ci il tarixli, 3M-44 reyestrli, icarə müqaviləsi imzalanmışdır və İddiaçı MMC ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinin 200 kv.m hissəsini icarəyə götürmüşdür. Sözügedən icarə müqaviləsinin imzalanmasında etibarnamə üzrə səlahiyyətli nümayəndə kimi X9 şəxsən iştirak etmiş və həmin qeyriyaşayış sahəsinin İddiaçı MMC-yə icarəyə verilməsinə razılığını bildirmişdir, icarəçi isə həmin sahədən tam qanuni əsaslarla istifadə edir. xx.xx.2023-cü il tarixdə X9 yuxarıda sözügedən əmlakın oğlu X7 adından çıxarılaraq, öz adına keçirilməsi və bu səbəbdən də bağışlama müqaviləsi rəsmiləşdirmək üçün İddiaçı MMC-yə müraciət etmiş, həmin tarixdə də bağışlama müqaviləsi rəsmiləşdirilmişdir. X2 xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə notarial qaydada “Öhdəlik” müqaviləsi bağlamışdır. Öhdəlik müqaviləsinə əsasən o, əvvəlki mülkiyyətçi X11 ilə rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin bütün şərtlərini qəbul edərək, eyni formada, eyni şərtlərlə, heç bir maddəni və icarə qiymətini dəyişmədən İddiaçı MMC ilə yenidən İcərə müqaviləsi bağlanılmasına İddiaçı MMC qarşısında öhdəlik götürmüşdür.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
19. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
20. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
21. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
22. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyə verən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyə verənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi ilə icarəyə verən arasındakı münasibətlərə müvafiq qaydada və şərtlərlə əmlak kirayəsi haqqında müddəalar tətbiq edilir.
23. Mülki hüquq nəzəriyyəsində öhdəlik hüququ əşya hüququndan fərqli olaraq nisbi hüquq hesab edilir. Başqa sözlə, öhdəlik bir qayda olaraq yalnız onun tərəfləri üçün hüquq və vəzifələr müəyyən edir, müqavilə iştirakçısının tələb etmək hüququ əşya hüquqlarında olduğu kimi hamı və hər kəs üçün deyil, yalnız kontragent üçün vəzifələr yaradır. Məhz Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən də öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
24. Lakin kirayə (icarə) müqaviləsi üzrə kirayəçinin (icarəçinin) əldə etdiyi hüquqlar kvazi-əşya hüquqları hesab edilir. Belə ki, həmin hüquqlar öhdəlik hüququ ilə yanaşı əşya hüququ xüsusiyyəti də daşıyır. Məhz buna görədir ki, Mülki Məcəllənin 699.1-ci maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur.
25. Göründüyü kimi, adi halda öhdəlik üçüncü şəxslər üçün vəzifələr yaratmasa da, icarə münasibətlərində icarəçinin hüquqlarının xarakterinə uyğun olaraq icarəyə verənin dəyişməsi yeni mülkiyyətçi ilə icarəçi arasında icarə müqaviləsinin mövcüd olmamasına baxmayaraq, icarə hüququna təsir etmir, mülki qanunvericilik yeni mülkiyyətçini icarə münasibətinin (müqaviləsinin) tərəfi hesab edir və onu icarəyə verən statusu ilə təmin edir.
26. Bu mənada məhkəmə hesab edir ki, X11 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi (hazırda iddiaçının şərtlərinə istinad etdiyi, eyni şərtlərlə bağlanmasını istədiyi icarə müqaviləsi) 09 fevral 2023-cü il tarixli öhdəlik müqaviləsinin məzmunundan asılı olmayaraq qanuna görə qüvvədədir və icarə obyektinin (qeyri-yaşayış sahəsinin) yeni mülkiyyətçisi olan cavabdeh X9 üçün də hüquq və vəzifələr yaratmaqdadır (tərəflərin verdiyi izahatlara əsasən icarə münasibətləri davam edir, icarə haqqı İddiaçı MMC tərəfindən yeni mülkiyyətçi - X6 ödənilir).
27. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 6.1 və 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi qeyd olunmuşdur.
30. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
32. Qeyd olunan normaların məzmunundan görünür ki, şəxsin müqavilə bağlamağa məcbur edilməsinə yalnız bu barədə könüllü olaraq öhdəlik götürüldükdə və ya Mülki Məcəllədə nəzərə tutulmuş hallarda yol verilir.
33. İşdə olan müqavilədən göründüyü kimi cavabdeh tərəfindən iddiaçı MMC qarşısında müqavilə bağlamaq öhdəliyi götürlüsə də, hazırda cavabdehə məxsus daşınmaz əmlaka dair hal-hazırda qüvvədə olan icarə hüquq münasibətləri davam edir və həmin müqavilənin ləğv edilməsi də işin halları ilə müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı və cavabdeh arasında icarə hüquq münasibətləri davam (Mülki Məcəllənin 699.1-ci maddəsinə əsasən iddiaçının istədiyi şərtlərdə icarə müqaviləsi artıq mövcüd olduğu üçün) etdiyi üçün və həmin müqavilə münasibətlərinə xitam verilmədiyindən, tərəflər arasında eyni şərtlərlə eyni müqavilənin bağlanması zərurəti də aradan qalxmış olur.
34. Yuxarda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
35. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdr.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
37. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin cavabdeh X6 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova