Məhkəmə qərarları › İş №e-2-2(113)-360/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-360/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-360/2025 31.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X8 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı dəymiş əsas borc olaraq 73866 manat, 3300 manat audit yoxlaması, 2020 və 2022-ci illər üzrə bank faizləri olaraq 10341 manat, cəmi 87507 manat Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Çin Xalq Respublikasından 2144 qutu mebel aksessuarı olan petləni ölkəyə gətirmiş və saxlanc məqsədi ilə Cavabdeh məxsus mebel sexinin anbarına qarşılıqlı razılaşma əsasında yerləşdirmişdir. Həmin petlələrin 876 qutusunun tanışı X3 tərəfindən, 321 qutusunu isə şəxsən özü satmışdır. Qalan 947 qutu petlə isə müəmmalı şəkildə anbardan yoxa çıxmışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh həmin petlələri iddiaçıdan xəbərsiz sataraq əldə olunmuş 73866 (yetmiş üç min səkkiz yüz altmış altı) manat pul vəsaitini mənimsəmişdir. Həmin vəsaitdən cavabdeh bu günə qədər cəmi 2840 manat qaytarmışdır, qalan məbləğ isə hələ də cavabdehdə qalmaqdadır. Bununla bağlı iddiaçı Sumqayıt şəhər prokurorluğuna müraciət etmişdir və aradırma zamanı cavabdeh izahatında da borclu olduğu məbləği və həmin məbləğin cüzi bir hissəsini qaytardığını etiraf edib. Bundan əlavə "xxxx" MMC tərəfindən audit yoxlaması aparılmış və yoxlamanın nəticəsi də bir daha sübut edir ki, sözügedən mallar cavabdeh tərəfindən satılmışdır və iddiaçıya 71175 manat məbləğində zərər dəymişdir. Həmçinin Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırma zamanı şahid qismində izahatları alınmış şəxslərin verdikləri izahatlardan da görünür ki, göstərilən mallar cavabdeh tərəfindən satılmışdır. Cavabdeh İddiaçı tanışı olduğu üçün məsələ ilə bağlı üçüncü tərəflərə ödənilməli olan vəsaitə görə o məsuliyyət daşıdığına görə həmin vəsaitlər iddiaçı tərəfindən ödənilmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək,cavabdehdən əsas borc 73866 manat, 3300 manat audit yoxlaması 353 manat ödənilmiş rüsum olmaqla umimi olaraq 77519 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizəyə uyğun izahat verərək,cavabdeh tərəfindən 2840 manat ödənişin olduğunu və bu səbəbdən iddianı həmin məbləğ əsas borcdan çıxılmaqla qismən müdafiə etdiyini bildirdi. İddiaçı nümayəndənin izahatına yğun izahat verdi.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi X1, malların formal olaraq oğlu Ü.Fərmanlının adına rəsmiləşdirildiyini və həmin malların Etibara məxsus olduğunu bildirdi. Bundan əlavə qeyd etdi ki,malların anbardan götürülməsi barədə onun xəbəri və icazəsi olmayıb.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. Azərbaycan Republikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsininin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki,Cavabdeh adına Bakı şəhəri,Binəqədi rayonu,Cavadxan (Gəncə xanı) küçəsi,ev 4a,giriş 2,mənzil 295 (yeni qaydalarla Bakı şəhəri,Binəqədi rayonu, mirmahmud Kazımovski küçəsi 146,M20,m.2);Bakı şəhəri,Yasamal rayonu,Ə.Salamzadə küçəsi,ev 122,122A,126,126A,128 mənzil 97 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu,Ə.Salamzadə küçəsi 122A,M16,m.1); ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahələri qeydiyyat keçmişdir və hazırda mülkiyyətindədir.

11. Sumqayıt Şəhər Prokurorluğun 05 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən 71C-23 nömrəli yoxlama materialı üzrə AR Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanılması Cavabdeh əməlində mənimsəmə cinayətinin tərkib əlamətləri olmadığına görə Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır.

12. Sumqayıt Şəhər Prokurorluğundan daxil olan 71C-23 saylı işin materiallarından müəyyən olunur ki,xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, bəyannaməç/təmsilçi qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Aztərminakompleks” Birliyi iştirak etməklə) göndərən (ixracatçı) X9 Co.Limited tərəfindən malı qəbul edən (idxalatçı) X4 ünvanlanmış ümumi invoys dəyəri 49768 ABŞ dolları olan cəmi 2136 ədəd bağlama AR-in gömrük sərhədindən keçirilmişdir.

13. Sumqayıt Şəhər Prokurorluğundan daxil olan 71C-23 saylı işin materiallarından müəyyən olunur ki,Cavabdeh oğlu izahatında bildirmişdir ki,İddiaçı qardaşı Akif Məhərrəmov 2020-ci ildə onunla əlaqə saxlayaraq ÇXR-dan ölkəyə göndərəcəyi 1 konteyner petlə üçün ondan müvəqqəti saxlamağa yer verməyi xahiş etdi.Onların şifahi formada razılığa gəlmişlər ki,göndərilən petlələr ona məxsus olan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən sexin otaqlarının birinə qoyulacaq,bunun müqabilində həmin petlələrdən hər ay ona 4 qutu petlə veriləcək və satışı qardaşı İddiaçı həyəta keçirəcəkdi.2020-ci ilin mart ayında Akif Məhərrəmovun oglu və qardaşı İddiaçı sexin ərazisinə yük avtomobilində 2144 qutu petlə gətirərək sexə boşaltdılar.Daha sonra 30 iyun 2022-ci ildə, Akif Məhərrəmovun razılığı və icazəsi ilə, onun tərəfindən haqqı tam olaraq ödənilərək 73 qutu,Oqtay Əliyev tərəfindənn 876 qutu cəmi 949 qutu petlə götürülmşdür.Cavabdeh 2020-ci ilin noyabr-dekabr ayında 250 qutu petləni tanışı mebel aksessuarı satışı ilə məşğul olan Rasim ilə başqa mebel aksessuarı əvəzinə barter etdiyini bildirdi.Petlələri barter edəcəyini nə Etibar və Akif Məhərrəmov, nə də Oqtay Əliyevə deməmişdir.Barter şifahi baş tutmuş,heç bir müqavilə iomzalanmamışdır. Bu petlələri barter etdikdə,bir ədəd petləni 0.45 manat,bir qutu isə 150 ədəd petlə olmaqla 67.50 manat məbləğində qiymətləndirilmişdir.Adi halda isə petlələrin biri 0.50 manata,qutusu isə 75 manata satılırdı.Ucuz qiymətə petlələri qiymətləndirməyinə səbəb o idi ki, bu petlələrin qutusu rütubətdən nəm olmuşdur. 2144 qutu petlədən 1310 qutu petlə Akif Məhərrəmovun razılığı ilə saxlanıldığı otaqdan götürülmüş, dəftərə qeyd etdirilməklə,onun işlətdiyi hissədə haqqı ödənilməklə və icarə haqqı ilə əvəzləşdiirlməklə tamamilə əvəzləşdirilmişdir. Qalan 834 qutu petlənin isə 250 qutusunu Akif Məhərrəmova əvvəlcədən demədən,onun icazəsi olmadan və razılığı olmadan qardaşı Etibar Məhərəmov və Oqtay Əliyevin xəbəri olmadan barter etmiş, barter əvəzinə əldə etdiyi mebel aksesuarlarını "xxxx" MMC-nin mebel istehsalında işlətmiş, bunun əvəzini nə Akif Məhərrəmov, nə də ilə başqasına ödəməmiş, hər hansı mal ilə əvəzləşdirməmişdir.Bundan başqa qalan 584 qutu petlədən 100 qutusunu 2022-ci ilin avqust-sentyabr yenə Rasim adlı mebel istehsalı ilə məşğul olan tanışı ilə mebel aksesuarı əvəzinə barter etmiş, bu dəfə bir ədəd petləni 0,50 manat, bir qutu petləni 75 manata qiymətləndirilməklə barter baş tutmuşdur. Barter ilə əlaqədar yazılı müqavilə olmamışdır. Bundan başqa, qalan 484 qutu petlənin 100 qutusunu 2022-ci ilin may ayından avqust ayınadək Akif Məhərrəmova əvvəlcədən demədən, onun icazəsi olmadan və razılığı olmadan,qardaşı Etibar Məhərəmov və Oqtay Əliyevin xəbəri olmadan ayrı-ayrı şəxslərə satmışdır. Bir qutunu 75 manat qiymətə satmışdır.2022-ci ilin yanvar ayından 2022-ci ilin sentyabr ayınadək 384 qutu petlədən 234 qutu Akif Mərrəmova əvvəlcədən demədən, onun icazəsi olmadan və razılığı olmadan, Etibar Məhərəmov və Oqtay Əliyevin xəbəri olmadan "xxxx" MMC-nin mebel istehsalında işlətmişdir. Fərq olan 150 qutu petləni isə işlətdiyini Akif Məhərrəmova demişdir. Akifin qabaqcadan şifahi icazəsi ilə bu petləni işlətmişdir. Bunu ona Akif belə sonradan ödəmək şərti ilə satıb, yəni ondan icazəsiz götürməmişdir.Bir qutunu 76 manata satmış,pulunu bugünədək ödəməmişdir.Bunun müqabilində ona 11400 manat pul borclu olmuş,həmin borcdan 1040 manat Akifə çatdırması üçün Oqtaya vermiş,200 manat isə burada petlə göndərdiyi hallarda daşıma haqqı kimi əvəzləşdirilib.

14. Sumqayıt Şəhər Prokurorluğundan daxil olan 71C-23 saylı işin materiallarından müəyyən olunur ki,X4 izahatında bildirdi ki,bütün mallar formal olaraq onun adına idxa edilməsinə baxmayaraq,əmisi Etibara və atası Akifə məxsusdur.

15. İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış maliyyə çatışmazlığı barədə audit xidmətinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli,AT/250/23/04 saylı müqaviləyə əsasən “icraçı” “sifarişçinin” təqdim etdiyi sənədlər əsasında müəssisədə maliyyə çatışmamazlığı barədə 2021-ci il audit yoxlamasını həyata keçirməyi və xidmətin nəticəsi olaraq müəyinə aktı təqdim etməyi,sifarişçi isə həmin xidmətin dəyəri olaraq bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəməyi öz öhdəsinə götürür.

16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, 01 ədəd təzə vəziyyətdə olan Üzərində “Kel” markalanma göstəriciləri olan hidrovlik rəzənin(petlə) 2023-cü ilin dekabr ayına olan qiyməti 0.75 manat təşkil edir. V. Tətbiq edilən hüquq:

17. AR Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

- 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. - 823.2-ci maddəsinə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. 824.2. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. - 824.3-cü maddəsinə əsasən tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. - 826.2-ci maddəsinə əsasən, əgər saxlamaya digər əvəz edilən əşyalar və ya sənədli qiymətli kağızlar qəbul edilirsə, saxlayıcı onlara dair yalnız o halda sərəncam verə bilər ki, tapşıran buna birbaşa icazə vermiş olsun.

18. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

20. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

21. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında şifahi saxlanc müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı malları cavabdehin saxlamasına vermiş, cavabdeh isə onun saxlamasına verilmiş malların (petlə) bir hissəsini iddiaçının (tapşıranın) qabaqcadan razılığı olmadan istifadə etmiş və bununla da müqavilə öhdəliklərini pozmuş, bununda da iddiaçıya ziyan vurmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, mübahisələi Petlə qutularının iddiaçıya məxsus olması iş materialları ilə təsdiqini tapır, həmçinin işin mübahisəsiz halıdır.Qeyd edilən hal iş materialları ilə, tərəflərin məhkəmə iclaslarındakı, və Sumqayıt şəhər Prokurorluğunda verdiyi izahatları ilə tam təsdiq edilir. Tərəflər arasında mübahisəli hal, iddiaçı 947 qutu petlənin cavabdeh tərəfindən onun icazəsi olmadan istifadə edildiyini iddia edir, cavabdeh isə prokurorluqda verdiyi yazılı izahatında 834 ədəd qutudan iddiaçının icazəsi olmadan istifadə etdiyini etiraf etmişdir. Məhkəmə qeyd edir ki,iddia tərəfindən cavabdeh tərəfindən 834 deyil, 947 qutunun icazəsiz olaraq istifadə edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmiş, qeyd edilən hal, iddiaçı tərəfindən sübut edilməmişdir.

23. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehdən 947 qutu malın (petlə) iddiaçının razılığı olmadan istifadə etməsinə görə əsas borc olaraq 73866 manat pulun tutulmasını xahiş etmişdir.

24. Məhkəmə cavabdehin Sumqayıt şəhər Prokurorluğunda verdiyi izahatından müəyyən edir ki, 834 ədəd qutu mal hər bir ədəd qutunun dəyəri 75 manat müəyyən olunmaqla cavabdeh tərəfindən iddiaçının razılığı və icazəsi olmadan cavabdeh tərəfindən istifadə edilmişdir.Məhkəmə iclasında iddiaçının verdiyi izahatdan məlum olur ki, cavabdeh tərəfindən iddiaçıya 2840 manat pul ödənilmişdir. Beləliklə iş materiallarından göründüyü kimi, bir ədəd qutunun dəyərinin 75 manat olması və 2840 manat ziyan məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 1 qutu petlənin dəyərinin 75 manat olması işin mübahisəsiz halı olduğundan, hazırki halda qeyd edilən qutuların dəyəri olaraq ekspertiza rəyi deyil, tərəflərin izahatı əsas götürülərək, 1 qutu petlənin dəyəri 75 manat müəyyən edilməli və cavabdeh tərəfindən iddiaçının icazəsi olmadan istifadə edilən 834 qutu petlənin dəyəri cavabdeh tərəfindən ziyanın əvəzi kimi ödənilən 2840 manat məbləğ çıxılmaqla iddiaçıya ödənilməlidir.

25. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə şərtlərini pozaraq, qanunsuz hərəkətlərinə görə iddiaçıya dəymiş 59710 manat (834 ədəd qutu x 75 manat=62550 manat-2840 manat ödəniş) məbləğində ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 3300 manat məbləğində audit yoxlaması üçün pulun cavabdehdən tutulmasını tələbini də irəli sürmüşdür.

27. Göründüyü kimi, İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış maliyyə çatışmazlığı barədə audit xidmətinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli,AT/250/23/04 saylı müqaviləni iş materiallarına əlavə etsə də,qeyd olunan məbləğin,yəni 3300 manatın iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

28. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

29. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 320 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

30. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 269 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 59710 manat (əlli doqquz min yeddi yüz on) manat artıq əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 269 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar