Məhkəmə qərarları › İş №e-2-2(113)-3576/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3576/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3576/2022 17.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı icarə haqqının ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2400 manat icarə haqqının, ona hesablanmış 3229 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2626 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İcarəyə verən - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan 2626 nömrəli mağazanı icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 150 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, 2626 saylı icarə müqaviləsinə 31 iyul 2019-cu il tarixdə xitam verilmişdir. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 2631 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İcarəyə verən - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan 2631 nömrəli mağazanı icarəyə verməyi, İcarəçi isə İcarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə İcarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 150 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, 2631 saylı icarə müqaviləsinə 30 dekabr 2019-cu il tarixdə xitam verilmişdir. Lakin icarəçi ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da 01 fevral 2018-ci il tarixli, 2626 saylı icarə müqaviləsinə görə 2018-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, 2019-cu ilin yanvar, fevral, mart, aprel ayları üzrə ümumilikdə ödənilməmiş 1125 manat icarə haqqı borcu və ona hesablanmış 1510 manat cərimə borcu. 01 fevral 2018-ci il tarixli, 2631 saylı icarə müqaviləsinə görə 2018-ci ilin aprel, may, iyun, avqust, oktyabr, dekabr, 2019-cu ilin yanvar, fevral, mart, aprel ayları üzrə ümumilikdə ödənilməmiş 1275 manat icarə haqqı borcu və ona hesablanmış 1719 manat cərimə borcu, hər iki icarə müqaviləsinə görə ümumilikdə - 2400 manat icarə haqqı borcu və 3229 manat cərimə borcu yaranmışdır. İddiaçının nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, atası vəfat etdikdən sonra Füzuli adlı şəxs onun yaşadığı evə gələrək əvvəlki müqavilələr onun vəfat etmiş atasının adına olduğuna görə müqavilələri müqavilələrə imza atmasını xahiş etmiş və bildirmişdir ki, icarə haqlarının ödənilməsinə onun heç bir aidiyyatı yoxdur. Bundan sonra ona qeyri – yaşayış sahələri təhvil verilməmiş və onun tərəfindən heç bir icarə haqqı ödənilməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, qeyri – yaşayış sahələri cavabdehə təhvil verilməmişdir və bu barədə təhvil - təslim aktı mövcud deyildir. Müqavilə bağlansa da iradə ifadəsi həyata keçirilməmişdir. Buna görə də hazırda yaranmış borcun cavabdehə hər hansı bir aidiyyatı yoxdur. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında baölanmış 01 fevral 2018-ci il tarixli, 2626 saylı icarə müqaviləsinə əsasən İcarəyə verən - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan 2626 nömrəli mağazanı icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2631 saylı icarə müqaviləsinə əsasən İcarəyə verən - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan 2631 nömrəli mağazanı icarəyə verməyi, İcarəçi isə İcarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. 13 may 2022-ci il tarixli, 02-07/199 nömrəli maliyyə arayışına əsasən 30 dekabr 2019-cu il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 1275 manat, ona hesablanmış cərimə borcu 1719 manat, cəmi borcu 2994 manat təşkil edir. 13 may 2022-ci il tarixli, 02-07/200 nömrəli maliyyə arayışına əsasən 31 iyul 2019-cu il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 1125 manat, ona hesablanmış cərimə borcu 1510 manat, cəmi borcu 2635 manat təşkil edir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin oluna bilməz. Mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 19 dekabr tarixli uərarında real və konsensual müqavilələrə aydınlıq gətirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (Mülki Məcəllənin 668.1.5-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyi bütün real müqavilələrə eyni qaydada tətbiq oluna bilər. Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Hər iki müqavilənin 2.2 və 2.2.1-ci bəndində göstərilmişdir ki, icarəyə verənin vəzifələri icarə obyektinin icarəçiyə yararlı, yanğın və texniki təhlükəsizlik qaydalarına və tikinti normalarına uyğun vəziyyətdə təhvil verməkdir. Qeyd olunan normaların və müqavilənin məzmunundan da görünür ki, torpaq icarəsi müqaviləsi real müqavilədir və bu müqavilənin qüvvəyə minməsi üçün tərəflərin öz üzərinə hər hansı öhdəliklər götürməsi kifayət deyil, icarə predmeti olan əmlak təhvil verildikdə müqavilə qüvvəyə minir. İddiaçı tərəfindən məhkəməyə sahələrin cavabdehə təhvil verilməsinə dair heç bir sübut təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə müxtəlif tarixli mədaxil qəbzlərinin kserosurətləri verilsə də həmin qəbzlərə əsasən icarə haqqının cavabdeh tərəfindən ödənilib – ödənilmədiyini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tərəflər arasında icarə müqavilələri bağlansa da, icarə predmeti olan qeyri – yaşayış sahələrinin cavabdehə təhvil verilməsi təsdiqini tapmadığından və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmadığından iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı icarə haqqının ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar