Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3575/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 214419,12 manat borcun **********00001 nömrəli abonent kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanda yerləşən, İddiaçı MMC-yə məxsus qeyri yaşayış sahəsi (kərpic sexi) müqavilə əsasında **********00001 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2025-ci ilin aprel ayına qədər cavabdeh tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatsız olduğumuzdan tərəflər arasında hərhansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim tərəfimizdən vaxtlı vaxtında ödənilmişdir. 2025-ci ildə isə cavabdehlə aramızda mübahisə yaranmışdır. Belə ki, sonradan bizə məlum olduğu kimi cavabdeh tərəfindən 2025-ci ilin aprel ayınadək ümumilikdə 214419,12 manat məbləğində əsassız borc hesablanmışdır. Abonent saldosundan da göründüyü kimi 2025-ci ilin yanvar ayında 21009,90 manat, fevral ayında 34101,36 manat, mart ayında 35176,56 manat aktlar əsasında borc yazılmışdır. Məhkəmənin nəzərini daha bir vacib məqama çəkmək istəyirik: Abonent saldosundan göründüyü kimi 2025-ci ilin aprel ayında qaz sayğacının mexaniki göstəricisi dəyişməyərək ******* kimi qeyd edilmiş elektron göstərici isə ******* kimi qeyd edilmiş və bunun nəticəsində guya tərəfimizdən aprel ayında 22926,48 manat məbləğində təbii qazdan istifadə edilmişdir. Halbu ki, cavabdeh təşkilat tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş kəsim aktından göründüyü kimi xx.xx.2025-ci il tarixdə kərpic sexinə qazın verilməsi dayandırılmışdır. Burada sual olunur ki, qaz təchizatı dayandırıldığı halda hansı əsaslarla 2025-ci ilin aprel ayında bizə 22926,48 manat sərfiyyat borcu yazılmışdır? Qazın dayandırılması qaz sayğacının mexaniki göstəricisindən də aydın görünür, belə ki 2025-ci ilin aprel ayında sərfiyyat olsaydı sayğacın mexaniki göstəriciləri dəyişmiş olardı, halbuki aprel və mart aylarında mexaniki göstərici eynilik təşkil edir. Bundan başqa hazırda aprel ayının əvvəlidir və ay tamamlanmamış, heç yarı belə olmamış, cabadeh təşkilat aprel ayı üçün bizə borc hesablamışdır. Bu axı absurtdur. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, texniki cəhətdən qaz sayğacının mexaniki hissənin göstəriciləri dəyişmədiyi halda elektron hissənin göstəricilərinin dəyişməsi qeyri-mümkündür. Belə ki, elektron hissə mexaniki hissənin impulsu əsasında fəaliyyət göstərir. 2025-ci ilin aprel ayında mexaniki göstəricinin dəyişmədiyi halda elektron göstəricinin dəyişməsi texniki cəhətdən mümkün deyil. Bundan başqa qaz təchizatı dayandırıldığı halda necə ola bilər ki borc hesablansın. Belə bir halın mövcudluğu cavabdeh tərəfindən qaz sayğacına əsasən apardığı bütün hesabatları şübhə altına alır və hesablanmış borcun hansı əsaslarla hesablandığına dair cavabdeh heç bir sübut belə təqdim etmir. Hazırda abonent saldosunda borc 214419,12 manat qeyd edilmişdir, lakin yuxarıda qeyd etdiklərimizdən irəli gələrək hesab edirik ki cavabdeh tərəfindən hesablanmış bu məbləğ tam əsassız hesablanmış borcdur və reallığı əks etdirmir. Sözügedən aktlarla bağlı tərəfimizdən cavabdeh təşkilata müraciət edildikdə bizə bildirdilər ki, güya aktlar tərtib edilən aylarda istifadəmizdə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək bizim qaz hesabımıza işlənmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş saxta aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “Əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçıya 2025-ci ilin ilk dörd ayı ərzində aktlar əsasında ümumilikdə 97647,42 manat borc hesablanmışdır, belə ki, həmin aylarda sayğacda olan qüsur nəticəsində sayğac sərfiyyatı tam qeydə ala bilməmişdir. Qalan silinməsi tələb edilən borclar isə sayğacın göstəriciləri əsasında yazılmış sərfiyyat borcudur.
4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Sonuncu məhkəmə iclasının iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (istehlakçı) ilə cavabdeh (paylayıcı) arasında bağlanmış qaz paylaycısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, AMX-1783/23 saylı müqaviləyə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
9. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, iddiaçıya 2025-ci ilin yanvar ayında 21009,90 manat, 2025-ci ilin fevral ayında 34101,36 manat, 2025-ci ilin mart ayında 35176,56 manat, 2025-ci ilin aprel ayında 7359,60 manat aktlar əsasında borc (ümumilikdə 97647,42 manat) hesablanmışdır.
10. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, iddiaçının 2025-ci ilin aprel ayına olan qalıq borcu 214419,12 manat təşkil edir.
11. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, xx-xx/2025 nömrəli akta görə iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G-100 markalı 75018692 nömrəli müvəqqəti qaz sayğacı keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmiş, xx.xx.2025-ci il tarixində qaz təchizatı qaynaq üsulu ilə dayandırılmış, 2025-ci ilin mart ayı üçün qazın hesabatı 146569,54 kub metr müəyyən olunmuşdur.
12. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 874 nömrəli akta görə 31 yanvar 2025-ci il tarixində iddiaçıya məxsus istehsal sahəsinin təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacı sərfiyyatı qeydə almaması səbəbindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə olunan qazın həcmi ötən ilin müvafiq dövrünə uyğun olaraq 87779 kub metr müəyyən olunmuşdur.
13. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 1390 nömrəli akta görə 16 yanvar 2025-ci il tarixində iddiaçıya məxsus obyektin qaz təchizatı borca görə qaynaq üsulu vasitəsi ilə dayandırılmışdır. xx.xx.2025-ci il tarixində müəssisə ilə Cavabdeh İB arasında bağlanmış olan razılaşma protokoluna əsasən müəssisənin qaz təchizatı bərpa olunmuşdur.
14. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, xx-xx/2025 nömrəli akta görə iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G-100 markalı, 75018692 nömrəli müvəqqəti qaz sayğacının keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuş, 2025-ci ilin fevral ayı üçün qazın hesabatı 142089 kub metr müəyyən olunmuşdur.
15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli “Qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür.
17. Materiallardan görünür ki, cavabdeh tərəfindən 2025-ci ilin fevral və 2025-ci ilin aprel aylarında tərtib edilmiş aktlara əsasən iddiaçıya 34101,36 manat və 7359,60 manat borc hesablanmışdır.
18. Məhkəmə qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
19. Materiallarda olan abonent saldosundan görünür ki, adıçəkilən həmin aktlarda göstərilən müddət üçün (2025-ci ilin fevral və aprel ayları) iddiaçıya sayğac göstəricilərinə əsasən fevral ayında 9504,72 manat, aprel ayında 22926,48 manat borc hesablanmış və həmin borclar iddiaçı tərəfindən ödənilmişdir.
20. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən 3.3-cü bəndinin tələblərinə ziddir.
21. Bu səbəbdən məhkəmə hesab edir ki, 2025-ci ilin fevral və aprel ayları üzrə aktlar əsasında iddiaçıya hesablanmış ümumilikdə 41460,96 manat (34101,36 manat + 7359,60 manat) borcların hesablandığı müddət üçün iddiaçıya “Qazdan istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş qaza görə hesablanmış borclar iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır, bu səbəbdən iddia qismən təmin edilməli, göstərilən borcların (41460,96 manat) silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
22. Bundan əlavə, materiallardan görünür ki, 2025-ci ilin mart ayında qaz sayğacının işləmədiyi dövr üzrə iddiaçıya ümumilikdə 35176,56 manat borc hesablanmış, həmin borc hesablanan zaman ötən ilin müvafiq dövrünün qaz sayğacının göstəriciləri əsas götürülmüşdür.
23. Halbuki, “Qazdan istifadə qaydaları”nın 5.4-cü maddəsinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
24. Bu səbəbdən məhkəmə hesab edir ki, 2025-ci ilin mart ayında qaz sayğacının işləmədiyi dövr üzrə iddiaçıya ötən ilin müvafiq ayı üzrə deyil, 2025-ci ilin fevral ayının sərfinə uyğun borc (9504,72 manat) hesablanmalı, artıq hesablanmış 25671,84 manat (35176,56 manat – 9504,72 manat) borc silinməlidir.
25. Məhkəmə iddianı qalan, 147286,32 manat (214419,22 manat – 67132,80 manat) borcun silinməsi hissəsində isə əsassız hesab edir.
26. Belə ki, materiallarda olan iddiaçıya məxsus **********00001 saylı abonent kodu üzrə abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2023-cü il üzrə 262356,60 manat, 2024-cü il üzrə 404068,28 manat, 2025-ci ilin yanvar ayı üzrə 21009,90 manat sərfiyyat borcu hesablanmışdır.
27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın:
28. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
29. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
30. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
31. 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir.
32. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
33. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus sahədə quraşdırılmış qaz sayğacı üzrə Abonent haqqında məlumat təqdim edilmişdir. Həmin sənəddə illik qaz sərfiyyatı və ödənişlər barədə məlumat əks olunmuşdur. İddiaya etiraz edən cavabdeh tərəf iddiaçının qazdan istifadəyə görə ödənişləri tam yerinə yetirməməsini bildirmiş və borcun yaranmasını bu halla əsaslandırmışdır. Cavabdeh tərəfindən tərtib olunan abonent saldosundan müəyyən olunur ki, 2023-cü ildən başlayaraq 2025-ci il daxil olmaqla hər il üzrə təbii qazdan istifadəyə görə hesablanmış borcla müvafiq ildə ödənilmiş vəsait bir-birini tamamlamamış, qaz sərfiyyatı ümumi ödənişdən artıq olmuşdur. Qeyd olunan sənəddə “Qazdan istifadə Qaydaları”nın 5.6-cı bəndinə əsasən cavabdeh təşkilat tərəfindən açılan fərdi hesabın göstəriciləri öz əksini tapmışdır.
34. Digər tərəfdən, iddiaçı qeyd olunan sənəddə əks olunan məlumatlarla razı olmadığını məhkəmədə bildirməmişdir. Halbuki, onun mövcud sayğacın göstəricilərini təqdim etməklə, Abonent haqqında məlumatda əks olunan göstəriciləri mübahisələndirmək imkanı olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının istifadə etdiyi qazın həcmini və dəyərini sübutetmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, onun ödənilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçı hüquqi şəxs olmaqla, xərclərinin dəqiq uçotunu aparmalıdır.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya **********00001 saylı abonent kodu üzrə əsassız olaraq hesablanmış 67132,80 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 291,40 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 213,60 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC-yə (abonent kodu: **********00001) əsassız olaraq hesablanmış 67132,80 (altmış yeddi min bir yüz otuz iki manat səksən qəpik) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 291,40 (iki yüz doxsan bir manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 213,60 (iki yüz on üç manat altmış qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova