Məhkəmə qərarları › İş №e-2-2(113)-360/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-360/2023

23.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-360/2023 23.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (SAACO) Cavabdehnə qarşı “hüquqi şəxsin ümumi yığıncağının qərarının ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ümumi yığıncaq, qərar, ləğv, nizamnamə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (SAACO) Cavabdehnə qarşı “hüquqi şəxsin ümumi yığıncağının qərarının ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qanuni nümayəndə cavabdehin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilməsi haqqında təsisçilərin (iştirakçıların) ümumi yığıncağının 03 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İran İslam Respublikasının "xxxx" QSC (SAACO) və Azərbaycan Respublikasının vətəndaşı X5 nizamnamə kapitalında 50 faizi miqdarında bərabər paylarla təsisçilərin 1 saylı ümumi yığıncağının 08 fevral 2002-ci il tarixli qərarına və 12 fevral 2002-ci il tarixli təsis müqaviləsinə əsasən cavabdehi təsis etmişlər. Təsisçilərin ümumi yığıncağının 25 aprel 2002-ci il tarixli iclasının qərarı ilə İran İslam Respublikasının vətəndaşı X10 cavabdehin baş direktoru – qanuni təmsilçisi təyin edilmişdir. Cavabdeh dövlət reyestrində 04 aprel 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. X10 isə cavabdehin qanuni təmsilçisi kimi 14 iyun 2011-ci il tarixdə hüquqi qeydiyyata alınmışdır. Cavabdehin möhürü də onda saxlanılırdı. 2.2. Cavabdehin həmtəsisçisi X5 təsisçilərinin ümumi yığıncağını keçirmək üçün həmtəsisçi olan "xxxx" QSC-nə hüquqi qeydiyyat ünvanı üzrə poçt vasitəsilə yazılı müraciət edərək iclasın keçirilməsini təklif etmişdir. Guya iddiaçı təklifə münasibət bildirmədiyindən X5 ancaq özünün iştirakı ilə 03 noyabr 2021-ci il tarixdə təsisçilərin ümumi yığıncağını keçirmiş və Qanuni nümayəndə cavabdehin qanuni təmsilçisi – baş direktoru təyin etmişdir. Bu barədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən reyestrdə 04 noyabr 2021-ci il tarixdə qeydiyyat aparılmış və ona müvafiq çıxarış verilmişdir. İddiaçı tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, həmtəsisçi X5 cavabdehin təsisçilərinin yığıncağını çağırmaq üçün təkliflərini qəsdən iddiaçının hüquqi qeydiyyat ünvanı olan İran İslam Respublikası, Şərqi Azərbaycan Vilayəti, Təbriz şəhəri, Abresan kəsişməsi, Rəsa binası, mərtəbə 5 ünvanına deyil, fərqli ünvana göndərmişdir. Ünvanlar qəsdən yanlış yazıldığından bildirişlərin həmin ünvana da çatdırılması mümkün olmamışdır. 2.3. Eləcə də ümumi yığıncağı qanunla müəyyən edildiyi kimi cavabdehin icra orqanı deyil, qanunsuz olaraq Tağı İbrahimov çağırmışdır. Halbuki ümumi yığıncaq təsisçi kimi Tağı İbrahimovun təklifi ilə cavabdehin icra orqanı tərəfindən çağrıla bilərdi. Ümumi yığıncağın keçiriləcəyi vaxt və yer barədə göndərildiyi göstərilən bildirişlərin nüsxələri vergi orqanına təqdim edilməmişdir. Ümumiyyətlə, belə bir bildirişin həqiqətən də tərtib edilərək göndərildiyini təsdiq edən sübutlar yoxdur. X8 cavabdehin qanuni təmsilçisi və direktoru Ahmad Fakharini azad etmədən qanunsuz tərtib etdiyi 03 noyabr 2021- ci il tarixli qərarı Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim etməklə Qanuni nümayəndə cavabdehin qanuni təmsilçisi – baş direktoru kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən hüquqi qeydiyyatının aparılmasına və çıxarışı almağa nail olmuşdur. 2.4. Bu isə cavabdehin bərabər paylarla digər təsisçisi kimi iddiaçının qanunla qorunan mənafelərinə, ona məxsus böyük bazar qiymətlərinə malik daşınmaz əmlaklarının özgəninkiləşdrilməklə əldən çıxmasına real təhlükə yaratmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin arayışından göründüyü kimi cavabdehin mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 87A saylı əmlak kompleksi və ev 89-da 10 və 11 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, C.Məmməduluzadə küçəsi, 9 saylı qeyri-yaşayış sahələri vardır. Qeyd edilənlərə əsasən Qanuni nümayəndə cavabdehin qanuni təmsilçilik funksiyasına malik direktoru təyin edilməsi barədə 03 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə bağlı zəruriyyət yaranmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 91.1-4, 91.1-5, 91.1-6 və 91.1-7-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, cavabdehin təsisçilərinin ümumi yığıncağının xx.xx.2002-ci il tarixli qərarı ilə İran İslam Respublikasının vətəndaşı Ahmad Fakhari cavabdehin direktoru təyin edilmişdir. Daha sonra Ahmad Fakhari vəzifəsindən azad olunmadan, xx.xx.2021-ci il tarixli qərarla başqa direktor təyin olunmuş və vergi qeydiyyatında qanuni təmsilçi kimi daxil edilmişdir. Keçirilən növbədənkənar yığıncaqlar barədə bildiriş iddiçının ünvanına (İran İslam Respublikası, Şərqi Azərbaycan Vilayəti, Təbriz şəhəri, Abresan kəsişməsi, Rəsa binası, mərtəbə 5) deyil, başqa ünvana göndərilmiş, həm də göndərildiyi ünvana da çatmayaraq geri qayıtmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspress poçt xidməti tərəfindən vəkil sorğusuna verilmiş cavab da bu faktı təsdiqləyir. Eləcə də təsisçilərin növbədənkənar yığıncaqları barəsində hər hansı digər vasitə ilə də iddiaçı məlumatlandırılmamışdır, halbuki iddiaçının Azərbaycandakı nümayəndəsi Məhəmmədəli Nacari məlumatlandırıla bilərdi. Eyni zamanda iki növbədənkənar yığıncaq arasında cəmi 3 gün fərq olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, poçt göndərişlərinin izləmə kodlarını cavabdehin vergi orqanına təqdim etdiyi sənədlərdən əldə etmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu vermişlər.

5. Məhkəmənin baxış iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz etmiş və qeyd etmişdir ki, cavabdehə məlum olan ünvana təsisçilərin yığıncağı barədə bildiriş göndərilmiş, daha sonra yığıcağın qərarı vergi orqanında qeydiyyata alınmışdır ki, bu da qərarın qanuni olduğunu göstərir. Nümayəndə həmçinin bildirmişdir ki, uzun müddət cavabdehin keçmiş direktoru Ahmad Fakhari Azərbaycanda olmamış, bu isə cavabdeh hüquqi şəxsin idarəetməsində ciddi problemlər yaratmışdır. Yaranmış zərurətlə əlaqədar direktorun dəyişdirilməsi məsələsi digər təsisçi X5 tərəfindən gündəliyə çıxarılmışdır.

6. Cavabdehin nümayəndəsi həmçinin bildirmişdir ki, təsisçilərin yığıncağı barəsində bildiriş X3 şifahi olaraq bildirdiyi Bəhmən Bulvarı, Təbriz küçəsi, 29, Su və Kanalizasiya İdarəsinin qarşısı, “Emerald Building”, 4-cü mərtəbə, A dairəsinə göndərilmişdir və onun lazımi vaxtda çatıb-çatmamasına məsuliyyəti cavabdeh daşımır. Eyni zamanda X7 İslam Respublikasında yaşadığından ona məlumat verilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə üzrə sübutetmə predmetinə hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının qanunvericiliyin tələblərinə uyğun keçirilib-keçirilməməsinin müəyyən olunması daxildir.

11. İş materiallarında olan Cavabdeh MMC-nin 2005-ci il tarixli (sonuncu) nizamnaməsinə əsasən cəmiyyətin təsisçisi (iştirakçısı) qismində X5 və “Saaco” şirkəti çıxış edir (3), təsisçilər nizamnamə kapitalında bərabər paylara (50 faiz) malikdirlər (6.3), cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə cəmiyyətin icra orqanını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktor və baş mühasibi təyin etmək və və vəzifədən azad etmək daxildir (9.1.2.2), cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır (9.1.4), cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır (9.1.5), iştirakçıların yarıdan çoxunun iştirak etdiyi ümumi yığıncaq səlahiyyətli hesab edilir (9.1.6).

12. Məhkəməyə təqdim olunan 25 aprel 2002-ci il tarixli protokoldan görünür ki, Ahmad Fakhari cavabdehin baş direktoru təyin edilmişdir.

13. İş materiallarında olan kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən təqdim olunan çıxarışdan Cavabdeh MMC-nin təsisçilərinin X5- 50% və “Saaco” şirkəti (İİR) -50 % olduğu görünür.

14. Məhkəməyə təqdim olunan təsisçi X5 tərəfindən imzalanmış və cavabdehin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, yığıncaqda X5 iştirak etmiş, gündəlikdə duran məsələ Cavabdeh MMC-nin qanuni təmsilçi dəyişikliyi və dəyişikliklə bağlı qeydiyyat orqanına müraciət olunması olmuş, təsisçilərin xx.xx.2021-ci il tarixli ümumi yığıcağı barədə EE001741729AZ nömrəli bildiriş iddiaçıya göndərilmiş, lakin sonuncu heç bir əsas bildirmədən yığıncaqda iştirak etməmişdir, yetərsay olmadığından ümumi yığıncağın iclası xx.xx.2021-ci il tarixə təxirə salınmışdır.

15. İddia ərizəsinə əlavə olunmuş təsisçi X5 tərəfindən imzalanmış və cavabdehin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ümumi yığıncağın qərarında qeyd olunmuşdur ki, iddiaçıya bildiriş göndərilməsinə baxmayaraq, heç bir əsas bildirmədən ümumi yığıcaqda iştirak etməmişdir.

16. Həmin qərardan görünür ki, Qanuni nümayəndə Cavabdeh MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmiş və bu barədə rəsmi sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsi vəzifəsi ona həvalə edilmişdir.

17. Məhkəməyə təqdim olunan iddiaçının nümayəndəsi və vəkili tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ünvanlanmış sorğudan və həmin soğuya verilmiş cavabdan görünür ki, sonuncudan cavabdehə məxsus təsis və qeydiyyat sənədlərinin surətləri tələb edilmiş, müvafiq sənədlər iddiaçının nümayəndəsi və vəkilinə təqdim edilmiş, həmin sənədlərə eləcə də EE001741729AZ və EE001742004AZ nömrəli göndərişlər əlavə edilmişdir.

18. İddiaçının nümayəndəsinin sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azərekspresspoçt” rabitə müəssisəsi filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, EE001741729AZ nömrəli göndəriş xx.xx.2021-ci il tarixdə X5 tərəfindən müəssisəyə təqdim edilmiş, xx.xx.2021-ci il tarixdə təyinatı üzrə İran İslam Respublikasına yola salınmış, xx.xx.2021-ci il tarixdə sonuncunun poçt xidmətində qeydiyyatdan keçmiş, xx.xx.2021-ci il tarixdə alıcıya çatdırılmaq üçün yerli çatdırılma məntəqəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə həmin məntəqəyə daxil olmuş, ünvan səhvi səbəbindən çatdırıla bilməmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycana geri qaytarılmışdır. EE001742004AZ nömrəli göndəriş xx.xx.2021-ci il tarixdə X5 tərəfindən müəssisəyə təqdim edilmiş, xx.xx.2021-ci il tarixdə təyinatı üzrə İran İslam Respublikasına yola salınmış, xx.xx.2021-ci il tarixdə sonuncunun poçt xidmətində qeydiyyatdan keçmiş, xx.xx.2021-ci il tarixdə alıcıya çatdırılmaq üçün yerli çatdırılma məntəqəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə həmin məntəqəyə daxil olmuş, ünvan səhvi səbəbindən çatdırıla bilməmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycana geri qaytarılmışdır.

19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı və X5 cavabdehin nizamnamə kapitalında bərabər - hər biri 50 fazi paya malik olmuş, Ahmad Fakhari 25 aprel 2002-ci il tarixdə cavabdehin direktoru təyin edilmişdir. X5 qanuni təmsilçi dəyişikliyi və dəyişikliklə bağlı qeydiyyat orqanına müraciət olunması məqsədilə xx.xx.2021-ci il tarixə cavabdehin iştirakçılarının (təsisçilərinin) növbədənkənar ümumi yığıncağını çağırmış, yığıncaq barəsində bildirişi xx.xx.2021-ci il tarixdə poçt rabitəsinə təqdim etmiş, bildiriş xx.xx.2021-ci il tarixdə İran İslam Respublikasının yerli poçt məntəqəsinə daxil olmuş, çatdırıla bilməmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycana geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixə təyin olunmuş ümumi yığıncaqda iddiaçı iştirak etməmiş, X5 iştirak etmiş, yetərsay olmadığından ümumi yığıncaq xx.xx.2021-ci il tarixə təxirə salınmış, X5 yığıncaq barəsində bildirişi xx.xx.2021-ci il tarixdə poçt rabitəsinə təqdim etmiş, bildiriş xx.xx.2021-ci il tarixdə İran İslam Respublikasının yerli poçt məntəqəsinə daxil olmuş, çatdırıla bilməmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycana geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixli ümumi yığıncaqda iddiaçı iştirak etməmiş, X5 iştirak etmiş, Qanuni nümayəndə Cavabdeh MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdır.

20. İddiaçı Qanuni nümayəndə Cavabdeh MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilməsi barədə hüquqi şəxsin ümumi yığıncağının 03 noyabr 2021-ci il tarixli qərarının qanunsuz olduğunu bildirir və ləğvini tələb edir.

21. Cavabdeh isə iddiaya etiraz edərək qərarın qanuni olduğunu, bu səbəbdən də iddianın rədd olunmasını xahiş edir.

22. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

23. Mülki Məcəllənin 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.

24. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. ... Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır.

25. Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır.

26. Həmin Məcəllənin 91.1-3-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır.

27. Həmin Məcəllənin 91.1-4-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

28. Həmin Məcəllənin 91.1-5-ci maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.

29. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən, cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir.

30. Həmin Məcəllənin 91.3 və 91.3.2-ci maddələrinə görə, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.

31. Göründüyü kimi, qanunverici məhdud məsuliyyətli cəmiyyətinin icra orqanı (hazırkı halda təkbaşçı icra orqanı-direktoru təyin etmək) yaratmaq və onun səlahiyyətinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid etmiş, ümumi yığıncağın səlahiyyətli olması birinci çağırışda ən azı cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçılarının, ikinci çağırışda isə ən azı cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçılarının iştirakı ilə şərtləndirilmişdir.

32. Eyni zamanda, Mülki Məcəllədə cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydasının Mülki Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilməsi qeyd olunmuşdur ki, hazırkı iş üzrə Cavabdeh MMC-nin nizamnaməsindən görünür ki, təsisçilər (iştirakçılar) iştirakçıların yarıdan çoxunun iştirak etdiyi ümumi yığıncağın səlahiyyətli hesab edilməsini razılaşdıraraq nizamnamədə qeyd etmişlər (nizamnamənin 9.1.6 bəndi).

33. Qeyd edilməlidir ki, mülki qanunvericilik məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağının çağrılması üçün iştirakçılara məlumat verilməsinin forma və qaydası barədə bilavasitə tənzimləmə həyata keçirməsə də, hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək hüququnu tanımışdır. Bu mənada məhkəmə qeyd edir ki, mülki hüquqların onların realizə olunma imkanı olmadan xəyali və nəzəri xarakterə malik olması hüquqi dövlət anlayışı ilə üst-üstə düşmür, qanunçuluq və hüquq qaydası həmin hüquqların həqiqi təminat mexanizminə və realizə imkanına malik olmasını tələb edir. Təsadüfi deyil ki, Mülki Məcəllənin 17.1-ci maddəsində qeyd olunmuşdur ki, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

34. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 91.1-3-cü maddəsi cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılmasını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə cavabdehin nizamnaməsində növbədənkənar ümumi yığıncağın çağırılmasının dəqiq qaydası qeyd olunmamışdır.

35. İşin müəyyən olunmuş halları göstərir ki, cavabdehin iştirakçılarının növbədənkənar ümumu yığıncağı xx.xx.2021-ci il tarixdə keçirilərkən həmin yığıncağa çağırış üçün iddiaçıya yollanmış bildiriş hələ İran İslam Respublikasının poçt xidməti tərəfindən qəbul edilməmiş, xx.xx.2021-ci il tarixli yığıncaq keçirilərkən də həmin yığıncağın yeri və vaxtı barədə bildiriş hələ İran İslam Respublikasının poçt xidməti tərəfindən qeydiyyata alınmamışdı.

36. Məhkəmə nəzərə alır ki, poçt göndərişlərinin izləmə kodu göndərişi edən təsisçi X4 poçt müəssisəsi tərəfindən təqdim edilmiş və həmin göndərişin izlənmə imkanı sonuncuda olmuşdur. Həmçinin iddiaçı hüquqi şəxsin ünvanı İran İslam Respublikasında olduğu halda, X5 növbədənkənar yığıncağı sadəcə 5 gün təxirə salmışdır. Eləcə də cavabdehin nümayəndəsi poçt göndərişindən başqa, iddiaçının hər hansı digər üsulla xəbərdar edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu mənada məhkəmə cavabdehin iştirakçılarının hər iki yığıncağının keçirilməsi barədə iddiaçının lazımi qaydada xəbərdar olunmadığı və qanunla ona verilmiş hüqunun realizə imkanından məhrum olduğu qənaətinə gəlir.

37. Eyni zamanda məhkəmə qeyd edir ki, təsisçilər (iştirakçılar) mülki qanunveriliciyin ümumi yığıncağın keçirilməsi üçün yetərsay barədə müəyyən etdiyi qaydadan fərqli qayda müəyyən etmiş, iştirakçıların yarıdan çoxunun iştirak etdiyi ümumi yığıncağın səlahiyyətli hesab edilməsini razılaşdıraraq nizamnamədə qeyd etmişlər (nizamnamənin 9.1.6 bəndi). Buna baxmayaraq xx.xx.2021-ci il tarixli ümumi yığıncaqda 50% paya malik iştirakçı iştirak edərək müvafiq qərar qəbul edilmişdir.

38. Bundan başqa, Mülki Məcəllənin 91.1-3 və 91.1-5-ci maddələrinə əsasən, cəmiyyətin iştirakçılarının ümumi yığıncağı, eləcə də yetərsay olmadıqda, təkrar ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən çağırılmalıdır. Hazırkı işdən görünür ki, xx.xx.2021 və xx.xx.2021-ci il tarixə təyin olunmuş ümumi yığıncaq hüquqi şəxsin icra orqanı tərəfindən deyil, təsisçisi tərəfindən çağırılmışdır.

39. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdeh hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağı qanunvericiliyin və hüquqi şəxsin nizamnaməsinin tələblərinə əməl olunmadan keçirilmişdir.

40. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 03 noyabr 2021-ci il tarixli ümumi yığıncağında Qanuni nümayəndə cavabdehin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilməsi haqqında qəbul edilmiş qərarın ləğv edilməsi tələbi təmin edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh (VÖEN – **********) qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Qanuni nümayəndə təyin edilməsi barədə Cavabdeh ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar