Məhkəmə qərarları › İş №e-2-2(113)-3600/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3600/2021

30.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3600/2021 30.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdehn qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin çoxmənzilli binanın idarə edilməsində iştirakının qadağan edilməsi və.s” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə iddia ərizəsi və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Korparativinin Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsində iştirakının qadağan edilməsi, Cavabdeh ilə həmin mənzillərin, qeyri-yaşayış sahələrinin, zirzəmi və qarajların alqı-satqısına dair müqavilələrin və həmin obyektlərin təsdiq olunmuş ümumi plan-çertyojlarının əsillərinin, ştamp və möhürlərinin və ev kitabçasının verilməsi, vurulmuş ziyana görə 26.132 manat məbləğində pulun Cavabdeh Mənzil-Tikinti Kooperativdən tutularaq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qərarına əsasən çoxmənzilli binaın idarə edilməsi üsulu olaraq idarəedici təşkilat tərəfindən idarə ediməsi üsulu seçilmiş və binanın idarə edilməsi İddiaçı-nə (MMMC) həvalə olunmuşdur. Cavabdeh Mənzil Tikinti Korparativi (MTK) sözügedən həmin çoxmənzilli binanın idarə edilməsindən uzaqlaşdırılsada, bugünədək qanunsuz olaraq çoxmənzilli binanın idarə edilməsini həyata keçirir və çoxmənzilli binanın texniki sənədlərini və binanın idarə edilməsi ilə bağlı digər sənədləri yeni seçilmiş idarəedici təşkilata təhvil verməkdən imtina edir. Cavabdeh Mənzil Tikinti Korparativinin (MTK) qanunsuz hərəkətləri çoxmənzilli binanın sahə mülkiyyyətçilərinin iradəsinə uyğun olaraq təyin edilmiş idarəedici təşkilat-İddiaçı (MMMC) tərəfindən idraə etmə fəailiyyətinin həyata keçirilməsinə maneçilik törədir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehn qanuni təmsilçisi Qanuni nümayəndə və Cavabdehn nümayəndəsi X2 izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin iş materiallarında olan sənədlər əsasında müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli bina Cavabdeh Mənzil Tikinti Korparativi tərəfindən tikilmişdir. İş materiallarında olan İddiaçı nizamnaməsindən görünür ki, cəmiyyət 12.04.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 12.04.2019-cu il tarixdə, 1119-MM6-0117 saylı nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh Mənzil Tikinti Korparativi tərəfindən İddiaçınə 25.07.2019-cu il tarixli təhvil-təslim aktı ilə məişət tullantılarının daşınması üçün mədaxil qəbzləri, elektrik enerjisi xidmətinin bağd ödənişi qəbzi, binanın qazlaşdırılmasının işçi layihəsi, binadaxili qaz kəmərlərinin istismara qəbul aktı, qaz sayğacının quraşdırııması, işə buraxılış və istismara qəbul aktı, qaz kəmərlərinin istismara qəbul aktı, təbii qazın açılması barədə Azəriqaz İB-nin məktubu, Bakıelektrik şəbəkənin texniki şərti, elektrik şəbəkəsinə qoşulmaya razılıq arayışı, enerjinin alqı-satqısı müqaviləsi, enerji istismar mənsubiyyəti aktı, sayğac sxemlərinin yoxlanış aktı, binanın rabitə kabelləşdirilməsi haqda ATS-in arayışı, Azərsu ASC-nin Texniki şərti, Su sayğaclarının qəbul aktı, xarici kanalizasiya xətlərinə baxış aktı, xarici su xəttinin aktı, Yasamal sukanalla üzləşmə aktının protokolu, sərnişin liftinin pasportu, yük liftinin pasportunu təhvil vermişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinəəsasən Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin məcəllənin 122.1. və 122.1.1-ci maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququ vardır. Məhkəmə qeyd edir ki, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) dedikdə, ilk növbədə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş həddlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi nəticəsində yaradılan bir idarəetmə üsuludur. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səs çoxluğu ilə fəaliyyət müddəti məhdudlaşdırılmadan yaradılır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmış iştirakçıların səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir. Hazırki işin də mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı 12.04.2019-cu il tarixdə yaradılmış və qeydə alınmasıdır. Məhkəmə hesab edir ki, Cavabdeh Mənzil Tikinti Korparativi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binanın tikintisi başa çatdırılaraq, istismara qəbul edildiyindən və qeyd edilən yaşayış binasının idarə edilməsi üçün 12.04.2019-cu il tarixdə İddiaçı təsis edildiyindən Cavabdeh Mənzil Tikinti Korparativinin Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsində iştirakı qadağan edilməlidir. Məhkəmə qeyd edir ki, iddianın sənədlərin tələb edilməsi ilə bağlı müəyyən edilməli olan hal sadalanmış sənədlərin cavabdehdə olması və onların iddiaçıya binanın idarə edilməsi üçün ehtiyacın olmasını müəyyən etməkdir. İddiaçı tərəf cavabdehdən Cavabdeh ilə həmin mənzillərin, qeyri-yaşayış sahələrinin, zirzəmi və qarajların alqı-satqısına dair müqavilələrin və həmin obyektlərin təsdiq olunmuş ümumi plan-çertyojlarının əsillərinin, ştamp və möhürlərinin və ev kitabçasının verilməsi tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili bildirmişdir ki, MTK tərəfindən binada yerləşən mənzil, qeyri-yaşayış, zirzəmi və qaraj sahələrinə dair müqavilələr bağlanmışdır. Qeyd edilən sənədlər MMMC-yə hansı sahənin kimə məxus olmasını müəyyən etmək, mülkiyyətçilərdən binanın saxlanması üçün onlara məxsus sahənin ölçüsunə uyğun olaraq yığılmalı olan kommunal xərclərinin miqdarını müəyyən etmək və sakinlər arasında hər hansı bir sahə üzrə yarana biləcək mübahisələrin qarşısını almaq üçün lazım olduğunu bildirmişdir. Bundan başqa qeyd edilən binada olan sahələrə dair bağlanmış olan müqavilələrin ev kitabçasında öz əksini tapdığını bildirərək, müqavilələrin qeydiyyatı kitabının, MTK öz fəaliyyətini qeyd edilən binada başa çatdırdığı səbəbindən binanın idarə edilməsində səlaiyyətli olan İddiaçınə verilməli olduğunu bildirmişdir. Möhür və ştampın da MTK həmin binada fəaliyyətini bitirdiyindən verilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavab tərəf isə iddiaya etiraz edərək, qeyd edilən müqavilələrdə MMMC-nın müqavilə tərəfi olmadığı üçün, möhür və ştampın ancaq MTKya məxsus olmasını və müqavilələrin qeydiyyatı kitabının MMMC-ya aidiyyatı olmadığına istinad edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, iddia sənədlərin tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, işin mübahisələndirilməyən hallarından da göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsi 12.04.2019-cu il tarixdən İddiaçınə verilmişdir. Belə olan halda yəni, həmin binanın idarə edilməsinin təşkili və MTK-nın həmin binada fəaliyyətini başa çatdırmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında yerləşən sahələrə dair MTK ilə mənzil, qeyri-yaşayış, zirzəmi və qaraj sahələrinə dair müqavilələr, həmin obyektlərin təsdiq olunmuş ümumi plan-çertyojlarının əsilləri və bağlanmış müqavilələrin qeydiyyatının aparıldığı "xxxx" iddiaçıya verilməli, MTKya məxsus möhür və ştampın isə binanın idarə edilməsi üçün hər hansı bir əhəmiyyət daşımadığından, möhür və ştampın verilməsi hissəsində iddia təmin edilə bilməz. Məhkəmə vurulmuş ziyana görə 26.132 manat məbləğində pulun Cavabdeh Mənzil- Tikinti Kooperativdən tutularaq İddiaçınə verilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə olan halda yəni 26.132 manat məbləğində ziyan dəyməsinin nə ilə bağlı olması, onun MTK-nın hər hansı hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi halı və əlaqəsi sübuta yetirilə bilmədiyindən qeyd edilən hissədə iddia təmin edilə bilməz. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşləşən çoxmənzilli binanın idarə edilməsində iştirakı qadağan edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binada yerləşən məzillərə, qeyri-yaşayış sahələrinə, zirzəmi və qaraj sahələrinə dair Cavabdeh ilə bağlanmış olan müqavilələrin, həmin sahələrin plan-çertyojları, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binaya dair müqavilələrin qeydiyyatının aparıldığı ev kitabçası Cavabdeh tərəfindən İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşləşən çoxmənzilli binanın idarə edilməsində iştirakı qadağan edilsin. Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binada yerləşən məzillərə, qeyri-yaşayış sahələrinə, zirzəmi və qaraj sahələrinə dair Cavabdeh ilə bağlanmış olan müqavilələrin, həmin sahələrin plançertyojları, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binaya dair ev kitabçası(müqavilələrin qeydiyyatı kitabı) Cavabdeh tərəfindən İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar