Məhkəmə qərarları › İş №e-2-2(113)-3569/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3569/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3569/2025 15.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh və Cavabdeh1 MMC –nin nümayəndəsi olaraq Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi: 33.761,03 (otuz altı min yeddi yüz altış bir manat 03 qəpik) manat olmaqla – bundan 29.736,84 (iyirmi doqquz min yeddi yüz otuz altı manat 84 qəpik) manat əsas, 2.818,20 (iki min səkkiz yüz on səkkiz manat 20 qəpik) manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 1.205,99 (bir min iki yüz beş manat 99 qəpik) manat, iş üzrə ödənilmiş 191,29 (bir yüz doxsan bir manat 74 qəpik) manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 11 May 2023-cü il tarixli HQ-1105/23 nömrəli Kredit xətti müqaviləsinə əsasən cavabdehə 11 May 2024-cü il tarixədək illik 19 (on doqquz) faiz dərəcəsi ilə 35.000 (otuz beş min) manat məbləğində kredit verilmişdir. Bundan başqa həmin kreditin təminatı kimi Bankla Cavabdeh2 arasında 11 May 2023-cü iltarixli ZM- 1105/23 saylı Zaminiklik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12- 5/2-4453/2025 saylı 12 Mart 2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 03 Mart 2025-ci il tarixə Cavabdeh1 MMC-nin11 May 2023-cü il tarixli HQ-1105/23 nömrəli kredit müqaviləsinə əsasən cəmi borcu 33.761,03 (otuz altı min yeddi yüz altış bir manat 03 qəpik) manat təşkil edir. Bundan 29.736,84 (iyirmi doqquz min yeddi yüz otuz altı manat 84 qəpik) manat əsas, 2.818,20 (iki min səkkiz yüz on səkkiz manat 20 qəpik) manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 1.205,99 (bir min iki yüz beş manat 99 qəpik) manat təşkil edir;

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh borcu qəbul etdiyini, lakin hazırda ödəniş etmək imkanı olmadığını bildirdi.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçi Bank ilə Cavabdeh1 MMC arasında bağlanmış 11 May 2023-cü il tarixli HQ-1105/23 nömrəli kredit xətti müqaviləsinə əsasən:

7. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən Borc alana dövriyyə vəsaitini artırmaq məqsədi ilə 35 000 (otuz beş min) AZN məbləğində "11" may 2024-ci il tarixinədək bərpa olunan kredit xətti açır.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit xətti çərçivəsində ayrılan kredit(lər), irəlidə "Kredit" adlandırılacaq, kredit xəttinin müddəti ərzində verilir.

9. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi illik 19 (on doqquz) % təşkil edir.

10. Müqavilənin 1.4-cü bəndinə əsasən FİFD 20.1% təşkil edir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən kredit xətti Borc alan tərəfindən aşağıdakı şərtlərə riayət edildikdə açılır:

12. Müqavilənin 2.1.1-ci bəndinə əsasən borc alan öz fəaliyyətini həyata keçirmək üçün bütün lazımi hüquqi səlahiyyətlərə malikdir və bu müqavilə, eləcə də onunla bağlı ipoteka (girov) və sair müqavilələr bağlandıqda və icra olunduqda, Borc alanın rəhbərliyi Borc alanın təsis sənədləri və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında hərəkət edir;

13. Müqavilənin 2.1.2-ci bəndinə əsasən borc alan Borc verənə Borc alanın maliyyətəsərrüfat fəaliyyətinin başlanğıcından Kredit xətti açıldığı günə kimi öz maliyyə-təsərrüfat fəaliyyəti barədə tam və dürüst məlumat verib;

14. Müqavilənin 2.1.3-cü bəndinə əsasən borc alan, Borc alanın aktivləri üçün təhlükə yaradan və haqqında Borc verənə məlumat vermədiyi məhkəmə istintaq işlərinə heç bir şəkildə cəlb edilməmişdir;

15. Müqavilənin 4.1-ci bəndinə əsasən kreditin cari məbləğinin üstünə faizlər gündəlik qaydada, müvafiq olaraq ildə 360 gün və ayda 30 gün hesabından hesablanır.

16. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditin məbləğinin üstünə faizlərin hesablanması kreditin Borc alanın xüsusi hesabına daxil olduğu gündən başlanır və Borc alan tərəfindən borcun əsas məbləğinin qaytarıldığı gün başa çatır.

17. Müqavilənin 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının maliyyə bazarında və yaxud beynəlxalq maliyyə bazarlarında əhəmiyyətli dəyişikliklər baş verdikdə Borc verən kredit üzrə faiz dərəcəsini, Borc alanı yeni faiz dərəcəsinin qüvvəyə minməsinə ən azı 3(üç) iş günü qalmış xəbərdar edərək, birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. Borc alan Borc verənin qərarı ilə razılaşmadıqda, Borc alan vaxtından əvvəl krediti qaytarmaq və kreditin vaxtından əvvəl qaytarıldığı günə hesablanmış faizlərin məbləğini ödəmək hüququna malikdir.

18. Borcun təminatı olaraq, Muğanbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 11 may 2023-cü il tarixli ZM-1105/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında borclananın öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə “Borclu” kimi tam məsuliyyət daşıyır.

19. 12.03.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə 11 May 2023-cü il tarixli HQ-1105/23 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə xx.xx.2025-ci il tarixə 29.736,84 manat, faiz borcu 2818,20 manat, günlük faiz məbləği 4,13 manat və gecikdirilmiş vaxt keçen hesablanan faiz məbləği 1205,99 manat olmaqla cəmi borcu 33.761,03 manat təşkil edir. Gecikdirilən günlərin sayı: 292.

20. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 11 may 2023-cü il tarixli HQ-1105/23 nömrəli kredit xətti müqaviləsinə və həmin müqaviləyə əlavələr və edilmiş ödənişlər nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi tarixinə əsas borc və faiz borcu və müqavilə müddəti bitdikdən sonra maliyyə arayışında göstərilən xx.xx.2025-ci il tarixinə kimi illik 5% ilə hesablanan faiz məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/3076 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları, 11 may 2023-cü il tarixli HQ-1105/2 saylı kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 19%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz hesablanmaqla Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas və faiz borcu 33.377,96 manat məbləğində və xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 32.583,95 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 29.736,84 manat, faiz borcu üzrə 3.641,11 manat (illik 19%). xx.xx.2025-ci il tarixə: əsas borc üzrə 29.736,84 manat, faiz borcu üzrə 1.641,11 manat (illik 19%), əldən çıxmış fayda borcu üzrə 1205,99 manat (illik 5%).

22. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

28. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

29. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

30. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

31. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

32. Göründüyü kimi hazırkı iş üzrə iddia tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gələn borc məbləğlərinin tutulmasından ibarətdir. Cavabdehlər tərəfindən müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməməsi iş materiallarını ilə öz təsdiqini tapmışdır.

33. Beləliklə, cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

34. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi əsas borcu, ekspert rəyində göstərilən məbləğlər ilə eynilik təşkil edir. Əsas borc iddia tələbində müəyyən edilən məbləğdə, əsas borca hesablanan faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc iddiada göstərilən məbləğdə, əsas borca hesablanan faiz borcu ekspert rəyində müəyyən edilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Bundan başqa iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 11 May 2023-cü il tarixli HQ-1105/23 nömrəli kredit müqaviləsi üzrə 1205,99 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir.

36. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

38. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsii üzrə tələb etdiyi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu, ekspert rəyində göstərilən məbləğlər ilə eynilik təşkil edir.

39. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlə bağlanmış kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə 11 May 2023-cü il tarixli HQ-1105/23 nömrəli kredit müqaviləsi üzrə 29736,84 manat əsas borc, 1641,11 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə dətəmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1205,99 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

40. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 191,29 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu xərci ödənilmişdir.

41. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 191,29 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulmalıdır.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 29736,84 manat əsas borc, 1641,11 manat faiz borcu və illik 5% ilə hesablanan 1205,99 manat faiz borcu olmaqla cəmi 32583,94 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 191,29 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar