Məhkəmə qərarları › İş №e-2-2(113)-357/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-357/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-357/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20421,94 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 23214,94 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 520.2 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1091 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2022-ci il tarixli, **********59 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Rüstəmov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının yerləşdiyi 520.2 kv.m torpaq sahəsi dövlət mülkiyyətindədir, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə isə cavabdeh tərəfindən ümumiyyətlə icarə haqqı ödənilməmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 520.2 kv.m torpaq sahəsinə dair cavabdehin Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsi ilə 2007-ci ildə bağlanmış icarə müqaviləsi vardır, həmin müqavilə 15 il müddətinə bağlanılmış, müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Göstərilən torpaq sahəsi uzun illərdir ki, hazırkı günədək cavabdehin sahiblik və istifadəsindədir, orada cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmiş, həmin əmlakın bir hissəsinə çıxarış verilmişdir. İddiaçı ilə bağlanmış müqaviləni cavabdeh iddiaçının təklifi ilə formal olaraq bağladığı üçün icarə haqqı ödəməmiş, hesab edir ki, həmin torpaq sahəsinin dövlətin mülkiyyətində olmasına dair şübhələr var. Bu səbəbdən iddia tələbi əsassızdır. III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Tərəflər arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli 1091 nömrəli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının yerləşdiyi 520.2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək icarəyəverənin hüququdur.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə torpaq sahəsinin illik icarə haqqı 11172 manat, aylıq icarə haqqı 931 manat təşkil edir.

10. Cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən cavabdehin xx.xx.2023-cü il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 23214,94 manat təşkil edir.

11. Daşınmaz əmlakın dövlət registrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən cavabdehə icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 520.2 kv.m torpaq sahəsi dövlətin mülkiyyətindədir.

12. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

13. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 03 dekabr 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsi üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, müqavilə bağlandığı tarixdən hazıradək göstərilən torpaq sahəsi cavabdehin istifadəsindədir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

15. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Məhkəmə cavabdehin icarə müqaviləsinin formal olaraq bağlanması, həmin torpaq sahəsinə dair cavabdehin bələdiyyə ilə müqaviləsinin olması barədə dəlilini isə əsassız hesab edir.

17. Belə ki, materiallara əlavə edilmiş daşınmaz əmlakın dövlət registrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən cavabdehə icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 520.2 kv.m torpaq sahəsi dövlətin mülkiyyətindədir.

18. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxil olmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

19. Həmin Qanunun 23-cü maddəsinə əsasən icarəçinin vəzifələri aşağıdakılardır: icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək; icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq; İcarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

20. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 23 noyabr tarixli 321 saylı Fərmanında qeyd edilmişdir: “... 2006-cı ilin yanvarın 1-dən “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. ...”

21. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və “Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında” 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli Fərmanının 13-cü bəndində qeyd edilmişdir: “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 2-ci bəndində aşağıdakı dəyişiklik və əlavə edilsin: həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.”

22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 23214,94 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

25. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 159,64 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 23214,94 (iyirmi üç min iki yüz on dörd manat doxsan dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Cavabdeh 159,64 (bir yüz əlli doqquz manat altmış dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar