Məhkəmə qərarları › İş №e-2-2(113)-3601/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3601/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3601/2025 16.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 qızının iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli BK Ne 080/BK-21 saylı kredit müqaviləsi üzrə 41215,02 manat əsas borca hesablanmış 5% məbləğində 3755,14 manat borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 57,56 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə 100 000 manat məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış, bağlanmış xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 saylı kredit müqaviləsi üzrə 41 215,02 manat əsas, 2 551,35 manat faiz, 13 386,86 manat cərimə borcu olmaqla, cəmi borcu 57153,23 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün iddiaçı tərəfindən ödənilən 51 manat məbləğində rüsumun, 420 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borcalan - Cavabdeh2, ipoteka qoyan – Cavabdeh1) tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.02152 ha sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsində yerləşən, ümumi sahəsi 220.10 kv.m olan “A” və “B” tikilisindən ibarət 2 ədəd fərdi yaşayış evinin ümumi sahəsi 108.30 kv.m olan hissəsi, B tikilisi, həyətyanı tikililər və qurğularla birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, xx.xx.2021-ci il tarixli BK № 080/BK-21saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən borcalan - Cavabdeh2, ipotekaqoyan – Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Həmin iş üzrə iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilmiş və Bakı Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2-2(113)-74/2025 saylı qətnamə çıxardaraq cavabdehdən xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 saylı kredit müqaviləsi üzrə 41215.02 manat əsas borc, 2551.35 manat faiz borcu, 2050 manat cərimə borcu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum, 420 manat dövlət rüsumu pul tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.02152 ha sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsində yerləşən, ümumi sahəsi 220.10 kv.m olan “A” və “B” tikilisindən ibarət 2 ədəd fərdi yaşayış evinin ümumi sahəsi 108.30 kv.m olan hissəsi, B tikilisi, həyətyanı tikililər və qurğularla birlikdə yönəldilərək, açıq hərracda satılması ilkin satış qiyməti 120375 manat müəyyən edilməklə yönəldilməsi, göstərilən əmlak açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 46287,37 manat məbləğində borc tutularaq tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 saylı kredit müqaviləsi 24 aylıq müddətə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə sonuncu ödənişini etsədə, gecikmədən çıxmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Bununla da cavabdeh Bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda xx.xx.2025-ci il tarixə cavabdehin Banka əsas borcunun qalığı 41215 manat təşkil edir. Kredit müqaviləsi üzrə öhdəliklərini Bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2025-ci il tarixə TuranBank ASC-yə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 5% məbləğində hesablanmış 3755,14 manat borcu qalmaqdadır. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 421.2, 425.1, 427.3, 428.4, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1, 472.1ci maddələrinə, İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 33., 39.1-ci maddələrinə istinad etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X1 qızı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh2 xx.xx.2021-ci il tarixli BK Ne 080/BK-21 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-ci ildən xx.xx.2025-ci il tarixə kimi 41215,02 manat əsas borca hesablanmış illik 5% məbləğində 2656,08 manat borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 57,56 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin ərizə ilə müraciət edərək Cavabdeh1 qarşı iddiadan imtina olunduğuna görə sonuncunun cavabdeh kimi nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, hazırda onların iddia tələbi yalnız Cavabdeh2 qarşıdır və cavabdehlərə pretenziya məktubu göndərilən vaxtdan qətnamə çıxan tarixə kimi illik 5% ilə hesablanmış pul vəsaitini tələb edirlər. Sonda o, iddia tələbinin həcminin azaldılması barədə ərizəyə uyğun iddianın təmin edilməsini xahişetmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə qaytarmaq şərti ilə 100.000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən borcalan bu kreditdən istifadəyə görə illik 16 faiz olmaqla faiz ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 16 faiz olmaqla cərimə faizi ödəyir. Müqavilənin 2.6-cı bəndinə əsasən əsas borca görə faizlər borcun Banka tam ödənildiyi günə qədər hesablanır və ödənilir. Bu səbəbdən, borcun məcburi alınmasına dair məhkəmənin qərarı/qətnaməsi (və ya notarisun icra qeyri) icra olunub başa çatanadək hesablanan faizlər Borcalandan (eləcə də zamindən) tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka və ya girov predmət(lər)inə və ya onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. İddiaçı ASC (İpoteka saxlayan) ilə Cavabdeh1 (İpoteka qoyan) və borc alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 080/BK-21 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini kredit müqaviləsi üzrə yaranmış öhdəlikərn icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 2.1-ci bəndinə əsasən ipoteka predmeti ünvan 1 ünvanında istifadədə olan 0.02152 ha sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsində yerləşən, ümumi sahəsi 220.10 kv.m olan “A” və “B” tikilisindən ibarət 2 ədəd fərdi yaşayış evinin ümumi sahəsi 108.30 kv.m olan hissəsi, B tikilisi, həyətyanı tikililər və qurğularla birlikdə ipoteka qoyulur. Müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti: xx.xx.2021-ci il tarixli, MKOS3635-21 saylı kredit müqaviləsi; 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği): 12 ay güzəşt dövrü olmaqla, 36 aylıq, illik 17 faiz olmaqla 100000 manat; 3.3-cü bəndinə əsasən öhdəliyin icra müddəti: kredit müqaviləsi üzrə vəsaitin borcalana verildiyi tarixdən xx.xx.2024-cü il tarixədək; 4.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil olmaqla tam həcmdə təmin edilir: əsas borc, faizlər, dəbbə (cərimə) pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmeti ipoteka saxlayanda qaldıqda onun saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə, icra qeydi verilməsi üçün notarius xərcləri və digər xərclərin (icra, hərrac, qiymətləndirmə və s.) ödənilməsi; 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borc alan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir; 9.2-ci bəndinə əsasən borcalan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə əsas ödənişin yaxud onun bir hissəsinin 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranması üçün əsas verən haldır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-74/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh2 41215,02 manat əsas, 2551,35 manat faiz, 2050 manat cərimənin tutularaq İddiaçı ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumunun və 420 manat məbləğində mediasiya xərcinin əvəzinin tutularaq İddiaçı ASCyə ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.02152 ha sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsində yerləşən, ümumi sahəsi 220.10 kv.m olan “A” və “B” tikilisindən ibarət 2 ədəd fərdi yaşayış evinin ümumi sahəsi 108.30 kv.m olan hissəsi, B tikilisi, həyətyanı tikililər və qurğularla birlikdə əmlaka yönəldilərək həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə borc ödənilməsi, əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, əmlakın ilkin satış qiymətinin 120375 manat müəyyən edilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC 57,56 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.6-ci maddəsinə əsasən borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 nömrəli kredit müqaviləsi 24 aylıq müddətə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə sonuncu ödəniş edilsə də, gecikmədən çıxmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-74/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 41215,02 manat əsas borcun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçının nümayəndəsi A.Heydərova iddia tələbinin həcminin azaldılması və iddiadan qismən imtina barədə ərizədə Cavabdeh1 qarşı yönələn tələbi göstərməsə və həmin cavabdehə qarşı tələbdən imtina edildiyini bildirsə də, məhkəmə bunu həmin cavabdehə münasibətdə iddiadan imtina kimi qəbul etməmişdir. Çünki iddiaçı tərəfindən həmin nümayəndəyə iddiadan imtina etmək səlahiyyətinin verilməsi etibarnamədə qeyd edilməmişdir. Buna görə də məhkəmə iddia tələbinin həcminin azaldılmasını nəzərə alaraq iddia ərizəsinə hər iki cavabdehə qarşı tələb kimi baxmışdır. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 41215,02 manat əsas məbləğin ödənilməsinin xx.xx.2023-cü il tarixdən qətnamə çıxan xx.xx.2025-ci il tarixə kimi 464 gün gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 2656,08 manat məbləğində vəsaitin cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh1 illik 5% ilə hesablanmış pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Çünki iddiaçıdan krediti Cavabdeh2 almış və qətnaməyə əsasən borcalan da sonuncudur. Cavabdeh1 isə sadəcə həmin kreditin təminatı kimi öz əmlakını ipoteka qoymuş, zamin olmamışdır. Buna görə də Cavabdeh1 yalnız ipoteka qoyan olduğu üçün iddia tələbi ona hissədə əsassızdır və rədd edilməlidir. İş materiallarından və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-74/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən 41215,02 manat əsas borcun nəyin ki, 464 gün, hətta 2 ildən artıq müddətdir, bu günə kimi icra olunmadığı görünür. Bu isə Cavabdeh2 iddiaçıya olan 41215,02 manat məbləğində pul öhdəliyini 2 ildən artıq müddətdir pozaraq icra etmədiyini, ödənişi gecikdirdiyini təsdiq edir. Buna görə də iddiaçının Cavabdeh2 Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, cavabdehin pul məbləğinin ödənilməsini 2 ildən artıq gecikdirdiyini, belə olan halda isə iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malik olmasını və yalnız 464 gün gecikmə üçün pul vəsaiti tələb etməsini (41215,02 x 0,05 x 464 / 360 = 2656,08), iddiaçının digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 2656,08 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57,56 manat dövlət rüsumunun 28,78 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 saylı kredit müqaviləsi üzrə 41215,02 manat borca görə illik beş faiz ilə hesablanmış 2656 (iki min altı yüz əlli altı) manat 08 (səkkiz) qəpik məbləğində pul vəsaiti, ödənilmiş 28 (iyirmi səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar