Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3607/2023 26.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçıların nümayəndə və vəkilləri Vəkil1 və Nümayəndə1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “təsisiçilərin növbəti ümumi yığıncağının keçirilməsi öhdəliyinin digər təsisçilərin üzərinə qoyulması” tələbinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixli məhkəmə hazırlıq iclasında icraata götürülmüşdür) ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün müstəqil auditorun cəlb edilməsi, cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiq edilməsi, onun mənfəətinin və zərərinin bölüşdürülməsi məqsədi ilə həmin hüquqi şəxsin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC İddiaçı2, İddiaçı1, Cavabdeh1 və Cavabdeh2 tərəfindən təsis edilərək xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 100 manat həcmindədir və hər biri 25 manat olmaqla 4 paydan ibarətdir. Cəmiyyətin əsas fəaliyyət istiqaməti ağartı məhsullarının istehsalı və satışdır. Cəmiyyət yaradılarkən məhsul istehsalı üçün zəruri olan bütün avadanlıqlar və texnika ilə təmin olunsa da, həmin əmlaklar balansa alınmamışdır. Qeyd edilən əmlakların bir qismi iddiaçılar, bir qismi cavabdehlər tərəfindən alımış, qalan hissəsinin alınması, eləcə də xammal alışı üçün banklardan kredit götürülmüşdür. Cəmiyyət əvvəllər normal fəaliyyət göstərsə də, son dörd ayda təsisçilərdən İddiaçı2 və İddiaçı1 idarəetmədən, həmçinin hüquqi şəxsə nəzarətdən kənarlaşdırılmış, MMC-də hansı əməliyyatların aparılmasından, debit və kreditlərdən, habelə mənfəətdən məlumatsız qalmışdırlar. Hazırda alınan məlumatlara görə MMC fəaliyyətini dayandırmaq üzrədir. Dəfələrlə həm şifahi, həm də yazılı qaydada MMC-nin fəaliyyətinin təftiş edilməsi, audit keçirilməsi, kredit və debit borclarının müəyyən edilməsi üçün təsisçilərin ümumi yığıncağının keçirilməsi tələb edilsə də, bugünkü günədək qanunun tələblərinə uyğun olaraq təsisçilərin ümumi yığıncağı keçirilməmişdir. Eyni tələblə müvafiq mediasiya təşkilatına da müraciət edilmiş, lakin razılıq əldə olunmamışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçıların nümayəndə və vəkilləri iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmiş, digər Cavabdeh1 və üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd olunan normaların təəblərindən göründüyü kimi mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Lakin məhkəmə qaydasında istənilən mübahisə deyil, yalnız müstəqil realizə imkanı olmayan və məhkəmə müdafiəsi hüququ ilə təmin edilməli olan hüquq və mənafelərin müdafiəsi məhkəmə qaydasında həyata keçirilə bilər. Yəni hüquq və azadlıqların müdafiəsinin qanuna əsasən məhkəmədən kənar digər qaydada həyata keçirilməsi işə məhkəmədə baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər; - 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir; - 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər; - 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər; - 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır; - 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır; - 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir; - 91.1-5-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir; - 91.1-6-cı maddəsinə əsasən yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir; - 91-2.1-ci maddəsinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. - 91.4--ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Məhkəməyə təqdim edilən "xxxx" MMC-nin nizamnaməsinin: - 2.1-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 100 (yüz) manat həcmindədir və hər biri 1 (bir) manat olmaqla 100 (yüz) paydan ibarətdir; - 2.2-ci bəndinə əsasən cəmiyyətin təsisçisi: İddiaçı2, AZE AA******* 25 pay 25 manat, İddiaçı1, AZE AA******* 25 pay 25 manat, Cavabdeh1, AZE AAO168364 15 pay 15 manat, Cavabdeh2, AZE AA2S82168 35 pay 35 manat; - 4.1-ci bəndinə əsasən cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirilir; - 4.2-ci bəndinə əsasən ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (Mülki Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçılarin həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. - 4.3-cü bəndinə əsasən ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, onun nizamnamə kapitalının miqdarının dəyişdirilməsi; cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi; Cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarının və qaydasının müəyyən edilməsi; Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi; cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarın qəbul edilməsi; cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən direktorun təyin edilməsi və geri çağırılması; cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasının müəyyən edilməsi; cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqdin bağlanılması barədə qərarın qəbul edilməsi; aidiyyəti şəxslə hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı qərarın qəbul edilməsi. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbəti və növbədənkənar ümumi yığıncağının çağırılma qaydası qanunvericiliklə, habelə "xxxx" MMC-nin nizamnaməsi ilə tənzimlənir. Bu səbəbdən məhkəmə hesab edir ki, MMC-nin üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə hər hansı məsələnin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ümumi yığınağın keçirilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “təsisiçilərin növbəti ümumi yığıncağının keçirilməsi öhdəliyinin digər təsisçilərin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3607/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3607/2023
26.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver