Məhkəmə qərarları › İş №e-2-2(113)-3596/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3596/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3596/2025 18.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeharasında bağlanm2ış8 sentyabr 2022- ci il tarixli, № 1024 saylı icarə müqaviləsi əsasında icarə (həmçinin daşınma) haqqından yaranmış 16177,84 manat və 2912,01 manat ƏDV borcunun, 500 manat cərimə borcunun,cavabdehdən tutularaq İddiaçı MMC-nə verilməsi; - hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 167 manat dövlət rüsumunun (151 manat iddia tələbi və 16 manat Müvəqqəti təminat tədbiri üçün) Cavabdehndən alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 28 sentyabr 2022-ci il tarixli, № 1024 saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən İcarəyə verən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, İcarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişinimüəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəfimizdən razılaşdırılmışdır. (Həmin əlavələr iddia ərizəsinə əlavə olunur.) Bundan başqa, müqavilə üzrə öhdəliklər tərəfimizdən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus bir sıra əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. (Həmin təhvil-təslim aktları iddia ərizəsinə əlavə olunur.) Cavabdeh MMC-nin 16177,84 manat icarə haqqı və 2912,01 manat ƏDVborcu yaranmış, lakin cavabdeh borcunu ödəmir. Qeyd edirik ki, iddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkilmişdir. Həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən pullar (iddia tələbinin müdafiəsi üçün 320 manat və müvəqqəti təminat tədbirinə görə 320 manat, cəmi 640 manat) və dövlət rüsumuna ödənilən pullar aiddir. Həmin xərclər də cavabdehdən tutulmalıdır. Bundan başqa, Müqavilənin 5.3-cü maddəsinə əsasənicarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 31-cı günündən başlayaraq (31-cı gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün İcarə haqqının 0,5% miqdarında İcarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin bizə xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin, onlar həmin cərimə borcundan hazırda cəmi 500 manat tələb edirlər. Cavabdehə müqavilə üzrə üzərinə düşən öhdəliyin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıqlar, pretenziyalar edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdurlar.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

5. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 28 sentyabr 2022-ci il tarixli, № 1024 saylı iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə imzalanmışdır.

6. Müqaviləin 1.1-ci bəndinə əsasən İcarəyə verən ona məxsus olan əmlakı (bundan sonra “Əmlak” adlandırılacaq) İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma\sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada İcarəyə verənə ödəməyi öhdəsinə götürür.

7. Müqavilənin 2.1-ci bəndinə əsasən Aylıq icarə haqqı Tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir.

8. Müqavilənin 2.2-ci bəndinə əsasən icarə müddətinin ilk ayı tam olaraq hesablanılır.

9. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra İcarə haqqının hesablanması başlayır.

10. Müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi İcarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq İcarəyə verənə nağd ödəyir və ya hesablaşma hesabına köçürür.

11. Müqavilənin 2.5-ci bəndinə əsasən bütün vergilər İcarəçi tərəfindən ödənilir.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən İcarəyə verənin hüquqları:

13. Müqavilənin 3.1.1-ci bəndinə əsasən əmlakın təyinatı üzrə istifadəsinə və bu Müqavilənin şərtlərinə əməl edilməsinə nəzarət etmək;

14. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının vaxtında ödənilməsini İcarəçidən tələb etmək;

15. Müqavilənin 3.2-ci bəndinə əsasən İcarəyə verənin vəzifələri:

16. Müqavilənin 3.2.1-ci bəndinə əsasən icarəyə verilən Əmlakı bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada müvafiq təhvil-təslim Aktı əsasında İcarəçiyə təhvil vermək;

17. Müqavilənin 3.4-cü bəndinə əsasən İcarəçinin vəzifələri:

18. Müqavilənin 3.4.1-ci bəndinə əsasən icarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək;

19. Müqavilənin 3.4.2-ci bəndinə əsasən əmlakı bu Müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq;

20. Müqavilənin 4.1-ci bəndinə əsasən Əmlakın təhvil verilməsi hər iki Tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilən təhvil-təslim Aktına əsasən həyata keçirilir.

21. Müqavilənin 4.2-ci bəndinə əsasən təhvil-təslim Aktında Əmlakın cari təmir vəziyyəti, əmlakların siyahısı və dəyəri ( ölçü, qiymət, həcm və s.) öz əksini tapır. Əmlak İcarəyə verənə təhvil verildiyi vəziyyətdə geri qaytarılmalıdır.

22. xx.xx.2022-ci il tarixli müqaviləyə 1 saylı əlavə olan qiymət razılaşma protokoluna əsasən ayaqaltı iskələnin 1 m2 qiyməti 2,50 manat məbləğində icarə qiyməti razılaşdırılmışdır.

23. xx.xx.2022-ci il tarixli 01№ təhvil-təslim aktına əsasən ayaqlı iskələ 500 m2 , flanş ayaq 3 m 140 ədəd, flanş qol 2,45 m 300 ədəd, flanş qol 1m 180 ədəd, qalas 130 ədəd, qalas nərdivanlı 2,5m 10 ədəd, alt ayar mili 38 28 ədəd avadanlıq Cavabdeh MMC-yə təhvil verilmişdir.

24. xx.xx.2022-ci il tarixli 01№ digər təhvil-təslim aktına əsasən iskələ flanş 1400 m2, flanş konsol 16 ədəd, flanş ayaq 3m sinkli 390 ədəd, flanş diaqonal qol 3,25 saypot (urtim) 30 ədəd, flanş qol 0,70m 160 ədəd, flanş qol 0,95m 270 ədəd, flanş qol 1,1m 50 ədəd, flanş qol 2,50(urtim) 650 ədəd, qalas 19 sm x 2,52 URT 62 ədəd, qalas 2,5 m URT 46 ədəd, taxta 5 x 204m 30 ədəd avadanlıq Cavabdeh MMC-yə təhvil verilmişdir.

25. 01.04.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan hesabata əsasən 4038,55 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan xidmətlərə dair hesabata əsasən 4038,55 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan xidmətlər haqqında hesabata əsasən 4038,55 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan xidmət haqqında hesabata əsasən 5408,87 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan xidmətər haqqında heabata əsasən 5351,30 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan hesabda 4387,12 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan hesabata əsasən 7999,93 manat dəyərində icarə xidmətlərin göstərilməsi qeyd olunmuşdur. Hesabatlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

26. 18.04.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək 16177,84 manat icarə haqqı borcu və 2912,01 manat ƏDV borcu, 500 manat cərimə borcu mövcuddur.

27. Məhkəmə, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

28. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

34. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

35. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

36. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

37. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında avadanlıqların icarəsinə dair müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyə verən ona məxsus olan əmlakı İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma\sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada İcarəyə verənə ödəməyi öhdəsinə götürür. İddiaçı tərəf müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdehin müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.

38. Məhkəmə hesab edir ki, icarəyə verilən avadanlıqların cavabdehə verilməsi təqdim olunmuş sübutlarla (təhvil-təslim aktı və borca dair qarşılıqlı hesabatla ilə) təsdiqini tapdığından iddia tələbinin əsas borc hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Beləliklə xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 16.177,84 manat əsas borc, 2912,01 manat ƏDV məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Bundan əlavə, iddiaçı əsas borcun gecikdirilməsinə görə 500 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüş və əsas olaraq müqavilənin 5.3-cü bəndinə istinad etmişdir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

41. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

42. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

43. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

44. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

45. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 500 manat məbləğində müəyyən edilməlidir.

46. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 16.177,84 manat əsas borc, 2912,01 manat ƏDV məbləği, 500 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

47. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 167 manat (iddianın və iş üzrə müvəqqəti təminat tədbirinin verilməsi üçün) məbləğində dövlət rüsumu və 640 manat vəkil xərci ödənilmişdir.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia və müvəqqəti təminat tədbiri barədə ərizə təmin edildiyi üçün 167 manat məbləğində dövlət rüsumunun əvəzi və vəkil xərcinin əvəzi olanaq 500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 16.177,84 manat əsas borc, 2912,01 manat ƏDV məbləği, 500 manat dəbbə pulu, cəmi 19589,85 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 167 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar