Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-360/2022 13.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X1 cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta hadisəsi nəticəsində Mərkəzin əmlakına dəymiş zərərin cavabdeh "xxxx" ASC tərəfindən ödənilməmiş 1463,20 manat məbləğinin və ilkin mediasiya sessiyasında iştirakla bağlı Mərkəzin ödədiyi 30 manat məbləğin cavabdehdən Mərkəzin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X1 cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan publik hüquqi şəxs olmaqla, Azərbaycan Respublikası Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Həmin Məcəllənin 43.6-cı maddəsində isə təsbit olunmuşdur ki, qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyrikommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Hazırki işdə iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə görə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 22-ci bəndinə görə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Həmin Qərarın 25-ci bəndinə görə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı qeyri-kommersiya publik hüquqi şəxs olduğundan, deliktdən irəli gələn mübahisənin isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığına görə hazırki işə ümumi məhkəmədə baxılmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X1 cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş baxılması üçün cavabdehin hüquqi ünvanı (Bakı şəhəri, İnşaatçılar 22L) üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrinə əsasən, QƏRARA A L D İ: İddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X1 cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra, 10 gün müddətinə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-360/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-360/2022
13.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver