Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3570/2023 25.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 015262 saylı akt əsasında əsassız hesablanmış 4849,70 manat (dörd min səkkiz yüz qırx doqquz manat yetmiş qəpik) məbləğində borcun **********00233 saylı abonent hesabından silinməsi, 60 (altmış) manat mediasiya xərci və 8,50 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı **********00233 abonent kodu ilə təbii qazdan istifadə edir. Cavabdeh əməkdaşları tərəfindən məlumatı olmadan, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi qaydalarına riayət edilmədən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələbləri gözlənilmədən onun barəsində əsassız aktlar yazılmış və buna görə ona 10977,12 manat (on min doqquz yüz yetmiş yeddi manat on iki qəpik) cərimə borcu yazılmış və bu baradə bir dəfə də olsun ona rəsmi bildiriş, məlumat və akt təqdim edilməmişdir. Ona aktlar əsasında 2010-cu ildə 28,40 manat, 2013-cü ildə 1396,60 manat, 2014-cü ildə 63 manat, 2016-cı il ildə 2925,10 manat, 2021-ci ildə 436,60 manat olmaqla, cəmi 4849,70 manat borc hesablanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdeh tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünür ki, Cavabdeh yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, cavabdeh tərəfindən 2013-cü ilin mart ayında 1034,50 manat, aprel ayında 362,10 manat, 2014-cü ilin iyul ayında 63 manat, 2016-cı ilin may ayında 1778 manat, iyun ayında 1147,10 manat, 2021-ci ilin sentyabr ayında 436,60 manat, ümumilikdə əsassız yazılmış 4821,30 manat borcun silinməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
4. Cavabdeh iddia tələbini qəbul etməyərək, etiraz ərizəsini təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, 2013-cü ilin mart ayında iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və sayğacsız qazdan istifadəyə görə 1034,50 manat hesabat aparılaraq abonentin hesabına əlavə edilmişdir. 2013-cü ilin aprel ayında iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacının işləməməsi müəyyən edilmiş və sayğacın qeydə almadığı 362,10 manat məbləğində qaz sərfi hesablanaraq abonentin hesabına əlavə edilmişdir. 2014-cü ilin iyul ayında iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacının işləməməsi müəyyən edilmiş və sayğacın qeydə almadığı 63 manat məbləğində qaz sərfi hesablanaraq abonentin hesabına əlavə edilmişdir. 2016-cı ilin may ayında iddiaçıya məxsus müəssisəyə baxış keçirilən zaman sayğacın işləmədiyi müəyyən edilmiş, sayğacın qeydə almadığı 1778 manat məbləğində qaz sərfi hesablanaraq, abonentin hesabına əlavə edilmişdir. 2016-cı ilin iyun ayında iddiaçıya məxsus müəssisəyə baxış keçirilən zaman sayğacın işləmədiyi müəyyən edilmiş, sayğacın qeydə almadığı 1147,10 manat məbləğində qaz sərfi hesablanaraq abonentin hesabına əlavə edilmişdir. İddiaçıya məxsus çörək sexinin qaz xətti üzərində quraşdırılmış qaz sayğacı dövlət yoxlamasından keçirilməsi üçün çıxarılmışdır. Qaz sayğacına Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və sayğacın qeydə almadığı 436,60 manat qaz sərfi hesablanaraq xx.xx.2021-ci il tarixli akt əsasında iddiaçı müəssisənin hesabına əlavə olunmuşdur. İddiaçı iddia ərizəsində Cavabdeh İB tərəfindən yoxlama keçirilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin kobud şəkildə pozulmasını, yoxlamaların yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığını, yoxlamanın keçirilməsi ilə əlaqədar bildiriş verilmədiyini qeyd etmişdir. Qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (Qaydalar) ilə tənzimlənir və Qaydaların 1.3cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Cavabdeh İB tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Bu məqsədlə istixanada istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılarkən məlum olmuşdur ki, istehlakçı tərəfindən Qaydaların 3.4.1-ci yarımbəndinin tələbləri pozularaq tikinti obyektinin qazlaşdırma layihəsindən kənar qaz qurğuları özbaşına quraşdırılmış və istismar edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanunun tətbiq dairəsi yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə şamil edilir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir. Qeyd olunan aktlardan da müəyyən olunur ki, iddiaçıya məxsus çörək sexində 2013-cü ilin mart ayında, aprel ayında, 2014-cü ilin iyul ayında, 2016-cı ilin may ayında, iyun ayında, 2021-ci ilin sentyabr ayında qaz sayğacının işləməməsi müəyyən edilmiş və sayğacın işləmədiyi dövrlərdə qeydə almadığı qaz sərfi sayğacın arxiv məlumatlarına əsasasən hesablanaraq iddiaçının hesabına qeydə alınmış və həmin qaz sərflərinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Qeyd olunanlar İddiaçı 2013-cü ilin mart ayında yazılmış 1034,50 manat, aprel ayında yazılmış 362,10 manat, 2014-cü ilin iyul ayında yazılmış 63 manat, 2016-cı ilin may ayında yazılmış 1778 manat, iyun ayında yazılmış 1147,10 manat, 2021-ci ilin sentyabr ayında yazılmış 436,60 manat-ümumilikdə yazılmış 4821,30 manat borcun silinməsi barədə iddia tələbinin əsassız olmasının birbaşa sübutudur.
5. Cavabdeh İB-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanuna və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad olunmuşdur.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində İddiaçı arasında AMX- 3444/20 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
9. Abonent kodu **********00233 olan abonent saldosu çıxarışından görünür ki, tərtib olunmuş aktlar üzrə iddiaçıya 2013-cü ilin mart ayı üzrə 1034,50 manat, aprel ayı üzrə 362,10 manat, 2014-cü ilin iyul ayı üzrə 63 manat, 2016-cı ilin may ayı üzrə 1778 manat, 2016-cı ilin iyun ayı üzrə 1147,10 manat, 2021-ci ilin sentyabr ayı üzrə 436,60 manat ödəniləcək məbləğ hesablanmışdır. Abonent saldosunda 4594,22 manat son borc kimi göstərilmişdir.
Tətbiq edilən hüquq
10. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
11. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmənin mövqeyi
13. İddia tələbi Cavabdeh tərəfindən İddiaçı aktlar əsasında hesablanmış borcun silinməsindən ibarətdir.
14. Cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
15. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Belə ki, müəyyən olunmuşdur ki, aktlar üzrə hesablanmış borc məbləğləri üzrə iddiaçı tərəfindən bir sıra ödənişlər olunmuşdur: 2013-cü ilin mart ayı üzrə 1034,50 manat, aprel ayı üzrə 362,10 manat cərimə hesablanmasına baxmayaraq, abonent saldosundan məlum olur ki, həmin məbləğlər iddiaçı tərəfindən tam ödənilmişdir. 2014-cü ilin iyul ayı üzrə 63 manat hesablansa da, ödəmələr olmuş, yekunda 15,30 manat ödənilməmiş qalıq borc qalmışdır. 2016-cı ilin may ayı üzrə akt üzrə 1778 manat, iyun ayı üzrə 1147,10 manat borc hesablanmış, həmin məbləğlərdən qismən ödənişlər edilmiş, 247,40 manat qalıq borc qalmışdır. 2021-ci ilin sentyabr ayı üzrə akt üzrə 436,60 manat borc hesablanmış, həmin məbləğ ödənilməmişdir.
17. İddiaçının tələbi borcun silinməsi olduğundan, silinməsi istənilən borc qismən ödənildiyindən, məhkəmənin qənaətinə əsasən aktlar üzrə hesablanmış, həmin aktlar üzrə ödənilməmiş qalan borc məbləği abonent hesabından silinməlidir.
18. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı 2014-cü ilin iyul ayında tərtib edilmiş akt əsasında hesablanmış 15,30 manat (on beş manat otuz qəpik), 2016-cı ilin may və iyun aylarında tərtib edilmiş aktlar əsasında hesablanmış 247,40 manat (iki yüz qırx yeddi manat qırx qəpik) və 2021-ci ilin sentyabr ayında tərtib edilmiş akt əsasında hesablanmış 436,60 (dörd yüz otuz altı manat altmış qəpik) manat olmaqla, cəmi 699,30 manat (altı yüz doxsan doqquz manat otuz qəpik) məbləğində borc İddiaçı abonent hesabından silinməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı 2014-cü ilin iyul ayında tərtib edilmiş akt əsasında hesablanmış 15,30 manat (on beş manat otuz qəpik), 2016-cı ilin may və iyun aylarında tərtib edilmiş aktlar əsasında hesablanmış 247,40 manat (iki yüz qırx yeddi manat qırx qəpik) və 2021-ci ilin sentyabr ayında tərtib edilmiş akt əsasında hesablanmış 436,60 (dörd yüz otuz altı manat altmış qəpik) manat olmaqla, cəmi 699,30 manat (altı yüz doxsan doqquz manat otuz qəpik) məbləğində borc İddiaçı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova