Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3580/2024 25.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 69 ünvanında yerləşən 102.4 kv.metr qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2215 nömrəli icarə müqaviləsi ləğv edilsin, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən icarə haqqı borcu üzrə 7033.92 (yeddi min otuz üç manat doxsan iki qəpik) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2215 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 69 ünvanında yerləşən 102.4 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə ödənilməli olan 7033.92 (yeddi min otuz üç manat doxsan iki qəpik) manat icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan RespublikasıQanununun 7 və 13- cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-3866/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Rüstəmov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh uzun müddətdir ki, müqavilə üzrə ödəniş etmir. Bu səbəbdən yaranmış icarə haqqı borcu cavabdehdən tutulmalı, cavabdeh öz öhdəliklərini icra etmədiyi üçün müqavilə ləğv edilməli, cavabdeh icarə sahəsini iddiaçıya geri təhvil verməlidir. İcarə sahəsi dövlətin mülkiyyətindədir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
II. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 2215 nömrəli dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır.
8. Müqaviləyə əsasən, "İcarəyəverən" Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 75 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 69 (registr №***- *******8-002) ünvanında yerləşən, ümumi sahəsi 102.4 m2 təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verir.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 286.72 manatdır.
10. Müqavilənin 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, “İcarəçi”nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər.
11. Müqavilənin 8.4-cü bəndinə əsasən İcarə müqaviləsinə xitam verildikdən sonra icarəçi icarəsində olan əmlakı icarəyəverənə qaytarmağa borcludur. Əgər icarəçi əmlakı qaytarmırsa, icarəyəverən əmlakın saxlandığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini və icarəçidən saxlanılan əmlakı məcburi qaydada alınmasını tələb edə bilər.
12. Cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən cavabdehin xx.xx.2024-cü il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 7033.92 manat təşkil edir.
13. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
14. Belə ki, iddia iki hissədən ibarətdir: 1. icarə müqaviləsinin ləğv edilməsi və qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi; 2. icarə haqqı borcunun tutulması.
15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 2215 nömrəli icarə müqaviləsi bağlanmış, icarə müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən hər hansı ödəniş edilməmiş, müqavilə bağlandığı tarixdən hazıradək göstərilən qeyri-yaşayış sahəsi cavabdehin sahiblik və istifadəsindədir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
17. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
18. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
19. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliyini uzun müddətdir yerinə yetirmədiyindən iddiaçı tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən icarə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır.
20. Bu səbəbdən iddia tələbi icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
21. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.
22. Belə ki, materiallardan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə ödənilməli olan icarə haqqı borcu ümumilikdə 7033,92 manat təşkil edir.
23. Bu səbəbdən məhkəmə hesab edir ki, icarə haqqı borcunun tələb edilməsi hissəsində də iddia əsaslıdır və təmin edilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2215 nömrəli icarə müqaviləsi ləğv edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 69 ünvanında yerləşən 102,4 kv.metr qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməli, cavabdehdən 7033,92 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
27. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 90,34 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
IV. Nəticə:
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 2215 nömrəli icarə müqaviləsi ləğv edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 69 ünvanında yerləşən 102,4 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi Cavabdeh həvalə edilsin. Cavabdeh 7033,92 (yeddi min otuz üç manat doxsan iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Cavabdeh 90,34 (doxsan manat otuz dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova