Məhkəmə qərarları › İş №e-2-2(113)-36/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-36/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-36/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi,zaminlik müqaviləsi, ipoteka) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021R********** saylı krеdit razılaşmasının və xx.xx.2021-ci il tarixli 021R********** saylı krеdit razılaşmasının ləğv edilməsi; cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə; - 021R********** saylı krеdit razılaşması üzrə 34881.27 manat məbləğində krеdit bоrcu, 3856.02 manat məbləğində faiz bоrcu və 3518.04 manat məbləğində cərimə borcu olmaqla, - 021R********** saylı krеdit razılaşması üzrə 7474.84 manat məbləğində krеdit bоrcu, 564.75 manat məbləğində faiz bоrcu və 198.82 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 50493 (əlli min dörd yüz doxsan üç) manat 74 (yetmiş dörd) qəpik məbləğində bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X5 küçəsində dövlət istifadəsində olan 0.015410 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 81.70 m² ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 50493 (əlli min dörd yüz doxsan üç) manat 74 (yetmiş dörd) qəpik məbləğində bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 021L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45000 (qırx beş min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 021R********** saylı krеdit razılaşmasıəsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh2 (kredit alan) arasında xx.xx.2019-cu il tarixli 021L**********93 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Kreditin məbləği 500.000 manat, müddəti 120 ay müəyyən edilmişdir.

10. Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021L**********93 saylı uzunmüddətli kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ayrıca Razılaşmalar üzrə borclunun Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 021S**********01 nömrəli, Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli 021S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır.

11. "xxxx" QSC ilə Cavabdeh2 (ipoteka qoyan, borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021M**********01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xx.xx.2019-cu il tarixli Uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X5 küçəsi, ev 2a ünvanında yerləşən ümumi sahəsi 81.70 kv.m olan fərdi yaşayış evini ipoteka saxlayana ipotekaya qoymuşdur

12. Bundan sonra, uzunmüddətli kredit müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45.000 manat məbləğində kredit verilmişdir.

13. İş materiallarına əlavə edilmiş və bank ilə kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən 45.000 manat məbləğində pul köçürmə yolu ilə Cavabdeh2 kredit şəklində verilmişdir.

14. Daha sonra uzunmüddətli kredit müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir.

15. İş materiallarına əlavə edilmiş və bank ilə kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən 10.000 manat məbləğində pul köçürmə yolu ilə Cavabdeh2 kredit şəklində verilmişdir

16. Müqavilələr və saziş tərəflərin imzası, bankın möhürü ilə təsdiq edilmişdir.

17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

20. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

21. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

22. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Məhkəmə qeyd edir ki, iddia tələbi şərti olaraq üç hissədən ibarətdir: 1) xx.xx.2021-ci il tarixli 021R********** saylı və xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit müqavilələrinin ləğv edilməsi 2) kredit müqavilələri üzrə borcun tələb edilməsi 3) tutmanın ipoteka predmetinə yönəldilməsi.

24. Məhkəmə iddianın xx.xx.2021-ci il tarixli 021R********** saylı və xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit müqavilələrinin ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

25. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tariхli, uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kreit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir.

26. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, "xxxx" QSC borcun ödənilməsini tələb etməklə müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı iradə ifadəsini cavabdehlərə çatdırmışdır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

28. Belə olan halda, Məhkəmə hesab edir ki, borclu tərəfindən öhdəliklər icra edilmədiyindən, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021R********** saylı və xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit razılaşmaları ləğv edilmiş hesab edilməlidir.

29. Məhkəmə kredit müqaviləsi üzrə borcun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

30. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışlarına əsasən xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixinə əsas borcu 34.881,27 manat, faiz borcu üzrə 3.856,02 manat, xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixinə əsas borcu 7.474,84 manat, faiz borcu üzrə 564,75 manat borcu vardır.

31. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 7/7996 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarixə) əsas borcu 34.894,46 manat, faiz borcu 2.011,81 manat, xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarixə) əsas borcu 7.439,40 manat, faiz borcu 380,86 manat məbləğində təşkil edir

32. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.

33. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır, xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 34.881,27 manat, faiz borcu üzrə 2.011,81 manat, xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit razılaşmasına əsasən əsasən əsas borc üzrə 7.439,4 manat, faiz borcu üzrə 380,86 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

34. Məhkəmə iddianın dəbbə pulunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

35. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

36. Hazırki işin hallarından görünür ki, xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə cavabdehin əsas borcuna münasibətdə 1.700 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

37. Eyni zamanda xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə cavabdehin əsas borcuna münasibətdə 198,82 manat cərimə borcu ağlabatan və ədalətlidir.

38. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

39. Məhkəmə ilk öncə qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh2 (ipoteka qoyan, borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021M**********01 saylı ipoteka müqaviləsinə əsasən yalnız mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X5 küçəsi, ev 2a ünvanında yerləşən ümumi sahəsi 81.70 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

40. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi üzrə tutma qeyd edilən yaşayış evinin yerləşdiyi torpaq sahəsinə yönəldilə bilməz.

41. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-147/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizasına əsasən "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli, LP-157/2024 saylı rəyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X5 küçəsi, 2a ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 26.000, likvid qiyməti 24.000 manat müəyyən edilmişdir.

42. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci tarixli Kredit müqavilələri üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X5 küçəsində yerləşən 81.70 m² ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 24.000 manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.

43. Məhkəmə həmçinin hesab edir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın “Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi müştərək qaydada tutulması” hissəsi təmin edilə bilməz

44. Məhkəmə həmçinin hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

45. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci tarixli ödəniş sənədindən məlum olur ki, İddiaçı ASC tərəfindən 400 manat məbləğində pul Bakı 6 saylı Mediasiya təşkilatına ödənilmişdir.

46. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 (on beş) manat və xidmət haqqının əvəzi olaraq 30 (otuz) manat məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" QSC-yə ödənilməlidir.

47. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

48. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021R********** saylı və xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit müqavilələri ləğv edilmiş hesab edilsin. xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit sazişi üzrə əsas borc üzrə 34.881 (otuz dörd min səkkiz yüz səksən bir) manat 27 (iyirmi yeddi) qəpik, faiz bоrcu üzrə 2.011 (iki min on bir) manat, 81 (səksən bir) qəpik, cərimə borcu üzrə 1.700 (bir min yeddi yüz) manat olmaqla, cəmi 38.593 (otuz səkkiz min beş yüz doxsan üç) manat, 08 (sıfır səkkiz) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" QSC-yə ödənilsin. xx.xx.2021-ci il tarixli 021R********** saylı kredit sazişi üzrə əsas borc üzrə 7.439 (yeddi min dörd yüz otuz doqquz) manat 40 (qırx) qəpik, faiz bоrcu üzrə 380 (üç yüz səksən) manat, 86 (səksən altı) qəpik, cərimə borcu üzrə 198 (bir yüz doxsan səkkiz) manat 82 (səksən iki) qəpik olmaqla, cəmi 8.019 (səkkiz min on doqquz) manat, 08 (sıfır səkkiz) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" QSC-yə ödənilsin. xx.xx.2021-ci il və xx.xx.2021-ci tarixli Kredit müqavilələri üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X5 küçəsində dövlət istifadəsində olan 0.015410 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 81.70 m² ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 24.000 (iyirmi dörd min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" QSC-yə ödənilsin. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 (on beş) manat və xidmət haqqının əvəzi olaraq 30 (otuz) manat məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar