Məhkəmə qərarları › İş №e-2-2(113)-3608/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3608/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3608/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Firmasına qarşı “icarə müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Firmasına qarşı “icarə müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 14 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə 398,37 manat ƏDV daxil olmaqla 2611,58 manat icarə haqqının, 500 manat cərimə məbləğinin və ödənilmiş 69 manat dövlət rüsumunun, 640 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması, ümumi dəyəri 376 manat olan – 18 ədəd alt ayar mili 32 və 7 ədəd 5x15x3 m taxtanın cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 14 sentyabr 2022-ci il tarixli 1020 saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə bağlanmışdır. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri razılaşdırılmışdır. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. Cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam və lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda 14 sentyabr 2022-ci il tarixli 1020 saylı icarə müqaviləsi üzrə 2213,21 manat və ona hesablanmış 398,37 manat ƏDV borcu yaranmışdır. Bundan başqa cavabdehə təhvil verilmiş avadanlıqlardan ümumi dəyəri 376 manat olan – 18 ədəd alt ayar mili 32 və 7 ədəd 5x15x3m taxta bu günədək geri qaytarılmamışdır. 2.2. Bundan başqa, müqavilənin 5.3-cü maddəsinə əsasən icarəçi icarə haqqını müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, icarəçi gecikmənin 31-ci günündən başlayaraq (31-ci gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün icarə haqqının 0,5% miqdarında icarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin həmin cərimə borcundan hazırda cəmi 500 manat tələb edilir. Eyni zamanda iddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkilmişdir. Həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən pullar (iddia tələbinin müdafiəsi üçün 320 manat və müvəqqəti təminat tədbirinə görə 320 manat, cəmi 640 manat) və dövlət rüsumuna ödənilən pullar aiddir. Həmin xərclər də cavabdehdən tutulmalıdır. Bununla bağlı cavabdehə pretenziya qaydasında müraciət edərək müqavilə üzrə yaranmış borcun ödənilməsi və əmlakların geri qaytarılması tələb olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin cavabdeh tərəfindən qeyd olunan tələblər bu günədək yerinə yetirilməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 442, 1096.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddia tələbində 398,37 manat ƏDV daxil olmaqla 2611,58 manat icarə haqqı qeyd edilsə də, 330,7 manat ƏDV məbləği daxil 2167,9 manat borc qalmışdır və iddia həmin hissədə müdafiə olunur. Həmçinin alt ayar milinin 1 ədədinin qiyməti 17 manat, 5x15x3 m taxtanın isə 10 manat təşkil edir. İddiada məbləğ də ona uyğun qeyd olunmuşdur.

6. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə, cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, cavabdehin hüquqi ünvanına göndərilmiş, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildiriş çatdırılmışdır. Lakin məhkəmə iclaslarında cavabdeh iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması və əmlakın qaytarılması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında 14 sentyabr 2022-ci il tarixli 1020 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ona məxsus əmlakı cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icarə haqqı ilə bağlı şərtlərinə əsasən icarə müddətinin ilk ayı tam olaraq hesablanır, icarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır, icarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq icarəyə verənə nağd ödəyir və ya hesablaşma hesabına köçürür. – Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 02 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli əlavələrlə 1,7 m (3 m) dirək, 3,35 m dirək, 4,5 m dirək, “Bakı” iskələsi, “Türk” iskələsi, 5x15 taxta, 5x20 taxta, alt ayar mili 32-nin icarə haqqı razılaşdırılmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 02 nömrəli, xx.xx.2022-ci il tarixli 03 nömrəli, xx.xx.2022-ci il tarixli 04 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022 – xx.xx.2022-ci il tarixli 07 nömrəli, xx.xx.2023-cü il tarixli 08 nömrəli, xx.xx.2023-cü il tarixli 09 nömrəli, xx.xx.2023-cü il tarixli 10 nömrəli, xx.xx.2023-cü il tarixli 11 nömrəli, xx.xx.2023-cü il tarixli 12 nömrəli aktlarla ayrı-ayrı avadanlıqlar cavabdehə təhvil verilmişdir. – Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ER217-2290D nömrəli hesabatla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarə haqqı 1000 manat, ER217-2209D2 nömrəli hesabatla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarə haqqı olmaqla 300 manat, PR217-2211D nömrəli hesabatla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarə haqqı ƏDV daxil olmaqla 1711 manat, PR2674-2211D nömrəli hesabatla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarə haqqı ƏDV daxil olmaqla 696,03 manat, PR2674-2212D nömrəli hesabatla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarə haqqı ƏDV daxil olmaqla 1362,44 manat, ER217-2210D nömrəli hesabatla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarə haqqı 687,1 manat, PR2674- 2301D nömrəli hesabatla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək icarə haqqı ƏDV daxil olmaqla 551,76 manat, PR2674-2311D nömrəli hesabatla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək icarə haqqı ƏDV daxil olmaqla 2908,59 manat, PR2674-2312D nömrəli hesabatla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək icarə haqqı ƏDV daxil olmaqla 89,46 manat, PR2674-2401D nömrəli hesabatla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarə haqqı ƏDV daxil olmaqla 2328,14 manat, PR2674-2402D nömrəli hesabatla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarə haqqı ƏDV daxil olmaqla 2917,2 manat, PR2674-2312D nömrəli hesabatla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək icarə haqqı ƏDV daxil olmaqla 1084,87 manat olaraq təsdiq edilmişdir (ümumilikdə ƏDV daxil olmaqla 15636,59 manat).

11. İddiaçı adıçəkilən icarə müqaviləsi üzrə 2611,58 icarə haqqını (ƏDV daxil olmaqla) tələb edir, lakin iddia ərizəsində ödənişlərin tam nəzərə alınmadığını, bu səbəbdən də 2167,9 manat (ƏDV daxil) borc hissəsində iddianın müdafiə edildiyini göstərir.

12. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə iddiaçının təqdim etdiyi bütün sübutlarla tanış ola bilməsinə baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

17. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.

18. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

19. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

20. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.

21. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş və belə olan halda da iddiaçının icarəçidən – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.

22. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

26. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

27. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1837,2 manat icarə haqqı və 330,7 manat ƏDV Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

28. Bundan başqa, iddiaçının ümumi dəyəri 376 manat olan – 18 ədəd alt ayar mili 32 və 7 ədəd 5x15x3 m taxtanın cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə münasibətdə isə göstərilməlidir ki, Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

29. Mülki Prosessul Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

30. İş materiallarında olan "xxxx" MMC-nin məlumatına əsasən, 1 ədəd alt ayar mili 32-nin qiyməti 20 manat, 1 ədəd 5x15x3 m taxtanın qiyməti 6,3 manatdır.

31. İddiaçı isə 1 ədəd alt ayar mili 32-nin qiyməti 17 manat, 1 ədəd 5x15x3 m taxtanın qiyməti 10 manat olduğunu bildirmişdir.

32. Məhkəmə iddia tələbindən kənara çıxılmasının mümkün olmadığını və "xxxx" MMC-nin məlumatını nəzərə alaraq hesab edir ki, 1 ədəd alt ayar mili 32-nin qiyməti 17 manat, 1 ədəd 5x15x3 m taxtanın qiyməti 6,3 manat müəyyən edilməlidir.

33. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı MMC ilə Cavabdeh Firması arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə 18 ədəd alt ayar mili 32 (1 ədədinin dəyəri 17 manat) və 7 ədəd 5x15x3 m taxta (1 ədədinin dəyəri 6,3 manat) Cavabdeh Firmasından alınaraq İddiaçı MMC-yə verilməli, qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) İcarə müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

34. İddia ərizəsində iddiaçı 500 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

35. xx.xx.2022-ci il tarixli 1020 nömrəli icarə müqaviləsinin 5.3-cü bəndinə əsasən, icarəçi icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, icarəçi gecikmənin 31-ci günündən başlayaraq (31-ci gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün icarə haqqının 0,5% miqdarında icarəyə verənə cərimə ödəyir.

36. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

37. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

38. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

39. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh öhdəliyi hissəvi icra etməmiş, sonuncu hesabat xx.xx.2024-cü il tarixədək olan dövr üçün aparılsa da, icarə haqqı ödənilmədiyi halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.

40. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 110 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

41. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 110 manat Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

42. İddiaçı ödənilmiş 69 manat dövlət rüsumunun, 640 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

43. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 62 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Həmçinin hazırkı iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin verilməsi üçün ********** nömrəli qəbz ilə 7 manat dövlət rüsumu ödənilmişdir.

44. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EM-428VK-20148/25 nömrəli və EM428VK-20151/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilələrdən görünür ki, hüquqi yardıma görə haqq 300 manat (hər bir müqavildə) razılaşdırılmışdır (iddia icraatı üzrə xx.xx.2025-ci il tarixli EO-428VK-14217/25 nömrəli və müvəqqəti təminat tədbirləri icraatı üzrə xx.xx.2025-ci il tarixli EO-428VK-14219/25 nömrəli orderlərdə qeyd edilən müqavilələr). İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqları və icra qeydindən görünür ki, cəmi 600 manat məbləğində pul Vəkil hesabına köçürülmüşdür. Həmçinin xx.xx.2025-ci il tarixli qəbzlərlə cəmi 41 manat məbləğində pul ödənilmişdir.

45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

47. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

48. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 640 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

51. İş materialları ilə müəyyən olunur ki, icarə müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.

52. Həmçinin müvəqqəti təminat tədbirləri üzrə ödənilmiş hüquqi yardım xərci və dövlət rüsumunu hazırkı kommersiya mübahisəsi ilə bilavasitə bağlı olduğundan və məhkəmə xərclərinə aid edildiyindən məhkəmə hesab edir ki, həmin xərclər də hazırda nəzərə alınmalıdır.

53. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 640 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 manat məbləğində pul Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Firması arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə 330,7 manat ƏDV məbləği daxil 2167,9 manat əsas borc, 110 manat cərimə olmaqla ümumilikdə 2277,9 manat məbləğində pul Cavabdeh Firmasından tutularaq İddiaçınə ödənilsin. İddiaçı ilə Cavabdeh Firması arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə 18 ədəd alt ayar mili 32 (1 ədədinin dəyəri 17 manat) və 7 ədəd 5x15x3 m taxta (1 ədədinin dəyəri 6,3 manat) Cavabdeh Firmasından alınaraq İddiaçınə verilsin. Qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri Cavabdeh Firmasından tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 640 manat məbləğində pul Cavabdeh Firmasından tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar