Məhkəmə qərarları › İş №e-2-2(113)-3594/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3594/2025

07.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3594/2025 07.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X15 Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət və podrat münasibətləri, görülmüş işlərə görə muzdun ödənilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh X15 Cəmiyyətinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh X15 Cəmiyyətinə (bundan sonra Cavabdeh QTSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18946 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı cavabdeh ilə arasında olan şifahi razılaşmaya əsasən xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Xocalı rayonu ərazisində yaşıllaşdırma işləri ilə bağlı xidmət göstərmiş, yəni həmin müddətdə adıçəkilən ərazidə əkilmiş yaşıl bitkilərin suvarılmasını təmin etmişdir. İddiaçı özünə məxsus 2 ədəd “KAMAZ” markalı su maşını və 2 ədəd özüboşaldan “KAMAZ” markalı yük maşını ilə üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Belə ki, iddiaçı öz vəsaiti ilə işçilərlə əmək müqaviləsi bağlamış və işçilərin əmək haqlarını ödəmişdir. Bu işlərin görülməsinin qarşılığında cavabdeh 18946 manat pul ödəməli idi. Ötən 8 ay ərzində göstərilən xidmətin qarşılığında cavabdeh borc üzrə hər hansı ödəniş aparmamışdır. İddiaçı pulun ödəmilməsi ilə bağlı cavabdehin rəhbəri Qanuni nümayəndə1la, mühasibi Toğrul müəllimlə və əməkdaşı Seymur Nəzərovla dəfələrlə görüşmüş, onlarla telefon danışığı və vatsap yazışmaları aparmışdır. Hətta bu barədə pretenziya göndərilsə də, heç bir nəticə olmamışdır. Təqdim edilən qaimədən də görünür ki, cavabdeh razılaşmaya əsasən görülən işlər üzrə iddiaçıya ümumilikdə 18946 manat pul ödəməlidir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442.1, 449.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

6. İddiaçı məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, üçüncü şəxsin işçisi iddiaçını cavabdehə yönəltmiş, Azərbaycan Respublikası Prezidentinin Qarabağa səfəri ilə bağlı işlərin sürətli görülməsi səbəbindən müqaviləni sonra bağlayacaqlarını bildirmişdir. İddiaçı da 4 ədəd nəqliyyat vasitəsilə tapşırılan işləri görmüşdür. İddiaçı işlərin görülməsinə bir neçə işçini cəlb etmiş, onlardan Xaliq İsmayılovun gördüyü işin dəyəri – 2000 manat məbləğində pul ödənilmişdir. Bu hal iddiaçıya yeni məlum olmuş, bu səbəbdən iddia tələbində nəzərə alınmamışdır.

7. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda bildirdi ki, onlarla iddiaçı arasında hər hansı müqavilə münasibəti formalaşmamışdır. Həmçinin iddiaçı da bu münasibəti təsdiq edən hər hansı sübut – təhvil-təslim aktı, möhür və imza ilə təsdiq edilən sənəd təqdim etməmişdir. Elektron qaimələri isə cavabdeh təsdiq etməmiş, təkrar göndərildiyindən təsdiqlənmiş statusuna düşmüşdür. Şahidin ifadəsi isə qərəzlidir.

8. Üçüncü şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı tərəfindən 13869,23 manat dəyərində xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə su daşınması xidmətinin göstərilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli MT2410 10212964 seriya və nömrəli, 5076,92 manat dəyərində xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə yük daşınması xidmətinin göstərilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli MT2501 10758141 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.

13. İddiaçı həmin elektron qaimələrə istinadla 18946 manat məbləğində pulun tutulmasını tələb edir, lakin 2000 manat məbləğində ödənişin edildiyini qəbul edir.

14. Cavabdeh tərəflər arasında hər hansı xidmət münasibətinin olmadığını, iddiaçının bu barədə sübut təqdim etmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.

15. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

16. İddiaçının iddiasının faktiki əsasına əsasən iddiaçı tərəfindən ona məxsus nəqliyyat vasitələri və işçilərlə cavabdeh üçün müəyyən işlər – xüsusi nəqliyyat vasitələri ilə su daşınması, yüklərin daşınması, daş və qumun yüklənib-boşaldılması, çənlərə su doldurulması və s. görülmüşdür. Bu mənada məhkəmə qeyd edir ki, tərəflər arasında formalaşmış münasibətlər mülki qanunvericilikdə “xidmət müqaviləsi”nin ayrı-ayrı növləri və podrat müqaviləsi elementlərinə malik olsa da, görülmüş işlərin dəyərinin ödənilməsi tələbi Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarına uyğun araşdırılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında hər hansı yazılı müqavilə olmamış, xidmətlər və işlər üçün ayrı-ayrılıqda hər hansı qiymət razılaşdırılmamışdır. Bu isə hazırkı münasibətin qarışıq müqavilə kimi təfsirini istisna edir.

17. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

18. İddiaçı tərəfindən cavabdehə təqdim olunan elektron qaimənin təsdiq edilməsi isə işin müəyyən olunan halıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

19. Belə olan halda məhkəmə tərəflər arasında müqavilə münasibətinin formalaşıbformalaşmaması, müsbət halda, həmin münasibətin məzmununun aydınlaşdırılmasını zəruri hesab edir.

20. Məhkəməyə təqdim edilən vatsap yazışmalarında görünür ki, iddiaçı ilə ***-***-**- ** mobil nömrəsi (cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə1 məxsusluğu iddiaçının vəsatəti əsasında “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təsdiq edilmişdir) arasında aparılan danışıq zamanı 11 fevral 2025-ci il tarixdə iddiaçı görülən işlərin dəyərinin ödənilməsini xahiş edir, cavabdehin qanuni təmsilçisi isə ona ödəmə olmadığını bildirir.

21. İş materiallarında olan sənədlərdən və tərəflərin izahatından müəyyən olunur ki, X3 xx.xx.2024-cü il tarixdən sürücü vəzifəsində, X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzifəsində, X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzfiəsində, X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzifəsində iddiaçının işçisi, X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək iş icraçısı vəzifəsində cavabdehin işçisi olmuşdur.

22. Məhkəmə iclasında şahid qismində dindirilən X9 məhkəməyə ifadəsində iddiaçının işçisi olduğunu, Xocalı rayonu, Malıbəy, Kərkicahan qəsəbəsi, Yeni Binədə və Xankəndi şəhərində 99HT498 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi – özüboşaldan “Kamaz” markalı texnika ilə 23 gün işlədiyini, daş, qum daşınması işlərini gördüklərini bildirdi. Eyni zamanda 26 gün işləyib 3000 manat alacaqlarını, yemək, qalma və yanacaq xərclərini cavabdehin işçisi Seymur adlı şəxsin verdiyini, işlərə iddiaçı, Seymur adlı şəxs və "xxxx" MMC-nin nəzarət etdiyini göstərdi.

23. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 iddiaçının işçisi olduğunu, 826 nömrəli nəqliyyat vasitəsi ilə 01 iyul 2024-cü il tarixdən 12 avqust 2024-cü il tarixədək 42 gün üçün cavabdehin tapşırığı ilə su çənlərinin doldurulması, daşınması işlərini gördüyünü, cavabdehin onları yanacaqla təmin etdiyini, "xxxx" MMC-nin isə hansı işləri görəcəklərini bildirdiyini qeyd etdi və aylıq 350 manat əməkhaqqı verildiyini göstərdi.

24. Cavabdehin Bakıda və Qarabağda işləyən işçisi olduğunu qəbul etdiyi X6 şahid qismində məhkəməyə ifadə verərək qeyd etdi ki, 2024-cü ilin may-iyun aylarından noyabr ayına qədər cavabdehdə sahə mühəndisi vəzifəsində işləmiş, iddiaçının sürücüləri ərazidə işləmiş, ərazini təmizləmiş, su daşımış, bütövlükdə iddiaçı 4 nəqliyyat vasitəsi cəlb etmişdir. İddiaçının Əhəd, Xaliq adlı sürücüləri də olmuşdur. İddiaçının maşınları 2024-cü ilin iyun və iyul aylarında işləmiş, cavabdeh həmin maşınlara yanacaq vermişdir. Lakin yanacağın verilməsi ilə bağlı hər hansı təhvil-təslim aktı tərtib edilməmiş, sadəcə jurnala qeydlər edilmişdir. Belə ki, həmin jurnal iddiaçının işçiləri tərəfindən imzalandıqdan sonra baş idarəyə (cavabdehə) göndərilir, siyahı təqdim edilirdi.

25. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, cavabdehdə 18 may 2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixədək Xocalı, Malbəyli və Xankəndi ərazilərində işləmiş, bu zamanda iddiaçının da sürücüləri orada olmuşdur. Ümumilikdə iddiaçının 2 su maşını, 2 özüboşaldan maşını ərazidə olmuşdur. X14 nəzarət etmiş, yanacaq vermişdir.

26. Göründüyü kimi, istər iddiaçı və cavabdeh arasında aparılmış vatsap danışıqları, istərsə də iddiaçı və cavabdehin işçilərinin ifadələri ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdeh üçün iyul – avqust aylarında müəyyən işlər görülmüş, həmin işlərin görülməsinə 4 nəqliyyat vasitəsi cəlb edilmiş, işlər Xocalı rayonu, Malıbəy və Xankəndi şəhərində icra edilmiş, ərazinin təmizlənməsi, su və yük daşınması, yüklərin boşaldılması və su çənlərinin doldurulmasından ibarət olmuş, cavabdehin işçisi X6 iş icraçısı kimi iddiaçının işçilərinə nəzarət etmiş, nəqliyyat vasitələrini yanacaqla təmin etmiş, cavabdehin qanuni təmsilçisi də vatsap danışığında işlərin görülməsini inkar etməmiş, onlara ödəmə olmadığından işlərin dəyərinin verilmədiyini bildirmişdir.

27. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə edir.

28. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh görülən işlərin dəyərini tam ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

33. Beləliklə, məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

34. Lakin borc məbləğinə münasibətdə məhkəmə göstərir ki, təqdim edilən elektron qaimələrlə 18946 manat məbləğində işin görüldüyü təsdiq edilsə də, iddiaçı 2000 manat məbləğində ödəniş edildiyini etiraf etdiyindən həmin hissədə iddia təmin edilə bilməz.

35. Belə olan halda, 16946 manat məbləğində pul Cavabdeh QTSC-dən tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

36. İddiaçı həmçinin ödənilmiş 147 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

37. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz əsasında müəyyən olunur ki, 147 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 manat məbləğində pul Cavabdeh QTSC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh X15 Cəmiyyətindən 16946 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 manat məbləğində pul Cavabdeh X15 Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar