Məhkəmə qərarları › İş №e-2-2(113)-3587/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3587/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3587/2025 05.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “pul və əmlak” tələbi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsəyyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “pul və əmlak” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh "xxxx" MMC (bundan sonra - icarəçi) arasında xx.xx.2023cü il tarixli, 21/1123P nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən (iddiaçı) ona məxsus əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşıma quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada iddiaçıya verməyi öhdəsinə götürür.

2. Həmin müqavilənin: 2.1. 2.1-ci bəndinə görə aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir; 2.2. 2.3-cü bəndinə görə müqavilə imzalandığı andan qanuni qüvvəyə minir. İcarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır; 2.3. 2.4-cü bəndinə görə icarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq icarəyə verənə nəğd ödəyir, yaxud hesablaşma hesabına köçürür; 2.4. 2.6-cı bəndinə görə əmlakın montaj və sökmə işləri və daşınma haqqı tərəflərin qarşılıqlı razılığna əsasən bu müqavilənin ayrılmaz tərkib hisssəsi olan əlavələrdəki kimi müəyyən edilir; 2.5. 2.7-ci bəndinə görə icarə və xidmət haqqının ödənilməsi aktların olmadığı halda icarəçiyə elektron vergi sisteminə əsasən göndərilmiş qaimələr məqbul hesab olunur və onun əsasında ödəniş həyata keşirilir; 2.6. 4.1-ci bəndinə görə əmlakın təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir. avadanlıq bu Müqavilə imzalandığı, icarəyə götürən tərəfin öz hesabına nəql olunur və avadanlıqların təhvil-təslim aktında (aktlarında) və ya digər, ona bərabər olan sənədlərlə təhvil verilir.

3. Tərəflər arasında xx.xx.2023-cü tarixdə imzalanmış Razılaşma protokoluna (1 nömrəli Əlavə) əsasən əmlakın (İşkələ Bakı) 1 kv.m-nin 1 aylıq icarə haqqı 1 manat (ƏDVsiz) müəyyən edilmişdir.

4. Eləcə də, tərəflər arasında xx.xx.2023-cü tarixdə imzalanmış malların təhvil-təslimi haqqında Akta əsasən 252 ədəd işkələ Bakı ayaq, 245 ədəd işkələ Bakı qısa qol, 40 ədəd işkələ Bakı uzun qol və 1200 ədəd işkələ Bakı (M2) icarəçiyə təhvil verilmişdir. Malların təhvil-təslimi haqqında Akt hər iki tərəfdən imzalanaraq möhürlənmişdir.

5. İddiaçı tərəfindən sözügedən icarə müqaviləsi üzrə xx.xx.2023 - xx.xx.2024-cü ilədək xidmətlər haqqında tərtib edilmiş PR3652-2405 nömrəli Akta əsasən xx.xx.2023-cü il - xx.xx.2024-cü ilədək 1080 kv.m işkələnin (İşkələ Türk, ünvan Kürdəmir) 5 ay 11 gün istifadəsinə görə 5796 manat, xx.xx.2023-cü il - xx.xx.2024-cü ilədək 120 kv.m işkələnin (İşkələ Türk, ünvan Kürdəmir) 9 ay 7 gün istifadəsinə görə 1107,1 manat və xx.xx.2023-cü il - xx.xx.2024-cü ilədək 500 kv.m işkələnin (İşkələ Türk, ünvan Kürdəmir) 8 ay 13 gün istifadəsinə görə 4209,68 manat, cəmi 11112,78 manat, ƏDV 2000 manat olmaqla, yekun 13113,08 manat icarə haqqı hesablanmışdır. Aktda yalnız iddiaçı tərəfin imzası və möhürü mövcuddur.

6. Bundan başqa, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə zaminlik müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən zamin iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış eyni tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyəti öz üzrəinə götürmüşdür.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı xx.xx.2023-cü il tarixli, 21/1123P saylı icarə müqaviləsi üzrə 7412 manat, ona hesablanmış 1334,3 manat ƏDV borcunun, 2000 manat cərimənin, ünmumi dəyəri 99 manat olan 3 ədəd Türkiyə istehsalı olan işkələnin (ayaq hissə), 640 manat hüquqi xidmət xərcinin (320 manat iddia, 320 manat müvəqqəti təminat tədbiri üçün) və 138 manat dövlət rüsumunun (125 manat iddia ərizəsi, 13 manat müvəqqəti təminat tədbiri üçün) cavabdehlərdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixli, 21/1123P saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə bağlanmışdır. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli “Zaminlik Müqaviləsi”nə əsasən digər Cavabdeh1 iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 21/1123P saylı icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin Cavabdeh2 MMC tərəfindən yerinə yetirilməsinə görə birgə cavabdehliyi öz üzərinə götürmüşdür. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəfimizdən razılaşdırılmışdır. Müqavilə üzrə öhdəliklər tərəfimizdən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. Cavabdeh isə bu müqavilə üzrə öhdəlikləri tam və lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin icarə müqaviləsi üzrə 7412,78 manat və ona hesablanmış 1334,3 manat ƏDV borcu yaranmışdır. Bundan başqa, cavabdehə təhvil verilmiş avadanlıqlardan ümumi dəyəri 99 manat olan 3 ədəd Türkiyyə istehsalı olan iskələ (ayaq hissə) bu günədək geri qaytarılmamışdır. Bundan başqa, Müqavilənin 5.3-cü maddəsinə əsasənicarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 31-cı günündən başlayaraq (31-cı gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün İcarə haqqının 0,5% miqdarında İcarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin, həmin cərimə borcundan hazırda cəmi 2000 manat tələb edirlər. İddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkilmişdir. Həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən pullar (iddia tələbinin müdafiəsi üçün 320 manat və müvəqqəti təminat tədbirinə görə 320 manat, cəmi 640 manat) və dövlət rüsumuna ödənilən pullar aiddir. Həmin xərclər də cavabdehdən tutulmalıdır.

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı etiraz yazılı şəkildə təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

10. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

11. Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, o, həm də Cəmiyyətin direktorudur. Qarabağ ərazisində tikinti işlərinin yerinə yetirilməsi üçün iddiaçı ilə bağlanmış icarə müqaviləsi əsasında işkələlər icarəyə götürülmüşdür. Sonradan maddi vəziyyətində çətinliklər yarandığından digər şəxlər qarşısında öhdəliklərini icra edə bilməmişdir. İddiaçıdan icarəyə götürdüyü işkələləri qaytarmışdır. İddia ərizəsində qeyd edilən işkələlər ola bilər ki, istifadə zamanı ya sınsın, ya da qaytaran zaman yolda itsin. İşkələrin qaytarılması barədə akt tərtib olunsa da, onları məhkəməyə təqdim edə bilmir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

18. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

19. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

20. Maddə 472.1. Zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Maddə 472.2. Zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

23. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

24. Maddə 700.3. bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Aərbayvan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir..

MƏHKƏMƏNİN MÖVQEYİ

30. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

31. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

32. İşi mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 21/1123P nömrəli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətində icarəyə verən olaraq iddiaçı müqaviləyə əlavədə göstərilən tikinti üçün nəzərdə tutulmuş yardımçı əşyaları (işkələ) həmin cavabdehə təhvil verərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmişdir. Cavabdeh "xxxx" MMC isə icarə haqqını tam şəkildə ödəməməklə, habelə icarəyə götürdüyü əşyaların bir qismini qaytarmamaqla müqavilə üzrə öhdəliklərini pozmuşdur. İcarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək yerinə yetirilmiş işlərin təhvili üzrə hesablanmış PR3652-2405 saylı Akta əsasən icarə haqqı cəmi (ƏDV daxil) 13113,08 manat təşkil etdiyi halda (Cavabdeh1 tərəfindən Akt imzalanmasa da, icarə haqqı tələbini məhkəmə baxışı zamanı qəbul etmişdir), cavabdeh "xxxx" MMC tərəfindən həmin icarə haqqının 8747,08 (7412,78 manat əsas, 1334,3 manat ƏDV) manat hissəsi ödənilməmişdir.

33. Məhkəmə şərh edilənləri, eləcə də cavabdeh "xxxx" MMC tərəfindən öz öhdəliklərini müqavilə üzrə tam icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icrasını cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı ödənilməmiş əsas icarə haqqını tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir.

34. Məhkəmə iddia tələbinin cərimənin tələb edilməsi hissəsində qismən əsaslı hesab edir.

35. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, qanunla müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdehlər tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər arasında bağlanılmış icarə müqaviləndə və ona edilmiş əlavələrdə də cərimənin tətbiq edilməsinin əsasları göstərilmişdir.

36. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 437,35 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

37. Məhkəmə qeyd edir ki, borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

38. Məhkəmə həmçinin, hesab edir ki, iddia tələbi icarə haqqının və cərimənin tələb edilməsi hissəsində zamin Cavabdeh1 aid hissədə də əsaslıdır. Belə ki, iddiaçı ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 21/1123P saylı icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür. Həmçinin, zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən müqaviləyə görə İcarəçı qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Zamin İcarəyə verənin qarşısında İcarəçinin öhdəliklrinə görə tam həcmdə məsuliyyət daşıyır.

39. Şərh edilənlərdən göründüyü kimi, zamin olaraq Cavabdeh1 sözü gedən icarə müqaviləsi üzrə icarəçinin icra edilməyən öhdəliklərinə görə cavabdeh olması əsasları həm qanundan, həm də bağlanmış zaminlik müqaviləsinin müddəalarından irəli gəlir. Eyni zamanda, zaminlik müqaviləsinin 7.2-ci bəndində göstərilir ki, həmin müqavilə icarəçi və zamin iddiaçı qarşısında öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədədir.

40. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2025-ci il tarixli MVMr70F22 nömrəli və xx.xx.2025-ci il tarixli MVgNA4z14 nömrəli qəbzlərdən görünür ki, iddiaçının vəkilinin bank hesabına iddiaçı tərəfindən hər bir qəbz üzrə 300 manat ödəniş edilmişdir. Odur ki, iddia həmin hissədə qismən, yəni 600 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması təmin edilməlidir.

41. Eləcə də, iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 125 manat, müvəqqəti təminat tədbirinin verilməsi üçün 13 manat olmaqla, cəmi 138 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 21 noyabr 2023-cü il tarixli, № 21/1123P saylı icarə müqaviləsi üzrə 7412,78 manat, ona hesablanmış 1334,3 manat ƏDV borcu, 437,35 manat cərimə, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat xərc və ödənilmiş 138 manat dövlət rüsumu Cavabdeh2 MMCdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ümumi dəyəri 99 manat olan – 3 ədəd Türkiyyə istehsalı olan iskələ (ayaq hissə) Cavabdeh2 MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar