Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3562/2021 13.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MTK-ya qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 37.175,73 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli Sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 06/18-039 olan cavabdehin elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçıya cəmi 37 175,73 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 37 175,73 manat borcu bu günə qədər ödəməyərək iddiaçıya zərər vurmuşdur. İddiaçının əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin binaların girişinə və su nasosu üzərinə quraşdırmış olduğu sayğaclardan iddiaçının məlumatı yoxdur, həmin sayğaclar tərəflərindən rəsmiləşdirilməmişdir. Həmin binalara ötürülən ümumi elektrik enerjisi üzrə sərfiyyat ümumi balans sayğacının göstəricilərinə əsasən hesablanır (həmin sayğac tərəflər arasında bağlanmış müqavilə əsasında quraşdırılmışdır), binada olan bütün mənzillər və qeyri-yaşayış sahələri tam şəkildə sayğaclaşdırılmışdır, onlar yaranmış borcları vaxtlı-vaxtında iddiaçıya ödəyirlər, qeyri-yaşayış sahələri üçün quraşdırılmış sayğaclar mənzillər üçün nəzərdə tutulmuş sayğaclarla xarici görünüşü və model olaraq eyni olsa da, onların gücü fərqlidir, istifadə edilmiş elektrik enerjisini tam şəkildə qeydə ala bilir, həmin sayğaclar üzrə borc qeyri-əhali üçün nəzərdə tutulmuş tariflər əsasında hesablanır və ödənilir. İddia ərizəsində göstərilən borc balans itkisi deyildir, 2017-ci ildən 2021-ci ilədək yaranmış borclardır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilən borc cavabdehin istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borc deyildir. Belə ki, xidmət göstərdikləri binalar "xxxx" MMC tərəfindən inşa edilmiş, daha sonra həmin binalara xidmət göstərilməsi məqsədilə Cavabdeh MTK təsis edilmişdir. Hazırda elektrik enerjisinin ötürüldüyü transformator da "xxxx" MMC-nin balansındadır. Həmin binalar inşa edilən zaman iddiaçı tərəfindən yalnız mənzillərə görə texniki şərt verilmiş, bu səbəbdən orada olan qeyri-yaşayış obyektlərinə quraşdırılmış sayğaclar da mənzillər üçün nəzərdə tutulmuş məişət sayğaclarıdır, göstərilən səbəbdən həmin sayğaclar qeyri-yaşayış obyektlərində istifadə edilən elektrik enerjisini tam şəkildə, bütünlüklə qeydə ala bilmir, qeydə alına bilinməyən hissədə həmin ödənişin edilməsi cavabdehdən tələb edilir ki, bu da qanunsuzdur. Belə ki, həmin qeyriyaşayış obyektlərində çoxsaylı kombi, kondisioner quraşdırılmasına baxmayaraq orta aylıq sərfiyyat 30-40 manat qeydə alınır ki, bu da ağlabatan deyildir. Bundan əlavə, həmin qeyriyaşayış sahələri qanunsuz olaraq cavabdehə məxsus elektrik xətlərinə qoşulmuş, həmin istehlak edilən elektrik enerjisinə görə də cavabdehdən ödəniş tələb edilir. Bu səbəbdən cavabdeh faktiki istifadə etdiyi elektrik enerjisini müəyyən etmək və buna uyğun ödənişlər etmək üçün öz vəsaiti hesabına binaların girişinə və su nasosu üzərinə sayğaclar quraşdırmış, həmin sayğacların göstəricilərinə əsasən də iddiaçıya elektrik enerjisinə görə borclar ödənilir. Bu səbəbdən iddia tələbi əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 06 aprel 2020-ci il tarixli 094842 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsinə əsasən tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Müqavilənin 7-ci bəndinə əsasən enerjitəchizaı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. Müqavilənin 9-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır. 06/18-039 nömrəli cavabdehə məxsus abunə haqqında məlumatdan görünür ki, cavabdehin iddiaçıya 37.175,73 manat məbləğində qalıq borcu vardır. 06/18-039 nömrəli cavabdehə məxsus abunə haqqında məlumatdan görünür ki, cavabdehin iddiaçıya 33.327,66 manat məbləğində qalıq borcu vardır. 06/18-039 nömrəli cavabdehə məxsus abunə haqqında məlumatdan görünür ki, cavabdehin iddiaçıya 37.199,54 manat məbləğində qalıq borcu vardır. İddiaçı tərəfindən verilmiş 30.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 06/18-039 abonent kodu altında fəaliyyət göstərən cavabdehin elektrik enerjisindən istifadə etməsi nəticəsinə 2018-ci il tarixdən hazırkı günədək 37.199,54 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 16.06.2021-ci il tarixli 01/05-06/2670 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən elektrik enerjisindən istifadəyə görə 16.06.2021-ci il tarixinə yaranmış 37.175,73 manat məbləğində borcunun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, Bakı RETSİ-nin Nərimanov RETSİ-nin Enerji satış şöbəsinin aparıcı mühəndisidir, cavabdehin olduğu binalarda, o cümlədən cavabdehə məxsus sayğaca bir qayda olaraq onun tərəfindən baxış keçirilir, sayğacın göstəriciləri qeydə alınır, daha sonra hesab fakturalar təqdim edilir. Cavabdehin xidmət göstərdiyi həmin binalarda olan bütün mənzillər, o cümlədən qeyriyaşayış sahələri tam şəkildə sayğaclaşdırılmış, onların istifadə etdikləri elektrik enerjisi üzrə hesablaşmalar həmin sayğaclar üzrə aparılır, bütün ödənişlər də vaxtında həyata keçirilir. Lakin cavabdeh tərəfindən onlara təqdim edilmiş hesab fakturalar üzrə ödənişlər ya natamam aparılır, bəzən isə 5-6 ay ardıcıl olaraq ümumiyyətlə ödənişlər edilmir. Göstərilən səbəbdən elektrik enerjisinin verilişinin dayandırımasına tərəflərindən bir neçə dəfə cəhd edilmiş, lakin iddiaçının əməkdaşları həmin sahəyə buraxılmamışlar. Əlavə olaraq bildirdi ki, binalarda olan klinika, gözəllik salonu və sairə üçün quraşdırılmış sayğaclar məişət sayğacları deyildir, mənzillər üçün nəzərdə tutulmuş sayğacların qeyriyaşayış sahələrinə quraşdırılması mümkün deyildir və absurddur, əks təqdirdə həmin sayğaclar ən geci iki gün sonra sıradan çıxa, mexaniki hissə yana bilər. Mənzillər və qeyriyaşayış sahələrinə quraşdırılmış sayğaclar xarici görünüşünə görə oxşar olsalar da istehlak edilmiş elektrik enerjisinin qeydə alınma gücünə görə fərqlidir. Həmin sayğacların fərqli olması hesab fakturalardan da görünür. Bundan əlavə, qeyri-yaşayış sahələrinə quraşdırılmış sayğaclar üzrə ödənişlər qeyri-əhali kateqoriyası üçün nəzərdə tutulmuş tariflər əsasında tələb edilir və ödənilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, cavabdehin olduğu binalarda artıq bir neçə ildir ki, komendant vəzifəsində çalışır. Həmin binalara iddiaçı tərəfindən yalnız mənzillərə görə texniki şərt verilmiş, bu səbəbdən qeyri-yaşayış sahələri üçün quraşdırılmış sayğaclar məişət sayğaclarıdır, istifadə edilmiş elektrik enerjisini tam şəkildə qeydə ala bilmir, bu səbəbdən qeydə alına bilinməyən hissədə başqalarının ödəməli olduğu borc cavabdehdən tələb edilir. Bundan əlavə, bəzən elektrik enerjisi kəsiləndə cavabdehə məxsus generator vasitəsilə liftlər, su nasosu və binaların işıqlandırılması öz fəaliyyətini davam etdirməli olduğu halda, bəzi qeyri-yaşayış sahələrində də elektrik enerjisi kəsilmir, bunu dəfələrlə özü şəxsən müşahidə etmişdir. Bu da onu göstərir ki, həmin qeyri-yaşayış sahələri qanunsuz olaraq cavabdehin elektrik xətlərinə qoşulmuşdur. Cavabdeh öz vəsaiti hesabına binaların girişinə və su nasosu üzərinə sayğaclar quraşdırmış, həmin sayğacların göstəricilərinə əsasən də iddiaçıya elektrik enerjisinə görə borclar ödənilir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıdan elektrik enerjisinə görə yaranmış borcunu tələb etmək hüququ onlar arasında bağlanmış elektrik enerjisinin alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydalarının: 8.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8.13-cü maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. 8.14-cü maddəsinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə cavabdehin qeyri-yaşayış sahələrinə texniki şərt verilmədiyi üçün həmin obyektlərə mənzillər üçün nəzərdə tutulmuş sayğaclar quraşdırılması səbəbindən elektrik enerjisinin tam qeydə alınmadığını, bu səbəbdən həmin borcun itki kimi cavabdehdən tələb edildiyini göstərsə də, bunu təsdiq edən hər hansı əsaslı və şübhədənkənar sübutları Məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi və vəkili öz izahatında, habelə onun vəsatəti əsasında dindirilmiş şahid C.Cəfərli ifadəsində həmin binada olan qeyri-yaşayış sahələrinin onlara məxsus elektrik xəttinə qanunsuz qoşulduğunu göstərmələrinə baxmayaraq, cavabdeh bu barədə iddiaçıya (borcun tələb edildiyi 2017-ci ildən hazıradək) məlumat verilməsini, göstərilən qanunsuz qoşulma halının (mövcud olduğu təqdirdə) aradan qaldırılmasına, tələb edilən borcun yenidən hesablanmasına (silinməsinə) təşəbbüs göstərilməsini təsdiq edən sübutu Məhkəməyə təqdim etməmişdir. Cavabdehin belə sübutları yoxdur. Halbuki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin elektrik enerjisinin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 37.175,73 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 37.175,73 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK-dan 37.175,73 manat (otuz yeddi min yüz yetmiş beş manat yetmiş üç qəpik) məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3562/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3562/2021
13.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver