Məhkəmə qərarları › İş №e-2-2(113)-3569/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3569/2023

21.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3569/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə, subyektiv hüquq, iddia müddəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkilləri Vəkil1 və Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 365 841,28 ABŞ dolları (ödənilən gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manat) əsas borcun, əsas borca illik 5%-lə hesablanmaqla 217 675 manat pulun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 730 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşıdır və Türkiyə Respublikasında fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçmişdir. İddiaçı Türkiyə Respublikasının Bursa şəhərindən Cavabdeh adına xx.xx.2015ci il tarixli malların göndərilməsi qaiməsinə əsasən dəyəri 31 668 ABŞ dolları olan 35 adda mebel, xx.xx.2015-ci il tarixli malların göndərilməsi qaiməsinə əsasən dəyəri 72 280 ABŞ dolları olan 45 adda yataq otağı mebeli, xx.xx.2015-ci il tarixli malların göndərilməsi qaiməsinə əsasən dəyəri 62 463 ABŞ dolları olan 53 adda mebel, xx.xx.2015-ci il tarixli malların göndərilməsi qaiməsinə əsasən dəyəri 62 000 ABŞ dolları olan 42 adda mebel, xx.xx.2015-ci il tarixli malların göndərilməsi qaiməsinə əsasən dəyəri 70 447 ABŞ dolları olan 285 adda mebel, xx.xx.2015-ci il tarixli malların göndərilməsi qaiməsinə əsasən dəyəri 66 983,08 ABŞ dolları olan 73 adda mebel göndərmişdir. Lakin bu günədək cavabdeh tərəfindən yuxarıda göstərilən mebellərin dəyəri – 365 841, 28 ABŞ dolları iddiaçıya ödənilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 427.3, 442, 448.1-ci və s. maddələr qeyd edilmişdir.

4. Cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hər hansı bir müqavilə bağlanmamış, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsində qeyd olunan mallar göndərilməmişdir. Qeyd olunan malların cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən təhvil alınması ilə bağlı heç bir sübut mövcud deyil. Bununla yanaşı maddi hüquq norması olan Mülki Məcəllədə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur ki, iddiaçı iddianın verilə bilməsi üçün qanunla müəyyənləşdirilən iddia müddətini ötürmüşdür. İddiaçının iddia ərizəsində qeyd etdiyi və məhkəməyə təqdim etdiyi malların göndərilməsi haqqında qaimələrdən görünür ki, iddiaçının iddia etdiyi borc xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək yaranmışdır. İddiaçı 2015-ci ildən hüquqlarının pozulduğunu bilə-bilə hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməmiş, aradan 8 il keçdikdən sonra belə bir iddia tələbi irəli sürmüş, mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, mülki qanunvericiliyə müvafiq olaraq vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. İddia tələbinin verilməsi ilə bağlı müddətin ötürülməsi digər əsaslar olmadan belə iddia tələbinin rədd olunması üçün hüquqi əsasdır və cavabdehi iddia tələbinə qarşı hər hansı bir əks dəlillər irəli sürmək və bununla bağlı məhkəməyə sübutlar təqdim etmək vəzifəsindən azad edir.

5. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, iddia Azərbaycan Respublikasının ərazisində verildiyi üçün mübahisənin həlli zamanı prosessual hüquq normalarının tətbiqi zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, maddi hüquq normalarının tətbiqi zamanı isə “X1”na və onun müvafiq maddələrinə istinad edilməlidir. xx.xx.2011-ci il tarixli 6098 saylı “X1”nun 146-cı maddəsinə əsasən hər alacaq on illik “zaman aşımı”na (iddia müddətinə) tabedir. Həmin qanunun 148-ci maddəsinə əsasən yuxarıda qeyd edilən müddət qətidir və müqavilə ilə dəyişdirilə bilməz.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkilləri iddia ərizəsinin və iddia ərizəsinə əlavənin məzmununa uyğun izahatlar verərək iddianın təmin olunmasını xahiş etmiş, eyni zamanda bildirmişlər ki, tərəflər arasında yazılı müqavilə olmamış, mallar fakturalar əsasında təqdim olunmuş, Türkiyə Respublikasının gömrük orqanına bəyan edilmişdir. Gömrük bəyannamələrində “sarı çıkabilir” qeydi təsdiq edir ki, mallar Türkiyə Respublikasının gömrük orqanından çıxmışdır. Lakin qeyd olunan mallar Azərbaycan Respublikasının gömrüyündən qeyri-qanuni yolla keçirilmiş, bununla bağlı hüquq mühafizə orqanına müraciət etmişlər, araşdırma aparılır.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, bir qrup şəxs – Cavabdeh, Rəşad Babayev, Rahib Babayev, Qadir Əmirov, "xxxx" MMC bunların hamısı bir şəxsə – Rəşad Babayevə bağlıdır. Sadəcə olaraq rəsmiləşdirmədə malın alıcıları kimi Cavabdeh, "xxxx" MMC və s. iştirak etmişlər (xx.xx.2023-cü il tarixli iclas). Bundan başqa suallara cavab olaraq bildirilmişdir ki, mallar cavabdehin sürücülərinə təhvil verilmişdir. Türkiyə Respublikasının qanunvericiliyinə əsas alqı-satqı müqaviləsi, təhvil-təslim aktı tələb olunmur. Fatura və gömrük bəyannaməsi rəsmiləşdirmə üçün kifayətdir. Tərəflər arasında etibarlı münasibət olduğu üçün dəyəri ödənilməsə də, iddiaçı mal göndərməkdə davam etmişdir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Türkiyə Respublikasının qanunvericiliyinə uyğun olaraq mallar “fatura”lar əsasında cavabdehə təqdim edilmişdir. Belə ki, Rəşad Babayevlə 2012-ci ildən tanışlar, əməkdaşlıq etmişlər. Sonuncu, cavabdehi şəriki kimi ona təqdim etmiş, daşıma şirkətlərinin də olduğunu və cavabdehlə şərik olduqlarını bildirmişdir. Cavabdeh Rəşad Babayev ilə birlikdə Türkiyə Respublikasında “fuar”a (sərgiyə) gələrək malları şifahi qaydada sifariş etmiş, mallar istehsal olunaraq hissə-hissə göndərilmişdir.

9. Eyni zamanda iddiaçı tərəf iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı tam qanuni əsaslarla “fatura” yazmış və “fatura” əsasında Türkiyə Respublikası gömrük orqanlarında satdığı malları “export” (ixrac) edərək gömrük bəyannaməsi hazırlamışdır. İş materiallarında olan “fatura” ciddi maliyyə hesabat blankıdır, onun üzərində Türkiyə Respublikasının Maliyyə Nazirliyinin adı, il, yəni bölgə kodu, seriyası və sıra nömrəsi qeyd olunmuşdur və müvafiq icra hakimiyyəti tərəfindən hazırlanmışdır. Cavabdehin iddia müddətinin keçməsi ilə əlaqədar ərizə verməsi onun iddianı qəbul etməsi kimi qiymətləndirilməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən tərəflər arasında hansı ölkənin hüququnun tətbiq edilməsi barədə razılıq olmadığı halda satıcının mənsub olduğu ölkənin hüququ tətbiq edilir. xx.xx.2011-ci il tarixli 6098 saylı “X1”nun 146-cı maddəsinə əsasən hər alacaq on illik “zaman aşımı”na (iddia müddətinə) tabedir. Həmin qanunun 148-ci maddəsinə əsasən yuxarıda qeyd edilən müddət qətidir və müqavilə ilə dəyişdirilə bilməz.

10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək iddianın rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçının istinad etdiyi qaimələr daxili sənəddir, ciddi uçot sənədi deyildir. İddiaçının cavabdehlə hər hansı müqaviləsi, sövdələşməsi olmayıb, malların cavabdehə satılması ilə bağlı iddiaçının hər hansı sübutu yoxdur. Sadəcə olaraq Cavabdeh daşıma ilə məşğul olub, sürücülər maşınlarla mal daşıyıblar. Ola bilər ki, iddiaçının da malını daşımışdır. Cavabdeh bildirir ki, iddiaçıya hər hansı mal sifariş etməmiş, mal almamışdır. Mallar kimə göndərilibsə, pulu da ondan tələb etsinlər. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdehin bir neçə yük maşını və sürücüləri var. Həmin sürücülər etibarnamə əsasında nəqliyyat vasitələrini idarə edir, yük daşıyırlar. Uzun müddət keçdiyi üçün cavabdehin 2015-ci ildə neçə yük maşını olması, hansı maşınlar olması dəqiq yadında olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq ediləcək hüquq ilə bağlı

12. Məhkəmə əvvəla hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.

13. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur.

14. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

15. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir.

16. Məhkəmə müəyyən edir ki, hazırkı iş üzrə İddiaçı Azərbaycan Respublikasında yaşayış yeri mövcuddur. Belə ki, İddiaçı yaşayış yeri Gəncə şəhəri, Atatürk prospekti, ev 264, mənzil 1 olmaqla ona (xx.xx.2021, xx.xx.2023-cü il tarixlərdə) müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir.

17. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə baxmaqda məhkəmə prosessual baxımdan səlahiyyətlidir.

18. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

19. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

20. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: alqı-satqı müqaviləsində - satıcının (25.1.1.).

21. Hazırkı iş üzrə mübahisə alqı-satqı müqaviləsindən irəli gələn mübahisəyə aid olmaqla tərəflər arasında yazılı müqavilə olmamış, məhkəmə icraatının gedişində də tərəflər arasında mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq barədə razılıq olmamışdır.

22. Məhkəmə iddiaçının Türkiyə Respublikasının vətəndaşı olduğunu və iddia ərizəsinə əlavədə “X2”na istinad etdiyini nəzərə alaraq Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edərək alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər, onlara tətbiq edilən müddətlər, o cümlədən iddia və kəsici müddətlər barədə münasibətləri tənzimləyən Türkiyə Respublikasının qanunvericilik aktlarının və onun rəsmi təfsirinin müvafiq qaydada təsdiq olunaraq məhkəməyə təqdim olunmasını xahiş etmiş, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi qeyd olunan sənədin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Türkiyə Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsinin uyğun olduğunu qeyd etmişdir.

23. Bundan sonra məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq idarəsinə müraciət edərək yuxarıda qeyd olunan məlumatların (sənədlərin) sorğulanaraq məhkəməyə təqdim edilməsini xahiş etmiş, iş üzrə məhkəmənin baxış iclası işə baxılmasının prosessual müddətinin (müddət 6 aya qədər uzadılmışdır) sonuna təyin edilmiş, lakin sorğuya cavab məhkəməyə daxil olmamışdır.

24. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.

25. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normalarını təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

26. Qeyd olunan Qanunun tələbindən görünür ki, məhkəmə hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edərək tətbiq etməlidir. Yəni normativ-hüquqi aktın mövcudluğunun təsdiqi həmin hüquqi aktda əks olunan hüquq normasının birbaşa tətbiqi üçün əsas vermir. Hüquq norması məhz məxsus olduğu ölkədəki rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun tətbiq olunmalıdır. Hazırda isə iddiaçı “X2”na istinad etsə də, məhkəmə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər, onlara tətbiq edilən müddətlər, o cümlədən iddia və kəsici müddətlər barədə münasibətləri tənzimləyən Türkiyə Respublikasının qanunvericilik aktlarını və onların rəsmi təfsirini müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüş, lakin məhkəmənin hərəkətləri nəticə verməmişdir.

27. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı iddiasının hüquqi əsası həmin Qanunun hər hansı maddəsinə istinad etməmiş, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd olunan Qanunun müvafiq normasına istinad etmişdir. Eyni zamanda “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1-ci maddəsinə müvafiq olaraq hazırkı iş üzrə iddiaçının (satıcının) Azərbaycan Respublikasında yaşayış yeri mövcuddur.

28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.

V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

29. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.

30. İddiaçının təqdim etdiyi sənədlərdən aşağıdakılar görünür: - İddiaçı tərəfindən Rahimov Elxan adına 31 668 ABŞ dolları dəyərində (ödəmə şəkli: “mal mukabili”) 16 adda, 35 ədəd mal üçün xx.xx.2015-ci il tarixli faktura tərtib edilmiş, İddiaçı tərəfindən mallar gömrük orqanına bəyan edilmişdir. - İddiaçı tərəfindən Rahimov Elxan adına 72 280 ABŞ dolları dəyərində (ödəmə şəkli: “mal mukabili”) 8 adda, 44 ədəd mal üçün xx.xx.2015-ci il tarixli faktura tərtib edilmiş, İddiaçı tərəfindən mallar gömrük orqanına bəyan edilmişdir. - İddiaçı tərəfindən Rahimov Elxan adına 62 463 ABŞ dolları dəyərində (ödəmə şəkli: “mal mukabili”) 11 adda, 53 ədəd mal üçün xx.xx.2015-ci il tarixli faktura tərtib edilmiş, İddiaçı tərəfindən mallar gömrük orqanına bəyan edilmişdir. - İddiaçı tərəfindən Rahimov Elxan adına 62 000 ABŞ dolları dəyərində (ödəmə şəkli: “peşin”) 8 adda, 42 ədəd mal üçün xx.xx.2015-ci il tarixli faktura tərtib edilmiş, İddiaçı tərəfindən mallar gömrük orqanına bəyan edilmişdir. - İddiaçı tərəfindən Rahimov Elxan adına 70 447,20 ABŞ dolları dəyərində (ödəmə şəkli: “peşin”) 13 adda, 284 ədəd mal üçün xx.xx.2015-ci il tarixli faktura tərtib edilmiş, İddiaçı tərəfindən mallar gömrük orqanına bəyan edilmişdir. - İddiaçı tərəfindən Rahimov Elxan adına 66 983,08 ABŞ dolları dəyərində (ödəmə şəkli: “peşin”) 4 adda, 73 ədəd mal üçün xx.xx.2015-ci il tarixli faktura tərtib edilmiş, İddiaçı tərəfindən mallar gömrük orqanına bəyan edilmişdir.

31. Məhkəmənin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı sorğuya sonuncunun cavab məktubunda Cavabdeh adına 2015-ci il ərzində Türkiyə Respublikasından mal idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı qeyd olmadığı bildirilmişdir.

32. İddiaçı bildirir ki, cavabdehin şifahi sifarişinə əsasən 365 841,28 ABŞ dolları dəyərində müxtəlif adda mallar cavabdehə satılmış, bununla bağlı faktura tərtib olunaraq mallar Türkiyə Respublikasının gömrük orqanına bəyan edilmiş, bəyannamələrdə “çıxa bilər” qeydi olmuş, mallar Türkiyə Respublikasının gömrük orqanından çıxmış, lakin qeyd olunan mallar Azərbaycan Respublikasının gömrüyündən qeyri-qanuni yolla keçirilmişdir. Cavabdeh malların dəyərini təşkil edən 365 841,28 ABŞ dolları pulu ödəməmişdir.

33. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın rədd olunmasını xahiş edir, həmçinin bildirir ki, iddiaçı ilə aralarında alqı-satqı münasibəti olmamış, iddiaçıdan mal almamışdır. Onun adına olan maşınlarla sürücülər ayrı-ayrı şəxslərə mallar daşımışdır. Ola bilər ki, ona məxsus maşınla iddiaçının göndərdiyi hər hansı mal da daşınmışdır. Belə olan halda iddiaçı malların dəyərini satdığı şəxsdən tələb etməlidir.

34. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də, məhkəmə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddiaçının subyektiv hüquqa malik olması, bu hüququn cavabdeh tərəfindən pozulması müəyyən edildiyi halda məhkəmə tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alan iddia müddətini tətbiq etməklə iddianı rədd edə bilər.

35. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

36. Məhkəmə bildirir ki, iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılarkən mülki prosessual qanunvericiliyin sübutetmə predmeti və sübutetmə vəzifəsini tənzimləyən normaları rəhbər tutulmalı, sübutetmə yükü düzgün müəyyən edilməlidir.

37. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

38. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

39. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).

40. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir.

41. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

42. Qeyd olunan normanın tələbinə və sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yuxarıda (bax §37-39) göstərilənləri nəzərə alan məhkəmə qeyd edir ki, satdığı əşyanın dəyərini tələb edən satıcı (hazırkı halda iddiaçı) əşyanı alıcının (hazırkı halda cavabdehin) mülkiyyətinə verdiyini sübut etməlidir. Yalnız bundan sonra satıcı əşyanın dəyərini tələb edə bilər (alınan əşyaların qabaqcadan ödənilməsi razılaşdırılmış hal istisna olmaqla). Lakin hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətinin olduğunu iddia etsə də, belə bir müqavilə münasibətinin mövcud olduğunu, malları cavabdehə və ya səlahiyyətli nümayəndəsinə təhvil verdiyini sübut edə bilməmişdir.

43. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edən sübutlar qismində məhkəməyə təqdim etdiyi faktura, çəki siyahısı adlı sənədlər iddiaçı tərəfindən tərtib edilən birtərəfli sənədlər olmaqla məzmununda yalnız Cavabdeh adı qeyd edilmiş, qeyd olunan şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən hər hansı məlumat daxil edilməmiş, malların cavabdeh və ya lazımi qaydada səlahiyyət verilmiş nümayəndəsi tərəfindən təhvil alınması təsdiqlənməmişdir.

44. Bundan başqa, iddiaçı məhkəməyə sübut qismində gömrük bəyannamələrini təqdim etmişdir. Lakin məhkəmənin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı sorğuya sonuncunun cavab məktubunda Cavabdeh adına 2015-ci il ərzində Türkiyə Respublikasından mal idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı qeyd olmadığı göstərilmişdir. İddiaçı malların bəyan edilməsinin əsasında duran sənəd qismində yuxarıda qeyd edilən faktura və çəki siyahısını təqdim etmişdir ki, qeyd olunan sənədlərə yuxarıda (bax §43) məhkəmə tərəfindən qiymət verilmişdir.

45. Məhkəmə tərəflər arasında alqı-satqı münasibətləri ilə bağlı hər hansı yazışmanın (malın sifarişi və s. ilə bağlı) və ya yazılı sənədin mövcud olub-olmadığını iddiaçı tərəflə aydınlaşdırmış, iddiaçı tərəf sifarişin şifahi şəkildə verildiyini, tərəflər arasında yazılı sənədin tərtib olunmadığını, yazışma olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında ofertanın göndərilməsi, digər tərəfin onu aksept etməsi ilə bağlı hər hansı yazılı təsbitin olmaması, 365 841,28 ABŞ dolları dəyərində malın tərəflərin təsdiq etdiyi yazılı sənədin tərtib olunması yolu ilə rəsmiləşdirmədən (müqavilə tərtib olunmadan, malın təhvil-təslimi alıcı tərəfindən təsdiq olunmadan) təqdim olunması ağlabatan deyildir.

46. Cavabdeh tərəf məhkəməyə sübut qismində iddiaçının təqdim etdiyi çəki siyahısı adlı sənəddə seriya və nömrələri qeyd olunan nəqliyyat vasitələrinə dair Baş Dövlət Yol Polisi İdarəsindən alınan çıxarışları təqdim etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında çəki siyahısı adlı sənəddə qeyd olunan maşınların cavabdehin mülkiyyətində olub-olmaması barədə məhkəmənin suallarına cavabdehin nümayəndəsi dəqiq cavab verə bilməmiş, xx.xx.2023-cü il tarixdə sorğu ilə müraciət edərək yuxarıda qeyd olunan çıxarışları əldə etmişdir. Ona görə də məhkəmə həmin sübutu Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən qəbul edir.

47. Qeyd olunan çıxarışlardan görünür ki, çəki siyahısı adlı sənədlərdə qeyd olunan nəqliyyat vasitələrindən yalnız xx.xx.2015-ci il tarixli sənəddə qeyd olunan 90UE833/99ZA772 seriya və markalı yük maşını və qoşqu cavabdehin mülkiyyətində olmuş, digər nəqliyyat vasitələri başqa şəxslərin mülkiyyətində olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, nəqliyyat vasitəsinin seriya və nömrəsinin hər hansı birtərəfli tərtib olunan sənəddə qeyd olunması yükün təqdim olunmasını təsdiq edən sübut hesab oluna bilməz. İddiaçı xx.xx.2015-ci il tarixli çəki siyahısında qeyd olunan nəqliyyat vasitəsinə malın yüklənərək qəbul edildiyini, cavabdehin sifarişi əsasında və satış (cavabdehin daşıma fəaliyyəti ilə məşğul olduğunu bildirdiyi nəzərə alındıqda) məqsədi ilə lazımi qaydada səlahiyyət verilmiş şəxsə malların təhvil verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər fakturalarda qeyd olunan nəqliyyat vasitələri isə cavabdehin mülkiyyətində olmamış, iş materialları ilə həmin nəqliyyat vasitələrinin cavabdehlə olduğu iddia edilən alqı-satqı münasibətləri ilə bağlılığı təsdiq olunmamışdır. Həmçinin xx.xx.2015, xx.xx.2015, xx.xx.2015-ci il tarixli fakturalarda ödəmə şəkli “peşin” yazılmışdır ki qeyd olunan sözun türkcə-azərbaycanca lüğətlərdə ifadə olunan mənası “əvvəldən”, “qabaqcadan”, “əvvəlcə” kimidir. İddiaçı əvvəlcədən ödənilmiş kimi ifadə olunan ödəmə şəklinin təsbit olunduğu fakturalara əsaslanaraq pul tələb edilməsinin dəqiq səbəbini göstərə bilməmiş, “peşin” ödəmə şəklinin türk mülki qanunvericiliyində fərqli mənada istifadə edildiyini bildirsə də, bu barədə mülahizəsini əsaslandıra bilməmişdir.

48. İddiaçı tərəf iddiaçının qardaşı ilə cavabdeh arasında olan danışığın səs yazısını sübut qismində məhkəməyə təqdim etmiş, məhkəmə iclasında qeyd olunan səs yazıları tədqiq edilmişdir. Qeyd olunan sübutla bağlı məhkəmə qeyd edir ki, səs yazıları ilə tərəflərin arasında alqı-satqı münasibətlərinin mövcud olduğu, iddia ərizəsində qeyd olunan dəyərdə malların cavabdehə satılması, qeyd olunan malların cavabdeh tərəfindən təhvil alınması təsdiq olunmur. Həmçinin məhkəmə qeyd edir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada qeyd olunan sübut tərəflər arasında mövcud olan alqı-satqı münasibətlərini, o cümlədən alıcı tərəfindən malların qəbul edilməsini təsdiq edə bilməz, həmin səs yazıları yalnız iddiaçının istinad etdiyi hallar mötəbər sübutlarla təsdiq olunduğu halda digər sübutlarla yanaşı dolayı sübut kimi qiymətləndirilə bilərdi. Hazırkı halda isə adıçəkilən sübut sübutetmə predmetinə daxil olan halları təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.

49. İddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə isə məhkəmə bildirir ki, iddia müddəti institutu mülki qanunvericilikdə iddia tələbi əsaslı olduğu, yəni iddiaçının subyektiv hüquqa malik olması, bu hüququn cavabdeh tərəfindən pozulması müəyyən edildiyi, lakin qanunda qeyd olunan müddətlərdə irəli sürülmədiyi halda məhkəmənin iddianın rədd olunması barəsində qərar çıxarması üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizəyə baxıla bilməz.

50. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı sübutetmə üzrə vəzifələrini yerinə yetirə bilməmişdir. Belə ki, iddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətinin mövcud olduğunu, cavabdehə iddia ərizəsində qeyd etdiyi malları satdığını, həmin malları cavabdehə təhvil verdiyini sübuta yetirə bilmədiyindən, beləliklə də subyektiv hüquqa malik olmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

51. İddiaçı 400 manat mediasiya xərcinin və ödənilmiş 730 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.

52. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

VI. Nəticə:

54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar